Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında kosmik fəaliyyət sahəsində əldə edilmiş uğurların və inkişafın davam etdirilməsi, dünyada gedən sürətli texnoloji tərəqqidən ölkəmizin daha çox faydalanması, kosmik fəaliyyət sahəsində idarəetmə, tənzimləmə, əlaqələndirmə və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə qərara alıram:
1. “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin əsasında Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxs (bundan sonra – Agentlik) yaradılsın.
2. Agentlik “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin hüquqi varisidir, Cəmiyyətin hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir.