Naxçıvan Muxtar Respublikasının gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqənin keçirilməsi qaydası Ali Məclis Sədrinin 18 noyabr 2010-cu il tarixli Sərəncamı ilə müəyyən olunur.
Yaranmış ehtiyac və boş ştat vahidləri nəzərə alınaraq muxtar respublika gömrük orqanlarına işə qəbulla bağlı müsabiqəyə yalnız ali məktəbləri Hüquqşünaslıq ixtisası üzrə bitirən şəxslər buraxılır. Bir qayda olaraq, namizədlərin yaşı 30-u keçməməlidir.
Müsabiqədə iştirak etmək istəyən şəxslər www.dgk.nmr.az internet saytına daxil olmaqla “Gömrük orqanlarında xidmətə qəbul” bölməsində muxtar respublikanın gömrük orqanlarına işə qəbulla bağlı müəyyən olunmuş elektron ərizə formasını doldurmalıdırlar. Elektron ərizə müsabiqədə iştirak üçün ilkin əsas sayılır. Elektron ərizə ilə qeydiyyat bir ay müddətində – sentyabr ayının 18-dən oktyabr ayının 18-dək davam edəcək. Müsabiqədə iştirakla bağlı elektron ərizə qəbulu başa çatandan sonra qeydiyyatı təsdiqlənmiş şəxslərə imtahanın vaxtı ilə bağlı qeydiyyatdan keçdikləri elektron poçt ünvanı vasitəsilə məlumat veriləcəkdir.
İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər, tibbi rəyə əsasən, fiziki və əqli qüsurlarına görə gömrük orqanlarında işləməyə qadir olmayan, gömrük, digər hüquq-mühafizə və ya başqa dövlət orqanlarında əvvəllər yol verdiyi kobud nöqsanlara və ya qulluqla bir araya sığmayan hərəkətlərə görə bu orqanlardan xaric edilmiş şəxslər, qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırışyaşlı vətəndaşlar müsabiqəyə buraxılmırlar.
Müsabiqə hər bir namizədin gömrük işi üzrə bilik səviyyəsinin, ümumi dünyagörüşünün, gömrük orqanlarında vəzifələrə yararlı və layiqli olmasının müəyyən edilməsi məqsədilə aşkarlıq şəraitində şəffaf üsullarla keçirilir. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir.
Xarici dil bilən (əsasən, rus və ingilis) və kompüterdə işləmək bacarığı yüksək olan şəxslərə müsabiqənin müsahibə mərhələsində üstünlük verilir.
Əlaqə telefonları:
(036) 544-49-60; 544-49-72