Hər bir ölkənin nüfuzu iqtisadi, siyasi, elmi potensialı ilə yanaşı, həm də onun ordusunun qüdrəti ilə ölçülür. Ordu isə o zaman qüdrətli olur ki, onun əsgəri vətənpərvər olsun, Vətən üçün, xalq üçün istənilən təhdid və təhlükəyə layiqli cavab versin. Azərbaycan Ordusu da tarixin ən çətin dövrlərində yaranaraq böyük bir inkişaf yolu keçib, ölkəmizin təhlükəsizliyinin qarantına çevrilib.
İlk Silahlı Qüvvələrimiz 1918-ci ildə yaransa da, məlum ictimai-siyasi proseslərə görə uzunömürlü olmayıb, yalnız xalqımızın ümummilli lideri Heydər Əliyevin böyük xidmətləri nəticəsində ötən əsrin 90-cı illərində yenidən formalaşdırılıb. Məhz görkəmli dövlət xadimi 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçiləndən sonra muxtar respublikanın erməni təcavüzündən müdafiəsi üçün tarixi qərar qəbul edilib, ilk milli ordu hissələri təşkil olunub. 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda Silahlı Qüvvələrin təkmilləşməsi prosesi yeni mərhələyə qədəm qoyub, ordu quruculuğu sahəsində mühüm addımlar atılıb. Münaqişə dövründə yaranmış ordumuz ötən dövrdə təkcə ölkəmizin ərazi bütövlüyü uğrunda deyil, bütün dünyada sülhün qorunmasına öz töhfəsini verməkdədir. Belə ki, 1994-cü ildə Azərbaycan Respublikası NATO-nun “Sülh Naminə Tərəfdaşlıq Proqramı”na qoşulduqdan sonra Silahlı Qüvvələrimizin birləşmələri bu günədək müxtəlif münaqişə zonalarında sülhməramlı qismində çıxış etməkdədirlər.
Ordu quruculuğu işi Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilir. Muxtar respublikanın təhlükəsizliyinin hər zaman ölkəmiz üçün prioritet olduğunu bildirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 2013-cü il 18 dekabr tarixli Fərmanına əsasən Əlahiddə Ümumqoşun Ordunun yaradılması Naxçıvanın müdafiə potensialını dəfələrlə artırmışdır. Ötən dövrdə ordunun maddi-texniki bazası təkmilləşdirilmiş, zabit ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılmış, şəxsi heyətin döyüş ruhu yüksəldilmişdir. Təkcə bu ilin ötən dövründə Sədərək rayonunun Heydərabad qəsəbəsindəki əsgəri-yaşayış kompleksi yenidən qurularaq istifadəyə verilmiş, Naxçıvan şəhərində Əlahiddə Ümumqoşun Ordunun müasir Mərkəzi Hərbi Xəstəxanasının, Naxçıvan Təlim Mərkəzində 3 mərtəbəli əsgəri-məişət kompleksinin, yeni qərargah binası və 2 yataqxananın, hərbi zavodun, hərbi hava qüvvələri üçün yeni hərbi hissənin tikintisi və Şahbuz şəhərində yerləşən hərbi hissənin əsgəri-məişət kompleksində əsaslı təmir işləri davam etdirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun tez-tez sərhəd bölgələrindəki hərbi hissələrdə olması, xidmətin vəziyyəti ilə maraqlanması şəxsi heyətin vətənpərvərlik hisslərinin daha da güclənməsinə səbəb olmuşdur. Bütün bunlarla yanaşı, Silahlı Qüvvələrimizin muxtar respublikada yerləşən hərbi birləşmələrinin hər il planauyğun olaraq taktiki təlimlərə cəlb edilməsi də ordumuzun döyüş hazırlığının yüksəldilməsinə öz töhfəsini vermişdir. Ötən ilin iyun ayında Əlahiddə Ümumqoşun Ordunun və Naxçıvan Muxtar Respublikasının güc strukturlarının, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələri bölmələrinin birgə döyüş atışlı “Sarsılmaz qardaşlıq – 2019” taktiki təlimi isə öz möhtəşəmliyi ilə yaddaşlara yazılmışdır. Türkiyə və Azərbaycan Silahlı Qüvvələri rəhbərlərinin iştirak etdiyi, 5 min nəfərədək şəxsi heyətin, 200-dən artıq tank və digər zirehli texnika, 180-ə yaxın müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 21 təyyarə, helikopter, pilotsuz uçuş aparatı və silahlanmaya yeni daxil edilmiş müxtəlif növ müasir silah və texnikaların cəlb olunduğu bu təlim düşmənlərimizə əsl gözdağı oldu. Təlimdə qarşıya qoyulmuş tapşırıqların uğurla yerinə yetirilməsi bir daha əminlik yaratdı ki, şəxsi heyətdə yüksək döyüş hazırlığı vardır. Təsadüfi deyil ki, Əlahiddə Ümumqoşun Ordu 2017 və 2018-ci illərdə döyüş və ictimai-siyasi hazırlıqda əldə olunmuş nailiyyətlərə görə də Azərbaycan Respublikası Silahlı Qüvvələri üzrə birinci yerə layiq görülmüşdür.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Hər bir dövlətin və cəmiyyətin həyatında ordu mühüm rol oynayır. Ordu müstəqillik rəmzidir. Xalqın əmin-amanlıqda yaşaması, dövlətin isə müstəqil olması üçün onun güclü, öz dövrünün tələblərinə cavab verən ordusu olmalıdır”. Təbii ki, ordumuzun hərtərəfli inkişafı, yüksək döyüş hazırlığı, o cümlədən hərbi arsenalın dünyanın ən müasir silah-sursatla təchiz edilməsi düşmənlərimizin qorxusunu daha da artırmışdır. 2018-ci ilin mayında Əlahiddə Ümumqoşun Ordu tərəfindən Şərur rayonunun 26 il işğal altında qalan Günnüt kəndinin azad edilməsi və bu istiqamətdə strateji yüksəkliklərə nəzarətin ələ alınması bu gücü əyani olaraq ortaya qoymuşdur.
Bəli, Azərbaycan Ordusu istənilən vaxt işğal altında olan ərazilərimizi azad etməyə qadirdir. Böyük səbir və dözüm nümayiş etdirən Azərbaycan hər zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll olunmasını istəyib. Münaqişənin həlli ilə bağlı beynəlxalq hüququn bütün prinsiplərinə əməl edən Azərbaycan bu imkanlardan sonadək yararlanmaq istəyini ortaya qoysa da, təəssüflər olsun ki, indiyədək heç bir müsbət nəticə əldə olunmayıb. Hətta danışıqlar prosesi hər dəfə ermənilər tərəfindən pozularaq problemin sülh yolu ilə həllindən imtina edilib. Eyni zamanda düşmən ölkənin ordusu tərəfindən daim Azərbaycanın sərhəd yaşayış məntəqələri atəşə tutulur, mülki şəxslər hədəfə alınır. Növbəti belə təxribat iyulun 12-də Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində baş verdi. Ağır artilleriya silahları ilə qəflətən hücuma keçən düşmən qısa müddətdə geri oturdularaq cavab zərbəsi ilə susduruldu. İyulun 13-də isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi. Ölkə başçısı, Ali Baş Komandan iclasda düşmənlərin son təxribatının ordumuz tərəfindən qarşısının layiqincə alındığını bildirmiş, Azərbaycanın heç zaman işğal faktı ilə barışmayacağını bir daha qeyd etmişdir: “Bu çirkin və məkrli siyasət Ermənistanı uçuruma aparacaq. Bütün məsuliyyət Ermənistanın rəhbərliyi üzərinə düşür. Azərbaycan öz ərazi bütövlüyünü bundan sonra da qoruyacaq, öz sərhədlərimizi qoruyacaq. Dünən günorta saatlarında və bu gün gecə düşmənə vurulmuş sarsıdıcı zərbələr bir daha onu göstərdi. Həlak olan hərbçilərimizin qisası alındı və onların qanı yerdə qalmayıb və qalmayacaq... Azərbaycan heç vaxt işğal edilmiş torpaqlarının bu vəziyyətdə qalması ilə barışmayacaq, işğalla barışmayacaq və əlindən gələni edəcək ki, öz ərazi bütövlüyünü bərpa etsin”.
Bu gün ordumuz tərəfindən düşmənin təxribat xarakterli hərəkətlərinə vaxtında və layiqli cavab verilməsi hər birimizdə qürur hissi doğurur. 2016-cı ilin Aprel döyüşlərindən sonra yenidən ordumuzun sarsıdıcı gücünü görən mənfur qonşularımız unutmamalıdırlar ki, xalqımız Ali Baş Komandanın da dediyi kimi, heç zaman işğalla barışmayacaq və əlindən gələni edəcək ki, öz ərazi bütövlüyünü bərpa etsin. Bu tarixi ədalətin bərpasına isə az qalıb.
Səbuhi HƏSƏNOV