22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamı bütün sahələrdə innovasiyanı və dayanıqlı inkişafı əsas götürməsi kimi mühüm əhəmiyyətliliyi ilə seçilir və artıq öz bəhrələrini verməkdədir.
“Şərq qapısı” qəzetinin də muxtar respublikada investisiya mühitinin yaxşılaşdırılmasına, yaradıcı düşüncənin və ən yaxşı layihələrin üzə çıxarılmasına, innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə xidmət edən “Startap Naxçıvan” hərəkatında fəal iştirak etməsi üçün “Mətbu startap layihələri” adlı yeni rubrika yaratdıq. Bu rubrikada startapla bağlı biliklərin, innovativ mühitin formalaşmasına və inkişafına xidmət edəcək modern təkliflər toplusundan ibarət məqalələr dərc olunacaq.

Zəngin tarixi və mədəni irsi, nadir təbiət və memarlıq abidələri, müasir infrastruktura malik yaşayış məntəqələri Naxçıvan Muxtar Respublikasında turizmin inkişafını şərtləndirən əsas amillərdir. Ötən dövrdə müxtəlif dövlət proqramlarının uğurlu icrası, o cümlədən həyata keçirilən mühüm infrastruktur tədbirləri muxtar respublikada bu sahənin inkişafına əlverişli şərait yaradıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə qəbul olunmuş “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Pro­qramı”nın icrası isə muxtar respublikada turizm fəaliyyətinin güclənməsinə geniş imkanlar açıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Dünyanın bir çox ölkələrində turizmin inkişafına xüsusi diqqət və qayğı göstərilir. Azərbaycanda da turizmin inkişafı sahəsində tədbirlər görülür. Bu sahə ilə bağlı dövlət proqramı qəbul olunub və müvafiq qurum yaradılıb. Bu gün Azərbaycan dünyada həm də turizm ölkəsi kimi tanınır. Azərbaycanın Naxçıvan Muxtar Respublikası da turizm üçün çox əlverişlidir. Ona görə də muxtar respublikada mövcud imkanlardan səmərəli istifadə olunur, turizm bölgələri yaradılır və kəndlər abadlaşdırılır”.
Görülən işlərin nəticəsidir ki, rəsmi statistikaya görə ötən il muxtar respublikaya ölkəmizin digər bölgələrindən, həmçinin xarici ölkələrdən, ümumilikdə, 414 min 688 turist gəlib. Bu, müxtəlif turizm növlərinin inkişaf etdirildiyi muxtar respublika üçün ciddi rəqəmdir. Nəzərə alaq ki, 1 aprel 2019-cu il tarixə muxtar respublika əhalisinin sayı 456 min 700 nəfər təşkil edib. Yəni qədim diyarımıza səfər edən turistlərin sayı son illərdə artaraq muxtar respublika əhalisinin sayına yaxınlaşıb. Turizm səfərlərində artımın əhali artımına nisbətdə sürətli olduğunu nəzərə alsaq, yaxın zamanda bura gələn turistlərin sayının əhali sayını ötüb keçdiyinin şahidi olacağıq. Nəzərə alaq ki, inkişaf etmiş turizm ölkələrində bu say ayrılıqda həm ölkə, həm də regionlar (şəhər, rayon və sair) üzrə ölçülür. Buna görə də əhali sayından 4-5 dəfə, hətta daha çox turist qəbul edən şəhərlər bu gün dünyada turizm mərkəzləri kimi tanınır. Naxçıvanın isə bu sahədə perspektivləri daha çoxdur. Çünki Naxçıvan təkcə şəhər deyil, həm də muxtar respublikadır. Yəni turistlərin təkcə Naxçıvan şəhərini gəlib görməsi və geri qayıtması məntiqsizdir. Təbii olaraq bu qədim diyara yolu düşənlər muxtar respublikamızın bölgələrinə də baş çəkəcəklər. Demək istədiyimiz odur ki, muxtar respublikamızın ­turizm cəlbediciliyi təkcə Naxçıvan şəhəri ilə məhdudlaşmır. Çünki bölgələrdə də insanların marağını təmin edəcək obyektlər mövcuddur. Bu baxımdan yaxın gələcəkdə Naxçıvana turist axınının artmasına imkan verən bir çox səbəblər var. Ancaq bütün bunlarla yanaşı, dünya turizmində baş verən dəyişiklikləri də unutmamalıyıq. Bu dəyişikliklər içərisində ən çox diqqəti cəlb edən isə turizmdə ixtisaslaşmadır. Bu mövzuya istərdik ki, bir az ətraflı nəzər salaq.
Müasir dövrdə ixtisaslaşma istənilən sahənin marketinqində ön sırada dayanır. Ötən yazılarımızda da bu məsələyə toxunmuşduq ki, əvvəllər hər hansı bir məhsulu almaq istədikdə ərzaq və ya qeyri-ərzaq mağazalarına üz tuturduq. Məsələn, unlu şirniyyat məhsulları almaq üçün ərzaq mağazalarına və ya marketlərə müraciət edirdik. Ancaq indi bunun üçün yalnız şirniyyat satılan mağazalara gedirik. Bu seçimi indi ayrıca nəzərdə tutulmuş yuyucu mallar, xalçalar, musiqi alətləri, elektron əşyalar, dəftərxana ləvazimatları və digər profillər üzrə ixtisaslaşmış mağazalara da aid edə bilərik. Yəni ixtisaslaşma istehlakçılar üçün daha geniş seçim imkanları yaradır, eyni zamanda müvafiq məhsullar üçün daha məlumatlı obyektlə səni görüşdürür. Turizmdə də belədir. Bu gün hər birimiz düşünə bilərik ki, muxtar respublikamıza turist gəlsin, turistlərə ən yüksək səviyyədə xidmət göstərək. Ancaq məsələnin əsas tərəfi odur ki, muxtar respublikaya turist nəyə görə gəlməlidir? Məsələyə ötəri yanaşsaq, deyə bilərik ki, Naxçıvan mədəni ənənələrə, qədim tarixi abidələrə malik bir diyardır. Lakin əcnəbi turistlər üçün dünyanın onlarla ­ölkəsində qədim tarixə, maraqlı memarlıq abidələrinə malik bölgələr var. Bəzi hallarda məsafə baxımından həmin ölkələrə getmək Azərbaycanın bu qədim diyarına səfər etməkdən daha ucuz başa gəlir. Onda nəyə görə əcnəbi vətəndaşlar turizm bölgəsi kimi Naxçıvanı seçməlidirlər? Məhz ixtisaslaşma bu məqsədimizə çatmaq üçün bizə lazımdır.
Hamımıza məlumdur ki, Naxçıvan, həqiqətən də, qədim tarixə, zəngin mədəni dəyərlərə malik bir diyardır. Lakin tarixilik turizmdə yalnız müəyyən bir kütlənin maraqlarına cavab verir. Deməli, turizm marketinqinə görə burada fərqli obyektlərin və ya turizm növünün təbliğinə ehtiyac yaranır. Şükürlər olsun ki, Naxçıvanda belə imkanlar da mövcuddur. Məsələn, hər birimiz bilirik ki, muxtar respublikaya səfər edən ölkə vətəndaşları və yaxud əcnəbilər ən çox Əshabi-Kəhf mağarasını və Duzdağ Fizioterapiya Mərkəzini ziyarət edirlər. Deməli, Əshabi-Kəhf ziyarətgahı dini turizmin təbliği üçün ideal məkandır. Adı “Qurani-Kərim”də çəkilən bu mağara təkcə müsəlman aləminin deyil, ümumilikdə, dünyada tək­allahlığın rəmzi atributu kimi diqqət­çəkicidir. Buna görədir ki, adıçəkilən obyekti qeyri-müsəlmanlar da maraqla ziyarət edirlər. Və yaxud götürək Duzdağ Fizioterapiya Mərkəzini. Son illərdə dünya turizmində ən çox diqqətçəkən və daha çox insanı özünə cəlb edən turizm sahələrindən biri sağlamlıq turizmidir. Sağlamlıq turizminin səviyyəsi ona görə ildən-ilə yüksəlir ki, müasir dünya inkişaf etdikcə bu və ya digər səbəblərdən insan sağlamlığı daha çox təsirə məruz qalır və insanlar öz sağlamlıqlarını bərpa etmək üçün hər il milyardlarla vəsait xərcləyirlər. Duzdağ isə Ulu Yaradanın bizə bir lütfüdür ki, bu qeyri-adi və dünyada analoqu olmayan obyekt Naxçıvanın payına düşüb. Buna görə də hər il bura dünyanın müxtəlif ölkələrindən pasiyentlər müraciət edirlər. Ancaq fikir versək, görərik ki, bura gələn turistlərin böyük əksəriyyəti Rusiya Federasiyası və MDB məkanından olanlardır. Bunun da səbəbi odur ki, 40 il bundan əvvəl yaradılmış Duzdağ Fizioterapiya Xəstəxanası sovetlər dövründən SSRİ məkanında tanınıb. Necə deyərlər, bu məkanın insanları Duzdağın müalicəvi əhəmiyyətini digər ölkələrdən daha çox bilirlər. Digər tərəfdən MDB məkanı bizim üçün böyük və potensial bir bazardır. Bu baxımdan düşünürük ki, müalicə mərkəzinin imkanları haqqında bu məkanda, eləcə də digər yaxın ­ölkələrdə təbliği üçün sistemli marketinq layihələrinə böyük ehtiyac var. Duzdağ, artıq bizim yerli sağlamlıq turizmində bir ixtisaslaşmadır. Bir məqamı da vurğulamaq lazımdır ki, sağlamlıq turizmi üçün ölkəyə üz tutan turistlər digər turistlərdən daha çox pul xərcləyirlər. Çünki burada sağlamlığın təmin olunması əsas rol oynadığından məcburi xərcləmələr qaçılmazdır.
Onu da qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Yol Xəritəsində ­ölkəmizdə sağlamlıq turizmi üçün dünyada analoqu olmayan iki mühüm obyekt – Naftalan nefti və Duzdağın təbii ehtiyatlarından istifadə mühüm prioritet kimi qarşıya qoyulub. Eyni zamanda bu iki potensial baza, həm də ölkəmizə uzaq məsafələrdən turist cəlb etmək üçün düşünülüb. Bu baxımdan Duzdağ Fizioterapiya Mərkəzinin Naxçıvan, ümumilikdə isə ölkəmiz üçün böyük əhəmiyyəti var. Bunu da qeyd etməkdə fayda var ki, Duzdağın təbliği muxtar respublika ərazisində mövcud olan müxtəliftərkibli və çoxsaylı mineral suların, şəfalı bitkilərin, müalicəvi tərkibli ekstarktların tanıdılması, satışı, hədiyyə olunması, ümumilikdə isə ixracı imkanlarını artırır.
Bütün bu qeyd olunanları yekunlaşdıraraq deyə bilərik ki, Duzdağın dünya sağlamlıq turizmindəki rolu onun brendləşməsini labüd edir. Duzdağın bir dünya brendinə çevrilməsi üçün isə böyük potensialı var. Bizə bu potensialdan sistemli şəkildə istifadə etmək qalır.

 Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR