Bir bağban əli var təbiətində
Dağda çiçəyi bol, bağda barı bol.
O, yaxın dostudur təbiətin də
Yayda günəşi bol, qışda qarı bol.
Bu misralarla dünyaya göz açdığı, qaynar bulaqlarından ilham alıb, həzin-həzin axan çaylarının zümzüməsi ilə xəyala daldığı, sıldırım qayaların, əzəmətli dağların qucağında gözəllik işığı kimi parlayan Şahbuzunun incə zövqlə bədii portretini çəkib böyük şairimiz Məmməd Araz. Bəli, yazda sinəsi lalələrlə, nərgizlərlə bəzənən Batabatın, Ağbulağın sərin, təmiz havası, yayda Kükünün qırmızıyanaq alması, payızda qışa hazırlıq görən insanlarla təbiətin harmoniyası, rənglərin sevdası, qışda gənclərin görüşünə tələsən xizək mərkəzi, ilboyu cəvizi, badamı, “Badamlı”sı ilə özünə heyran qoyur elləri Şahbuz. Arxada buraxdığımız tarixin vətənpərvərlik hisslərinə bürünən, zəfər ətirli 2020-ci səhifəsi də uğurlu, yaddaqalan oldu bu bölgəmiz üçün. Emin Sadiqov, Firuz Qureşli, Zülfü Rzayev kimi qalibiyyət savaşımızın neçə-neçə qəhrəmanları ilə öyündü, fəxarət duydu dağ əzəmətli Şahbuz da. Bütün bu qürur dolu anları yaşamaqla, yaşatmaqla bərabər daha da gözəlləşdi, müasirləşdi, yeniləşdi, bənzərsiz naxışlarla bəzəndi zirvəsi də, ətəyi də. Gəlin tariximizin qızıl hərflərlə yazılan, zəfər təşnəli 2020-ci səhifəsinə inkişaf, tərəqqi yolundan dönməyən muxtar respublikamızın bu bölgəsinin timsalında nəzər yetirməyə çalışaq...
Sıldırım qayaların arası ilə qıvrılan abad yollar, müasirləşən infrastruktur...
Günümüzdə bir insanın xarakteri barədə soraq alanda bəzi hallarda yolyoldaşı olmamışam, nə deyim, cavabını eşidərik. Müxtəlif dövrlərin insanları seçdikləri peşə ilə bağlı, fəaliyyət sahələrinə uyğun həm yolları, həm də bu yolda yoldaşları da yaxşı tanımağa çalışıblar. Tarixi vərəqləyəndə böyüklərimizin sovet dönəmində bədnam yoldaşlarla yanaşı, bərbad yollarla da qarşılaşdığı, yolların “vəfa”sızlığı ucbatından yarıda qaldıqları vaxtlar, yaşadıqları acınacaqlı hallar sərgilənir gözlərimiz önündə. Ucqar bölgələrimizdən sayılan Şahbuzun timsalında həmin vəziyyəti bugünkü baxış bucağından təsəvvür etmək çətin gəlir insana, nəinki o dövrdə yaşayıb əyani şahidi olasan, hər gün, hər an qaçılmaz sədd, keçilməz maneə gələ, nə zamansa bu iztirabdan qurtaracağını belə, gətirə bilməyəsən təsəvvürünə. Tez-tez bu ucqar bölgəmizə üz tutub sakinlərlə ünsiyyət yaratdığımçün az da olsa, xəyalımda canlandıra bilirəm o günlərin acı mənzərələrini. Sakinlərin dediyinə görə, müstəqilliyin ilk illərində yalnız təbiətin bəxş etdiyi gözəlliklərlə kifayətlənməli olan Şahbuzda yol, nəqliyyat, kommunikasiya və digər infrastrukturların dözülməz vəziyyəti barədə eşitməsən yaxşıdır: “Naxçıvan şəhərindən rayon mərkəzinə, hələ buradan kəndlərə getmək insana dağ aşmaq qədər ağır gələrmiş bir vaxtlar. 30-45 dəqiqəyə rayon mərkəzinə, 1 saatdan artıq vaxta isə rayonun ucqar kəndlərinə ancaq yetişə bilərdin”. Araşdırıb, o dövrün acı həqiqətlərini öyrənəndə sakinlərin “dağ aşmaq” bənzətməsini hədər yerə söyləmədiyi gün kimi aydın olur. Çala-çökək, yağışlı havalarda zığ-palçıqla bəzənən, sıldırım qayalarla, uçurumlarla müşayiət olunan yollar qışda daha vahiməli, təhlükəli hala düşür, avtomobillərin vaxtında mənzilbaşına yetişməsi mümkünsüz idi.
Deyirlər, zaman hər şeyin çarəsidir. Lakin, fikrimcə, insana sevgi, hörmət olan, torpağın qədir-qiyməti bilinən yerdə yol, istiqamət də düzgün seçildisə, zamanın hökmünün elə bir önəmi qalmır, bütün problemlər qısa vaxt çərçivəsində öz həllini tapır. Elə muxtar respublikamızın bütün bölgələri kimi Şahbuzun da timsalında müstəqillik illərinin mənzərəsinə tamaşa etməyimiz kifayətdir ki, inkişafın, quruculuğun, tərəqqinin zamanı necə qabaqladığının şahidi olaq. Reallıq odur ki, öz torpağına, elinə bağlı insanların gərgin zəhməti sayəsində insanları narahatlıq məngənəsində sıxan xoşagəlməz hallar artıq aradan qaldırılıb, indi buraya üz tutan qonaqları gözəl, yaraşıqlı Şahbuz şəhəri qarşılayır, rayonun ta ucqar dağ kəndlərinədək geniş və abad yollar müşayiət edir, yeni salınan turizm obyektləri, cəlbedici məkanları ilə ilin bütün fəsillərində insanlara “xoş gəldiniz” – söyləyir bu bölgəmiz. İldən-ilə həcmi genişlənən tikinti-quruculuq tədbirləri 2020-ci ildə də uğurla davam etdirilib, günü-gündən gözəlləşən Şahbuzun hüsnünü quruculuq töhfələri daha da gözəlləşdirib. Belə ki, ötən il tikinti-quraşdırma işlərinə qoyulan investisiyanın dəyəri 2,2 faiz artaraq 27 milyon 858 min 300 manat təşkil edib. Muxtar respublikamızın son illərdəki inkişaf sferalarını nəzərdən keçirəndə ordu quruculuğuna xüsusi önəm verildiyinin şahidi oluruq. 44 günə düşmənin 30 illik xülyasını sulara qərq edən, müqəddəratını tamamilə qıran Azərbaycan Ordusunun Böyük Zəfərində böyük pay sahibi olan Əlahiddə Ümumqoşun Ordu bu qüdrəti, təbii ki, əbəs yerə qazanmayıb. Döyüş tapşırığını yüksək səviyyədə yerinə yetirmək üçün təlim mərkəzlərinin inşa olunması, hərbi qulluqçuların məişət şəraitinin yaxşılaşdırılması, hissələrin müasirləşdirilməsi yönündə işlər illər öncədən başlayıb və hazırda da uğurla davam etdirilir. Elə düşmənlə, bilavasitə, təmas xəttində yerləşən Şahbuz rayonunun hərbi hissələrinin də müasir infrastruktura salınması, maddi-texniki təminatının yüksəldilməsi hər il diqqətdə saxlanılır. 2020-ci ildə də bu sahəyə xüsusi önəm verilib, rayonda ordu quruculuğu istiqamətində üç anqarın və bir yaşayış binasının tikintisi, əsgər yataqxanasının əsaslı təmiri davam etdirilib. Ümumilikdə, 2020-ci ildə rayonda 21 müxtəlif təyinatlı obyekt tikilib və ya əsaslı təmir olunub, 9 müxtəlif təyinatlı obyektin tikintisi və ya yenidən qurulması davam etdirilib. Rayonda həyata keçirilən tədbirlər, turizm obyektlərinin, istehsal və xidmət sahələrinin yaradılması, iş yerlərinin açılması məskunlaşmanı daha da artırmaqla bərabər, Şahbuzun hüsnünün yaraşıqlı evlərlə bəzənməsi ilə də nəticələnib. Bu baxımdan 2020-ci ildə rayonda əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, 5016 kvadratmetr yaşayış sahəsi istifadəyə verilib. Ali Məclis Sədrinin müvafiq Sərəncamı ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın qəbul olunması bundan sonrakı dövrdə də bütün bölgələrin sakinləri kimi, zəhmətkeş şahbuzluların sosial rifahının yüksəlməsinə, məşğulluqlarının daha da artırılmasına öz töhfəsini verəcək.
Aqrar sahədə qazanılanlar dayanıqlı inkişafa yol açır...
Dağlıq və dağətəyi zonaları, cəlbedici flora və faunası, coğrafi şəraiti ilə diqqətçəkən Şahbuzda kənd təsərrüfatı sahələrinin inkişafı prioritet istiqamət kimi hər il diqqət mərkəzində saxlanılır, torpaqların münbitliyinin artırılması üçün görülən aqrotexniki tədbirlər, mülkiyyətçilərlə aparılan maarifləndirici söhbətlər əkilən ərazilərin miqyasının ilbəil daha da genişlənməsi ilə nəticələnir. Artıq neçə illərdir ki, fermerlərə subsidiya və gübrələrin verilməsi, texnikalarla təminat, o cümlədən keyfiyyətli yerli toxum sortlarından istifadə əkinçilikdə məhsuldarlığın da səviyyəsini artırır. Ötən ilin statistik göstəriciləri də belə deməyə əsas verir ki, şahbuzlular əkin-biçin işlərinə xüsusi önəm verir və əkinlərin vaxtlı-vaxtında suvarılması, düzgün aqrotexniki qulluğun göstərilməsi, son nəticədə, məhsul bolluğuna yol açıb. Belə ki, bəhs olunan dövrdə 1382 hektar buğda əkini sahəsindən 3842, 181 hektar arpa əkinindən 472, 1675 hektar dənli və dənli-paxlalı bitkilərin əkini sahəsindən 4583, 5 hektar dən üçün günəbaxan əkinindən 10, 162 hektar tərəvəz bitkiləri əkilmiş sahədən 1905, 10 hektar bostan bitkiləri əkilmiş sahədən isə 91 ton məhsul tədarük olunub. Muxtar respublikamızda ilboyu daxili bazarın ən çox tələb olunan keyfiyyətli kartofla təminində, iqtisadiyyatda xüsusi çəkiyə malik kartofçuluğun inkişafında əməksevər şahbuzluların zəhmətini xüsusi qeyd etmək lazımdır. Kartof sərini, rütubəti sevdiyi üçün dağ havalı Şahbuzda bu sahədə təsərrüfat qurub yaxşı gəlir əldə etməyə geniş imkanlar vardır və ötən il 440 hektar kartof əkilmiş sahədən 6428 ton məhsul yığılması da təsərrüfatçıların bu sahədəki zəngin təcrübələrindən xəbər verir. Bütün rayonlarımız kimi Şahbuza da üz tutduğumuz zaman yolboyu süfrələrə bolluq, bərəkət gətirməklə yanaşı, həm də kəndlərimizə estetik görünüş bəxş edən meyvə, üzüm bağları diqqətimizdən yayınmır. Hər il bu ərazilər daha da böyüyür, yeni meyvə və üzüm bağları salınır, bol məhsul yığılır. Ötən il də bu baxımdan Şahbuzun timsalında uğurlarla yadda qalıb, barverən meyvə bağlarından 8205 ton, üzüm bağlarından 194 ton məhsul yığılıb ki, bu da 2019-cu ildəki göstəricini xeyli üstələyib.
Dağətəyi otlaq əraziləri bol olan Şahbuzda kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlığın inkişafının davamlı olaraq dəstəklənməsi təsərrüfatçılara bu istiqamətdə işlərini düzgün qurmağa imkan verir. “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin uğurlu icrası iribuynuzlu mal-qaranın, xırdabuynuzlu heyvanların baş sayının, eləcə də təbii məhsul istehsalının artımına yol açır. Bu müsbət tendensiyanı 2020-ci ilin statistik nəticələrində də görmək mümkündür. Belə ki 1 yanvar 2021-ci il tarixə rayonun bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 22 min 854, qoyun və keçilərin sayı isə 123 min 741 baş olub ki, bu da bir il öncəyə nisbətən müvafiq olaraq 1,6 və 1,8 faiz çoxdur. 2020-ci ildə rayonda diri çəkidə 3261 ton ət, 15578 ton süd, 15508,6 min ədəd yumurta, 183,8 ton yun istehsal edilib, 2019-cu illə müqayisədə ət istehsalı 2, süd istehsalı 1,8, yumurta istehsalı 1,7, yun istehsalı 1 faiz artıb. Ümumilikdə, 2020-ci il Şahbuz üçün bütün sahələrlə yanaşı, kənd təsərrüfatının da dayanıqlı inkişafının təmin edilməsi baxımından uğurlu dövr kimi yadda qalıb, rayonda kənd təsərrüfatının ümumi məhsulu 59 milyon 145 min 700 manat olub ki, bu da 2019-cu ildəki müvafiq göstəricidən 4,3 faiz çoxdur.
Şəhidlik məqamına ucalanlara qarşı ucalıq...
Xalqımızın qanında, canında cövlan edən vətənpərvərlik, Vətənə, doğma torpağa bağlılıq hissləri tarixboyu özünü ən parlaq şəkildə göstərib, zaman-zaman haqqına bais çıxmağa, varlığına göz dikməyə çalışan yadellilərə qarşı birlik, bərabərlik içində mübarizə aparıb, məğrurluq nümayiş etdirib ulu babalarımız. Ötən əsrin 90-cı illərində yaşanan məlum hadisələr ölkəmizin, muxtar respublikamızın ərazi bütövlüyünü təhlükə qarşısında qoyanda da yenə yurdsevər oğullar sinəsini doğma el-oba yolunda sipər etdilər, torpağa sadiqlik andı içərək canlarından, qanlarından keçdilər. Aradan ötən bu illər ərzində xalqımız, dövlətimiz uğrunda canını fəda edən Vətən övladlarının adını, xatirəsini daim uca tutdu, ailələrinə hörmətlə, qayğı ilə yanaşıldı, sosial təminatları yüksəldildi, mənzil-məişət şəraitləri xeyli yaxşılaşdırıldı. Müstəqillik illərinə nəzər yetirəndə görürük ki, Ali Məclis Sədrinin həssas münasibəti sayəsində muxtar respublikamızda Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, müstəqilliyi uğrunda həyatlarını qurban vermiş 40-dan artıq şəhid ailəsinə mənzil verilib, onlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar.
İkinci ayını yaşadığımız 2021-ci ilə yenicə qədəm qoyan kimi Vətən, torpaq yolunda şəhidlik məqamına ucalanlara qarşı ucalığın, ehtiramın, şəhid ailələrinə qayğının növbəti təzahürünün şahidi olduq. Belə ki, cari il yanvarın 19-da Şahbuzda istifadəyə verilən 40 mənzilli yaşayış binasında ilk mənzilin məhz şəhid ailəsinə təqdim olunması dövlətimizin ali məqsədini bir daha ortaya qoydu. Evlə təmin olunan şəhid anası Çəməngül Orucova deyir ki, 1973-cü ildə Şahbuz şəhərində dünyaya göz açan övladım Mehman digər vətənsevər oğullar kimi gənc yaşlarında, hələ 19 yaşını tamam etməmiş cəbhəyə yollandı, son damla qanına qədər vuruşaraq qəhrəmancasına şəhid oldu. Bir tərəfdən müharibənin ağrı-acıları, digər yandan da şəraitsizlik ucbatından min cür əziyyətə qatlaşmalı olduq o dövrdə. İndi o illərin acı xatirələri yada düşəndə, namaz üstündə dua edəndə deyirəm şükürlər olsun bugünkü halımıza, Allah, bizi bir də elə imtahana çəkmə. Lakin bir məqamla da qürurlanıram ki, gözümüz yaşlı, halımız bərbad olsa da, başımızı qeyrətli övladlarımız uca elədi, o zaman Naxçıvanda olan ulu öndərimizin də sayəsində el-obamız yadlardan qorundu. Muxtar respublikamızın ərazi bütövlüyünün qorunması ilə ürəyimiz rahatlıq tapsa da, doğma ata-baba torpaqlarımızı, Qarabağımızı itirmək, Vətən həsrəti, nisgili könlümüzdə buz bağladı. Uzun illər intizarla gözlədik xarıbülbülümüzün ətri gələn o torpaqların nicat yolunu. Gündən-günə qüdrətlənən ordumuza, Müzəffər Ali Baş Komandanımıza inamımız sonsuz idi. Gec-tez bizim olanın bizə qaytarılacağına da əmin idik. Və nəhayət ki, ötən il 44 günlük Vətən müharibəsi Böyük Qələbəmizlə yekunlaşdı. Həmin anları yaşamaq sözlə ifadə etməyəcək dərəcədə qürurverici idi. Hər gün səhər açılandan gözümüz ekran başında qalardı, Ali Baş Komandanımızın xalqa müraciətində torpaqlarımızın azadlığı ilə bağlı müjdələrini eşitdikcə bir şəhid anası kimi nisgilli ürəyimə sərin su səpilirdi.
Onu da deyim ki, müstəqillik illərində bir şəhid ailəsi olaraq daim dövlətimizin xüsusi qayğısını hiss etmişik. Aidiyyəti təşkilatların nümayəndələri tez-tez bizimlə maraqlanıb, problemlərimiz vaxtlı-vaxtında öz həllini tapıb. Yanvarın 19-da Ali Məclis Sədrinin xüsusi diqqət və ehtiramla yeni istifadəyə verilən binadakı ilk evi bizə hədiyyə etməsi böyük sevinc və qürur hissi yaşatdı ailəmizə. Fürsətdən istifadə edib bütün şəhid ailələri adından göstərilən yüksək qayğıya görə minnətdarlıq edirəm.
Hər ötən gün, ay, il tarixə çevrilir, yaddaşlara həkk olunur, unudulmur. 2020-ci il isə sözlərə, kəlmələrə sığmayacaq bir dövr kimi xalqımızın, dövlətimizin mübarizlik, dönməzlik, qətiyyətlilik rəmzinə çevrildi. Bütün bölgələrimiz kimi Şahbuz da həm bütün sahələrdəki davamlı inkişafı ilə iqtisadiyyatımıza, həm də yurdsevər oğulları ilə Böyük Zəfərimizə öz layiqli töhfələrini verdi...
Nail ƏSGƏROV