22 Dekabr 2024, Bazar

Dünya ədəbiyyatının tanınmış simalarından olan Lev Tolstoy deyirdi ki, təhsilə tələbat hər bir insanda vardır. Nəfəs almaq üçün havanı sevən və axtaran xalq təhsili də sevir və axtarır. Bəli, təhsil inamlı sabahlar düşünən hər bir insana hava, su qədər vacibdir, istənilən sahədə nailiyyət əldə etmənin yeganə yolu məhz savadlı olmaqdan, biliklərə müfəssəl yiyələnməkdən və onların təcrübədə düzgün şəkildə tətbiqindən keçir. Yaradıcı düşüncəyə, əl qabiliyyətinə əsaslanan incəsənətdə isə istedad da önəmlidir və təhsillə paralel məqsədli inkişaf, perspektivli, uğurlu gələcək vəd edir. Muxtar respublikamızda da məhz bu iki amil əsas götürülərək ayrı-ayrı sənət sahələri üzrə istedadlı uşaqların üzə çıxarılması, onların bilik və bacarıqlarının formalaşdırılması, ixtisaslı kadrların yetişdirilməsi yönündə illərdir, ardıcıl tədbirlərin reallaşdırılması öz bəhrələrini verməkdədir. Ali Məclis Sədrinin 2021-ci il 2 mart tarixli Sərəncamı ilə 50 illik yubileyi qeyd olunan Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvləri sırasında da məhz bacarığı ilə təhsili bir-birini mükəmməl şəkildə tamamlayan onlarla sənət adamı vardır və həmin rəssamlar doğma diyarımızın tarixinin, mədəniyyətinin, təbiətinin, adət-ənənələrinin təbliğində rənglərin dili ilə əvəzsiz xidmətlər göstərirlər...

Rəssamlığı özünə həyat amalı seçən onlarla naxçıvanlı gəncin yoluna ziya saçan muxtar respublikanın ali təhsil ocaqlarında bu sənətin sirləri təcrübəli pedaqoqlar, peşəkar rəssamlar tərəfindən dərindən öyrədilir. Tarixi vərəqləyəndə görürük ki, 1996-cı ildə Naxçıvan Dövlət Universitetində Pedaqoji fakültənin tərkibində Təsviri incəsənət kafedrası yaradılıb və Təsviri incəsənət, rəsmxət və əmək təlimi ixtisası tədris olunmağa başlayıb. 2010-cu ildən isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq qərarı ilə Azərbaycan incəsənət tarixi, xarici ölkələrin təsviri sənət tarixi, məktəbdə bədii tərtibat, rəsm, plastik anatomiya, rəngkarlığın əsasları və digər fənləri əhatə edən Təsviri incəsənət müəllimliyi və Rəngkarlıq ixtisasları açılıb. Təqdirəlayiq haldır ki, bu gün Rəssamlar Birliyinin üzvləri sırasında yer alan, eləcə də muxtar respublikanın ümumtəhsil məktəblərində aid fənləri tədris edən, mədəniyyət ocaqlarında, muzeylərdə çalışan, ölkə və beynəlxalq səviyyəli sərgilərdə uğurla çıxış edən rəssamların əksəriyyəti məhz Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin yetirmələridir.

Dünya musiqi tarixinin görkəmli bəstəkar­larından olan Lüdviq van Bethovenin “Yüzdə iki istedad və yüzdə doxsan səkkiz əzm dahi olmaqdır” fikrini xatırladan fakültə dekanı, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Cavid İsmayılov deyir ki, bütün yaradıcı sahələrdə olduğu kimi, rəssamlıqda da bacarıq, istedad böyük önəm daşısa da, uğur qazanmağın yolu bu üstün məziyyəti inkişaf etdirmək naminə əzmlə, şövqlə çalışmaqdadır. Bəşəriyyət binə olandan bəri yaranıb formalaşan rəssamlıq müasir dövrdə öz rəngarəngliyi ilə daha da populyarlaşıb, insanların sevib-seçdiyi sənət sahəsinə çevrilib, yeni texnologiyalar, üslublar bu sahəyə də geniş surətdə sirayət edib. Bu məqamda maraqlı nüansa toxunmaq istərdim. Keçmişdə olduğu kimi, bu gün də bəziləri deyir ki, əl qabiliyyətin, istedadın varsa, zamanla səndən yaxşı rəssam çıxar, ali təhsil almağın elə bir önəmi yoxdur. Əksər həmkarlarım kimi, mən də bu fikirlə razı deyiləm. Gəlin bu barədə dərindən düşünək. Uzağa getmədən götürək elə musiqi sahəsini. Aydındır ki, az da olsa, səs tembrin varsa, mahnı oxuya bilərsən, ancaq savadın yoxdursa, musiqinin xırdalıqlarına varıb yeni nəfəs gətirmək və beləliklə də, tamaşaçını təəccübləndirmək alınmayacaq. Təbii ki, rəssamlıqda da belədir. Sözügedən məsələ ilə bağlı istənilən orta məktəbə üz tutsaq, orada gözəl əl qabiliyyətinə malik çox sayda istedadlı uşaqlar müəyyən edə bilərik. Onlar gözəl mənzərələr, fərqli əl işləri yaratsalar da, bəziləri sənətə dərindən yiyələnməyi hədəfləmir və istedad da zamanla korşalıb itir. Yüzlərlə belə nümunə göstərmək mümkündür. Məhz bu incə məqamlara əsaslanan dahilər doğru söyləyiblər ki, bir insanın dəyəri, sahib olduğu istedada görə deyil, ondan necə istifadə etdiyinə əsasən müəyyən edilməlidir. Bu baxımdan istedadından düzgün yararlanaraq özünü peşəkar rəssam kimi formalaşdırıb geniş tamaşaçı rəğbəti qazanmaq istəyən hər bir şəxs mütləq şəkildə ali təhsil almalıdır. Tədris zamanı tələbə rəssamlığın portret, natürmort, qrafika, karikatura, plakat, mənzərə və digər janrlarına dərindən yiyələnməklə yanaşı, fantaziyasını artırır, üslubunu formalaşdırır və beləcə, zamanla özünü püxtələşdirə bilir. Unutmaq olmaz ki, bu sənət Uca Yaradanın insanoğluna lütfüdür, fitri istedaddır. Məhz buna görə də rəssamlıq xəyanəti bağışlamır. Davamlı olaraq vicdanlı şəkildə çalışsan, uğurun dalınca düşməyə lüzum qalmayacaq, o, özü gəlib səni tapacaq. Tələbələrlə söhbətimizdə də hər zaman deyirəm ki, çalışın çəkdiyiniz rəsmlərdə realistlikdən çox, qeyri-adilik, fantaziya, düşüncə özünü təcəlla etsin. Çünki ən gözəl real rəsmi Allah yaradıb, biz insanoğlu ondan üstününü bacarmarıq, lakin ideyamızla yeni çalarlar ortaya qoyub fərqlilik edə bilərik. Bir də ki, əsas yaratmaq deyil, yaşatmaqdır, o sənətkar xoşbəxtdir ki, onun əl işinə baxdıqca baxılır, dövr ötsə də, özünəməxsusluğunu itirmir.

Cavid müəllim onu da qeyd edir ki, fakültədə dərslər boyakarlıq ləvazimatları, avadanlıqlarla təmin olunmuş emalatxanatipli siniflərdə keçilir ki, bu da tələbələrin yaradıcılıq potensialının sürətli inkişafına yol açır. Xalq rəssamı Hüseynqulu Əliyev, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Həbibə Allahverdiyeva, Fizzə Quliyeva və sənətdə öz sözünü demiş digər təcrübəli rəssamlar bilik və bacarıqlarını gənclərə aşılamaqla onların gələcəyin peşəkar sənət adamları kimi yetişməsində müstəsna rol oynayırlar. Ali Məclis Sədrinin hamiliklə bağlı imzaladığı müvafiq sərəncamlara uyğun olaraq fakültə ilə Rəssamlar Birliyinin arasında əlaqələr daha da gücləndirilib, il ərzində birgə çox sayda tədbirlər, sərgilər, müsabiqələr təşkil olunur. Ötən il 44 gün ərzində müzəffər Ordumuzun qazandığı möhtəşəm qələbə də rəssam tələbələrin maraq dünyasına böyük mənada sirayət edib, vətənpərvər oğullarımızın qəhrəmanlıqlarından bəhs edən onlarla əsər ərsəyə gəlib. Universitetdə, həmçinin Təsviri incəsənətin tədrisi, metodikası və metodologiyası, Təsviri incəsənətin tarixi və nəzəriyyəsi adlı iki magistr ixtisası da fəaliyyət göstərir ki, bu da tələbələrə aid sahə üzrə gələcəyin alim və pedaqoqu kimi yetişmələrinə yol açır. Ümumilikdə, ali təhsil ocağında tələbələrə istedadlarını sınayıb bacarıqlarını göstərmələri, öz üzərində işləyərək nailiyyətlər əldə etmələri üçün bütün imkanlar yaradılıb. Yetər ki, bu əlverişli şəraitdən lazımınca faydalansınlar.

Naxçıvan Müəllimlər İnstitutunda 2008-ci ildən Təsviri incəsənət, rəsmxət və əmək təlimi ixtisası fəaliyyətə başlayıb, bir il sonra isə Təsviri incəsənət müəllimliyi ixtisası açılıb, ötən dövrdə ali təhsil ocağında heykəltəraşlıq, ebru, rəsm və boyakarlıq kabinələri yaradılıb. Təbiət və incəsənət fakültəsinin dekanı, pedaqogika üzrə fəlsəfə doktoru Rövşən Vəliyev məşhur fransız yazıçısı Emil Zolyanın “İstedad olmadıqdan sonra insan sənətkar ola bilməz, amma öz üzərində işləmədikcə də istedad bir işə yaramaz” fikrini xatırladaraq deyir ki, bütün yaradıcı sahələr kimi təsviri sənət də xüsusi istedadla yanaşı, usanmadan çalışmağı, hər gün yeni bir çalar, incəlik ortaya qoymağı, sağlam rəqabəti sevir. Təqdirəlayiq haldır ki, tələbələrimizdə bu xüsusiyyət var, çox çalışqandırlar, öz üzərlərində daim işləyir, yeniliklər ortaya qoyurlar. Müsabiqələrdə qazanılan uğurlar isə həm pedaqoji kollektivi sevindirir, həm də onlara əlavə stimul verməklə yaratmaq əzmi aşılayır. Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin təşkilatçılığı ilə keçirilən sərgilərdə, festivallarda ali təhsil ocağı yüksək səviyyədə təmsil olunur, il ərzində bütün əlamətdar günlərlə bağlı tələbələrimizin əl işlərindən ibarət institutdaxili sərgilər də keçirilir, əməyi olanlar layiqli qiymətini alır.

Rövşən müəllim qeyd edir ki, rəssamlıq sənətinin keçmişinə, çəkilən klassik rəsmlərə nəzər salanda hər bir əsərdə tarix, mədəniyyət, adət-ənənə, dövrün xarakterik xüsusiyyətləri gözlərimiz önündə canlanır. Müasir dövr muxtar respublika rəssamlığı, yaşayıb-yaradan sənət adamları bu baxımdan xoşbəxtdir ki, işləməyə, ortaya qoymağa mövzu rəngarəngliyi var, texniki imkanlar əlçatandır, şərait əlverişlidir. Müstəqillik illərində dövlətimizin bütün sahələrdə qazandıqları uğurlar rəssamlar üçün əsl ilham mənbəyidir. Bildiyimiz kimi, ötən il müzəffər Ordumuzun şanlı Qələbəsi ilə yekunlaşan 44 günlük Vətən müharibəsi bütün yaradıcı sahələrə yeni ab-hava gətirdi. Rəssamlığı həyat amalı seçən tələbələrimiz də məhz öz fəaliyyətlərində bu mövzuya geniş yer verir, Zəfər salnaməmizdə böyük payı olan şəhidlərimizin portretlərini yaradır, müharibədə yaşananları, vətənpərvər oğullarımızın şücaətlərini kətan üzərində əks etdirməyə çalışırlar. Çəkilən hər rəsmdə özünəməxsusluq, bənzərsizlik müşahidə edirik ki, bu da tədrisə cəlb olunan peşəkar rəssamlarımızın əməyinin hədər getmədiyini göstərir. Söhbətin bu yerində ümummilli liderimiz Heydər Əliyevin dəyərli bir kəlamını xatırlatmaq istərdim: “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir...” Bu mənada, fakültəmizdə də Nizami Alıyev, Arzu Novruzov, Həbib Allahverdiyev, Həbibə Allahverdiyeva, Mahir Xəlilov kimi işinə böyük məsuliyyətlə yanaşan, sənəti sevdirən təcrübəli sənətkarlar, müəllimlər çalışır ki, bu da tələbələrin hərtərəfli yetişməsi üçün onlara böyük fürsət qazandırır. Təbii ki, müəllimin dəyəri tələbəsinin uğuru, nailiyyəti ilə ölçülür. Bu mənada, institutumuzun məzunları barədə tez-tez eşitdiyimiz xoş sədalar, qazandıqları nailiyyətlər hər birimizə qürur, fəxarət yaşadır. Hazırda təhsil alan, böyük uğur əldə edən tələbələrdən Çinar Hacıyevi xüsusi qeyd edə bilərəm. Belə ki, 2019-cu ilin yekunlarına görə “İlin rəssamı” nominasiyasının qalibi olan Çinar bir sıra sərgi-müsabiqələrdə ciddi uğurlar əldə etməklə, eləcə də bu yaxınlarda Gənclər və İdman Nazirliyinin, Rəssamlar Birliyinin və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilən “Nizami dünyası” adlı rəsm müsabiqəsində birinci yer tutmaqla müəllimlərinin gələcəyi ilə bağlı inamlı fikirlərini təsdiqlədi. Çinarın timsalında bütün yaradıcı, məsuliyyətli, hazırcavab tələbələrimizə yeni müvəffəqiyyətlər arzulayıram və inanıram ki, gələcəkdə hər biri bu sənətdə layiqli mövqeyini tuta biləcək.
Böyük yunan filosofu Sokrat deyirdi ki, təhsil bir qığılcımla atəşi yandırmaqdır, boş bir qabı doldurmaq deyil. Məhz incəsənətin digər sahələri kimi, rəssamlığa da dərindən yiyələnmək, özünəməxsus, fərqli, zövqlü əsərlər ərsəyə gətirib tamaşaçıları heyrətləndirmək üçün, ilk növbədə, bacarığın, qabiliyyətin olmalıdır ki, təhsil alaraq daha da püxtələşəsən. Lakin istedad, bacarıq yoxdursa, təhsil heç nəyi dəyişməyəcək, başqa sözlə, həyat amalını, yolunu düzgün seçib doğru addım atmalısan ki, ömrünü uğur nərdivanına aşağıdan yuxarı baxmaqla keçirmək məcburiyyətində qalmayasan...

 Nail ƏSGƏROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR