22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və informasiya şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasının Prokurorluğu Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq Naxçıvan Muxtar Respublikası Prokurorluğu və Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğu orqanlarında işə qəbul olunmaq arzusunda olan şəxslər üçün 08 ştat vahidi üzrə müsabiqə elan edir.

“Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi Qaydaları”na əsasən müsabiqədə iştirak etmək arzusunda olan Naxçıvan Muxtar Respublikasının ərazisində yaşayış yeri üzrə qeydiyyata alınmış və müəyyən olunmuş tələblərə cavab verən namizədlər müvafiq formada ərizə ilə müraciət edərək aşağıdakı sənədləri təqdim etməklə müsabiqədə iştirak edə bilərlər:

- Şəxsiyyət vəsiqəsinin əsli və notariat qaydasında təsdiq edilmiş surəti;

- Ali təhsil haqqında (hüquqşünaslıq və ya beynəlxalq hüquq ixtisası üzrə) diplomun, diploma əlavə olunan qiymət cədvəlinin əsilləri və notariat qaydasında təsdiq edilmiş surətləri;

- 4x6 sm ölçüdə 4 ədəd ağ fonda rəngli fotoşəkil.

Sənədlər Naxçıvan şəhəri, Atatürk küçəsi 24-də yerləşən Naxçıvan Muxtar Respublikası Prokurorluğunun inzibati binasının Qəbul otağında 2019-cu ilin dekabr ayının 2-dən 2020-ci ilin fevral ayının 3-dək hər gün (istirahət və bayram günləri, iş günü hesab edilməyən digər günlər istisna olmaqla) saat 10:00-dan 18:00-dək qəbul olunacaqdır.

Prokurorluğa işə qəbul olunmaq üçün sənədləri təqdim etmək istəyən hər bir namizədin hazırlığının, bilik səviyyəsinin, ümumi dünyagörüşünün, prokuror və ya müstəntiq vəzifəsinə yararlılığı və layiqliliyinin müəyyən edilməsi məqsədi ilə tam aşkarlıq şəraitində, şəffaf üsullarla və beynəlxalq tələblərə uyğun keçirilən ixtisas imtahanları (test və yazılı imtahanlar) və müsahibədən ibarət müsabiqə təşkil ediləcək, test imtahanı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə birgə keçiriləcəkdir.

Prokurorluğa işə qəbul olunmaq istəyən şəxslərin nəzərinə çatdırılır ki, namizədlərin ali hüquq təhsili Azərbaycan Respublikası ərazisində müvafiq qaydada tanınan diplomla təsdiq edilməli, onlar Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilməli və seçkilərdə iştirak etmək hüququna malik olmalıdır. Prokurorluğa işə 30 yaşınadək olan Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar.

“Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aşağıdakılar prokurorluğa işə qəbul edilmirlər:

- ikili vətəndaşlığı olan şəxslər;

- digər dövlətlər qarşısında öhdəlikləri olanlar;

- din xadimləri;

- məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, tibbi rəyə əsasən fiziki və ya əqli qüsurlarına görə prokuror və ya prokurorluğun müstəntiqi vəzifələrini yerinə yetirməyə qadir olmayan şəxslər;

- alkoqolizm, narkomaniya, toksikomaniya və digər ağır xəstəliklərə tutulmuş şəxslər (bu barədə həkim rəyi olduqda);

- əvvəllər məhkum olunmuş, habelə bəraətverici əsaslar olmadan barəsində cinayət işinin icraatına xitam verilmiş şəxslər;

- əvvəllər yol verdiyi kobud nöqsanlara və ya prokuror və müstəntiq adı ilə bir araya sığmayan hərəkətlərə görə vəzifədən azad edilmiş şəxslər;

- qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar.

Müsabiqənin test imtahanının yekunlarına görə 70 və daha artıq bal toplamış namizədlər yazılı imtahana buraxılırlar.

Test imtahanının vaxtı, yeri, imtahan suallarının hazırlanmasında istifadə edilmiş qanunların siyahısı və digər məlumatlar barədə əlavə məlumat veriləcəkdir.

Əlavə məlumat almaq üçün 545-03-14 və 545-03-15 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR