22 Dekabr 2024, Bazar

Bəşəriyyət yaranandan ana təbiət insanoğlunun xidmətindədir. Çünki Ulu Tanrı dağı, çölü, meşələri, dəniz və gölləri, torpağı özündə cəmləşdirən Yer kürəsini insanların, bütövlükdə isə bütün canlıların yaşaması üçün yaradıb. Bu baxımdan bəşəriyyətin var­olma səbəbi Təbiətdir. Ancaq təəssüflər olsun ki, bu gün bəşəriyyətin qlobal fəsadlarından sayılan ekoloji problemlərlə üz-üzə qalması da danılmazdır. Ekoloji problemlər – müxtəlif ekoloji amillər nəticəsində təbiətin strukturunun və funksiyasının dəyişməsi nəticəsində yaranan problemlərdir.
Hamıya məlumdur ki, texnologiya inkişaf etdikcə təbiətdə oksigen ehtiyatı azalmağa, karbon qazı isə əksinə, çoxalmağa doğru gedir. Elmi-texniki inqilab əsri hesab edilən XX əsrdən başlayaraq qazanxana və sənaye müəssisələrindən, hərəkət zamanı milyonlarla avtomobillərdən xaric olan zərərli qazlar, müasir layihələr üçün yaşıl bitki örtüyü sahələrinin məhv edilməsi və digər amillər təbiətin tarazlığını pozaraq anomal hava şəraitinin yaranmasına səbəb olur və bu proses indi də davam edir. Bunu hamı təsdiq edər ki, dünyanın istənilən ölkəsində, məsələn, yüz il bundan əvvəl olan təmiz hava indi mövcud deyil. Və yaxud iki yüz il bundan əvvəl insanlar məişət tullantılarının nə olduğunu bilmirdilər, indi isə bu cür tullantılar ekoloji problemlər sırasında ilk yerlərdən birini tutur. Belə misalların sayını dəfələrlə artırmaq olar.

Söhbət ondan gedir ki, hər ötən il bəşəriyyət ekoloji problemlərlə daha çox yüklənir. Bu problemlərin həlli yollarından çox danışılsa da, əməli iş görənlərin sayı bundan qat-qat azdır. Ekoloq-alimlərin bildirdiyinə görə, hər ölkə özünün ekoloji təhlükəsizliyini özü təmin edərsə, o zaman mövcud problemlərdən də müəyyən qədər uzaqlaşmaq mümkündür. Unutmaq olmaz ki, ekologiya məsələləri bəşəri xarakter daşıyır. Yalnız dünyanın ağıllı xalqları bu problemlərin həllinə müəyyən qədər töhfə verə bilirlər. Təbiətə belə töhfənin verilməsində ekologiya amilinə yanaşmanın böyük təsiri var. Çünki ekologiya dedikdə, sadəcə, ağaclar, meşələr, yaşıllıqlar başa düşülmür. Ümumilikdə, torpaq, su, Günəş, yaşıllıqlar, canlılar və sairin vəhdəti nəzərdə tutulur. Buna görə də ətraf mühitin qorunmasında insanlarda ekoloji təfəkkürün düzgün formalaşdırılması mühüm şərtdir. Məhz muxtar respublikamızda da əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş ekoloji siyasətin uğurla davam etdirilməsinin nəticəsidir ki, bu təfəkkür artıq burada yaşayan insanların etik xüsusiyyətlərini özündə əks etdirir. Söhbət ekologiyanın qorunmasından, ətraf mühitin sağlamlaşdırılmasından, ümumilikdə isə insanların təbiətə olan münasibətindən gedir.
Qeyd edək ki, kəskin kontinental iqlimi ilə seçilən muxtar respublikanın təbii olaraq az örtüyə malik yaşıllıqlarının sahəsi ötən əsrin sonlarında məlum səbəblərə görə daha da azalmış, muxtar respublika ərazisinin 0,6 faizinə bərabər olmuşdu. Ötən dövr ərzində bu sahədə həyata keçirilən tədbirlər yaşıllıqların 20 faizədək artırılmasına gətirib çıxarıb. Nəzərə alaq ki, yaşıllıq sahələrinin həcminin artırılması indeksinə görə qısa müddətdə belə nəticənin əldə olunması beynəlxalq aləmdə nadir hallardan sayılır. Eyni zamanda əvvəlki yazılarımızda da qeyd etdiyimiz kimi, yeni yaşıllıqların, meşə massivlərinin salınması praktik baxımdan ən böyük texniki layihələrin həyata keçirilməsindən daha çətindir. Çünki istənilən layihəni yerinə yetirmək üçün əgər maliyyə imkanları varsa, müəyyən müddətdə başa çatdırmaq mümkündür. Yaşıllıq sahələrinin yaradılmasında isə təkcə maliyyə kifayət etmir, zəhmətkeşlik, qayğı, səbir, təbii təsirlərdən qorunmaq kimi vasitələr önə keçir. Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, ötən dövrdə bu tədbirlərin həyata keçirilməsində muxtar respublika rəhbərinin şəxsi nümunə göstərməsi, görülən işlərin kampaniya xarakterli deyil, ümumi fəaliyyətin tərkib hissəsinə çevrilməsi regionda ekoloji mədəniyyətin formalaşmasına böyük təsir göstərib. Bu ekoloji mədəniyyət insanların düşüncəsində təkcə ağac əkmək, onlara qulluq etməklə məhdudlaşmır. Paytaxt Naxçıvan şəhəri də daxil olmaqla muxtar respublikanın bütün yaşayış və qeyri-yaşayış məntəqələrinin təmiz saxlanılmasını indi bura yolu düşən hər kəs, o cümlədən əcnəbi qonaqlar da etiraf edirlər. Məhz bu amili Naxçıvanda ekoetikanın təzahürü hesab etmək olar.
Ötən dövrdə muxtar respublikada əlverişli ekoloji mühitin yaradılması istiqamətində görülən işləri bir yazıda sadalamaq qeyri-mümkündür. Ancaq onu xatırladaq ki, ekoloji tədbirlər bu gün də uğurla davam etdirilir. Təkcə cari ilin birinci yarısının yekunlarına nəzər salsaq, görərik ki, görülən işlər əvvəlki illərdə olduğu kimi, yenə də öz əhəmiyyəti ilə seçilir. Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən aldığımız məlumata görə, muxtar respublikamızın dinamik inkişafına yönəlmiş “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”, “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nda nazirliyin funksiyasına aid olan bəndlər üzrə tədbirlər 2019-cu ilin birinci yarısında uğurla icra edimişdir. Belə ki, bu ilin yaz əkini mövsümündə muxtar respublika ərazisində nazirlik, idarə və müəssisələr, rayon, şəhər icra hakimiyyətləri və vətəndaşlar tərəfindən, ümumilikdə, 317,2 hektar sahədə meşəsalma, meşəbərpa işləri aparılmış, yeni meyvə bağları salınmışdır. Aparılan əkin işlərində, ümumilikdə, 144 min meyvə, meşə, həmişəyaşıl, üzüm tingi, bəzək və gül kolları əkilmişdir. Bütün bunlarla yanaşı, muxtar respublikada son illərdə kəhrizlərin təmiri, yeni su ehtiyatlarının yaradılması, içməli su və kanalizasiya xətlərinin yenilənməsi, məişət tullantılarının toplanması üçün bütün yaşayış məntəqələrində müvafiq qutuların qoyulması və onların vaxtaşırı daşınması, fauna və flora növlərinin qorunması, tikilən və ya yenidən qurulan hər bir obyektin ətrafında yaşıllıq və ya gülkarlıq sahələrinin yaradılması, əkin sahələrinin dövriyyəsinin artırılması, yeni suvarma xətlərinin çəkilməsi ilk baxışda ­sosial-iqtisadi tədbirlər kimi görünsə də, mahiyyətində ətraf mühitin qorunması, insanların rahat yaşaması üçün sağlam şəraitin yaradılması durur. Bu mənada, həyata keçirilən ekoloji tədbirlər sağlam cəmiyyətin formalaşmasına öz töhfəsini verir.

 Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR