Hamamlar qədim zamanlardan xalqımızın məişətində yer tutub. Tarixə nəzər salsaq, görərik ki, hamam binaları Azərbaycanın şəhər infrastrukturunda həmişə ön planda olub. Şəhərlərin daxilində məscid, bazar, karvansara, su anbarları ilə eyni kompleksdə hamamlar da tikilib. Mənbələrdə XIII əsrdə Azərbaycan şəhərlərinin hər bir darvazasının yanında çaharbazar, karvansara və hamamların olması haqqında məlumatlar var. Həmçinin orta əsrlər dövründə müsəlman ölkələrinə aylarla yol qət edərək gələn səyyah və tacirlərin hamamlarda yuyunub paklandıqdan sonra şəhər-qalaların içərisinə daxil olmasına icazə verilməsi haqqında mənbələrin məlumatı hamamların ictimai həyatda oynadığı rolu əks etdirir. Mənbələrdəki məlumatlar, əsasən, şəhər hamamları ilə bağlı olsa da, muxtar respublikamızın bir çox yaşayış məntəqələrində, o cümlədən Şahtaxtı, Xok, Yengicə və digər kəndlərində vaxtilə fəaliyyət göstərmiş hamamların günümüzədək gəlib çatan qalıqları sübut edir ki, belə yerlər, sadəcə, şəhər həyatında deyil, kəndlərdə də insanların həyat tərzinin vacib elementlərindən olub.
Təmizlik, paklıq ünvanı olan hamamlar, həm də insanların söhbətləşdiyi, istirahət etdiyi məkanlar kimi tanınıb. Məişət mədəniyyətimizdə məxsusi yeri olan hamamlar, eyni zamanda hamam mədəniyyətinin formalaşmasına öz töhfəsini verib. Digər tərəfdən belə tikililər xalqımızın mədəni tarixini özündə yaşatmaqla, maddi mədəniyyət abidəsi və memarlıq nümunəsi kimi də əhəmiyyətlidir. Hazırda Naxçıvanda Şərq üslubunda tikilmiş 10-a yaxın tarixi hamam qeydiyyata alınıb. İndiyədək Naxçıvan və Ordubad şəhərlərində, Şərur rayonunun Yengicə kəndindəki tarixi hamamlar bərpa olunub. Bu günlərdə isə Kəngərli rayonunun Şahtaxtı kəndindəki Şərq hamamı yenidən qurularaq istifadəyə verilib.
Şahtaxtı hamamı düzbucaqlı formada olub, ikigünbəzlidir. Günbəzlərinin diametri 5 metrdir. Tavan hissədə hamamın işıqlandırılması üçün bacalar qoyulub. Hamam binası yarımyeraltı formada inşa olunmuşdur ki, bu da daxildə istiliyin saxlanılmasına və su təchizatının əlverişli olmasına imkan vermişdir. Ümumi sahəsi 215 kvadratmetr olan Şərq hamamını şahtaxtılı İsa Sultan Şahtaxtinski tikdirmişdir. 2020-ci il mayın 27-də obyektdə aparılmış bərpa işləri ilə tanış olan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Şahtaxtı kəndindəki Şərq hamamı uzun illər bu ərazidə yaşayan insanların sağlamlığına və təmizliyinə xidmət edib. Hamamın tarixi abidə kimi bərpası vaxtilə onu tikənlərin də xatirəsinin yad edilməsidir. Bu abidə xalqımızın mədəniyyətinin və təfəkkürünün göstəricisi olmaqla yanaşı, həm də muxtar respublikada bioqazla qızdırılan ilk hamam olmuşdur. Hamamı tikdirən İsa Sultan Şahtaxtinski Azərbaycanın qədim İrəvan şəhərində anadan olmasına baxmayaraq, sonradan ailəsi Şahtaxtı kəndinə köçmüşdür. O, Tiflisdə realnı gimnaziyanı bitirmiş, Sankt-Peterburqda təbiət elmləri üzrə təhsil almışdır. İsa Sultan Şahtaxtinski təbiət elmlərini dərindən bildiyi üçün bioqazla qızdırılan ilk hamamı da Şahtaxtı kəndində quraraq əhalinin istifadəsinə vermişdir. Ötən əsrin 80-ci illərinə qədər fəaliyyət göstərən hamam sonradan dağıntılara məruz qalmışdır. Lakin muxtar respublikada tarixi-mədəni irsin qorunması sahəsində görülən işlərin davamı olaraq hamam abidə kimi qeydiyyata alınmış və 2019-cu ildən etibarən bərpa olunmuşdur”.
Qeyd edək ki, muxtar respublikamızda tarixi-mədəni irsə göstərilən böyük dövlət qayğısı nəticəsində qədim diyarımızda yüzlərlə tarixi abidə qeydiyyata alınaraq pasportlaşdırılıb, bu abidələrin bərpası və yenidən qurulması diqqətdə saxlanılıb. Şahtaxtı kəndindəki Şərq hamamında da bərpa işləri yüksək səviyyədə aparılaraq ona ikinci həyat verilib. Bərpa işləri zamanı hamam binası xaricdən travertin daşlarla, daxili divarları, tağ və günbəzlər qədimnövlü kərpiclə, binanın dam örtüyü və günbəzlərin üst qatı isə alüminium vərəqlərlə üzlənib. Burada qadın gözəllik salonu, dərzi, rəssam və fotoqraf üçün otaqlar ayrılıb. Bu xidmət sahələrində 4 nəfər işlə təmin olunub. Tarixi hamam binasında xidmət sahələrinin yaradılması bir tərəfdən bu abidənin qorunub saxlanılmasına, təmizliyinə, abadlığına xidmət edirsə, digər tərəfdən burada işləyən kənd sakinlərinin məşğulluğuna öz töhfəsini verir. Eyni zamanda bu xidmət sahələri onlardan istifadə edənlərin davamlı olaraq binaya gediş-gəlişini təmin edir ki, bu da obyektin işləkliyi ilə yanaşı, həmin mədəniyyət müəssisəsinə yolu düşənlərin sayını da artırır.
Hamamın əvvəlki görünüşü
Xatırladaq ki, muxtar diyarımızın qədim yurd yerlərindən biri olan Şahtaxtı kəndi həm yerləşdiyi strateji mövqeyi, həm də milli tariximizin, elm və mədəniyyətimizin inkişafına böyük töhfələr vermiş görkəmli şəxsiyyətləri ilə tanınır. Son illərdə həyata keçirilən quruculuq tədbirləri nəticəsində burada yeni sosial obyektlər tikilib, kənddaxili yollar abadlaşdırılıb, məşhur Şahtaxtinskilərin ev-muzeyi yaradılıb. Uzun illər kənd sakinlərinə xidmət göstərmiş Şərq hamamının bərpası isə kəndin turizm potensialının artırılmasına yeni bir töhfədir.
Təbii ki, görülmüş işlər kənd sakinləri tərəfindən də razılıqla qarşılanır. Əslən Şahtaxtı kəndindən olan, Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədri Firudin Süleymanov yeni bərpa olunmuş Şərq hamamı haqqında bunları dedi: “Şahtaxtı kəndindəki Şərq hamamı türk-islam mədəniyyəti abidələrinin gözəl nümunələrindəndir. Tikintisi zamanı çatma tağlara və günbəzlərə yer verilməsi onun memarlıq formasını daha da zənginləşdirmişdir. Məlum olduğu kimi, hamam ötən əsrin 80-ci illərindən sonra fəaliyyətini dayandırdığından baxımsız vəziyyətdə qalmış, bəzi hissələri uçub-dağılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun muxtar respublikamızda tarixi abidələrə göstərdiyi böyük qayğı sayəsində Şərq hamamı da tamamilə məhv olmaq təhlükəsindən xilas olmuşdur. Hamamın yüksək səviyyədə bərpa olunması isə tarixi abidələrimizə, milli mədəni irsimizə verilən dəyərin nəticəsidir.
Şahtaxtı kənd sakini, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Həmidə Mirzəyevanın dediklərindən: “Kəndimizdəki Şərq hamamı vaxtilə bütün kənd sakinlərinin istifadə etdiyi məkanlardan olub. Bu tarixi abidə xalqımızın məişət mədəniyyətinə, təmizliyə, paklığa necə önəm verdiyini göstərir. Ancaq etiraf etmək lazımdır ki, bu gözəl abidənin yaşadılması Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin dəstəyi ilə mümkün oldu. Buna görə də bütün kənd sakinləri, ziyalıları adından dövlətimizə minnətdarlığımızı bildiririk”.
Bəli, muxtar respublika ərazisində mövcud olan qədim hamamlar uzaq keçmişdən onların xalqımızın sosial həyatının bir elementi olduğunu göstərir. Bu abidələrin qorunub saxlanılması, yaşadılması isə tarixi və mədəni irsimizin öyrədilməsi, təbliği baxımından böyük əhəmiyyət daşıyır. Ümid edirik ki, Naxçıvandakı digər çoxsaylı nadir memarlıq nümunələri, xüsusilə də buzxana binaları kimi, qədim Şərq hamamları da qədim diyarımızın tarixi və zəngin mədəniyyəti ilə maraqlanan həm yerli, həm də əcnəbi tədqiqatçıların maraq obyektinə çevriləcək.
Səbuhi HƏSƏNOV