Naxçıvan Muxtar Respublikasının gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqənin keçirilməsi qaydası Ali Məclis Sədrinin 18 noyabr 2010-cu il tarixli Sərəncamı ilə müəyyən olunur.
Muxtar respublika gömrük orqanlarına işə qəbulla bağlı müsabiqəyə ali məktəbləri gömrük işi, maliyyə, iqtisadiyyat, hüquq və beynəlxalq münasibətlər ixtisası üzrə bitirən şəxslər buraxılır. Bir qayda olaraq, namizədlərin yaşı 30-u keçməməlidir.
Müsabiqədə iştirak etmək istəyən şəxslər www.dgk.nmr.az internet saytına daxil olmaqla, muxtar respublikanın gömrük orqanlarına işə qəbulla bağlı müəyyən olunmuş elektron ərizə formasını doldurmalıdırlar. Elektron ərizə müsabiqədə iştirak üçün ilkin əsas sayılır. Elektron ərizə ilə qeydiyyat bir ay müddətində – yanvar ayının 25-dən fevral ayının 25-dək davam edəcək. Müsabiqədə iştirakla bağlı elektron ərizə qəbulu başa çatandan sonra qeydiyyatı təsdiqlənmiş şəxslərə imtahanın vaxtı ilə bağlı qeydiyyatdan keçdikləri elektron poçt ünvanı vasitəsilə məlumat veriləcəkdir. Test imtahanı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən keçiriləcək.
İkili vətəndaşlığı olan şəxslər, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, tibbi rəyə əsasən fiziki və əqli qüsurlarına görə gömrük orqanlarında işləməyə qadir olmayan, dövlət orqanlarında əvvəllər yol verdiyi kobud nöqsanlara və ya qulluqla bir araya sığmayan hərəkətlərə görə bu orqanlardan xaric edilmiş şəxslər, qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş vətəndaşlar müsabiqəyə buraxılmırlar.
Müsabiqə hər bir namizədin gömrük işi üzrə bilik səviyyəsinin, ümumi dünyagörüşünün, gömrük orqanlarında vəzifələrə yararlı və layiqli olmasının müəyyən edilməsi məqsədilə aşkarlıq şəraitində şəffaf üsullarla keçirilir. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir.
Xarici dil bilən (əsasən rus və ingilis) və kompüterdə işləmək bacarığı yüksək olan şəxslərə müsabiqənin müsahibə mərhələsində üstünlük verilir.
Əlaqə telefonları:
(036) 544-49-60; (036) 544-49-72