“Naxçıvan: dünən və bu gün” yaradıcılıq müsabiqəsi aşağıdakı istiqamətlər üzrə keçirilir:
- Publisistika və teleradio materialları;
- Rəsm əsərləri;
- Ədəbi nümunələr (roman, povest, hekayə, poema, şeir, pyes, oçerk və sair);
- Musiqi əsərləri;
- Elmi-tədqiqat işi (araşdırma, məqalə və sair).
Müsabiqənin məqsədi
Müsabiqənin keçirilməsində məqsəd Naxçıvan Muxtar Respublikasının inkişaf tarixinə nəzər salmaq, bu sahədəki yaradıcılıq fəaliyyətinə dəstək vermək, iştirakçıların bacarıqlarını və ideyalarını üzə çıxarmaq, ictimaiyyəti məlumatlandırmaq, qədim və zəngin Naxçıvan tarixinin müstəqillik dövründəki inkişafını müxtəlif materiallarla təqdim etməkdir.
Müsabiqədə iştirak
Yaradıcılıq qabiliyyəti olan hər kəs müsabiqədə iştirak edə bilər.
Müsabiqəyə təqdim olunmuş materialların qiymətləndirmə meyarları:
-işlərin bədii səviyyəsi və keyfiyyəti;
-müsabiqənin şərtlərinə cavab verməsi;
-ideyanın orijinallığı;
-savadlı kompozisiya həlli;
-işin təsiredici qüvvəyə malik olması və mövzunun asan qavranılması;
-yaradıcı yanaşma.
Müsabiqəyə təqdim olunan materiallar aşağıdakı tələblərə cavab verməlidir.
Publisistika və teleradio materialları
Müsabiqəyə təqdim olunan publisistika materialları “Şərq qapısı”, şəhər və rayon qəzetlərində dərc edilməli, teleradio verilişləri Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən televiziya və radiolarda efirə yayımlanmalıdır. Publisistika və teleradio materiallarında “Naxçıvan: dünən və bu gün” yaradıcılıq müsabiqəsinə təqdim olunmaq üçündür” qeydi göstərilməlidir.
Müsabiqəyə təqdim olunan məqalələr A4 kağız formatında (dərc olunduğu qəzetin nüsxəsi ilə birlikdə), teleradio materialları isə elektron daşıyıcılarda (CD və ya DVD-də) təqdim olunmalıdır.
Rəsm əsəri
Müsabiqəyə təqdim edilən rəsm əsərləri rəngkarlığın və qrafikanın müxtəlif texnikalarından istifadə olunmaqla (sulu boya, yağlı boya, quaş, qara qələm, qarışıq texnika və sair) və istənilən material üzərində işlənə bilər. Siyasi rəhbərlərin portretləri əsərlərdə əks oluna bilməz. Müsabiqəyə təqdim olunan rəsm əsərləri minimum 50x60 sm ölçüdə olmalıdır.
Ədəbi nümunələr
Müsabiqəyə təqdim olunan nəsr, dram nümunələri və şeirlər üçün həcm məhdudiyyəti yoxdur.
Musiqi əsəri
Musiqi əsərlərinin (mahnı, xor, orkestr və sair) not yazısı çap olunmuş, səsləndirilmiş (ifa olunmuş) variantı isə elektron daşıyıcılarda (CD və ya DVD) müsabiqəyə təqdim olunmalıdır.
Elmi-tədqiqat işi
Müsabiqəyə təqdim ediləcək elmi-tədqiqat işlərində Naxçıvan Muxtar Respublikasının müstəqillik dövründəki inkişafı təhlil olunmalıdır. Elmi işlər iqtisadiyyat, təhsil, mədəniyyət, ədəbiyyat, tarix, ekologiya və digər sahələrdən birini əhatə etməlidir. Müsabiqəyə əvvəllər heç bir yerdə nəşr olunmamış orijinal tədqiqat əsərləri təqdim olunmalıdır. Ədəbiyyat siyahısı tədqiqat işinin sonunda ayrı bir səhifədə göstərilməlidir. Ardıcıllıq əlifba siyahısına görə olmalıdır.
Əsərlər elektron daşıyıcılarda (CD və ya DVD) və çap olunmuş şəkildə müəllif haqqında bioqrafik məlumatla birlikdə təqdim olunmalıdır.
Müsabiqəyə təqdim olunmuş əsərlər geri qaytarılmır.
Müsabiqənin keçirilmə vaxtı
Müsabiqə 2016-cı il iyunun 15-dən 2016-cı il noyabrın 30-dək keçiriləcəkdir. Yaradıcılıq müsabiqəsində iştirak etmək istəyənlər hazırladıqları işləri 2016-cı il noyabrın 30-dək şəxsiyyət vəsiqələrinin surəti ilə birlikdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fonduna təqdim etməlidir.
Qaliblər 2016-cı ilin dekabrında elan olunacaq və mükafatlandırılacaqlar.
Müsabiqənin mükafat fondu aşağıdakı kimidir
Müsabiqədə birinci, ikinci, üçüncü və həvəsləndirici yerlər ayrılmış və aşağıdakı mükafat fondu müəyyənləşdirilmişdir:
Birinci yer (1 nəfər) - 1000 AZN
İkinci yer (2 nəfər) - 500 AZN
Üçüncü yer (3 nəfər) - 300 AZN
Həvəsləndirici yer (3 nəfər) - Qiymətli hədiyyələr
Ünvan: Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, Gənclər Mərkəzi
Əlaqə telefonu: (036) 550-84-27