23 Dekabr 2024, Bazar ertəsi

Bir neçə ildir, muxtar respublikada fəaliyyət göstərən ümumtəhsil məktəbləri şagirdlərinin müxtəlif istirahət mərkəzlərində istirahəti təşkil olunur. Artıq bu ilin aprel ayının əvvəllərindən  sınaq imtahanlarında yüksək nəticələr göstərən və aztəminatlı ailələrin uşaqlarından ibarət məktəblilərin Ağbulaq İstirahət Mərkəzində ikigünlük istirahəti təmin olunub. Tədbir bu ilin mart ayının 18-də muxtar respublika Ali Məclisində Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı keçirilən müşavirədə muxtar respublika rəhbərinin tapşırıqlarına əsasən keçirilib. İyun ayının 5-də yekunlaşan layihəyə əsasən, mərkəzin budəfəki qonaqları Kəngərli və Sədərək məktəbliləri olub.   

İstirahətin ilk günü Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının əməkdaşı Qəzənfər Abdullayev şagirdlərə proqram haqqında qısa məlumat verərək onlara xoş və mənalı istirahət arzulayıb. Şagirdlər əşyalarını yerləşdirdikdən sonra istirahət mərkəzinin mini-futbol meydançasında komandaların yarışı başlanıb, bilik yarışları keçirilib. Günün ikinci yarısında Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvü Nəsrullah Musayevin çəkdiyi rəsm əsərləri şagirdlərin böyük marağına səbəb olub.

Naxçıvan Dövlət Uşaq Teatrının hazırladığı Abdulla Şaiqin “Danışan kukla” tamaşasına məktəblilər maraqla baxıblar. Quruluşçu rejissoru Nurbəniz Niftəliyeva olan səhnə əsərinin daşıdığı tərbiyəvi əhəmiyyət olduqca böyükdür. Əsər gücün, pulun, düşkün mənəviyyatın və sosial ehtiyacın canlı insanı necə kuklaya çevirdiyini göstərir.
Şagirdlər Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafını əks etdirən sənədli filmə baxaraq ilk günü başa vurublar.
Kəngərli Rayon Təhsil Şöbəsinin əməkdaşı, Azərbaycan Respublikasının Əməkdar müəllimi Səməd Səmədov söhbətimizdə bildirdi ki, istirahət mərkəzinə Kəngərli rayonundan 30 şagird gəlib. Onlar çox yaxşı istirahət edirlər.
Yeni Kərki kənd tam orta məktəbinin X sinif şagirdi Zəhra Cəfərova dedi ki, buradakı istirahətindən çox razı qalıb. Onlar üçün mərkəzdə hərtərəfli şərait yaradılıb.
Sədərək rayonundan 15 şagird istirahətə gəlmişdi. On­­­­lar arasında idmançılar çoxluq təşkil edirdi. Rəsul Yerdələnin dedikləri:
– Heydərabad qəsəbə tam orta məktəbinin XI sinif şagirdiyəm. Atletika üzrə bir çox uğurlarım var. Ən böyük arzum tanınmış idmançı olmaqdır. Əvvəlcə ali təhsil almaq istəyirəm. İmtahana az qalıb. Burada ikigünlük istirahət mənim üçün çox yaxşı oldu. Qayıtdıqdan sonra imtahanlara daha da ciddi hazırlaşacağam.
Məktəblilərdən Duyğu Eyvazova (Qabıllı kəndi), Tovuz Təmoyeva (Böyükdüz kəndi), Asif Rəhimov (Xok kəndi) və başqaları mərkəzdə yaradılmış şəraitdən, onlara göstərilən qayğıdan razılıqlarını bildirdilər və minnətdarlıq etdilər.

 Sara Əzimova

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR