Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyunun 5-də 2016/2017-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci mərhələsini keçirib. İmtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə, 16 imtahan mərkəzində aparılıb.
Bütün binalarda eyni vaxtda saat 1300-da başlanan imtahanda sualların cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılıb. İkinci mərhələdə bakalavrlara seçdikləri proqram üzrə 5-i açıqtipli olmaqla, 50 test tapşırığı təqdim edilib (bəzi proqramlar üzrə isə bakalavrlar yazılı imtahan veriblər). Hər düzgün cavab bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.
Qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən bakalavrların proqram seçimi 2016-cı il mayın 3-dən 10-dək aparılıb və 9061 nəfər qəbul proqramını seçərək təsdiqləyib. 5045 nəfər ali təhsil müəssisələrinin builki, 4016 nəfər isə əvvəlki illərin məzunudur. 32 bakalavr xarici ölkə vətəndaşıdır.
Naxçıvan Muxtar Respublikasında isə imtahan Naxçıvan Dövlət Universitetinin Sosial idarəetmə və hüquq fakültəsinin binasında keçirilib. Qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən 237 bakalavr imtahana buraxılıb.
İmtahan 2 imtahan rəhbəri və 20 nəzarətçinin iştirakı ilə aparılıb.
Nərgiz İsmayılova