22 Dekabr 2024, Bazar

Naxçıvan şəhərində onlarla bulaq və çeşmə var. Hər birinin də öz tarixçəsi, öz adı mövcuddur. Bəzən böyük məhəllələri belə, orada çağlayan bulaqların, çeşmələrin adı ilə adlandırıblar. Belə məkanlar əhalinin içməli və suvarma suyuna olan tələbatını ödəməklə yanaşı, həm də insanların toplaşdığı, hansısa bir məsələni müzakirə etdiyi yerlər olub. Əgər diqqət etsəniz, görərsiniz ki, Naxçıvanın bütün bölgələrində kəhrizlərin elə lap yaxınlığında məscidlər və meydanlar yerləşir.

Qədim dövrlərdən kəhrizlər insanların karına gəlib, kankanlar uzaq məsafələrdən suyu gətirmək üçün böyük zəhmət çəkərək kəhrizlər yaradıb, bu yolla yaşayış məntəqələrinin suya olan tələbatını ödəyə ­biliblər.
Bu gün Naxçıvanda bol su sərfiyyatı ilə tanınan kəhrizlər çoxdur. Təkcə Naxçıvan şəhərində 30-dan çox kəhrizin mövcudluğu yazılı və şifahi mənbələrdən bizə məlumdur. Lülə, Xan, Ağamalı, Kiçik çeşmə, Kazım Qarabəkir, Mirzə Bədəl, Çuxur və sair kəhrizlər Naxçıvan və ətraf ərazilərdə yaşayan insanların istifadə etdikləri su mənbələridir. Həmin sərvətlərdən bu gün də yararlanırlar. Dünyanın bir sıra yerlərində içməli su qıtlığı olduğu halda, qorunub saxlanan su abidələrimiz bizə bu problemi yaşatmır.

Şəhərdəki Kalba Musa kəhrizi öz tarixi və iqtisadi əhəmiyyətinə görə başqalarından fərqlənir. Mənbələrə nəzər saldıqda məlum olur ki, dövrünün tanınmış insanı, xalq arasında böyük hörmət qazanan Kalba Musa adlı şəxs Naxçıvan əhalisini içməli su ilə təmin etmək üçün var-dövlətini sərf edərək uzaq məsafədən yeraltı tunellər qazdıraraq 1901-1909-cu illərdə bir kəhriz çəkdirib.
Bəs bu fikir necə meydana gəldi? Ümumiyyətlə, necə oldu ki, Kalba Musa kəhrizi yarandı?
Şəhər sakinlərindən Kalba Musa adlı bir şəxs kiçik torpaqları icarəyə götürüb pambıqçılıqla məşğul olur. Çox keçmir ki, o, bu işdən xeyli qazanc əldə edir. Kifayət qədər sərmayə toplayan Kalba Musa su sarıdan xeyli əziyyət çəkir. Uzun axtarışlardan sonra qərara gəlir ki, Şıxmahmud kəndinin yaxınlığında yerləşən su mənbəyindən istifadə etsin. O, belə də edir. Kalba Musa Naxçıvan şəhərindən 3 kilometr yuxarıda, Şıxmahmud kəndinin yanında, Naxçıvançayın sağ yatağında quyular qazdırıb şəhərin əsaslı su təminatını yaratmaq üçün ən təcrübəli, bacarıqlı kankanları ətrafına toplayır. Belə qənaətə gəlir ki, burada azı 130-140 quyu qazılmalıdır. Dərinliyi 30-35 metrə çatacaq bu quyuları yeraltı lağım atıb onları bənd eləməklə şirin suyu öz axarı ilə şəhərə gətirmək lazımdır. Bu işdə ən çətin məsələ o dövrdə lazımi alət və texniki vasitələr olmadan bir-birindən ­­60-80 metr aralı quyuların yeraltı xətlərlə birləşdirilməsi idi. Böyük zəhmət, alın təri tələb edən bu iş 8 il davam edir və bu müddətdə 135-dək quyu qazılır, lağım vasitəsilə birləşdirilir. Əsas çətinlik 35 metr dərinlikdəki axırıncı quyunun qazılmasında olur. Həmin quyuda sərt sal qayalara rast gəlinir. Lakin Kalba Musanın iradə və inadı sərt qayalara da qalib gəlir. Belə ki, sonuncu quyu 35 metr dərinliyə çatanda ən təcrübəli kankan quyudan çıxıb deyir: – Kalba Musa, özün düş quyuya qulaq ver, gör sal qayaların altında dəhşətli, vahiməli, dəniz uğultusu necə gəlir. Hər an fəlakət baş verə bilər. Kalba Musa özü quyuya düşür. Qulaq verib görür ki, elə bil, daş altında bir dərya təlatümə gəlib uğuldayır. O, quyudan çıxır, kankanlara təsəlli verir. “Allaha təvəkkül”, – deyib işə fasilə vermək qərarına gəlir. Heç üç gün keçməmiş bir gecə Naxçıvan şəhərini vahimə basır. Sən demə, sonuncu quyunun qazıla-qazıla nazikləşmiş sal qaya qatı yer altında zəngin yatağı olan suyun zərbəsinə tab gətirə bilmir, partlayaraq 35 metrlik quyudan fəvvarə verib gecəynən küçələri, ətrafdakı əkin sahələrini cənginə alır. Bir həftədən sonra quyunun gur suyu sakitləşir. Göz yaşı kimi dupduru, yayda buz kimi, qışda ilıq suyu olan bu kəhriz həmin vaxtdan Kalba Musa çeşməsi adlanır.
İnşası 8 ilə başa gələn bu məşhur kəhriz ətrafında yerləşən əkin sahələrinin suvarılmasında, eləcə də əhalinin içməli suya olan tələbatının ödənilməsində mənbə rolunu oynayıb. Sovetlər dövründə bütün qədim abidələrimiz kimi, Kalba Musa kəhrizindən şəhərimizin bağlarının suvarılmasında, eləcə də uzaq yaşayış massivlərinə su daşınmasında istifadə edilib. Ancaq bütün bunlara baxmayaraq, kəhrizə o qədər də diqqət edilməyib, elə bunun da nəticəsində su sərfiyyatı azalıb.
Ölkəmiz dövlət müstəqilliyi əldə etdikdən sonra bütün sahələr kimi, dəyərli sərvətlərimiz sayılan kəhrizlərə də diqqət artırıldı. Kalba Musa abidəsi də təmir olunaraq əvvəlki görkəminə qaytarıldı. Belə ki, 2006-cı ilin avqustunda Kalba Musa kəhrizinin bərpası məqsədilə çeşmə Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin tabeliyindəki Kəhrizlər İdarəsinə həvalə edildi. Uzunluğu 2388 metr olan kəhrizin 830 metrlik hissəsi qatılaşmış lildən təmizləndi. Beləliklə, uçub-sökülmüş kəhriz quyuları bərpa olundu. Ötən müddət ərzində kəhrizin axarı üzərində 14 yeni baxış quyusu qazılıb, 13 quyuda isə təmir işləri görülüb. Torpaq uçqunu ehtimalı böyük olan 7 quyuda dəmir-beton bərkitmə işləri aparılıb. Gələcəkdə uçqunların dağıdıcı təsirini azaltmaq məqsədilə saybənd-tağ şəklində hörgü sistemindən istifadə edilib. Bir sözlə, təmir-bərpa işlərindən sonra çeşmənin su sərfi də xeyli artıb.
Xeyriyyəçilik, insanpərvərlik kimi nəcib xüsusiyyətlərlə yaddaqalan Kalba Musanın öz xalqına, torpağına miras qoyub getdiyi kəhriz – Kalba Musa çeşməsi bu gün dövlətin qayğısı nəticəsində bərpa olunaraq qurumuş torpaqlara yeni həyat, insanlara sevinc, evlərə bərəkət bəxş edir.

Nail Əsgərov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR