Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq muxtar respublikada özəl baytarlıq xidməti müəssisələri vasitəsilə baytarlıq xidmətləri göstərilməsinə mərhələli keçidin təşkili məqsədilə qərara alıram:
1. Xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı dövlət büdcəsindən maliyyələşdirilən baytarlıq xidmətləri Naxçıvan Muxtar Respublikasının Dövlət Baytarlıq Xidməti ilə özəl baytarlıq xidmətlərini həyata keçirən hüquqi şəxslər və fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan fiziki şəxslər (bundan sonra - baytarlıq subyektləri) arasında müqavilə bağlanması yolu ilə həyata keçirilsin.
2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:
2.1. xüsusi təhlükəli heyvan xəstəliklərinin profilaktikası, diaqnostikası, müalicəsi və ləğvi məqsədilə dövlət büdcəsindən maliyyələşdirilən, dövlət sifarişi ilə göstəriləcək baytarlıq xidmətlərinin siyahısını Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin təklifləri əsasında təsdiq etsin;
2.2. sahə baytarlıq məntəqələrinin inzibati binalarının və digər dövlət əmlakının bu Fərmanın 1-ci hissəsinə əsasən müqavilə bağlayan baytarlıq subyektlərinə icarəyə verilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin və Dövlət Baytarlıq Xidmətinin təklifləri əsasında müvafiq tədbirlər görsün.
3. Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi, Dövlət Baytarlıq Xidməti və yerli icra hakimiyyəti orqanları bu Fərmandan irəli gələn məsələləri həll etsinlər.
VASİF TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Naxçıvan şəhəri, 4 oktyabr 2021-ci il