Məlum olduğu kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri hər il ənənəvi olaraq sahibkarlarla görüşür, onların fəaliyyəti ilə maraqlanır, görüləcək işlərin, qarşıya qoyulan vəzifə və tapşırıqların konturları müəyyənləşdirilir. Növbəti belə görüş fevralın 27-də Naxçıvan Biznes Mərkəzində keçirildi və bu görüşdə sahibkarlarla birgə aidiyyəti dövlət qurumları da iştirak edirdi. Biz də hər dəfə keçirilən görüşlərin mahiyyəti haqqında oxucularımıza məlumat verir, görüləcək işlərdən bəhs edirik. Qərara aldıq ki, növbəti dəyirmi masada sahibkarlığın inkişafı ilə bağlı keçirilən həmin görüşdə müvafiq dövlət qurumlarına verilən tapşırıqları elə həmin qurumların nümayəndələri ilə birgə müzakirə edək. Beləliklə, redaksiyamızın qonaqları Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi Çinarə Balayeva, Dövlət Gömrük Komitəsinin Gömrük əməliyyatları və risklərin idarə edilməsi bölməsinin rəis əvəzi Turqut Abbasov, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Texniki tənzimləmə və standartlaşdırma şöbəsinin aparıcı məsləhətçisi Əli Şərifovdur.
– Çinarə xanım, ilk olaraq sizdən başlamaq istərdim. Çünki təmsil olunduğunuz qurum iqtisadi proseslərə birbaşa cavabdeh olan dövlət orqanıdır və ilk sualım belədir: hazırda İqtisadiyyat Nazirliyi tərəfindən sahibkarlara hansı köməkliklər göstərilir?
Çinarə Balayeva: – Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən sahibkarlara müxtəlif istiqamətli dəstək göstərilir. Sahibkarlığın İnkişafı Fondu sahibkarlar tərəfindən daxil olan müraciətlər üzrə iqtisadi cəhətdən səmərəli hesab edilən müxtəlif təyinatlı prioritet layihələrlə bağlı sahibkarlıq subyektlərinə və ailə təsərrüfatlarına biznes planların və digər zəruri sənədlərin hazırlanması istiqamətində köməkliklər göstərir. Həmçinin fond tərəfindən sahibkarlara və ailə təsərrüfatlarına illik 5 faizlə kreditlər verilir. Bundan başqa, nazirlik kiçik və orta sahibkarlıq subyektlərinə biznesə başlanması, mövcud sahibkarlıq fəaliyyətinin idarə edilməsi və innovativ üsullarla genişləndirilməsi üçün köməkliklər göstərir.
– Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri sahibkarlarla görüşündə kiçik və orta sahibkarlığın inkişaf istiqamətlərinin araşdırılmasını qeyd etdi. Bu sahədə hansı işlərin görüləcəyi planlaşdırılır?
Çinarə Balayeva: – Qeyd edim ki, Ali Məclis Sədrinin fevralın 27-də sahibkarlarla keçirdiyi görüşündə qarşıya qoyduğu vəzifələrə uyğun olaraq İqtisadiyyat Nazirliyi tərəfindən icra planı hazırlanaraq təsdiq edilib. Aidiyyəti şöbələr tərəfindən istehsal olunacaq məhsulların xammal bazası, satış bazarı, alıcılıq və rəqabət qabiliyyətinin təhlil edilməsi, iqtisadi səmərəliliyi müəyyənləşdirilmiş layihələrin hazırlanması, dövlət maliyyə dəstəyinin göstərilməsi, məhsulların ixracyönümlülüyünün və rəqabətqabiliyyətliliyinin artırılması kimi işlər görülür.
– Hamımıza məlumdur ki, güclü iqtisadiyyat istehsala əsaslanır. İstehsalda isə əsas amil keyfiyyətin üzərində qurulur. Ali Məclisin Sədri sahibkarlarla görüşündə bu məsələni xüsusi qeyd etdi ki, hər bir sahibkar kəmiyyətdən çox keyfiyyət amilinə diqqət yetirməlidir. Əli müəllim, təmsil olunduğunuz xidmətin bu sahədəki fəaliyyətini necə xarakterizə edərdiniz?
Əli Şərifov: – Keyfiyyətli yerli məhsulların istehsalının təşviqinə xidmət edən müxtəlif nəzarət tədbirləri Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qarşısına qoyulmuş mühüm və təxirəsalınmaz vəzifələrdəndir. Xidmət tərəfindən yerli məhsulların daxili və xarici bazarlarda rəqabətədavamlı olması üçün keyfiyyət standartlarına əməl edilməsinə nəzarət işi, o cümlədən təsərrüfat subyektlərinin istehsal-xidmət şəraitinin və məhsul göstəricilərinin texniki normativ-hüquqi aktların, standartların və texniki şərtlərin tələblərinə uyğunluğu daim diqqətdə saxlanılır və məhsul nümunələrinin keyfiyyət, təhlükəsizlik göstəricilərinin yoxlanılması təmin olunur. Xidmət tərəfindən istehsal müəssisələrinə maarifləndirmə xarakterli baxış keçirilir, aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq işlər görülür.
– Sahibkarlarla görüşdə Ali Məclisin Sədri bu məsələyə də toxundu ki, yerli xammala əsaslanan istehsal diqqətdə saxlanılmalıdır. Çinarə xanım, hazırda yerli resurslara əsaslanan hansı istehsal və xidmət sahələrinin yaradılması nəzərdə tutulur?
Çinarə Balayeva: – Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 29 mart tarixli Sərəncamı ilə təsdiq olunmuş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı”nda yerli xammala əsaslanan istehsal müəssisələrinin yaradılması qarşıya qoyulub. Belə ki, bu istiqamətdə yun tədarükü və iplik istehsalı müəssisəsinin yaradılması, kompost gübrə istehsalı müəssisəsinin, qarğıdalı yağı istehsalına başlanılması, gülab və gül yağı istehsalının dəstəklənməsi, yeni duz şaxtasının açılması, müasir duz istehsalı müəssisəsinin, kafel və metlax, sabun, enerji içkilərinin, həmçinin plastik məmulatların istehsalı, tullantı yağların yenidən emalı və bərk sürtkü yağlarının istehsalı, tələbata uyğun çörək istehsalı sahələrinin yaradılması, müasir texnologiyalar əsasında qurudulmuş və dondurulmuş meyvə-tərəvəz emalı müəssisələrinin qurulması nəzərdə tutulub. Həmçinin kənd təsərrüfatı məhsullarının qablaşdırılması, bölgələrdə süd toplama məntəqələrinin, heyvandarlıq, arıçılıq, quşçuluq, kartofçuluq, bağçılıq, istixana təsərrüfatı, göbələk istehsalı sahələrinin yaradılması da nəzərdə tutulub.
– Muxtar respublikamızda son illərdə diqqət mərkəzində saxlanılan fəaliyyət sahələrindən biri də ailə təsərrüfatlarıdır. Bu gün ailə təsərrüfatlarının inkişaf etdirilməsi ilə bağlı hansı işlər görülür?
Əli Şərifov: – Xidmət tərəfindən muxtar respublikada istər fəaliyyətdə olan, istərsə də yeni fəaliyyətə başlayan ailə təsərrüfatlarına maarifləndirici, metodik köməklik göstərilir. Təsərrüfat sahibləri məhsulun təhlükəsizlik göstəricilərinin müəyyənləşdirilməsində, qablaşdırılmasında, etiketlənməsində bu dəstəkdən yararlanırlar. Az əvvəl adıçəkilən Dövlət proqramında da ailə təsərrüfatlarının dəstəklənməsi, həmçinin emal olunmuş kənd təsərrüfatı məhsullarının çeşidinin və əmtəəlik göstəricilərinin yüksəldilməsi nəzərdə tutulur.
Çinarə Balayeva: – Xüsusilə həmin proqramın müvafiq bəndində xidmət sahələri ilə ailə təsərrüfatları arasında əlaqələrin gücləndirilməsi öz əksini tapıb. Qeyd edim ki, bu günə kimi muxtar respublikada ailə təsərrüfatlarının inkişafı istiqamətində mühüm addımlar atılıb və görülən tədbirlər artıq öz bəhrəsini verməkdədir. Belə ki, 2020-ci ildə 49 ailə təsərrüfatına 604 min manata yaxın dövlət maliyyə dəstəyi göstərilib, ailə təsərrüfatları 8 mindən çox tara ilə təmin olunub, “Ailə təsərrüfatı məhsulları” yarmarkası keçirilib. İstehsal edilmiş məhsulların keyfiyyətinə nəzarətin və ixracının təmin edilməsi məqsədilə Mərkəzi Qida Sınaq Laboratoriyası tərəfindən 557 halda məhsullarda laboratoriya analizləri aparılıb, məhsulların standartlara uyğun markalanması təmin edilib. Cari ildə də qarşıya qoyulan tapşırıqlara müvafiq olaraq muxtar respublikada fəaliyyət göstərən fermer və ailə təsərrüfatlarına lazımi dəstək göstəriləcək.
– Çinarə xanım, qeyri-ərzaq məhsullarının istehsalı ilə məşğul olan ailə təsərrüfatı varmı? Bu istiqamətdə hər hansı bir təbliğat aparılırmı?
Çinarə Balayeva: – Muxtar respublikada ailə təsərrüfatları daha çox heyvandarlıq, quşçuluq, arıçılıq, bağçılıq və əkinçilik sahələri üzrə fəaliyyət göstərirlər. Digər qeyri-ərzaq istehsalı sahələri ilə məşğul olan ailə təsərrüfatlarının fəaliyyətinin çoxşaxəliliyinin təmin edilməsi istiqamətində sənətkarlıq sahəsi ilə məşğul olan ailə təsərrüfatlarının müəyyənləşdirilməsi, hazırladıqları əl işlərinin Naxçıvan Biznes Mərkəzinin satış mağazalarında, ticarət obyektlərində, festivallarda və yarmarkalarda satış imkanlarının araşdırılması və satışının təmin edilməsi işləri həyata keçirilir. Görülən bu işlər həmin ailə təsərrüfatlarının inkişafını təmin edir və onlardan bəzilərinin kiçik təsərrüfatyönümlü sahibkarlıq subyektlərinə çevrilməsinə şərait yaradır.
– Bildiyiniz kimi, bu il də Naxçıvanda “İxrac ili” davam edir. Bu gün yerli məhsullarımızın ixracı ilə bağlı yaradılmış şərait nədən ibarətdir? Turqut müəllim, istərdik sualımıza cavabı sizdən eşidək.
Turqut Abbasov: – Muxtar respublikamızda sahibkarlığın inkişafına yaradılmış şərait məhsul ixracını da stimullaşdırıb. Xüsusilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 6 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında ixrac potensialının və ixraca dövlət dəstəyinin artırılması ilə bağlı Tədbirlər Planı” bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli Fərmanına əsasən “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqinə başlanılması biznesin dövlət tənzimləmə mexanizmlərinin effektivliyini artırıb, gömrük işi sahəsində innovativ layihələrdən geniş istifadə ilə gömrük nəzarəti və rəsmiləşdirilməsinin asan və sürətli şəkildə həyata keçirilməsi təmin olunub. “Bir pəncərə” prinsipinin təkmilləşdirilməsi, “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqi gömrük nəzarətinin daha çevik və şəffaf şəkildə həyata keçirilməsinə, fiziki gömrük yoxlamalarının minimuma endirilməsinə, məmur-sahibkar münasibətlərinin müasir idarəçilik prinsiplərinə uyğun olaraq inkişaf etdirilməsinə imkan verir. Buna görədir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinə müraciət etməklə “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə hüququ əldə edən yerli istehsal sahələri ixrac əməliyyatlarının rəsmiləşdirilməsini gömrük orqanına gəlmədən həyata keçirir, gömrük əməkdaşının iştirakı olmadan mallarını öz anbarından sərhəd gömrük orqanına göndərə bilirlər. “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə yerli məhsulların xarici bazarlara daha tez və keyfiyyətli şəkildə çatdırılmasına və onların rəqabətqabiliyyətliliyinin yüksəlməsinə münbit şərait yaradır.
– Bu gün hansı şirkətlərimiz bundan yararlana bilirlər?
Turqut Abbasov: – Gömrük orqanları tərəfindən muxtar respublikamızda “Yaşıl dəhliz” buraxılış sistemindən istifadənin artırılması ilə bağlı sahibkarlıq subyektləri ilə iş aparılır, bu sistemin əhəmiyyəti və üstünlükləri izah olunur. 2020-ci ildə “Gəmiqaya Bellissa Mebel Fabriki”, “Naxçıvan Sement Zavodu”, “Ləzzət Biskivit və Şokolad Fabriki” və “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyəti hüquqi şəxslərinə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən ixrac əməliyyatları üzrə “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ verilib. Sahibkarlıq subyektlərinin işini asanlaşdıran mühüm amillərdən biri də Azərbaycan Respublikasının əsas ərazi vahidindən keçməklə digər ölkələrə ixrac olunan Naxçıvan məhsullarının ixrac gömrük proseduru üzrə elektron qaydada rəsmiləşdirilməsinin muxtar respublika gömrük orqanları tərəfindən həyata keçirilməsidir. Ümumilikdə, qeyd etmək yerinə düşər ki, Naxçıvan Muxtar Respublikasında ixrac potensialının və ixraca dövlət dəstəyinin artırılması istiqamətində görülən işlərin nəticəsi olaraq ixracın həcmi ilbəil artır. 2020-ci ildə bu artım 1,9 faiz olub. İxrac əməliyyatları, əsasən, Gürcüstan, İran İslam, Türkiyə, Əfqanıstan, Yəmən, Oman, Türkmənistan respublikaları, Amerika Birləşmiş Ştatları, Rusiya Federasiyası ilə həyata keçirilib.
– Çinarə xanım, yerli məhsullarımızın ixracının təşviqindən söz düşmüşkən, xarici bazarlara çıxış sahəsində görülən işlər haqqında məlumatları sizdən almaq istərdik.
Çinarə Balayeva: – Bu gün muxtar respublikada fəaliyyət göstərən ixrac potensiallı müəssisələrdə istehsal olunan vafli məhsulları, tütün məmulatları, travertin, mərmər, mebel məmulatları, mineral sular, kapsul preformaları 2020-ci ildə Gürcüstan, Türkiyə, Estoniya, ABŞ, İraq, İran, Türkmənistan, Rusiya, Əfqanıstan, Çin, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən, Oman Sultanlığı, Belçika Krallığı olmaqla, 12-dən çox ölkəyə ixrac edilib, istehsal olunan yerli məhsulların ixracı məqsədilə Mərkəzi Qida Sınaq Laboratoriyası tərəfindən 127 hаldа mənşə sertifikatının verilməsi təmin edilib. Ənənəvi məhsullarımızla yanaşı, siqaret və mebel məmulatlarının da ixracına başlanılıb. Artıq ABŞ, Yəmən, Oman Sultanlığı, Əfqanıstan kimi ölkələr yerli istehsal məhsullarının ixracında yeni satış bazarları kimi çıxış edir və bu tendensiya davam etməkdədir. Qeyd edim ki, 2020-ci ildə 3 milyon 360 min manat dəyərində investisiya təşviqi və təsdiqedici sənədinin, 23 halda ixrac əməliyyatı üzrə 43 min manat məbləğdə ixrac təşviqinin ödənilməsi təmin edilib. Həmçinin yerli ixracatçılarımıza dəstək məqsədilə Yaxın Şərq, Körfəz ölkələri, Rusiya Federasiyası, Avropa İttifaqı ölkələrinin bazarları araşdırılıb, həmin ölkələrin bazar konyunkturası, qanunvericilik tələbləri öyrənilib və nəticələr sahibkarlıq subyektlərinin diqqətinə çatdırılıb. İstehsal olunan məhsulların ixracının və ticarət əlaqələrinin genişləndirilməsi məqsədilə muxtar respublikada fəaliyyət göstərən 15 ixrac potensiallı müəssisənin Kiyev, Minsk, Riqa, Varşava, Nursultan şəhərlərində fəaliyyət göstərən Azərbaycan Ticarət Evləri ilə əlaqələndirilməsi təmin edilib, yerli şirkətlərə dair kataloq və digər təbliğat materialları təqdim olunub. Onu da qeyd edim ki, “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı”ında ailə təsərrüfatlarının ixracyönümlü məhsul istehsalına təşviq edilməsi xüsusi vurğulanıb. Qarşıdakı dövrdə İqtisadiyyat Nazirliyi digər müvafiq qurumlarla birgə bu istiqamətdə də iş aparacaq.
– Turqut müəllim, bəs məhsulların ixrac-idxalında Dövlət Gömrük Komitəsi tərəfindən hansı elektron xidmətlər tətbiq olunur?
Turqut Abbasov: – İndi sərhədi keçən mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi vahid elektron sistem vasitəsilə həyata keçirilir. Gömrük bəyannamələri və digər mal-müşayiət sənədləri gömrük orqanlarına elektron mühitdə təqdim edilir. Xarici iqtisadi fəaliyyət iştirakçısı sənədlərini gömrük qanunvericiliyinin tələblərinə uyğun olaraq tərtib və təqdim etdiyi təqdirdə rəsmiləşdirmə prosesi bir neçə dəqiqə ərzində başa çatdırılır. Muxtar respublikamızın istənilən gömrük sərhəd-buraxılış məntəqəsində vətəndaşların, mal və nəqliyyat vasitələrinin sürətli keçidinin təmin edilməsi üçün Dövlət Gömrük Komitəsi tərəfindən 20-yə yaxın elektron xidmət təqdim olunur. Hazırda “Elektron Hökumət Portalı” – www.e-gov.az və Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin rəsmi internet saytı olan www.dgk.nmr.az üzərindən bu elektron xidmətlərdən istifadə etmək mümkündür. Saytda elektron xidmətlərdən istifadəyə dair təlimatlar yerləşdirilib. Gömrük-biznes əməkdaşlığı çərçivəsində elektron müstəvidə həyata keçirilən ən mühüm layihələrdən biri “Qısa idxal bəyannaməsinin qəbulu”, “Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üzrə elektron Gömrük Bəyannaməsinin qəbulu”, “Gömrük ödənişlərinin həyata keçirilməsi” elektron xidmətlərinin istifadəyə verilməsidir. Gömrük rəsmiləşdirilməsində şəffaflığın təmin edilməsi və bəyanetmə prosesinin asanlaşdırılması məqsədilə yaradılan bu xidmətlər malların və nəqliyyat vasitələrinin kağızsız texnologiya əsasında internet üzərindən bəyan edilməsinə imkan verir. Bəyannamələrin gömrük orqanlarına elektron formada təqdim olunması xarici iqtisadi fəaliyyət iştirakçısına istənilən dövr üzrə öz idxal-ixrac əməliyyatları və təqdim etdiyi bəyannamələr barədə məlumat almağa imkan verir. Bu məqsədlə “E-idxal-ixrac əməliyyatlarım” və “Gömrük bəyannamələri haqqında məlumatın verilməsi” elektron xidmətləri fəaliyyət göstərir. Xarici iqtisadi fəaliyyət iştirakçıları ilə keçirilən görüşlərdə bütün sahibkarlıq subyeklərinə göstərilən elektron gömrük xidmətlərindən yararlanmaq üçün “şəxsi kabinet” yaratmaları tövsiyə olunur.
– Turqut müəllim, bu gün ailə təsərrüfatı məhsullarının ixracında və ya belə təsərrüfatlar üçün gətirilən xammal və ya malların idxalında hansı güzəştlər tətbiq edilir?
Turqut Abbasov: – Qəbul olunmuş Dövlət proqramlarına əsasən ailə təsərrüfatlarının fəaliyyəti üçün muxtar respublikaya gətirilən bütün növ xammal, avadanlıq, qablaşdırma ləvazimatları və materialların güzəştli şərtlərlə, sadələşmiş qaydada buraxılışının təmin olunması bu sahədə keyfiyyətli məhsul istehsalının və ixrac imkanlarının artmasına səbəb olur. 2020-ci il ərzində 1953958 kiloqram toxumluq kartof, 266860 ədəd tərəvəz şitili, 93275 kiloqram buğda toxumu, 32921 kiloqram qarğıdalı toxumu, məhsuldarlığın artırılması üçün 971983 kiloqram müxtəlif növ gübrələr, məhsul tədarükü üçün 573020 ədəd boş kisə, 19962 plastik yeşik, 10335 kiloqram bitkiçilik dərmanı, həmçinin 90 adda müxtəlif qablaşma mallarının sadələşdirilmiş qaydada buraxılışı təmin edilib.
– Sahibkarlığın inkişafı ilə bağlı dəyirmi masada iştirakınız üçün hər birinizə təşəkkür edirəm.
Hazırladı:
Səbuhi HƏSƏNOV