Ailə təsərrüfatı institutu bu gün bütün dünyada özünüməşğulluğun təmini üçün unikal bir sistemdir. Bu sistemin nümunəviliyi ondadır ki, belə fəaliyyət, ilk olaraq yoxsulluğa qarşı güclü mübarizə formasıdır. Digər tərəfdən ailəvi sahibkarlıq fəaliyyəti ailə üzvlərinin hər birinə öz təşəbbüskarlığını zəhmət və bacarığını nümayiş etdirmək üçün geniş imkanlar açır. Son bir neçə ayda məlum pandemiyanın da nəticələri göstərdi ki, bu cür fors-major vəziyyətlərdə əhali sayının daha çox ailə təsərrüfatı birliklərində çalışdığı ölkələrdə dövlətin də üzərinə o qədər ağır yük düşmür. Necə deyərlər, hər bir ailə təsərrüfatı sahibi ailə üzvlərinin tələbatlarını ödəmək üçün digərlərindən daha üstün imkana malik olur. Bu, dövlət üçün də sərfəli sayılır, çünki əhalinin sosial vəziyyətini sabit saxlamaq üçün az vəsait xərcləyir, əvəzində maliyyə imkanlarını digər istiqamətlərə yönəldir.
Hamımıza məlumdur ki, son dövrlərdə muxtar respublikamızda ailə təsərrüfatlarının inkişafı istiqamətində sistemli tədbirlər həyata keçirilir, bununla da istehsalın genişləndirilməsi, əhali məşğulluğunun artırılması diqqət mərkəzində saxlanılır. Ailə təsərrüfatlarına maddi və təbliğati dəstək məqsədilə “Ailə təsərrüfatı məhsulları” festivalları keçirilir. 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” elan edilməsi, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 22 noyabr və 2019-cu il 18 yanvar tarixli sərəncamları ilə muxtar respublikamızda ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər planlarının təsdiq olunması isə ailə təsərrüfatlarının fəaliyyətinin dövlətimiz üçün nə qədər böyük maraq kəsb etdiyini göstərir. Bundan əlavə, bir məsələni də, xüsusilə vurğulamaq lazımdır ki, Ali Məclis Sədrinin böyük qayğısı və tapşırıqları ilə muxtar respublikada fəaliyyət göstərən ailə təsərrüfatlarına aidiyyəti dövlət qurumları tərəfindən lazımi informasiya dəstəyi göstərilir, ailə təsərrüfatı məhsullarının qablaşdırılmasına, dizaynlarının tərtib edilməsinə, məhsulların taralarla təchizatına lazımi köməkliklər göstərilir.
2020-ci ilin muxtar respublikada “İxrac ili” elan edilməsi, bu məqsədlə Ali Məclis Sədrinin 2020-ci il 6 mart tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasında ixrac potensialının və ixraca dövlət dəstəyinin artırılması ilə bağlı Tədbirlər Planı”nın təsdiq olunması isə istehsalçılar üçün yeni imkanlar təqdim edir.
Bütün bunları sadalamaqda məqsədimiz odur ki, bu gün, həqiqətən, muxtar respublikamızda ailə təsərrüfatlarının yaradılmasına, inkişaf etdirilməsinə həm dövlət dəstəyi, həm də geniş imkanlar var. Bu cür iqtisadi fəallıq, yuxarıda da qeyd etdiyimiz kimi, dövlətimizin maraqları çərçivəsindədir. Digər tərəfdən, ailə təsərrüfatlarının kiçik sahibkarlıq subyektinə çevrilməsi fikirləri də daim bu mövzuda aparılan söhbətlərin əsasını təşkil edir. Maraqlıdır, bu gün ailə təsərrüfatlarının ailə biznesi üzərində dayanan kiçik sahibkarlıq subyektlərinə çevrilməsi zəruridirmi?
Suala birbaşa cavab verməzdən əvvəl “ailə təsərrüfatı” ifadəsinə aydınlıq gətirməyə ehtiyac olduğunu düşünürük. Hər şeydən, əvvəl bunu bildirməliyik ki, bəzən mətbuatda və ya şifahi danışıqlarda “ailə təsərrüfatı” və “ailə biznesi” fikirləri qarışdırılır. Ailə təsərrüfatı birliyi (forması) sırf qohumluq dərəcəsi bir-birinə yaxın olan ailə üzvlərinin birgə fəaliyyət göstərdiyi təsərrüfat formasıdır. Yəni burada məhsulun yaranmasından, qablaşdırılmasından tutmuş istehlakçıya çatdırılmasınadək olan bütün proseslərin hamısında ailə üzvləri iştirak edir. Ancaq bu iştirak həm də ailə biznesi fəaliyyətidir. Yəni ailə üzvlərinin birgə fəaliyyət göstərdiyi biznes forması. Lakin ailə təsərrüfatı bir müddət sonra öz istehsalını artırıb sahibkarlıq subyektinə çevrilirsə, deməli, istehsal həcminə görə həm də daha çox işçinin işləməsini təmin edir və bu halda sahibkar, təbii ki, özünə qohumluq dərəcəsi aid olmayan işçiləri də işə cəlb edir. Bu vəziyyətdə həmin subyekti biz ailə təsərrüfatı adlandıra bilməsək də, ailə biznesi adlandıra bilərik. Çünki həmin subyektin rəhbərliyində və şirkətin əsas idarəçiliyində yenə də ailə üzvləri dayanır və qazanılan gəlir də ailə üzvləri arasında bölüşdürülür. Buna görə də istənilən ailə təsərrüfatına ailə biznesi kimi baxmaq olar, lakin hər ailə biznesinə ailə təsərrüfatı kimi baxmaq düzgün deyil. Buradan da o nəticəyə gəlmək olar ki, “ailə təsərrüfatı” kiçik formatda qəbul olunan anlayışdır. Ailə təsərrüfatlarının ailə biznesi olaraq kiçik sahibkarlıq subyektinə çevrilməsi isə digər bir prosesdir. Bəs bu çevrilmə olmalıdırmı və yaxud sahibkar üçün nə qədər zəruridir?
Bu suala aydınlıq gətirmək üçün ilk əvvəl ailə təsərrüfatı ilə kiçik, daha doğrusu, mikrosahibkarlıq fəaliyyəti arasındakı sərhədi müəyyənləşdirmək lazımdır. Daimi oxucularımız yəqin xatırlayar ki, ailə təsərrüfatları ilə bağlı ötən yazılarımızda bu məsələyə toxunmuşduq. Mövzu ilə bağlılığını nəzərə alıb həmin hissəni yenidən xatırlayaq.
Belə ki, sahibkarlıq subyektlərinin təsnifatı üçün vahid beynəlxalq meyarlar yoxdur. Ayrı-ayrı ölkələrdə müxtəlif qaydalar mövcuddur. Məsələn, Almaniyada, Belçikada, Böyük Britaniyada, Niderlandda, Portuqaliyada meyar kimi müəssisənin dövriyyə göstəricisi, İtaliya və İrlandiyada daşınmaz əmlakın həcmi istifadə olunur. Meyarlar arasındakı fərqlilik milli xüsusiyyətlərin, sənayeləşdirmə səviyyəsindəki fərqin, ölkənin beynəlxalq əmək bölgüsündə yeri və rolunun nəticəsidir. Dünya təcrübəsi göstərir ki, müxtəlif təşkilati-hüquqi formalı müəssisələrin kiçik və orta sahibkarlıq subyektlərinə aidliyinin əsasında duran daha ümumi meyarlara işçi heyətinin sayı, nizamnamə kapitalının miqdarı, aktivlərin və dövriyyənin həcmi kimi meyarlar daxildir. İqtisadi cəhətdən inkişaf etmiş ölkələrin daxil olduğu İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı 19 nəfərədək şəxsin çalışdığı müəssisələri “mikro”, 99 nəfərədək şəxsin çalışdığı müəssisələri “kiçik”, 100-499 işçinin çalışdığı müəssisələri “orta”, 500-dən çox şəxsin çalışdığı müəssisələri isə “iri” müəssisələr kimi təsnifləşdirir. Məsələn, Avropa Birliyi ölkələrində 150 milyon məşğul əhalinin 100 milyon nəfərinin çalışdığı 16 milyondan çox kiçik və orta müəssisə fəaliyyət göstərir. Onlardan, təxminən, 15 milyonu (90 faizdən çoxu) 10-dək işçisi olan mikromüəssisələrdir (yəni ailə təsərrüfatlarıdır), qalan bir milyon müəssisədə çalışanların sayı isə 10-250 nəfər arasında dəyişir. Qonşu Türkiyə Respublikasında işçilərinin sayı 9 nəfərədək, illik dövriyyəsi 1 milyon lirəyədək olan müəssisələr mikromüəssisələr, işçilərinin sayı 10-49 nəfərədək, illik dövriyyəsi 8 milyon lirəyədək olan müəssisələr kiçik müəssisələr, işçilərinin sayı 50-249 nəfərədək, illik dövriyyəsi 40 milyon lirəyədək olan müəssisələr orta müəssisələr sayılır.
Azərbaycanda sahibkarlıq subyektlərinin təsnifatı isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 iyun tarixli “İri, orta və kiçik sahibkar meyarları”nın təsdiq edilməsi haqqında” Qərarında göstərilən meyarlara əsaslanır. Belə ki, həmin qərara əsasən sahibkarların kiçik, orta və iri sahibkar kimi müəyyənləşdirilməsi üçün “işçilərin orta siyahı sayı” və “illik gəlir” meyar göstəricilərindən daha yüksək olanı əsas götürülür. Həmin meyarlara görə işçilərinin orta siyahı sayı 25 nəfərə kimi, illik gəliri isə 200 min manatadək olanlar kiçik, uyğun olaraq da 25 nəfərdən 125 nəfərədək və 200 min manatdan 1 milyon 250 min manatadək olanlar isə orta sahibkarlar sayılır. Buradan da bir daha aydın olur ki, ailə təsərrüfatları həm işçi sayı, həm də illik dövriyyə baxımdan göstərilən rəqəmlərdən daha aşağı meyarları özündə əks etdirir.
Buradan da belə bir nəticə çıxır ki, ailə təsərrüfatlarının kiçik sahibkarlıq subyektlərinə çevrilmələri üçün müəyyən bir yol qət etmək lazımdır. Yəni təsərrüfat sahibi öz fəaliyyətinin faydasını ildən-ilə görür, daha çox məhsul istehsal etməyə çalışır və təbii olaraq bu prosesdə həmin təsərrüfatda işçilərin də sayı artır, məhsul həcmi də. Belə olan halda ailə başçısı özü maraqlı olur ki, işini daha da böyütsün – sahibkara çevrilsin. Çünki bu onun üçün daha çox gəlir, daha çox işgüzar nüfuz qazanmaq deməkdir. Məsələn, muxtar respublikamızda onlarla ailə təsərrüfatı sahibi var ki, dənli bitkilərin əkini ilə məşğuldur. Hər il buğda, arpa, qarğıdalı əkir, əlavə olaraq da əkdiyi sahələri ildən-ilə genişləndirir. Və yaxud iribuynuzlu və ya xırdabuynuzlu heyvan saxlayır, baş sayını ildən-ilə artırır. Təbii olaraq beləcə onun əlavə işçiyə də ehtiyacı yaranır və digərlərini təsərrüfata cəlb edir. Bu halda həmin fəaliyyət sahibləri daim işini böyütməyə, daha çox məhsul istehsal etməyə çalışır. Ancaq bəzən işin əksi olur. Yəni ailə təsərrüfatı sahibi işini böyütməkdə maraqlı olmur. Bu, necə baş verir? Fikirlərimizi konkret dünya təcrübəsində tətbiq olunan nümunələr əsasında izah edək. Qonşu Türkiyə Respublikasında, eləcə də bir çox Şərq ölkələrində onlarla ailə təsərrüfatları var ki, təbii sabun istehsalı ilə məşğuldurlar. Bu sabunlar müasir dövrün yüzlərlə çeşiddə sənaye üsulu ilə istehsal olunan sabunlarından müxtəlif faydaları ilə seçilir. Çünki bu sabunlar sənayedə tətbiq olunan kaustik soda və ya başqa adla desək, natrium-hidroksid və istifadəyə yararsız yağların qarışığı ilə deyil, təbii meşə odunlarının suda həll olunmuş təmiz külü və təbii yağlarla (əsasən, zeytun) hazırlanır. Sabunlarda kimyəvi qoxu ekstraktlarından deyil, təbii bitki çiçəklərindən istifadə olunur. Buna görə də belə sabunlar müxtəlif dəri-zöhrəvi xəstəliklərinin müalicəsində, saç tökülməsinin qarşısının alınmasında, eləcə də dərinin daha gümrah qalmasında effektiv rol oynayır. Təbii xammaldan istifadə olunması sabunun maya dəyərini yüksəldir ki, bu da bazar qiymətlərində onu digər analoqlarından fərqləndirir. Və yaxud, bu gün dünyanın ən keyfiyyətli şokoladlarının satıldığı Belçikada şokolad mağazalarının, demək olar ki, hamısında bütün şokolad növləri fərdi ailələrdə xüsusi reseptlərlə hazırlanır və satışa çıxarılır. Brüsselə yolu düşən bütün turistlər hədiyyə kimi buradakı əl əməyi ilə hazırlanan şokoladlardan almağı bir ənənə halına gətiriblər. Ev şəraitində şokolad hazırlayan belə ailə təsərrüfatlarının isə yaşı yüzdən çoxdur. Və yaxud ötənlərdə oxucularımıza Almaniyada bir ailənin 70 ildən çoxdur ki, “Mercedes-Benz” üçün ehtiyat hissə istehsal etdiyindən bəhs etmişdik. Belə misalların sayını yenə də artırmaq olar. Buradan gəlinən nəticə odur ki, beynəlxalq təcrübədə o ailə təsərrüfatları sahibkarlıq subyektlərinə çevrilmirlər ki, onların istehsal etdikləri məhsullar konkret müəyyən olunmuş istehlakçı kütləsi üçün nəzərdə tutulur. Hətta belə ailə təsərrüfatları böyük istehsal üçün sənaye üsuluna keçsələr, ya məhsulun keyfiyyəti aşağı düşəcək, ya da məhsul satılmayacaq. Bu baxımdan ailə təsərrüfatlarının kiçik sahibkarlıq subyektlərinə çevrilməsini bazar özü tənzimləyir.
Sonda bir məsələni də qeyd edək ki, ötən yazılarımızda da dediyimiz kimi, ailə təsərrüfatları yalnız aqrar sahələr üzrə məşğulluğu əhatə etmir. Bizdəki mövcud ailə təsərrüfatlarının ona görə əksəriyyəti aqraryönümlüdür ki, muxtar respublika iqtisadiyyatında aqrar sahə üstünlük təşkil edir və bu sahədə əhalinin böyük təcrübəsi var. Muxtar respublika əhalisinin 70 faizinin kənd yerlərində yaşadığını nəzərə alsaq, aqrar sahədə fəaliyyət göstərən ailə təsərrüfatlarının sayının çox olması təbiidir. Bu cür ailə təsərrüfatlarının kiçik sahibkarlıq subyektlərinə çevrilməsi üçün isə yetərli imkanlar var.
Səbuhi HƏSƏNOV