Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq, “Naxçıvan Muxtar Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının 2019-cu il 21 dekabr tarixli 27-V QN nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. “Naxçıvan Muxtar Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 5-ci maddəsi ilə funksional təsnifatın bölmə və köməkçi bölmələri səviyyəsində ayrılan vəsaitin məbləği inzibati təsnifata uyğun olaraq dövlət büdcəsindən maliyyələşən, maliyyə yardımı alan təşkilatlar və tədbirlər üzrə aşağıdakı qaydada təsdiq edilsin:
manatla
2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:
2.1. “Naxçıvan Muxtar Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu ilə dövlət büdcəsinin gəlirləri və xərcləri üzrə təsdiq olunmuş göstəricilərin yerinə yetirilməsinə nəzarət etsin;
2.2. bu Fərmanın 1.11.1.1-ci (Avtomobil yollarının saxlanılması, əsaslı və cari təmiri xərcləri) və 1.11.2.1-ci (Dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) yarımbəndlərində nəzərdə tutulan vəsaitin obyektlər və istiqamətlər üzrə bölgüsünü həyata keçirsin və bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə məlumat versin;
2.3. bu Fərmanın 1.9.1.1-ci (Naxçıvan Muxtar Respublikasında ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlər) yarımbəndində nəzərdə tutulan vəsaitin bölgüsünü və həmin bölgüdə ediləcək dəyişiklikləri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ilə razılaşdırmaqla həyata keçirsin.
3. Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi:
3.1. 2020-ci ilin dövlət büdcəsinə vergi və dövlət rüsumları üzrə nəzərdə tutulan daxilolmaların aylıq və rüblük bölgüsünü Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi ilə razılaşdırmaqla təsdiq etsin;
3.2. 2020-ci ilin dövlət büdcəsinə tutulması dövlət gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş vergilər və gömrük rüsumları üzrə nəzərdə tutulan daxilolmaların aylıq və rüblük bölgüsünü Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi ilə razılaşdırmaqla təsdiq etsin;
3.3. bu Fərmanın 1.8-ci bəndində və 1.10.6.1-ci yarımbəndində nəzərdə tutulan vəsaitin bölgüsünü və maliyyələşdirməni təmin etsin;
3.4. bu Fərmanın 1.1.1.33-cü, 1.1.2.8-ci, 1.3.5.1-ci, 1.4.5.4-cü, 1.5.2.2-ci, 1.7.5.6-cı, 1.9.4.2-ci, 1.10.7.1-ci yarımbəndlərində nəzərdə tutulan vəsaitin (dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri) gəlir və xərclər smetasının aidiyyəti təşkilatlar üzrə təsdiqini həyata keçirsin;
3.5. bu Fərmanın 1.7.4.1.1-ci yarımbəndində (Qeyri-dövlət təşkilatlarına verilən maliyyə yardımı) nəzərdə tutulan vəsaitin aidiyyəti təşkilatlar arasında bölgüsünü həyata keçirsin və maliyyələşdirməni təmin etsin;
3.6. İcbari tibbi sığortanın tətbiqi ilə əlaqədar muxtar respublika əhalisinin sayına müvafiq hesablanmış sığorta haqqının Azərbaycan Respublikasının mərkəzləşdirilmiş xərclərində bu məqsədlə nəzərdə tutulmuş vəsait hesabına maliyyələşdirilməsini təmin etsin;
3.7. Müdafiə olunan xərc maddələri istisna olmaqla, 2020-ci il ərzində büdcə təşkilatlarına maliyyə vəsaitləri ayrılarkən kommunal xidmətlərdən (elektrik və istilik enerjisindən, təbii qazdan, sudan və tullantı sularının axıdılmasından) istifadə haqlarının, ilk növbədə, (o cümlədən müəyyən edilmiş limitdən artıq istifadəyə görə yaranmış borcların digər xərclər hesabına) ödənilməsini təmin etsin;
3.8. “Naxçıvan Muxtar Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 8-ci maddəsindən irəli gələn vəzifələrin yerinə yetirilməsini təmin etsin.
4. Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi:
4.1. Muxtar respublikanın şəhər və rayonları üzrə müəyyən olunmuş vergi daxilolmalarının aylıq proqnozunun icrasının təmin edilməsi üçün tədbirlər görsün;
4.2. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan xidmətləri və hüquqi hərəkətləri həyata keçirən ayrı-ayrı dövlət orqanları üzrə dövlət büdcəsinə təmin edilmiş dövlət rüsumuna dair aylıq məlumatları hesabat ayından sonrakı ayın 20-dək Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin.
5. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, mərkəzi və yerli icra hakimiyyəti orqanları, büdcədən maliyyələşən və maliyyə yardımı alan təşkilatlar və digər dövlət orqanları maliyyə intizamının gücləndirilməsi, israfçılığa, izafi xərclərə yol verilməməsi və büdcə vəsaitindən qənaətlə istifadə olunması istiqamətində təsirli tədbirlər görsünlər.
6. Bu Fərman 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.
VASİF TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Naxçıvan şəhəri, 21 dekabr 2019-cu il