22 Dekabr 2024, Bazar

50 yaşlı bu tikintinin inşasına 1800-dək işçi, 360-dan çox texnika cəlb olunmuşdu...

27 iyul 1963-cü il... Moskvada SSRİ və İran nümayəndə heyətləri arasında geniştərkibli görüş keçirilir. Görüşdə müxtəlif sahələr üzrə əməkdaşlıq məsələləri müzakirə olunur, sovet sənayesində əldə olunmuş texniki yeniliklərin İran iqtisadiyyatına verəcəyi töhfələr haqqında danışılır.  Sonra iki ölkə arasında reallaşdırılacaq layihələrin perspektivliyi bir daha nəzərdən keçirilir və yekun olaraq iqtisadi və texniki əməkdaşlıq haqqında birinci İran-Sovet sazişi imzalanır. Razılaşmaya görə, İran qaz kəməri, İsfahandakı metallurgiya zavodu, elevatorlar, Ərəkdəki maşınqayırma zavodu və digər obyektlər SSRİ-nin  texniki yardımı ilə reallaşacaqdı. Sazişin bir bəndi isə Naxçıvanla bağlı idi... 

Tarixi zənginlikləri ilə seçilən Naxçıvanda hər qarışın, hər daşın, hər tikilinin öz maraqlı tarixi var. Bəlkə də, bundan irəli gəlir ki, bu qədim diyar həmişə böyük dövlətlərin bu və ya digər şəkildə ümumi maraqlarının kəsişdiyi, bəzən də üst-üstə düşdüyü ərazilərdən olub. Elə birgə maraqların təsdiqi kimi, həyata vəsiqə qazanmış Araz Su Elektrik Stansiyası kimi...

Bu stansiyanın tikintisi (su anbarı da daxil) 6 il vaxt aparmışdı. Layihənin reallığa çevrilməsi üçün çay boyunca yerləşən kəndlərdən yüzlərlə ailə köçürülmüş, dəmir yolu xətti Şahtaxtı stansiyasınadək 100 metrədək içəriyə doğru çəkilmişdir. İnşası böyük vəsait tələb edən bu işdə SSRİ-nin məqsədi heç də Naxçıvan əhalisini elektrik enerjisi ilə təmin etmək deyildi. II Dünya müharibəsindən sonra yerli xammaldan istifadə etməklə iqtisadi vəziyyətini yüksəltməyə çalışan imperiya dövləti üçün Naxçıvanın faydalı qazıntılarından yararlanmaq, daşduz, travertin, molibden, əhəng, mineral su yataqlarından istifadə etmək üçün yeni sənaye müəssisələri qurmaq böyük gəlirlər vəd edirdi. Lakin Naxçıvanda bu istehsalı təkcə Ermənistan ərazisi vasitəsilə gələn elektrik verilişi xətləri ilə təmin etmək çətin idi. Həmçinin burada yeni su anbarı yaratmaqla minlərlə hektar sahəni suvarmaq mümkün olacaqdı ki, bu da iqtisadi baxımdan çox sərfəli idi. Bütün bunlardan əlavə, SSRİ-nin cənub-qərb sərhədlərində möhkəmlənməsi üçün də enerjiyə böyük tələbat vardı. Ancaq imperiya beynəlxalq konvensiyalara görə bu işi tək görə bilməzdi, daha doğrusu, transsərhəd çaylarından birtərəfli qaydada yararlanmaq mümkün deyildi. Ona görə də bu müştərək iş haqqında ilk təklif sovetlərdən gəlmişdi və SSRİ İran ərazisində həyata keçirdiyi digər layihələri də göz önünə gətirərək partnyorlarını bu işə razı sala bilmişdi...
Bağlanılmış sazişdən qısa müddət sonra Araz sahilində mühəndis-texniki hesablamalara başlanılır. İlk olaraq su anbarının salınacağı ərazi müəyyənləşdirilir. Bu, çox mühüm məsələ idi. Çünki seçilən ərazi su ehtiyatı yaratmaqla yanaşı, həm də respublika ərazisində çayın axınını nizamlayacaqdı. Bütün hesablamalar yekunlaşdıqdan sonra 1964-cü ildə tikinti işlərinə başlanılır. Buradakı tikinti işləri böyük bir ərazini əhatə edirdi. Yaradılacaq su anbarının uzunluğu 52 kilometrə, eni isə bəzi yerlərdə 6,1 kilometrə çatacaqdı. Bu isə Arazın yaxınlığında yerləşən Təzəkənd, Yamxana, Bulqan, Qaraçuq və Böyükdüz kəndlərinin su altında qalması ilə nəticələnəcəkdi. Buna görə də təsdiq olunmuş plana əsasən həmin kəndlərin əhalisi olduqları yerdən köçürülməli və onlar müvafiq evlərlə təmin olunmalı idilər. Beləliklə, Arazda Su Anbarının tikintisi ilə yanaşı, həm də yeni salınan yaşayış məntəqələrində böyük tikinti işlərinə başlanılmışdı və 1970-ci ilə qədər keçmiş Naxçıvan rayonunun Təzəkənd və Yamxana kəndlərinin əhalisi indiki Babək şəhərinin olduğu əraziyə (1965-ci ildən burada həmin sakinlər üçün yaşayış binalarının tikilməsinə başlanılmışdı) digər kəndlərin əhalisi isə Qaraçuq, Bulqan və Böyükdüz kəndlərinə köçürülür. Köçürülmə zamanı həmin ailələrə Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Əmək Ehtiyatlarından İstifadə Komitəsi tərəfindən xüsusi köçürmə biletləri verilir. Həmin biletlərdə köçən ailə üzvlərinin sayı, köçmə və gəlmə haqqında qeydlər aparılır. Su anbarının inşası Son Tunc və İlk Dəmir dövrlərinə aid köhnə Böyükdüz yaşayış yeri, fransız hərbçiləri tərəfindən 1809-1810-cu illərdə tikilmiş tarixi Abbasabad qalasının qalıqlarının su dəryaçasının altında qalması ilə nəticələnir...

Araz Su Anbarı və Elektrik Stansiyasının tikintisi sovet dövründə Naxçıvanda aparılmış ən böyük tikinti obyekti idi. Su anbarının tikintisi üçün çayın üzərində hündürlüyü 34 metr olan bənd ucaldılır. Bəndin üstdən uzunluğu 1 kilometr 26 metr, eni isə 12 metrə çatırdı. Bu isə anbarda 1350 milyon kubmetr su saxlamağa imkan verirdi ki, bu suyun faydalı həcmi 1150 milyon kubmetr idi. Həm su anbarının, həm də elektrik stansiyasının tikintisi üçün bura böyük inşaat dəstələri cəlb olunmuşdu.
Yazını hazırlayarkən həmin dövrdə burada çalışmış insanlardan çox azını tapa bildim. Nə də olsa, üzərindən 50 il vaxt keçir. Hərbi xidmətdən yeni qayıtmış birinin bu inşaatda işə başlamasını nəzərə alsaq, axtaracağım müsahibimin yaşı ən az 70-dən yuxarı olmalı idi. Ancaq sonda istədiyimə çatıram. Muxtar respublikamızın ağsaqqal ziyalısı, Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədri Firudin Süleymanovun vaxtilə bu hidroqurğunun tikintisində işlədiyini eşitdikdə çox sevinirəm. İxtisasca iqtisadçı olan Firudin müəllim 1968-ci ildə ora baş iqtisadçı olaraq göndərilir və 1970-ci ilədək maliyyə-mühasibatlıq işlərində çalışır, tikintinin sonuna yaxın isə ləğvetmə komissiyasının üzvü olur (Ləğvetmə komissiyası obyektin təhvil verilməsinə məsul olan komissiyadır). Köhnə xatirələri düşüncələrində canlandıran müsahibimiz deyir ki, Araz Su Elektrik Stansiyası, həqiqətən, böyük tikinti obyekti idi. Burada SSRİ-nin müxtəlif şəhərlərindən cəlb olunmuş mühəndis və texniki işçilər çalışırdı. Mühasibatlıq sahəsində çalışdığım üçün yaxşı xatırlayıram ki, tikintiyə yerli inşaat kollektivləri də daxil olmaqla, 1800-dək işçi, 360-dan çox texnika cəlb edilmişdi. Torpaq bəndlərin inşasında istifadə olunan ağırtonnajlı avtomobillərin sayını artırmaq üçün Belarusiyaya ezam olunduğum da yaxşı yadımdadır. Bu qədər işçini yerləşdirmək də asan məsələ deyildi, – deyən Firudin müəllim söhbətinə davam edir: – Bunun üçün inşaat gedən ərazinin yaxınlığında Rusiyadan gətirilmiş 500-dək vaqon-evlər quraşdırılmışdı. Həmin vaqon-evlərin içərisində yataq otağı, kiçik mətbəx və hamam yerləşirdi. Bundan əlavə, ərazidə, təxminən, 150 nəfərlik 3 yeməkxana və ərzaq mağazası da tikilmişdi. Kənardan baxanda bu ərazi, sanki bir qəsəbəni xatırladırdı. Tikinti başa çatdıqdan sonra sökülüb-yığılan bu evlərin hamısını dəmiryol vaqonlarına yükləyib apardılar. Sonralar, təxminən, 80-ci illərdə həmin vaqon-evlərin bir neçəsini mən Şamaxı rəsədxanasında olarkən orada görmüşdüm.
Naxçıvan şəhər sakini, hazırda təqaüddə olan Abbas Abbasov da Araz SES-də çalışanlardan biridir. Deyir ki, gənclik illərimdə Arazda, sonra isə Arpaçayın tikintisində çalışmışam. Arazdakı daha nəhəng tikinti idi. Orada bir çox maraqlı xatirələr olub. Həmin xatirələrdən biri də bu idi ki, tikintiyə yeni başlayan zaman həm SSRİ, həm də İran tərəfdən təməlatma mərasimi təşkil olunmuşdu. İran tərəfindən iştirak edən səlahiyyətli nümayəndə tikintiyə xeyir-duasını verdikdən sonra ovcundakı qızıl pulları beton töküləcək təməl hissəyə atdı. Protokol qaydalarına görə, SSRİ tərəfi də hazırlıq görmüşdü və bir kisənin yarısına qədər istifadə olunmamış, par-par parıldayan 5 qəpiklik pulları həmin yerə boşaltdı. Hər iki tərəfdən alqış sədaları eşidilməyə başladı. Bu hadisəni hazırda Babək şəhərində yaşayan, vaxtilə həm Araz və Arpaçay, həm də Şəmkir Su Elektrik stansiyalarının tikintisində işləmiş, yaşına görə çox gümrah görünən 80 yaşlı Mehdi Əsgərov də təsdiqləyir. Tikinti haqqında soruşuruq. Deyir ki, su elektrik stansiyasının tikintisinə başlayanda burada işlər növbəli sistemə keçmişdi. Hara baxırdın texnikaların səsindən qulaq tutulurdu. Tikinti üçün Təzəkənd (Qızılvəng) yaxınlığında ayrıca beton zavodu da tikilmişdi. Qum-çınqıl ehtiyatı burada tədarük olunurdu. Sement isə hidrotikintilərdə istifadə olunan xüsusi markalı sement idi və Ukraynadan gətirilirdi. Yəni adi tikintidə istifadə olunan sement deyildi, markası “S-800” idi. Bu sement milyonlarla ton ağırlıqda suyu saxlamağa qadir, eyni zamanda bərkiyəndən sonra qranitdən də sərt bir sement növü idi. Yalnız böyük su anbarlarının, bəndlərin tikintisində istifadə olunurdu.
1970-ci ilin avqust-sentyabr aylarında Arazda işlər daha da sürətlənir. Həmin dövrdə “Şərq qapısı” qəzeti yazırdı: “Əsrlərboyu sakit axan Arazın sahillərində indi gecə də, gündüz də iş bulaq kimi qaynayır. Araz Su Tikinti İdarəsinin kollektivi işə ürəkdən girişmişlər. Tikintidə çalışan ayrı-ayrı kollektivlər daha yüksək göstəricilərə nail olmuşlar. R. Həmidovun başçılıq etdiyi mexanizasiya və avtonəqliyyat idarəsinin, A.Sobolevin başçılıq etdiyi tikinti-quraşdırma idarəsinin, V.Stankeviçin başçılıq etdiyi quraşdırıcılar dəstəsinin üzvləri öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirirlər. Quraşdırıcılardan V.Qaqanov, V.Kanovalov, H.Qayıbov, İ.Pavlenko hər gün nəzərdə tutulduğundan daha artıq iş görürlər…” Qəzetin digər bir nömrəsində isə oxuyuruq: “Araz Su Elektrik Stansiyasının ilin sonuna istifadəyə verilməsi SSRİ-nin 50 illiyinə böyük töhfə olacaq. Hazırda elektrik stansiyasının yaxınlığında yerləşən quraşdırma bazasında böyük avadanlığın qovşaqları quraşdırılır. Burada üzərində Leninqrad, Minsk, Zaporojye, Krasnoyarsk zavodlarının markaları olan texnikalara rast gəlmək mümkündür. İndi quraşdırıcılar Arazın sağ və sol sahilində hər biri 260 ton ağırlığında yük qaldıran iri qülləli kranlar quraşdırır. Həmin kranlar hidroelektrik stansiyasını təhlükəli hadisələrdən qorumaq üçündür. Bəndin qapıları həmin kranlar vasitəsilə qaldırılıb endiriləcəkdir. Mühəndis V.Butov bu işin peşəkarıdır. O, indiyədək ittifaqın bir çox yerlərində çalışıb…” Yeri gəlmişkən, burada çalışan peşəkar mütəxəssislərin bir neçəsi də Asuan bəndinin tikintisindən sonra Araza göndərilmişdi.

Haşiyə: Nil çayı üzərində tikilən Asuan bəndi Misir prezidenti Nasir tərəfindən çiçəklənən Misirin simvolu kimi düşünülmüşdü. Bu böyük layihəyə Britaniya və ABŞ maliyyə-texniki cəhətdən kömək edəcəklərini əvvəlcə söz versələr də, sonra bundan imtina etdilər və bənd SSRİ-nin dəstəyi ilə 1960-1970-ci illərdə tikildi. Asuanın tikintisi zamanı Nilin qarşısı 110 metr hündürlükdə divarla kəsildi və burada elə böyük su anbarı yarandı ki, hətta onun bir hissəsi Sudan ərazisindədir. Ancaq kifayət qədər ambisiyalı olan bu tikili istifadəyə verildikdən sonra Misirə gözlənilən xeyri gətirmədi. Bu isə artıq başqa söhbətin mövzusudur.
1970-ci ilin payızında Arazda işlər yekunlaşdırılsa da, bəzi texniki məsələlərə görə stansiyanın açılışı gecikir. Həmin vaxt tikintinin baş mühəndisi V.N.Razin mətbuata açıqlamasında deyir: “Yaz vaxtı çayın suyunun həddindən artıq artması sag sahildə quraşdırılmış aqreqatları işə salmağa mane olur, hətta hidroloqların dediyinə görə, bir neçə əsr olar ki, Arazın suyu bu qədər artmamışdır. O vaxt su işə yalnız maneə törədirdi. İndi isə çayın suyu azaldığından anbarı doldurmaq mümkün deyil. Qurğunu işə salmaq üçün bu nəhəng anbarda suyun səviyyəsi heç olmazsa, 14 metrə çatmalıdır, ancaq hazırda səviyyə cəmi 9 metrdir…”
Beləliklə, texniki işlər tam sona çatmadığından stansiyanın istifadəyə verilməsi 1971-ci il iyunun 28-də baş tutur. Açılış mərasimində SSRİ Nazirlər Soveti sədrinin müavini M.T.Yefremov və İran baş nazirinin iqtisadiyyat məsələləri üzrə müavini S.Əsfiya başda olmaqla, hər iki tərəfdən rəsmi şəxslər iştirak edirlər. Turbinlər işə salındıqdan sonra təbriklər söylənilir, yeni obyektin hər iki tərəf üçün uğurlu olması arzulanır.
Bir məsələni də qeyd edək ki, stansiyanın tikildiyi 1964-1970-ci illərdə Naxçıvan şəhərinin mərkəzində Arazda işləyən işçilər üçün yeni yaşayış binaları da (“Arazstroy”un binaları) tikilir. 1967-ci ildə muxtar respublikada Tofiq Axundovun rəhbərliyi ilə “Araz” futbol komandası formalaşmağa başlayır. Həmin ildə Nəriman Sadıqov “Araz” Mahnı və Rəqs Ansamblını yaradır. Həmçinin həmin dövrlərdə Şahbuz rayonunun Ağbulaq, Gömür kimi kəndlərində “Araz” pioner düşərgələri fəaliyyətə başlayır. Bir sözlə, həmin illərdə Naxçıvanda, sözün əsl mənasında, bir “Araz fırtınası” yaşanır.

… Ötən əsrin 90-cı illərində mənfur düşmənlərimiz tərəfindən blokadaya salınan Naxçıvan böyük enerji problemləri ilə üzləşir. Həmin dövrdə Naxçıvanın enerji təminatında yeganə rolu Araz Su Elektrik Stansiyası oynayır. Bu stansiyada istehsal olunan 15-20 meqavat elektrik enerjisi fasilələrlə muxtar respublikanın enerji xətlərinə ötürülür. Məhz həmin dövrdə ulu öndər Heydər Əliyevin şəxsi nüfuzu sayəsində qonşu İran İslam və Türkiyə respublikaları ilə əldə olunmuş razılığa əsasən idxal olunan enerji hesabına Naxçıvanın enerji təminatı nisbətən yaxşılaşdırılır. Növbəti illərdə isə dahi şəxsiyyətin Naxçıvan üçün arzuladıqları həyata keçərək muxtar respublika enerji idxal edən regiondan enerji ixrac edən regiona çevrilir. İndi İran İslam Respublikası ilə Naxçıvan Muxtar Respublikası arasında inkişaf edən əlaqələr digər sahələr kimi, enerji sahəsini də əhatə etməklə gələcəyə daha böyük perspektivlər vəd edir. Araz Su Elektrik Stansiyası isə yaddaşlarımızda müstəqilliyimizin ilk illərində blokadaya salınmış Naxçıvanın yeganə ümid yeri kimi xatırlanır…

- Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR