Naxçıvan Dövlət Universitetində ənənəvi Məzun günü keçirilib. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbirdə çıxış edərək elm və təhsilin inkişafından, muxtar respublikada yerli kadr potensialının gücləndirilməsinə göstərilən dövlət qayğısından danışıb.
Rektor universitetin 2015-2016-cı tədris ilindəkı nailiyyətlərindən bəhs edərək bildirib ki, cari tədris ilində universitetdə bakalavr və magistratura pillələri üzrə 1451 gənc öz ali təhsilini başa vurub. Saleh Məhərrəmov məzunları təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Maraqlı ssenari əsasında hazırlanan Məzun günündə universitetin inkişaf yoluna, tələbələrin elm və təhsildə, ictimai işlərdəki nailiyyətlərinə nəzər salınıb. Tədbir İncəsənət fakültəsinin, Tələbə Teatr Studiyasının hazırladığı rəngarəng konsert proqramı ilə davam edib. İncəsənət fakültəsinin xalq çalğı alətləri ansamblının müşayiəti ilə mahnı və şeirlər ifa olunub.
Bayram əhval-ruhiyyəli tədbirin sonunda məzunlar səhnəyə dəvət olunub, “Tələbəlik illəri” mahnısı səsləndirilib, xatirə şəkilləri çəkdirilib.
Mehriban SULTAN