Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu gənclər arasında “Naxçıvan: müstəqillik illərində” yaradıcılıq müsabiqəsi elan edir. Müsabiqə aşağıdakı istiqamətlər üzrə keçirilir:
- publisistika və teleradio materialları;
- rəsm əsərləri;
- ədəbi nümunələr (roman, povest, hekayə, poema, şeir, pyes, oçerk və sair);
- musiqi əsərləri;
- elmi-tədqiqat işi (araşdırma, məqalə, ixtira və sair).
Müsabiqənin keçirilməsində məqsəd
Müsabiqənin keçirilməsində məqsəd Naxçıvan Muxtar Respublikasının inkişaf tarixinə nəzər salmaq, gənclərin bu sahədəki yaradıcılıq fəaliyyətinə dəstək vermək, onların bacarıqlarını və ideyalarını üzə çıxarmaq, ictimaiyyəti məlumatlandırmaq, qədim və zəngin Naxçıvan tarixinin müstəqillik dövründəki inkişafını gənclərin gözü ilə təqdim etməkdir.
Müsabiqədə iştirak
Yaradıcılıq qabiliyyəti olan hər bir gənc müsabiqədə iştirak edə bilər.
Müsabiqəyə təqdim olunmuş
materialların qiymətləndirmə meyarları
- işlərin bədii səviyyəsi və keyfiyyəti;
- müsabiqənin şərtlərinə cavab verməsi;
- ideyanın orijinallığı;
- savadlı kompozisiya həlli;
- işin təsiredici qüvvəyə malik olması və mövzunun asan qavranılması;
- yaradıcı yanaşma.
Müsabiqəyə təqdim olunan materiallar aşağıdakı tələblərə cavab verməlidir:
Publisistika və teleradio materialları
Müsabiqəyə təqdim olunan publisistik materiallar “Şərq qapısı”, şəhər və rayon qəzetlərində dərc edilməli, teleradio verilişləri Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən televiziya və radiolarda efirə yayımlanmalıdır. Publisistika və teleradio materiallarında “Naxçıvan: müstəqillik illərində” gənclər arasında yaradıcılıq müsabiqəsinə təqdim olunmaq üçündür” qeydi göstərilməlidir.
Müsabiqəyə təqdim olunan məqalələr A4 kağız formatında (dərc olunduğu qəzetin nüsxəsi ilə birlikdə), teleradio materialları isə elektron daşıyıcılarda (CD və ya DVD-də) təqdim olunmalıdır.
Rəsm əsəri
Müsabiqəyə təqdim edilən rəsm əsərləri rəngkarlığın və qrafikanın müxtəlif texnikalarından istifadə olunmaqla (sulu boya, yağlı boya, quaş, qara qələm, qarışıq texnika və sair) və istənilən material üzərində işlənə bilər. Müsabiqəyə təqdim olunan rəsm əsərləri minimum 50x60 sm ölçüdə olmalıdır.
Ədəbi nümunələr
Müsabiqəyə təqdim olunan nəsr, dram nümunələri və şeirlər üçün həcm məhdudiyyəti yoxdur.
Musiqi əsəri
Musiqi əsərlərinin (mahnı, xor, orkestr və sair) not yazısı çap olunmuş, səsləndirilmiş (ifa olunmuş) variantı isə elektron daşıyıcılarda (CD və ya DVD) müsabiqəyə təqdim olunmalıdır.
Elmi-tədqiqat işi
Müsabiqəyə təqdim ediləcək elmi-tədqiqat işlərində Naxçıvan Muxtar Respublikasının müstəqillik dövründəki inkişafı təhlil olunmalıdır. Elmi işlər iqtisadiyyat, təhsil, mədəniyyət, ədəbiyyat, tarix, ekologiya və digər sahələrdən birini əhatə etməlidir. Müsabiqəyə əvvəllər heç bir yerdə nəşr olunmamış orijinal tədqiqat əsərləri təqdim olunmalıdır. Ədəbiyyat siyahısı tədqiqat işinin sonunda ayrı bir səhifədə göstərilməlidir. Ardıcıllıq əlifba siyahısına görə olmalıdır.
Əsərlər elektron daşıyıcılarda (CD və ya DVD) və çap olunmuş şəkildə müəllif haqqında bioqrafik məlumatla birlikdə təqdim olunmalıdır.
Müsabiqəyə təqdim olunmuş əsərlər geri qaytarılmır.
Müsabiqənin keçirilmə vaxtı
Müsabiqə 2015-ci il mayın 30-dan 2015-ci il noyabrın 30-dək keçiriləcəkdir. Yaradıcılıq müsabiqəsində iştirak etmək istəyən gənclər hazırladıqları işləri 2015-ci il noyabrın 30-dək şəxsiyyət vəsiqələrinin surəti ilə birlikdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fonduna təqdim etməlidirlər.
Qaliblər 2015-ci ilin dekabrında elan olunacaq və mükafatlandırılacaqlar.
Müsabiqənin mükafat fondu aşağıdakı kimidir
Birinci yer (1 nəfər) – 1500 AZN
İkinci yer (2 nəfər) – 1000 AZN
Üçüncü yer (5 nəfər) – 500 AZN
Həvəsləndirici yer (5 nəfər) – qiymətli hədiyyələr.
Ünvan: Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə
küçəsi, Gənclər Mərkəzi.
Əlaqə telefonu: (036) 544-18-43