22 Dekabr 2024, Bazar

2021-ci ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının yaradılmasının 100 illiyi tamam olur.

Bakı Musiqi Akademiyası müsəlman Şərqinin yeni tipli ali musiqi təhsili ocağı kimi dahi bəstəkar Üzeyir Hacıbəylinin təşəbbüsü ilə fəaliyyətə başlamışdır. Hələ ilk illərdən tədris prosesində Şərq musiqisinin çoxəsrlik ənənələrini və Avropa musiqi təhsilinin qabaqcıl təcrübəsini vahid məcrada birləşdirən, peşəkar musiqiçi kadrların hazırlanmasına və klassik musiqi irsimizin sistemli öyrənilməsinə xüsusi diqqət göstərən Akademiya ötən müddət ərzində nailiyyətlərlə zəngin böyük bir inkişaf yolu keçmiş, üzərinə düşən vəzifələrin öhdəsindən həmişə layiqincə gəlmişdir. Azərbaycan mədəniyyəti tarixinə parlaq səhifələr yazan, musiqi sənətimizi ölkəmizin hüdudlarından xeyli uzaqlarda da uğurla təmsil edən və yaradıcılığı Azərbaycan musiqisinin qızıl fonduna daxil olan görkəmli sənətkarların, tanınmış ifaçıların bir neçə nəsli məhz Bakı Musiqi Akademiyasının məzunlarıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan musiqi mədəniyyətinin inkişafında və professional musiqiçi kadrların yetişməsində mühüm rol oynamış Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinin qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 may 2021-ci il

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR