Xəyalımın keçmişə açılan, “uşaqlıq çağları” adlandırdığım pəncərəsindən günün hər saatında, hər anında duyuram bu səsləri. Yaş ötdükcə, həyatın çətinlikləri ilə qarşılaşdıqca uşaqlıq çağlarımın əlçatmazlığını dərindən dərk etsəm də, qəlbim bu acı həqiqətlə barışmaq istəmir. Hər ötən gün daha da ürəkdən arzulayıram o illərə qayıtmağı, yaşananları yenidən yaşamağı. Gözlərimin həsrət dolu alovunu söndürə bilmir nə yağan qar, nə də ki yağış, könlümdən qopan hicran səslərini yenidən üzümə çırpır əsən külək, qopan tufan...
Günəşin zərrin şəfəqlərinin ana təbiətə yaşamaq-yaratmaq ruhu verdiyi bir bahar səhərində keçirəm doğma kəndimin xatirəmdə dərin, unudulmaz izlər buraxan, bir vaxt daşı-kəsəyi ilə ayaqlarımı incitsə də, indi hamarlığı ilə gözoxşayan küçələrindən. Məsum duyğulu, pak düşüncəli uşaqlıq illəri yenidən xəyalıma gəlir qonaq. Canlanır gözlərim önündə həmyaşıdlarımla küçədə “Qaçdı-tutdu” oynamağımız, çınlayır qulağımda ağbirçək nənəmin “Ay bala, gəl evə, az “Qovalaqaç” oyna, axırda tərləyib xəstələnəcəksən” sözləri. İstəyirəm, əvvəlkitək yorulub əldən düşənədək oynayım, “Tərləyib xəstələnməyim önəmli deyil, yetər ki, uşaq şuxluxum, təravətim qayıtsın geri” sözləri ilə hayqırır könlüm. Döngəmizin başına çatar-çatmaz rastıma çıxır əllərində çörək dəstələri evə tələsən bir neçə xanım. Bu an, sanki duyuram nənəmin halal zəhmətlə qurduğu təndirdən ətrafa yayılan ləziz çörək ətrini. Düşür yadıma nənəmin səhər obaşdan qonşu qadınlarla birgə təndir salıb, çörək yapmağı, arabir mənə, “bala, o küfləni aç, təndirin nəfəsi kəsildi” deməsi, isti təndir çörəyi ilə biz nəvələrinə tutduğu dadı indi də damağımda qalan pendir dürməyini bağımızdan oğrun-oğrun qopardığımız yenicə qızaran pomidorla bir küncə çəkilib şən, deyə-gülə yeməyimiz, gün batana yaxın iy gedir, – deyə qonşu evlərə də təndir çörəyindən pay aparmağım. Qəlbimə yayılan munis duyğularla hiss edirəm oyunlar əsnasında dizimin, dirsəyimin sıyrılmasından yaranan ağrının xəfif sızıltısını. Necə də şirin gəlir bir zamanlar ağrı-acılar yaşadan o anlar indi. Çınlayır qulağımda var gücümlə vurduğum topun qırdığı şüşənin cingiltisi, həvəslənirəm babamın könlümə dəyməmək üçün, ay bala, olan işdir düzələr, deməsindən, düşür yadıma məhəlləmizdə uşaqlarla oynadığımız “Bənövşə” oyunu. Qurduğumuz bəndin daha da möhkəm olması üçün yoldaşımın əlindən bərk-bərk yapışmağım, qarşı bənddən birinin adını çəkib, onu cəldliyə, mübarizliyə səsləməyim, sağlam rəqabətə qapılaraq həmyaşıdlarıma meydan oxumağım. “Nə qədər ki, hər kəs bir-birindən möhkəm yapışıb, bu bəndi heç kim qırıb keçə bilməz” fikrinə xəyalımda yenə inanıram, uşaqlıqdakı kimi. Xəyallar aləminin sehrindən qopmadan düşünürəm: Bənövşə oyunu ilə atalarımızdan miras qalan “Güc birlikdədir!” hikmətinin məğzi açılır, mahiyyəti sirayət edirdi biz uşaqların aləminə, maraq dünyasına. Özümüz də fərqinə varmadan təməli qoyulurdu gələcək inkişafımızın, formalaşırdı düşüncəmizdə yumruq kimi birlik, bərabərlik hissi, əzmi. Oyun həm əyləndirir, həm də düzgün tərbiyə edir, öyrədirdi bizi.
Məhəlləmizin hər qarışına ayaq basdıqca dilə gəlir şirin-şəkər xatirələr, qarışır bir-birinə illər arxasından gələn pıçıltılar: xatırlayıram, məhəllə yoldaşlarımla “Gizlənqaç” oynamağımızı. Gözlərim önünə gəlir həmyaşıdımın əlləri ilə gözünü bərk-bərk yumması, “Alma saraldı, gözüm qaraldı”, – deyib gözünü açanadək qaçıb xəlvəti yerdə gizlənməyimiz. Budur, o, gözlərini açaraq səksəkəli halda axtarır gizlənənləri. Yeri müəyyən olunan daha cəld tərpənərək həmin yerə birinci gəlir. Sonra həmyaşıdım yenidən yumur gözlərini. Beləcə, davam edir əyləncə dolu oyunumuz, aşılanır bizə hər işdə çevik, zirək, ayıq-sayıq davranmaq kimi üstün məziyyətlər. Böyüyüb yaşa dolduqdan sonra önümüzə çıxan maneələrə qarşı atdığımız addımlar, gördüyümüz işlər zamanı dərk edirik bu oyunun xarakterimizi möhkəmləndirdiyini.
Səhərin erkən çağından başlayırıq “Qəcəmədaş”a. Hərəmiz bir kənara çəkilib toplayırıq daşları bir-bir. Yığırıq əlimizə altı ədəd kiçik daş. Bir daşı yuxarı atanda yerə tökülür ovcumuzdakı digər daşlar. Sonra həmin daşı yenə yuxarı atıb, o, aşağı enənədək yerdəkiləri yığırıq bir-bir. Var gücümüzlə çalışırıq ki, havadakı daş yerə dəyməsin. Bu oyunla çevikləşib, cəldləşirik, diqqətimiz cəmləşir, fikrimiz qətiləşir. Hər günü bir imtahan olan həyat meydanına bənzədirəm “Qəcəmədaş”ı. Gərəkdir ki, hər işi vaxtlı-vaxtında, yubanmadan görəsən, atalarımız demişkən, bu günün işini sabaha qoymayasan. Əks-təqdirdə göydəki daşın yerə dəyməsi kimi, arzuların, ümidlərin də düşər suya.
Budur, hərəmiz əlimizdə xüsusi zövqlə yonub düzəltdiyimiz bir ağac parçası, “Çilingağac” oynamaq üçün yığışmışıq həmişəki məkanımıza. Öncə münasib yer tapır, qazırıq kiçik çala. Sonra başlayırıq oyuna. Çilingi havaya qaldırıb toxmağın arxasıyla vururuq irəli. Çiling havada ikən rəqibimiz çalışır ki, onu ya əli, ya da əlindəki toxmaqla vursun, yaxud tutsun. Çiling tutulur, vuran uduzur. Qalib gələn ürəkdən sevinir, uduzansa, əl atır cığallığa. Bax, beləcə, şən keçən oyunumuz öyrədir bizə hər işdə diqqətli, ehtiyatlı, dəqiq olmağı, qarşılaşdığımız məsələlərə daha həssas yanaşmağı, səhvə yol verməməkdən ötrü düzgün qərar verib, səlis davranmağı.
“Yeddidaş” oynamağımız canlanır xəyalımda. Aşılayır bizə bu oyun daşı daş üstünə qoymağın nə qədər çətin olduğunu, onu dağıtmağın isə an içində mümkünlüyünü. Xəyallar məngənəsində düşünürəm bircə anlıq. Məgər yaşadığımız həyat da belə deyilmi? Bacarığın, qabiliyyətin, zəhmətin hesabına illərlə qazandıqlarını, nail olduqlarını səhlənkar davranışınla, yanlış hərəkətinlə, buraxdığın səhvlə itirirsən, bir neçə dəqiqəyə. Elə isə bu kiçik oyunun əhəmiyyəti həyat kimi “Böyük oyun”dan çıxartdığımız nəticədən bəlli olur. “Ağac-ağac” oyunu itigörmə, dəqiqlik və diqqət tələb edərdi bizdən, “Evcik-evcik”də özümüzə qurardıq “ev-eşik”, sanki ailə sahibi olardıq, öz balaca düşüncəmizlə idarə edərdik o “ailə”ni, “ortadaqaldı”da var gücümüzlə oyan-bu yana qaçaraq topdan yayınıb ortada qalmağa çalışardıq. Hələ küçə-bacadan topladığımız məftillərlə düzəltdiyimiz “müxtəlif markalı avtomobil”ləri demirəm. Hərə əlində özünəməxsus “avtomobil”lə düşərdik tozlu-torpaqlı yolların canına. Aramızdakı rəqabətdən artardı əl qabiliyyətimiz, təkmilləşərdi düşüncəmiz, formalaşardı göz duyumumuz, estetik zövqümüz...
Uşaqlıq xatirələri ilə dolu, ayrılmaq istəmədiyim xəyalların əlindən məni o illərin canlı yadigarı, həmyaşıdım qoparır, əyləşib məhəlləmizdə söhbət salırıq ötənlərdən-keçənlərdən. Eh, uşaqlığımızın o qədər yaddaqalan məqamları vardır ki, xatırladıqca hey yada düşür... Bu oyunlarla çəkişib-bərkişərək daha möhkəm tellərlə bir-birimizə bağlanardıq, yaşadıqlarımız, qazandıqlarımız isə göründüyü kimi heç vaxt unudulmur, enişli-yoxuşlu həyat yollarında daim köməyimiz, dayağımız olur...
Bəli, artıq zaman qatarı sürətlə ötüb keçib, illər, fəsillər arxasında qalıb sevinc dolu məsum baxışlı, saf, təmiz duyğulu uşaqlıq çağlarım. Günü-gündən gözəlləşən kəndimizin ucu-bucağı görünməyən, tər-təmiz yollarına tamaşa etdikcə səssizlik, sakitlik təlatümə gətirir qəlbimdəki sual dolu hisslərimi, ayağımı əzən əvvəlki daş-kəsəyin yerini indi ürəyimi sıxan sükutun hayqırtısı zəbt edib. Heyifsilənirəm. Daha nə küçədə qaçan-tutan, bir-birinin əlindən bərk-bərk yapışıb birlik göstərən, bənd yaradan, ortadaqalan, çiling atan azyaşlı görmək olur, nə də uşaqları bu oyunlara həvəsləndirən, balacaların dünyasına toxunmadan bir kənardan xəlvətcə onları izləyən valideynləri. Artıq “ocağın közünü illərin qar-boranı çoxdan söndürüb, su qaynatmağa maraq da, görünür, elə o közlə sönüb gedib”, damalar cızmağa hövsələ qalmayıb, nəinki onun üzərindən ehtiyatla hoppanmağa cəhd. Nə gizlənən var, nə də axtaran, əl üstə kimin əli deyəni də tapammarsan... Bu səssizlik ağuşunda düşünürəm: Bəs niyə bir vaxtlar tozlu-torpaqlı küçələrdə oynayan biz uşaqların şən-şaqraq gülüşlərinin yerini indi səssizlik tutub? Cavab isə gün kimi aydındır. İndiki uşaqlar ya evdə valideynlərinin tövsiyəsi ilə mobil telefona aludə olub, ya da kompüter oyunlarına. Görəsən, valideynlər niyə cəmiyyətin gələcək inkişafına yönəlmiş bu taleyüklü məsələyə belə biganədirlər?! Axı onlara eyni laqeyd münasibət göstərilməyib, vaxtilə adını sadaladığım xalq uşaq oyunları sevə-sevə öyrədilib indiki valideynlərə. Bəs biz valideynlər özümüzə bircə dəfə də olsa, “axı biz vaxtilə gələcəyimizin sağlam təməllər üzərində qurulmasına sövq edən şirin-şəkər oyunlar oynamışıq, bu səbəbdən indi xatırlamağa, yada salmağa, balacalara danışmağa maraqlı uşaqlıq xatirələrimiz, anlarımız var, bəs övladlarımızın necə?” – sualını vermişikmi? Özümüzü övladlarımızın yerinə qoymuşuqmu? Gəlin, düşünək görək, bu gün kompüterdə, planşetdə, telefonda mənasız, dava-dalaş, aqressiya yaradan oyunlarla vaxt keçirən uşağın sabahı, təlim-tərbiyəsi necə formalaşacaq, onun gələcək nəsillərə danışmağa hansı maraqlı xatirəsi ola bilər? Kimsə demir ki, kompüteri, planşeti, mobil telefonu həyatımızdan çıxarıb bir kənara ataq, əsla yox. Təbii ki, müasir texnologiyaları öyrənməyimiz, gündəlik həyatımızda tətbiq etməyimiz inkişafımıza hesablanıb və zamanın tələbidir. Ancaq milliliyimizi, kimliyimizi yaşadan, sağlam həyat tərzi aşılayan uşaq oyunlarını da unutmaq olmaz. Əziz valideynlər, bircə anlıq illər arxasından gələn öz uşaqlıq xatirələrinizin səsinə qulaq asın və övladınızı o gözəl anları yaşamaqdan məhrum etməyin...
Nail ƏSGƏROV