22 Dekabr 2024, Bazar

Naxçıvanın tarixi haqqında fikir yürüdən tədqiqatçılar haqlı olaraq hər zaman qeyd edirlər ki, bu qədim diyar, sadəcə, tarixi zənginliklərə deyil, həm də böyük mədəni irsə malikdir. Bu irsin bir hissəsini günümüzədək gətirib çatdıran isə ata-babalarımızın əli toxunmuş, hər daşına Naxçıvan sevgisi hopdurulmuş tarixi abidələrimizdir. Bu Ana yurdun hansı səmtinə üz tutsan, orada mütləq bu cür abidələrlə qarşılaşacaqsan. Türbətipli abidələr isə Naxçıvan memarlığının ən gözəl nümunələridirlər, – desək, yəqin ki, yanılmarıq. Böyük ustad Əcəminin yaradıcılığında əsas ana xətt təşkil edən türbə memarlığı nümunələri artıq xalq və region çərçivəsindən çıxaraq dünya memarlıq inciləri sırasında özünəməxsus yer tutub. Belə incilərdən biri də Naxçıvan şəhərində yerləşən Yusif Küseyir oğlu türbəsidir. El arasında bu türbəyə “Atababa günbəzi” də deyirlər.
Yusif Küseyir oğlu haqqında mənbələrdə geniş məlumat yoxdur. Bu bilgilərə, hələlik, yalnız bu türbənin kitabəsində qısa olaraq rast gəlinir. AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli bir neçə dəfə mətbuata açıqlamalarında bildirib: “Yusif Küseyir oğlu türbəsi 1162-ci ildə Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən tikilib. Digər qaynaqlardan Yusif Küseyir oğlu haqqında bizə məlumatlar gəlib çıxmadığı üçün onun şəxsiyyəti haqqında aydın təsəvvür yaratmaq mümkün deyildir. Ancaq kitabənin verdiyi məlumatlar müəyyən fikir söyləməyə imkan verir. Kitabədə o, “xacə, ər-rəis əl-əcəl” (“xacə” – tanınmış rəis) titulları və bir sıra epitetlərlə (“mömin”, “islamın gözəlliyi”, “şeyxlərin başçısı”) təqdim olunub. Orta əsrlərdə “xacə” titulu ilə böyük tacirlərə, görkəmli alimlərə müraciət edilirdi. Bu titulu daşıması onun tacirlər gildiyasının başçısı, “rəis” titulunu daşıması isə Atabəylər dövlətinin paytaxtı olarkən Naxçıvan şəhərinin rəhbəri olduğunu göstərir. Eldənizlərin hakimiyyəti (1136-1225) dövründə şəhərləri hökmdarın müavini sayılan valinin adından idarə edən rəislər, bir qayda olaraq, yerli, tanınmış nəsillərdən seçilirdi. Göründüyü kimi, Yusif Küseyir oğlunun tutduğu şəhər rəisi vəzifəsi kifayət qədər nüfuzlu vəzifə imiş. Həmçinin kitabədə adına əlavə olunan “şeyxlərin başçısı” sözləri isə Yusif Küseyir oğlunun şəhərdə yaşayan, ali ruhani təbəqəsinə və həmin vaxt Naxçıvan şəhərində fəaliyyət göstərən müxtəlif sufi təriqətlərinə məxsus xanəgahların başçılarına rəhbərlik etdiyini göstərir”.

Qeyd edək ki, Yusif Küseyir oğlu türbəsi Şərqin böyük memarı Əcəminin bu günümüzə gəlib çatan ilk böyük əsəri kimi qiymətlidir. Türbə sərdabə və yerüstü qülləvarı hissədən ibarətdir. Türbənin kitabəsində onun kimin şərəfinə və hansı tarixdə inşa edildiyi öz əksini tapıb: “Bu türbə xacə, şanlı rəis, dinin zəkası, İslamın camalı, şeyxlər başçısı Yusif Kuseyir oğlunundur”. Digər kitabədə isə “Bənna Əcəmi Əbubəkr oğlu Naxçıvaninin əməlidir” sözləri yazılıb.
Türbə haqqında yazılı ədəbiyyatlarda maraqlı fikirlərə rast gəlmək mümkündür. Memarlıq üzrə fəlsəfə doktoru Qadir Əliyevin “Memar Əcəmi Naxçıvani yaradıcılığında ahəngdarlıq” adlı kitabında oxuyuruq: “İlk baxışdan təmiz həndəsi biçimi və gözəl harmonik quruluşu ilə diqqəti cəlb edən türbə ikiqatlıdır. Türbənin hər iki qatı planda düzgün səkkizbucaqlıdır. Səkkizüzlü plana uyğun olan sərdabə yastı günbəzlə örtülüb. Yüksək mühəndis həllinin nəticəsidir ki, Yusif Küseyir oğlu türbəsi Azərbaycanın qülləvarı türbələri içərisində üst piramidal örtüyü 800 ildən artıq bir müddətdə salamat qalan tək abidədir”. Və yaxud Rahibə Əliyevanın “Memar Əcəmi Əbubəkr oğlu Naxçıvani” adlı kitabında qeyd olunur ki, Yusif Küseyir oğlu türbəsi həcm etibarilə bir o qədər böyük tikinti olmasa da, ümumi kompozisiya aydınlığı, yüksək səviyyəli inşaat işləri, gözəl daş nəqqaşlıq işləri memar Əcəminin yüksək sə­nətkarlığından xəbər verir. Türbənin taxçalarının səthində kərpic dekorun “girih” adlanan xüsusi həndəsi ornamentlərindən istifadə edilib. Girih naxışlarını əmələ gətirən elementlər həndəsi formalardan (çoxbucaqlar, yaxud ulduzlardan) ibarətdir. Ciddi riyazi qanuna tabe olan bu naxışlar bütünlüklə xətlərin bir-biri ilə bağlı ahəngdar birləşməsindən yaranır.
Bəli, Əcəmi yaradıcılığının gözəl nümunələrindən olan türbənin həndəsi quruluşu heyrətamizdir. Abidənin bütün səkkiz səthi müxtəlifşəkilli həndəsi ornamentlərlə bəzədilib. Bu ornamentlər bişmiş kiçik kərpiclərdən quraşdırılıb, sonra gəc məhlulu ilə birləşdirilərək səthlərin üzərində möhkəmləndirilib. Eyni zamanda Yusif Küseyir oğlu türbəsinin həm əsas tikintisi, həm də bəzək hörgüsü yalnız eyni materialla – keyfiyyətli bişmiş kərpiclə işlənib. Bu da abidənin aydın və təmiz həndəsi biçiminin bütövlüyünü yaradır.
Bu gün muxtar respublikamızda tarixi abidələrə göstərilən dövlət qayğısı nəticəsində belə memarlıq nümunələrimizə ikinci həyat verilir, onlar ciddi mühafizə olunaraq gələcək nəsillərə ötürülür. Sevindirici haldır ki, bu qayğıdan Yusif Küseyir oğlu türbəsinə də böyük pay düşüb. Artıq cari ilin iyun ayından burada abadlıq-bərpa işlərinə başlanılıb. Hazırda abidənin müəyyən qisim divarlarından düşmüş kərpiclər və kompozisiyadakı bəzi naxışlar bərpa olunur, bura yeraltı elektrik xətti çəkilir, türbənin ətrafındakı müəyyən qismi əhatə edən hissədə mühafizə divarları ucaldılır. Görülən işlər Yusif Küseyir oğlu türbəsinin yerləşdiyi ərazinin abadlığı ilə yanaşı, abidəyə turistlərin cəlbini də artıracaqdır. Nəticədə, muxtar respublikamıza gələn qonaqlar ustad memarın daha bir yaradıcılıq nümunəsi ilə ətraflı tanış olmaq imkanı əldə edəcəklər.

Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR