22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il  14 dekabr tarixli Fərmanı ilə təsdiq edilmişdir 

1. Ümumi müddəalar

1.1. Bu Qayda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (bundan sonra – Fond) vəsaitinin formalaşdırılması, idarə olunması və həmin vəsaitdən istifadə ilə bağlı münasibətləri tənzimləyir.

1.2. Fondun məqsədi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun yaradılması haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 14 dekabr tarixli Fərmanının 3.1-ci bəndində qeyd olunan şəxslərin (bundan sonra – şəxs) sosial müdafiəsi sahəsində dövlətin həyata keçirdiyi tədbirlərə əlavə dəstək verməkdir.

1.3. Fondun vəsaitinin sərəncamçısı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir (bundan sonra – Nazirlik).

 2. Fondun vəsaitinin formalaşdırılması və ondan istifadə

2.1. Fondun vəsaiti aşağıdakı mənbələr hesabına formalaşdırılır:

2.1.1. fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar (ianələr);

2.1.2. qanunla qadağan olunmayan digər mənbələr.

2.2. Fondun vəsaitinin toplanması və ondan təyinatı üzrə istifadə edilməsi məqsədilə bank hesabı açılır.

2.3. Fondun vəsaiti Azərbaycan manatı ilə və xarici valyutalarla formalaşdırılır.

2.4. Maliyyə vəsaiti şəklində verilən yardımların (ianələrin) Fond tərəfindən toplanılması aşağıdakı üsullarla həyata keçirilir:

2.4.1. onlayn qaydada – fiziki və hüquqi şəxslərin Fondun rəsmi internet səhifəsi və elektron ödəniş sistemləri üzərindən etdikləri ödənişlər;

2.4.2. SMS vasitəsilə – fiziki və hüquqi şəxslərin Fondun qısa nömrəsinə SMS göndərməklə etdikləri ödənişlər;

2.4.3. bank köçürməsi vasitəsilə – Fondun bank hesabına fiziki və hüquqi şəxslərin banklar və pulköçürmə sistemləri vasitəsilə etdikləri ödənişlər;

2.4.4. terminal vasitəsilə – fiziki və hüquqi şəxslərin xüsusi ödəmə terminalları vasitəsilə etdikləri ödənişlər;

2.4.5. qanunla qadağan olunmayan digər ödəniş vasitələrindən istifadə etməklə edilən ödənişlər.

2.5. Fondun vəsaitindən aşağıdakı istiqamətlərdə istifadə olunur:

2.5.1. şəhid ailəsi statusu alana və ya əlilliyi müəyyən edilənədək götürülən istehlak kreditlərinin və digər borc öhdəliklərinin qarşılanması;

2.5.2. müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi;

2.5.3. təhsil almasına, habelə əlavə təhsilinə, peşə hazırlığının artırılmasına, eləcə də yaradıcı potensialının inkişafına kömək edilməsi ilə bağlı xərclərin ödənilməsi;

2.5.4. məişət şəraitinin yaxşılaşdırılması.

2.6. Fondun vəsaiti bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulmayan istiqamətlərdə istifadə edilə bilməz.

 

3. Müraciətlərin qəbulu və ehtiyacların müəyyənləşdirilməsi

3.1. Fond tərəfindən şəxsə əlavə dəstək onun müraciəti əsasında göstərilir. 

3.2. Şəxsin müraciəti elektron qaydada Fondun rəsmi internet səhifəsi üzərindən qəbul edilir. Müraciətlərin elektron qaydada formalaşdırılması ilə bağlı könüllülər müraciət edən şəxsə yardım göstərirlər.

3.3. Fonda edilən müraciətlər, ehtiyacların prioritetliyi nəzərə alınmaqla, Nazirliyin bu məqsədlə yaratdığı informasiya sistemində növbəlilik prinsipi ilə sıralanır. Ehtiyacların prioritetliyi müvafiq dövlət orqanlarından (qurumlarından) və müraciət edən şəxsdən əldə edilmiş məlumatlar nəzərə alınmaqla, aşağıdakı meyarlar əsasında Nazirliyin müəyyən etdiyi əmsallara uyğun olaraq qiymətləndirilir:

3.3.1. bu Qaydanın 2.5-ci bəndinə müvafiq ehtiyac istiqaməti;

3.3.2. müraciətin ilkin və ya təkrar olması;

3.3.3. müraciət edən şəxsin maddi vəziyyəti, orta aylıq gəliri;

3.3.4. himayəsində azyaşlı uşağın olması;

3.3.5. ailədə əmək qabiliyyətli şəxslərin sayı;

3.3.6. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar dövlət təltiflərinin olması;

3.3.7. dövlət tərəfindən digər dəstək tədbirlərinin göstərilməsi.

 

4. Müraciətlərə baxılma qaydası və dəstək göstərilməsi müddəti

4.1. Nazirlik daxil olan müraciətlərə qanunvericiliyə uyğun olaraq baxır və nəticəsi barədə müraciət edən şəxsə bildiriş göndərir.

4.2. Şəxsə dəstək göstərilməsi barədə qərar qəbul edildikdən sonra 10 iş günü müddətində maliyyə yardımı müraciət edən şəxsə müvəkkil bank vasitəsilə təqdim olunur.

4.3. Eyni müraciətlə bağlı Fondun vəsaiti hesabına və ya müvafiq dövlət orqanının (qurumunun) əvvəllər yardım etdiyi, habelə müraciətdə göstərilən dəstəyin verilməsi üçün Fondun balansında kifayət qədər vəsait olmadığı hallarda, müraciət edən şəxsin razılığı ilə alternativ maliyyələşdirmə üsulu tətbiq olunur. Alternativ maliyyələşdirmə üçün şəxsin müraciəti Fondun rəsmi internet səhifəsində yerləşdirilir və onun fiziki və ya hüquqi şəxslər tərəfindən maliyyələşdirilməsinə imkan yaradılır.

 

5. Fondun vəsaitinin formalaşdırılmasına  və ondan istifadəyə nəzarət

5.1. Fondun vəsaitinin formalaşdırılmasına və idarə olunmasına nəzarəti Nazirlik həyata keçirir.

5.2. Nazirlik:

5.2.1. Fonda daxil olan vəsaitin xərclənməsi istiqamətlərinə dair təkliflərini aidiyyəti üzrə təqdim edir;

5.2.2. Fondun vəsaitinin idarə edilməsinə dair yarımillik və illik hesabatları, eləcə də digər zəruri məlumatları aidiyyəti üzrə təqdim edir.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR