Naxçıvan Muxtar Respublikasının gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqənin keçirilməsi qaydası Ali Məclis Sədrinin 18 noyabr 2010-cu il tarixli Sərəncamı ilə müəyyən olunur.
Naxçıvan Gömrük Ekspertizası İdarəsinə işə qəbulla bağlı müsabiqədə ali məktəbləri “kimya” ixtisası üzrə bitirən şəxslər iştirak edə bilərlər. Bir qayda olaraq, namizədlərin yaşı 30-u keçməməlidir.
Müsabiqədə iştirak etmək istəyən şəxslər www.dgk.nmr.az internet saytına daxil olmaqla “Gömrük orqanlarında xidmətə qəbul” bölməsində muxtar respublikanın gömrük orqanlarına işə qəbulla bağlı müəyyən olunmuş elektron ərizə formasını doldurmalıdırlar. Elektron ərizə müsabiqədə iştirak üçün ilkin əsas sayılır. Elektron ərizə ilə qeydiyyat bir ay müddətində – oktyabr ayının 15-dən noyabr ayının 14-dək davam edəcək.
İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər, tibbi rəyə əsasən fiziki və əqli qüsurlarına görə gömrük orqanlarında işləməyə qadir olmayan, gömrük, digər hüquq-mühafizə və ya başqa dövlət orqanlarında əvvəllər yol verdiyi kobud nöqsanlara və ya qulluqla bir araya sığmayan hərəkətlərə görə bu orqanlardan xaric edilmiş şəxslər qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırışyaşlı vətəndaşlar müsabiqəyə buraxılmırlar.
Müsabiqə hər bir namizədin ixtisas səviyyəsinin, peşə hazırlığının, ümumi dünyagörüşünün, gömrük orqanlarında vəzifələrə yararlı və layiqli olmasının müəyyən edilməsi məqsədilə aşkarlıq şəraitində şəffaf üsullarla keçirilir. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir.
Xarici dil bilən (əsasən rus və ingilis) və ekspertiza sahəsində müəyyən təcrübəsi olan şəxslərə müsabiqənin müsahibə mərhələsində üstünlük verilir.
Test imtahanı 15.11.2014-cü il tarixdə saat 1000-da Naxçıvan Şəhər Gömrük İdarəsinin akt zalında keçiriləcəkdir.
Əlaqə telefonları:
(036) 544-49-60; (036) 544-49-72