2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək bütün dünyanın diqqətini Qafqaza çəkən hərbi əməliyyatlar Azərbaycan xalqının son 200 illik tarixinə ən ali və ən parlaq zəfər səhifəsi kimi yazıldı. Azərbaycan qısa müddət ərzində öz ərazi bütövlüyünü təmin etmək üçün əzəli-əbədi torpaqlarını geri qaytarmağa müvəffəq oldu. Müzəffər Ordumuz öz dəyanətli Ali Baş Komandanının rəhbərliyi, xalqımızın yüksək vətənpərvərlik əzmi ilə birləşərək düşmən tapdağında olan doğma Vətən torpaqlarını ermənilərdən təmizlədi, Qarabağ münaqişəsinə son qoydu. Bu şərəfli zəfərin şirinliyini dadmaq isə Azərbaycana 3000-dən artıq şəhidin, minlərlə qazimizin qanları-canları bahasına başa gəldi.
Torpaqlarımızın azadlığı uğrunda rəşadətlə döyüşərək qazi olmuş Elşad Əlirzayevin başına gələnləri özündən başqa kimsə dəqiqliklə anlada bilməz: – 2001-ci ildə Babək rayonunun Nehrəm qəsəbəsində dünyaya gəlmişəm. Orta məktəbi Nehrəm qəsəbəsində oxumuşam. Qardaşım hərbçi olub. Qazi olduqdan sonra ən böyük mənəvi dəstəyi də məhz ondan görmüşəm. “Bundan sonra sənin gəzən ayağın mən olacam, lazım gələrsə, ən ağır döyüşlərə belə, atılaraq sənin də əvəzindən döyüşüb qisasını alacaq, düşməni məhv edəcəyəm”, – deməsi ən böyük təsəllimdir. Mən qardaşıma baxaraq həvəslənmişəm və bu sahəyə marağım yaranıb. Elə buna görə də bu sahə üzrə təhsil almaq qərarına gəldim. 2015-ci ildə Heydər Əliyev adına Hərbi Liseyə qəbul oldum. Oranı bitirdikdən sonra isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilimi davam etdirdim. Sentyabrın 27-də Azərbaycan Milli Ordusu əks-hücum əməliyyatlarına başlayan ilk gündən döyüşlərdə könüllü olaraq iştirak etmişəm. Döyüş əhvali-ruhiyyəsi çox yüksək idi. Rütbəsindən asılı olmayaraq, hamı döyüşə can atırdı. Bütün döyüşçülər qisas hissi ilə alışıb-yanırdılar. Ona görə, ancaq irəli getməyi düşünürdük. Düşmənlər də çox güclü müdafiə qurmuşdular. Lakin biz irəlilədikcə qarşımızda dayana bilməyib geri çəkilirdilər. Çəkildikdən sonra isə tərk etdikləri mövqeləri aramsız artilleriya atəşinə tuturdular. Hər müdafiə səddini əsgərlərimizin igidliyi sayəsində alırdıq. Lakin noyabrın 4-də gedən döyüşlərin birində düşmən mövqelərinə doğru irəliləyərkən minanın partlaması nəticəsində sağ ayağımı itirdim. Bu gün fəxr edirəm ki, torpaqlarımızın geri qaytarılmasında mənim də əməyim olub. Bu əməyim dövlətimiz tərəfindən qiymətləndirilib və “NAZ Lifan” markalı avtomobillə təmin olunmuşam. Hər zaman dövlətimizin diqqət və qayğısını öz üzərimdə hiss edirəm. Bu yaxınlarda “YAŞAT” Fondu tərəfindən Türkiyə Respublikasına göndərilərək protez ayaqla təmin olunacağam. Mən Vətən müharibəsinin iştirakçılarına, şəhid ailələrinə, qazilərə göstərilən qayğıya görə dövlətimizə minnətdarlığımı bildirirəm.
II Qarabağ müharibəsinin fatehlərindən biri olan Elşad Əlirzayev öz ordusu, xalqı, milli mənliyi uğrunda qəhrəmancasına döyüşdüyü üçün Ali Baş Komandan tərəfindən “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Qəhrəman, hamının haqqında ürək dolusu danışdığı bir oğulun valideyni olmaq, fəxr duymaq hər bir ata-ana üçün ən yüksək şərəfdir. Bəli, biz məhz bu igidlərin sayəsində adımızı qızıl hərflərlə tarixə yazmış olduq. Və indi geriyə qalan təkcə zəfər sevincimiz deyil, şəhid və qazi qardaşlarımızın qələbə naminə düşmənə qarşı sərgilədikləri unudulmaz qəhrəmanlıq və kişilik salnamələri də bizimlədir. Hər bir əsgərimizin qələbə əhvalını, igid hərbçilərimizin qəhrəmanlıq salnaməsini gələcəyə daşımaq, bu qürur, fəxr dolu şanlı zəfər xatirələrini sonrakı gəncliyə aşılamaq hamımızın vətəndaşlıq borcudur.
Aytac CƏFƏRLİ