04 May 2024, Şənbə

Ta qədimlərdən xalçaçılıq sənəti milli özünüdərk və milli özünüifadə vasitəsi kimi mühim dəyərə malikdir. Uzun bir inkişaf yolu keçən xalçaçılığın tarixi tədqiqatçıların fikrincə, çox qədimlərə dayanır. İlk vətəni Misir olsa da, bu sənət öz zirvəsinə Azərbaycanda çatmışdır. Azərbaycanda formalaşan çoxsaylı xalçaçılıq məktəbləri, yaranan köklü ənənələr də araşdırıcıların bu qənaətinə haqq qazandırır ki, Azərbaycan xalçaçılığının tarixi xalqımızın tarixi qədər qədimdir.

Xalqımızın xalçaçılıqda ifadə olunan düşüncə tarixi xalqın arxaik etnik tarixi ilə üst-üstə düşür, onun çox əhəmiyyətli hissəsini təşkil edir. Təsadüfı deyil ki, xalça təsvirlərində mifoloji məna aləmi, folklor obrazları əsas ağırlıq mərkəzlərini təşkil edir. Xalça təsvirlərində bu obrazların səciyyəvi keyfiyyətlərinin ümumiləşdirilməsinin şahidi oluruq.

Xalça sənəti ilk söz sənəti arasından transformatik təkamül həm də etnik düşüncələri inkişafın göstəricisi kimi maraq doğurur. Bu sahələrlə əlaqəli iki istiqamət nəzər-diqqəti cəlb edir:

  • Xalçalarda mifoloji məna aləmi və folklor obrazları;
  • Folklor mətnlərində xalça.

Deyirlər ki, yuxuda gördüyün xalça yol deməkdir. Nağıllarımızda da uçan xalçalardan sıx-sıx bəhs olunur. Uçmaq da yolla,səfərlə bağlıdır. Xalq arasında belə bir inam vardır ki, uşaq həmişə xalça üstündə dolanarsa, gözləri işıqlı olar, uzağı yaxşı görər. Eyni inamın izləri “Koroğlu”dastanında da vardır.   Naxçıvandan toplanmış bayatılarda deyilir:

       Araşqının zəri var,

       Butası var, zəri var.

       Naxçıvan xalçasının

       Yurduna bənzəri var.

 

       Xalça sal qarış-qarış,

       Güllü, butalı naxış.

       Baxdım özüm itirdim

       Bu nə sirr, bu nə baxış.

 

Görkəmli alim Kamil Vəliyev yazır: ”Bizim elin dürlü-dürlü xalçaları var, hərəsinin də öz naxışı, öz gözəlliyi: Qarabağ xalçası, Şirvan xalçası, Naxçıvan xalçası, Təbriz xalçası, Quba xalçası...” Bu xalçaları toxunduğu yerdə formalaşan məktəblərə məxsus ənənələr bir-birindən fərqləndirir.

Məlumdur ki, qədim Gəncədə müxtəlif çeşidli və al-əlvan rəngli xalılar, xalçalar toxunurdu. Azərbaycanın ayrı-ayrı şəhərləri xalçaçılığın bu və ya digər növləri ilə şöhrət qazanmışdı ki, bu da təsadüfi deyildi. Tədqiqatçıların fikrincə, Azərbaycanda xalçaçılığın tarixi tunc dövrünə gedib çıxır. Həmin dövrdə heybə, xurcun, çuval, faümaş toxumaqla yanaşı, xalçaçılıq sahəsinin də inkişafından söz açan Teymur Bünyadov yazır ki, ilk tunc dövrü insanlarının dini görüşlərində də bəzi əlamətdar cəhətlər özünü göstərmişdir. Onların əqidələrinə görə, güya insanlar ölməzdir, əbədidir. Onlar sadəcə olaraq bir dünyadan başqasına köçür və öz həyatlarını o dünyada davam etdirirlər. Təbiət dəyişmədiyi kimi, insanlar da dəyişmir. Bu düşüncənin izləri bəzi xalça elementlərində də yaşayır.

İlkin yaşayış məskənlərindən biri kimi Naxçıvanda xalçaçılığın qədim tarixə, zəngin ənənələrə malik olması tamamilə təbiidir. Hələ qədimlərdən bölgədə xalq sənətinin ağacişləmə, misgərlik, zərgərlik, ipəkçilik, boyaqçılıq, papaqçılıq, dülgərlik, toxuculuq, xüsusilə də xalçaçılıq sahələri genişlənmiş, böyük şöhrət qazanmışdır. Bu gün də həmin ənənələrə həssaslıqla yanaşılır. Naxçıvan şəhərində 1998-ci ilin fevral ayından Dövlət Xalça Muzeyi fəaliyyət göstərir. Cəmi 377 eksponatla fəaliyyətə başlamış muzeydə indi 3700-dən artıq maddi- mədəniyyət nümunəsi toplanıb, mühafizə olunur. Muzeyin ekspozisiyası XVIII-XIX əsrlərdən başlamış bu günə qədərki bir dövrü əhatə edir. Burada xalçaçılığın inkişaf yolu xronoloji ardıcıllıqla izlənilir. Keçə bu sahədə ilk nümunələrdəndir. Bildiyimiz kimi, o yunu döymə üsulu ilə hazırlanır. Yun yerə sərilir, üzərinə su çilənir, əlavəsi alınır, bükülür, döyülür. Sonra isə həsir toxuma sənəti formalaşmışdır. Həsir telləri bir-birinə keçirtmə üsulu ilə toxunur. Xalçalar öz texnologiyasına görə xovlu və xovsuz olmaqla iki yerə ayrılır. Xalça muzeyində palaz, cecim, kilim, sumax, şəddə və başqa xovsuz məmulatlar da toplanıb.

Palazın əriş və arqacları sadə olur. Bəzəkləri sadə fomalıdır. Yundan, pambıqdan, bəzən də ipəkdən toxunur. Cecimin də əriş və arqacları sadə olur.Şaquli istiqamətdə enli və ensiz zolaqlar cecim üçün səciyyəvidir. Bəzən üzərinə həndəsi elementlər də salınır.

Kilim ölçülərinin böyüklüyü ilə seçilir. Nəbati motivli güllər, rombvari qarmaqlı elementlər, şux rənglər kilim üçün xarakterikdir.

Sumax “qayıq” adlı texniki üsulla toxunur. Medalyonlar, heyvan və quş təsvirləri ilə bəzədilir. Kənarı haşiyə ilə əhatələnir. Süjetli olan şəddədə bəzən heyvan təsvirlərinə də rast gəlirik.

Xalçaçılıqda müxtəlif heyvan təsvirlərinə müraciət, şübhəsiz ki, dünyagörüşlə bağlıdır. Məsələn, Yusif Vəzir Çəmənzəminli “Qızlar bulağı”romanında qoçun müqəddəs heyan sayıldığını, ona itaət edildiyini xüsusi qeyd edirdi.

                                                     Gəldik çeşməyə,

                                                      Sudan içməyə.

                                                      Ağca qoçlara

                                                      Təzim etməyə

Eləcə də qurd, əjdaha, quş təsvirləri xalçalarda mənalı elementlər kimi xüsusi funksiya daşıyırlar.

Naxçıvan Dövlət Xalça Muzeyindəki eksponatlar bütün bunlar barədə ətraflı təsəvvür yaradır.

Qeyd etməliyik ki, Azərbaycanda 4 əsas xalçaçılıq məktəbindən biri də Təbriz-Naxçıvan məktəbi hesab olunur. Coğrafi mövqe bu məktəbə məxsus sənət örnəklərinin naxışlarına, kompozisiyasma, rəng və texniki xüsusiyyətlərinə əhəmiyyətli dərəcədə təsir göstərmiş, spesifik cəhətləri müəyyənləşdirmişdir.

Naxçıvan xalçaları işlənmə texnikası və bədiiliyinə görə iki qrupa ayrılır: həndəsi və nəbati naxışlı xalçalar.

Birinci qrup xalçalarda həndəsi fiqurlar, romb, günəşvari şəkillər, qoç buynuzları əsas yer tutur. İkinci qrup xalçalarda isə nəbati naxışlar, gül-çiçək təsvirləri, buta motivləri əsasdır. Xovsuz xalçaların, xüsusən cecimin əsas istehsal mərkəzi tarixən Ordubad olmuşdur. Burda ipək liflərdən toxunan dəvə karvanı daim dövr edən əbədi həyatın, ömür karvanının simvoludur. Romb və qarmaq formalı həndəsi naxışlar əkin sahələrini, bolluğu rəmzləndirirdilər. Bütün bunlar isə Ordubadın həyatı, gün-güzəranı ilə sıx bağlı idi.

Mənbələrdə göstərildiyi kimi, Ordubad yüksəkkeyfiyyətli ipəyi ilə bütün dünyada məşhur olmuşdur. Ordubad ipəyi İrana, Suriyaya, Venisiyaya, Fransaya, Kiçik Asiya ölkəkələrinə və başqa yerlərə göndərilirdi. Şübhəsiz ki, Ordubad ipəyindən hazırlanan cecimlər də gözəlliyi, keyfiyyəti ilə şöhrət qazanmışdı.

Qeyd edək ki, Təbriz-Naxçıvan məktəbinə aid xalçalar, əsasən, XVIII- XX əsrləri əhatə edir və bu xalçalar regionun düşüncə tərzini, tarixini də özündə cəmləşdirir. Bu baxımdan bəhs etdiyimiz xalça uzeyində nümayiş etdirilən “Abbas Mirzə”adlı xovlu xalça maraq doğurur. Xalça süjetlidir, vaxtı ilə Naxçıvanda möhtəşəm bir qala olan Abbasabad qalasının mühafizəçisi, vəliəhd Abbas Mirzənin şərəfinə toxunub. Miniatür janr formasında olan bu xalça maraqlı texnoloji qaydada toxunmuşdur. Xalçanın üzərində yazılmışdır.

                                                Şükür olsun Allaha,

                                                Ölmüş olan canlar

                                                Təkrar cana gəldi,

                                                Əbədi müddət vəliəhd

                                                Azərbaycana gəldi.

Buradakı “Ələmli” xovlu xalça XVIII əsrə aid edilir. Xalçanın sağında və solunda dünya ağacı təsvir olunmuşdur. Xalçanın aşağı və yuxarı hissələrində qara rənglərlə təsvir olunmuş ələmlər verilmişdir. Xalça islam dünyasında qəbul olunan beş müqəddəsin (Həzrəti peyğəmbərimizin, Əli, Fatimə, Həsən və Hüseynin) adı ilə bağlıdır. Xalçanın mərkəzində isə artar-xaç işarəsi verilmişdir. Artar-xaçın müqəddəsləşməsində bir səbəb də vardır. Əski insan iki ağacı bir-birinə artar şəklində sürtərək od alırmış. Artar xaç odun bəlgəsidir. Qədim insan odu müqəddəs sandığından onu yaradan artarı, ağacı, xaçı da müqəddəsləşdirmişdir.

Xovlu “Ordubad xalçası” da öz quruluşu ilə diqqəti cəlb edir. XX əsrə aid edilən bu xalça Ordubadda toxunub. Xalça nəbati naxışlarla bəzədilib. Ordubad təbiətinin fıisünkar gözəlliyi xalçanı baxımlı edir.

“Ovçuluq”adlı xalça isə XVIII əsrə aiddir. Xalçadakı çoxbucaqlı təsvirlər, keçi və ov təsvirləri, ortadakı qoç buynuzları onun təsir qüvvəsini xeyli artırır.

Naxçıvan Dövlət Xalça Muzeyində tikmələr də mühafizə olunur. Qanovuz, darayı, mahud, məxmər, kətan, pambıq parçalar üzərində ipək, yun saplarla işlənən tikmələrdəki zəngin naxış motivləri, nəbatat, heyvanat və məişət aləminin təsvirləri böyük maraq doğurur. Bundan əlavə, Naxçıvanda güləbətin, təkəlduz, doldurma, örtmə, cınağı, cülmə, toz muncuq, şəbəkə və başqa tikmə növləri də geniş yayılıb.

Məlumdur ki, xalçaların üzərindəki naxış və obrazların öz mənaları vardır. Eləcə də rənglər müxtəlif məna çalarlarına malikdir. Tədqiqatçıların fikrincə:

ağ rəng-saf ürəyi, səmimiliyi, məsumluğu, qırmızı şadlığı, sevgini, həm də utancaqlığı, sarı şöhrəti, dəbdəbəni, vəfasızlığı, mavimöminliyi, müdrikliyi, hikməti, qarahüzn-kədəri, matəmi, dərdi, ələmi, çəhrayı gəncliyi, zərifliyi, yaşıl- ümidi, bənövşəyisaf məhəbbəti, narıncışöhrətpərəstliyi və sairi bildirir.

Qeyd edək ki,xalçalarımızda bu rəng çalarlarından böyük sənatkarlıqla istifadə olunmuşdur. Bu baxımdan kələflərin boyanılması da mühim şərtdir. Kamil Vəliyev yazır: ”Boyaqçılıq elimizin qədim sənətlərindəndir. Xalçanın gözəl çıxması boyaqçının boyağından asılıdır. Hələ qədimdən boyaqçı evi qonaqlı-qaralı olub, bərəkət evi olub. Boyaq üçün isə çiçəklərdən, ağac qabığından, tut kökündən, boyaq otundan rəng alardılar. Doğulub-böyüdüyüm kənddə evlərin əksəriyyətində hana qurar, xalça, kilim, gəbə, cecim toxuyardılar. Bu gözəl sənəti indi də davam etdirənlər çoxdur. Həmçinin, xalça məmulatları üçün qoyunları qırxar, yunları təmiz yuyar, daraqla darayar, cəhrədə əyirər, ip kələfləri hazırlayardılar, boyanandan sonra gəbəlik, kilimlik, cecimlik, xalı-xalçalıq kələfləri ayırardılar. Sonralar ipləri boyamaq üçün ancaq müxtəlif cövhərlərdən istifadə olundu. Ayrıca boyaq qazanları olardı ki, iplər həmin qazanda boyadıldıqdan sonra Günəşin qabağına sərilərdi.”

Onu da qeyd edək ki, xalça ustaları toxunuş zamanı əl işlərinin üzərində gözəgəlimli fon yaradar, həmin fonda ilmələrlə söz yazarlar. Adına xalça toxunan adamın, ya da öz adlarını, xalçanın toxunduğu tarixi, yaşadıqları ərazinin adını qeyd etməkdə onlar müxtəlif məqsədlər daşıyırlar. Bunun bir əhəmiyyəti də orasındadır ki, xalçaçılarımızın adı müxtəlif yerlərdə tanınır, onların yaratdıqları ənənələr, özünəməxsusluqlar tez müəyyənləşdirilir. Naxçıvanda toxunan xalçaların üzərində toxuyan şəxsin adı və soyadının, harada və neçənci ildə toxunması haqqında məlumatlar xalça haqqında ətraflı məlumatlar almağa imkan verir.

Bunu da əlavə edək ki, Naxçıvanda xalça toxunan hanalar palıd ağacından yonulub hazırlanır. İki baş ağacından istifadə olunur. Baş ağaclarından biri yuxarıya, digəri aşağıya qoyulur. Kücü ağacı isə ipləri birləşdirir, xalça toxunuşunda onun mühim rolu vardır. İpləri qaldırıb-endirmək üçün istifadə edilən ağaç isə dal ağacı adlanır. Xalça ustaları həvə, bıçaq və qayçıdan istifadə edirlər. oxunma zamanı da müxtəlif adətlərə əməl olunur. Bu isə inanclarımızla bağlıdır. Məsələn, toxunma başlayan zaman üstünə qədəmi uğurlu adamın gəlməsi mühüm şərtdir. Xalça toxunan evə gələn qonum-qonşu xələt və ya şirniyyat gətirir.

Göründüyü kimi, Azərbaycanda, eləcə də Naxçıvanda xalçaçılıq sənəti həmişə yüksək dəyərləndirilib. Təsadüfi deyil ki, Naxçıvan xalçaçılıq məktəbinin bərpası və öyrənilməsi üçün 1998-ci ildə Naxçıvan Dövlət Xalça Muzeyi yaradılaraq fəaliyyətə başlayıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” isə xalçaçılığın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin sistemli xarakter almasına şərait yaradıb. Proqramın icrası nəticəsində xalçaçılıq ənənələrinin qorunması, xalça istehsalının və ixracının genişləndirilməsi, bu sahədə məşğulluğun artırılması, xalça sənətinin inkişafının təmin olunması kimi nəticələrə nail olunması qarşıya qoyulub. Xalçaçılığın inkişafı ilə bağlı görülən işlər bundan sonra da milli xalçalarımızın təbliğinə geniş imkanlar açacaqdır.

 

Sədaqət NEMƏTOVA

Naxçıvan Dövlət Universitetinin müəllimi

filologiya üzrə fəlsəfə doktoru,dosent

 

 

 

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR