22 Dekabr 2024, Bazar

Naxçıvan təbii sərvətlərlə zəngindir. Bu qədim diyarda çoxsaylı faydalı qazıntı yataqları, mineral su mənbələri mövcuddur. Bunun nəticəsidir ki, muxtar respublikamız tarixi və təbiət abidələri ilə yanaşı, həm də belə sərvətləri ilə məşhurdur. Bunlardan biri də müalicəvi xüsusiyyətləri ilə seçilən Darıdağ arsenli mineral suyudur.
Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə ölkəmizdə müalicəvi suların olduğu yerlərdə səhiyyə ocaqlarının, sanatoriyaların tikilməsi istiqamətində həyata keçirilən tədbirlər 1978-ci ildə Darıdağda da müalicəxananın yaradılmasına imkan verib. Culfa şəhərindən 8-9 kilometr şimal-şərqdə, Darıdağın sıldırım yamacları arasında, dəniz səviyyəsindən 800-900 metr hündürlükdə yerləşən müalicəxananın fəaliyyətində ötən əsrin 90-cı illərində məhdudiyyətlər yaransa da, 2005-ci ildə müəssisə yenidən qurularaq istifadəyə verilib.
Ötən müddətdə müalicəxana ölkə vətəndaşları ilə yanaşı, xarici ölkələrdən gələnlərin də sağlamlığının bərpa olunmasında mühüm rol oynayıb, müalicə turizminin inkişafına geniş imkanlar açıb. Son dövrlərdə isə muxtar respublikanın səhiyyə sistemində həyata keçirilən tədbirlərin davamı kimi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 16 oktyabr tarixli Sərəncamı ilə Darıdağ Arsenli Su Müalicəxanası yenidən təşkil edilərək publik hüquqi şəxs statusu alıb.

Məlumdur ki, müasir dövrdə müalicə turizminin öz tələbləri var. Yalnız bu tələblərə uyğun iş aparılmaqla turizmin bu sahəsini inkişaf etdirmək mümkündür. Elə bu amil nəzərə alınaraq artıq cari ildən Darıdağ arsenli su müalicə və istirahət kompleksi üçün tikinti işlərinə başlanılıb. Bu il martın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tikinti aparılacaq əraziyə gələrək kompleksin layihəsi ilə tanış olub, tapşırıq və tövsiyələrini verib. Artıq burada tikinti işləri sürətlə davam etdirilməkdədir.
Məlumat üçün bildirək ki, kompleks üçün nəzərdə tutulmuş bina zirzəmi ilə birlikdə 5 mərtəbəli olacaq. Artıq birinci, ikinci və üçüncü mərtəbələrdə tikinti işləri yekunlaşdırılıb, dördüncü mərtəbənin ­beton­-qəlib işləri görülür. Eyni zamanda binaya kommunikasiya xətləri çəkilir. Müalicəxana üçün tikilən binada ayrılıqda kişi və qadın bölmələri olmaqla, masaj otaqları, çarhovuzlar, bərbər və qadın gözəllik salonları, mağaza, restoran, otel otaqları və sair yerləşəcək.
Qeyd edək ki, Darıdağ müalicəvi suyu öz spesifik xüsusiyyətləri ilə seçilir. Bu suyun araşdırılması hələ 1830-cu ildə Q.Boskoboynikov, 1868-ci ildə Arxilov və Sulkidze tərəfindən aparılıb, 1928-ci ildə isə Lanqvaqren suyun geoloji kəşfi ilə yanaşı, kimyəvi tərkibini də öyrənib. Sonralar da Darıdağ suyunun kimyəvi, fiziki, balneoloji, müalicəvi və başqa xüsusiyyətləri Azərbaycan Elmi-Tədqiqat və Fiziki-Təbii Amillərlə Müalicə İnstitutunun, Azərbaycan Dövlət Tibb Universitetinin, Azərbaycan Milli Elmlər Akademiyasının Təbii Amillərlə Müalicə Bölməsinin əməkdaşlarından akademik M.Qaşqay, A.Qarayev, professor Ə.Əsgərov, M.Əfəndiyev, Ş.Həsənov və başqaları tərəfindən ətraflı öyrənilib. Son dövrlərdə isə professor Ə.Musayev öz təcrübələrində aşkar edib ki, Darıdağ arsenli isti suyunda müalicə olunan xəstələr üçün müəyyən edilmiş bir seansın müddəti 10-12 dəqiqədən artıq olma­malıdır. Əks-halda ürək-qan damarlarının genişlənməsi baş verər. Darıdağ suyu karbonqazlı, mərgümüşlü, yüksək minerallaşdırılmış xlorlu-hidrokarbonatlı-natriumludur: Kudova (Polşa), Dürkgeym (Almaniya), Sineqorsk (Saxalin) sularının analoqudur. Lakin suyun tərkibindəki mineral duzların mütənasibliyi ilə Darıdağ suyu onlardan üstündür.
İnsan orqanizmində elə bir toxuma, üzv və sistem yoxdur ki, bu su müalicəvi təsir göstərməklə onun iş qabiliyyətinin bərpasına səbəb olmasın. Darıdağ suyu qanyaradıcı xüsusiyyətə malik olub, qan dövranı üzvlərinin fəaliyyətinə müsbət təsir edərək periferik qanın morfoloji tərkibini yaxşılaşdırır – leykositlərin faqositoz qabiliyyətini artırır, qan­azlığını aradan qaldırır. Daxili ifrazat sistemini fəallaşdırır, vegetativ sinir fəaliyyətini gücləndirməklə mədə, qaraciyər, böyrək və ürək əzələsində mübadiləni sürətləndirərək onların funksional vəziyyətini normallaşdırır. Bu xüsusiyyətlərinə görə Darıdağ suyu mədə, öd kisəsi, qaraciyər və vegetativ sinir sistemi ilə əlaqəli başqa xəstəliklərin müalicəsində də geniş tətbiq edilir. Darıdağ suyunun maddələr mübadiləsinə təsirini öyrənən bir çox alimlər onun mübadilə pozğunluğundan yaranan artritlərə müalicəvi təsirini sübuta yetiriblər. Suyun təsirindən yaraların çirkdən tez təmizlənməsini, çətin sağalan yaraların qısa müddətə, həm də ­çapıqsız sağalmasını həkimlər onun antiseptik, faqositar və bakteriosit qabiliyyəti ilə əlaqələndirirlər. Müəyyən edilibdir ki, mərgümüşün litium, brom, maqnezium, radioaktiv elementlər və başqa əhəmiyyətli maddələrlə müştərək təsiri maddələr mübadiləsinin bərpasına, periferik sinir sisteminin fəallaşmasına müsbət təsir göstərir. Bütün bu deyilənlərə onu da əlavə edək ki, Darıdağ suyundan hələ qədim zamanlardan kustar şəkildə sümük-oynaq, əzələ sistemi xəstəliklərində, o cümlədən “duzlaşma” adlanan patologiyalar və onun müxtəlif fəsadlarında geniş istifadə edilib. Hazırda bu müalicəxanaya yerli xəstələrlə yanaşı, xarici ölkələrdən gələn pasiyentlər də müraciət edirlər. Məsələn, bu ilin ötən dövründə putyovka ilə gələnlər üçün 450, ölkə üzrə isə, ümumilikdə, 8100 vanna qəbulu təşkil olunub. Xarici ölkələrdən müraciət edən 48 xəstə isə, əsasən, Türkiyə, Gürcüstan, Rusiya, Ukrayna, Hollandiya və Qazaxıstan vətəndaşları olub.
Sonda onu da qeyd edək ki, Darıdağ arsenli su müalicə və istirahət kompleksinin yaradılması pasiyentlərin müalicəsi ilə yanaşı, burada onların istirahət etməsinə də imkan verəcək. Eyni zamanda müalicəxana daha çox xəstə qəbul edə biləcək. Təbii ki, yaradılacaq şərait turizmin də inkişafına öz töhfəsini verəcək.

 Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR