22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Prokurorluğu Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Prokurorluğu və Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğu orqanlarında işə qəbul olunmaq arzusunda olan şəxslər üçün 10 ştat vahidi üzrə müsabiqə elan edir.
Prokurorluq orqanlarına işə qəbul olunmaq istəyən Naxçıvan Muxtar Respublikası ərazisində yaşayış yeri üzrə qeydiyyata alınmış və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər aşağıda qeyd edilən sənədləri təqdim etməklə Naxçıvan Muxtar Respublikası Prokurorluğuna müraciət edə bilərlər:

1. Müəyyən olunmuş formada ərizə
2. Şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş (notarial qaydada) surəti
3. Tərcümeyi-hal və kadrlar uçotuna dair anket (blanklar prokurorluqda verilir)
4. 3x4 və 4x6 sm ölçülərdə hər birindən 4 ədəd ağ fonda rəngli fotoşəkil
5. Ali təhsil barədə (hüquqşünaslıq ixtisası üzrə) diplomun və diploma əlavənin təsdiq olunmuş (notarial qaydada) surəti
6. Əmək kitabçasının təsdiq olunmuş (notarial qaydada və yaxud iş yeri üzrə) surəti
7. Yaşadığı ünvan üzrə poliklinikadan (forma №86), Naxçıvan Muxtar Respublikası Psixi Xəstəliklər Dispanserindən sağlamlıq və narkoloji qeydiyyatda olub-olmadığı barədə arayışlar
8. Yaşadığı ünvan və ailə tərkibi haqqında arayış
9. Yaşadığı ünvan üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli qurumlarında qeydiyyatda olması və həqiqi hərbi xidmət keçməsi barədə arayış, hərbi biletin əsli və notarial qaydada təsdiq olunmuş surəti.

Sənədlər Naxçıvan şəhəri, Atatürk küçəsi, 22-də yerləşən Naxçıvan Muxtar Respublikası Prokurorluğunun inzibati binasının qəbul otağında 2015-ci il avqust ayının 1-dən sentyabr ayının 1-dək hər gün (şənbə və bazar günləri istisna olmaqla) saat 1000-dan 1800-dək qəbul olunacaqdır.
Prokurorluğa işə qəbul olunmaq üçün sənədlərini təqdim etmək istəyən hər bir namizədin hazırlı­ğının, bilik səviyyəsinin, ümumi dünyagörüşünün, prokuror və ya müstəntiq vəzifəsinə yararlılığı və layiqliyinin müəyyən edilməsi məqsədilə tam aşkarlıq şəraitində, şəffaf üsullarla, beynəlxalq tələblərə uyğun keçirilən ixtisas imtahanları (test və yazılı imtahanlar) və müsahibədən ibarət müsabiqə təşkil ediləcək. Test imtahanı Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Naxçıvan Muxtar Respublikası Regional Bölməsi ilə birgə keçiriləcəkdir. Müsabiqədə bərabər nəticələr əldə etmiş şəxslərdən xarici dilləri mükəmməl bilənlərə üstünlük veriləcəkdir.
Prokurorluğa işə qəbul olunmaq üçün sənədlərini təqdim etmək istəyən şəxslərin nəzərinə çatdırılır ki, onların ali hüquq təhsili Azərbaycan Respublikası ərazisində müvafiq qaydada tanınan diplomla təsdiq edilməli, onlar Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilməli və seçkilərdə iştirak etmək hüququna malik olmalıdırlar. Prokurorluğa 30 yaşınadək olan Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar.
“Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, aşağıdakılar prokurorluğa işə qəbul edilmirlər:

- ikili vətəndaşlığı olan şəxslər;
- digər dövlətlər qarşısında öhdəlikləri olanlar;
- din xadimləri;
- fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən təsdiq edilmiş, tibbi rəyə əsasən fiziki və ya əqli qüsurlarına görə prokuror və ya prokurorluğun müstəntiqi vəzifələrini yerinə yetirməyə qadir olmayan şəxslər;
- alkoqolizm, narkomaniya, toksikomaniya, digər ağır xəstəliklərə tutulmuş şəxslər (bu barədə həkim rəyi olduqda);
- əvvəllər məhkum olunmuş və ya bəraətverici əsaslar olmadan barəsində cinayət işinin icraatına xitam verilmiş şəxslər;
- əvvəllər yol verdiyi kobud nöqsanlara və ya prokuror və müstəntiq adı ilə bir araya sığmayan hərəkətlərə görə vəzifədən azad edilmiş şəxslər;
- qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırışyaşlı vətəndaşlar.

Müsabiqənin test imtahanının yekunlarına görə, 70 və daha artıq bal toplamış namizədlər yazılı imtahana buraxılırlar.
Test imtahanının vaxtı, yeri, imtahan suallarının hazırlanmasında istifadə edilmiş qanunların siyahısı və digər məlumatlar barədə əlavə məlumat veriləcəkdir.

Əlavə məlumatlar almaq üçün 545-03-14, 545-03-15 nömrəli telefonlar vasitəsilə müraciət
etmək olar

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR