2021-ci ildə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin yaradılmasının 50 illiyi tamam olur.
Naxçıvanda rəssamlıq sənəti böyük inkişaf yolu keçmişdir. Tarixi Gəmiqaya təsvirlərindən başlayan Naxçıvan rəssamlıq sənəti XII əsrdən etibarən memarlıq məktəbinin təsiri ilə inkişaf etmişdir. XX əsrin əvvəllərində Azərbaycan realist rəssamlığının banisi Bəhruz Kəngərli Naxçıvan rəssamlıq məktəbinə yeni ictimai məzmun qazandırmış, onu forma və təsvir vasitələri ilə zənginləşdirmişdir.
Ümummilli liderimiz Heydər Əliyevin himayəsi ilə 1971-ci ildə Azərbaycan Rəssamlar İttifaqının Naxçıvan Təşkilatı, 2000-ci ildə isə həmin təşkilatın bazasında Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi yaradılmışdır. Müstəqillik illərində muxtar respublikada rəssamlıq sənətinin inkişafı ilə bağlı ardıcıl tədbirlər görülmüş, Rəssamlar Birliyi yeni bina və emalatxana ilə təmin edilmiş, birlik üzvlərinin yaradıcılıq imkanları genişləndirilmiş, Naxçıvan şəhərində Bəhruz Kəngərli Muzeyi və Rəssamlar Parkı yaradılmış, ali təhsil müəssisələrində müvafiq ixtisaslar açılmışdır.
Bu gün tariximizin və milli dəyərlərimizin təbliği, günümüzün real mənzərəsinin yaradılması və vətənpərvərlik tərbiyəsi Naxçıvan rəssamlarının yaradıcılığında əsas yer tutur.
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq, Rəssamlar Birliyinin muxtar respublikanın ictimai-mədəni həyatındakı rolunu nəzərə alaraq qərara alıram:
1. Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 50 illik yubileyi qeyd edilsin.
2. “Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 50 illik yubileyinin keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilsin.
Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Naxçıvan şəhəri, 2 mart 2021-ci il