Burada tədris yüksək səviyyədə qurulub
Cəmiyyətdə tez-tez işlədilən “təhsil almaq” ifadəsinə dilimiz çox öyrəşib. “Təhsil almaq” dedikdə fərdlərin cəmiyyətdə olan hər hansı sahəyə dair biliklərə yiyələnməsi kimi fikirlər yaranır nəzərimizdə. Bəs mütəxəssislər təhsil dedikdə nəyi nəzərdə tuturlar? Ümumiyyətlə “təhsil” kəlməsinin mənası nədir? Gəlin, elə buradan başlayaq…
Təhsil insanın mənəvi siması olub, mədəniyyət, təlim-tərbiyə və mənəvi dəyərlərin təsiri altında formalaşır. Burada bilik həcmi əsas deyil, ondan sərbəst olaraq istifadə etmək keyfiyyətləri əsas sayılır. Göründüyü kimi, təhsil, təlim-tərbiyə hər bir dövlətin strateji əhəmiyyətli fəaliyyət sahəsi olmaqla onun siyasi-iqtisadi, sosial və mədəni inkişafını müəyyən edir. Ona görə də gələcəyini düşünən hər bir dövlət təhsilin inkişafına diqqət yetirməyi özünün prioritet vəzifəsi sayır. Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin yaradılması da bunun bariz ifadəsidir.
Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin yaradılması haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 14 aprel tarixli Sərəncamında deyilir: “Naxçıvan Muxtar Respublikasında ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir tədris avadanlıqları, o cümlədən kompüterlərlə, fənn laboratoriyaları və elektron lövhələrlə təmin olunması tədrisin səviyyəsini yüksəltməklə yanaşı, şagirdlərin texniki fənlərə marağını da artırmışdır. Texniki fənlər üzrə şagirdlərin istedad və bacarıqlarının aşkara çıxarılması üçün yeni tipli təhsil müəssisəsinin yaradılmasına ehtiyac vardır”.
Bu günlərdə həmin təhsil ocağında olduq. Məktəbin direktoru Çingiz Rzayevlə burada yaradılmış şərait, tədrisin səviyyəsini yüksəltmək üçün həyata keçirilən tədbirlər barədə söhbət etdik. Müsahibim bildirdi ki, riyaziyyat və fizika fənlərinin tədrisinin məzmun və metodları ilə bağlı məsələlər araşdırılarkən prinsipial məsələ olan təhsilin psixopedaqoji əsaslarının tədqiq edilməsi və hansı prinsiplərə əsaslanaraq idarə olunması müəyyənləşməlidir. Bu halda əsas yük müəllimlərin üzərinə düşür. Bu fənləri tədris edən müəllimlərin fənni mükəmməl bilməsi, fənnin tədrisi metodikasının yeniləşdirilməsi və təkmilləşdirilməsi üçün yollar axtarması, ali texniki məktəblərdə riyaziyyat və fizikanın pedaqogikasının işlənilməsi və onun əsas müddəalarının dərindən mənimsənilməsi günümüzün başlıca tələblərinə çevrilməlidir.
Öyrəndik ki, liseyin müəllimləri bu prinsipləri öz fəaliyyətlərində əsas götürürlər. Məlumat üçün bildirək ki, ilk olaraq, ötən il bu məktəbə 160 nəfər şagird qəbul edilib. Hər sinif 40 şagirdlik nəzərdə tutulub. Doğrudur, bir müddət sonra məktəbə uyğunlaşa bilməyən şagirdlər də olub. Bu səbəbdən də hal-hazırda 38 nəfər VII, 40 nəfər VIII, 40 nəfər IX, 32 nəfər X siniflərdə olmaqla, liseydə 150 şagird təhsil alır. Direktor, psixoloq, hərbi rəhbər, tədris işləri və profil üzrə direktor müavini daxil olmaqla, liseydə 22 nəfərdən ibarət pedaqoji heyət onların təlim-tərbiyəsi ilə məşğul olur. Burada I qrup ixtisaslara hazırlaşan şagirdlərin sayı daha çoxdur.
Naxçıvan Muxtar Respublikasının müxtəlif bölgələrindən şagirdlərin təhsil aldığı liseydə Ordubad məktəbliləri çoxluq təşkil edir. Lisey kompüterlərlə, fənn laboratoriyaları və elektron lövhələrlə təmin edilib.
Burada yaradılan şəraitlə yaxından tanış olduq. Şagirdlərin müvəqqəti olaraq yaşadıqları yataqxana, məktəbin yeməkxanası yüksək səviyyədədir. Qeyd edək ki, liseydə şagirdlər dövlət hesabına təhsil alırlar. Bu isə ailələrə dəstək baxımından çox əhəmiyyətli və uğurlu addımdır.
Çingiz müəllim onu da vurğuladı ki, riyaziyyat və fizikanın tədrisi zamanı kompüter texnologiyasının tətbiqi fənlərin keyfiyyətli öyrənilməsi üçün imkan yaratmaqla bərabər, həm də konkret məsələlərin həllində yeni bacarıq və vərdişlərin yaranmasına səbəb olur. İnformasiya texnologiyaları vasitəsilə qazanılan bacarıq və vərdişlər şagirdlərin daha çevik düşünməsinə, məntiqi təfəkkürün inkişafına təkan verir, öyrənəni yaradıcı şəxsiyyət kimi formalaşdırır. Tədris prosesində tətbiq edilən bu üsulla gələcək mütəxəssislərin informasiyanı yüksək səviyyədə qəbul etməsinə və lazımi məqamda ondan səmərəli istifadəsinə geniş imkanlar açır. Bu baxımdan da liseydə hərtərəfli şərait yaradılıb.
Lisey az müddətdə fəaliyyət göstərməsinə baxmayaraq, artıq bir sıra uğurlar əldə edib. Liseyin şagirdi İbrahim Qasımov muxtar respublikada sınaq imtahanında ən yüksək nəticəni qazanıb. O, 695 bal toplayıb. “Kitab bilik mənbəyidir” adlı müsabiqədə şagirdlərdən biri diplomla təltif olunub.
İnanırıq ki, Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Lisey Naxçıvan Muxtar Respublikasında təhsilin inkişafı, savadlı kadrların yetişdirilməsi baxımından əhəmiyyətli təhsil məbədinə çevriləcəkdir. Lisey üçün tikilən yeni tədris korpusları, müasir yataqxana binası burada təhsilin keyfiyyətinin daha da yüksəldilməsinə səbəb olacaq. Cəmiyyət nə qədər çox savadlı və erudisiyalı olsa, o, bir o qədər də özünü təmin edən, daha ləyaqətli və hər cür gözlənilməz hallardan sığortalanmış olacaqdır. Ona görə də bu məsələlərin hamısı bir-biri ilə sıx bağlıdır. Təhsil gələcəyə açılan pəncərədir. Təhsil millətin inkişafı üçün təməl rolunu oynayır. Gərək təməlimizi sağlam ataq.
Nərgiz İSMAYILOVA