22 Dekabr 2024, Bazar

 

Yol uzun, hava isə həddindən artıq isti olsa da, dağ yolları ilə qalxan avtomobildən yaşıllıqlar arasından boylanan müasir Sədərəyi izləmək və bir zamanlar buranın Vətənimizin düşməndən müdafiə səddinə çevrildiyini xatırlamaq qürurvericidir. Vətənimizin hər qarışı bizim üçün əzizdir, amma qədim Azərbaycanın tarixində və taleyində bəzi şəhər və kəndlərimizin xüsusi yeri olub. Belə yurdlardandır ulu öndərin “Qeyrət qalası” adlandırdığı Sədərək. O Sədərək ki illər öncə hər qayası, hər daşı, torpağı naxçıvanlı igidlərin qanı ilə sulandı, amma düşmənə bir ovuc torpaq verilmədi. Həmin yurd ki 30 il öncə torpaqlarımıza göz dikmiş yağı düşmənə ilk zərbə məhz orada endirildi. Və həmin illərdə cəsur oğullarımızın cəsarətindən, igidliyindən qorxuya düşən ermənilər bunu hələ də unuda bilmirlər. Buna 44 günlük Vətən müharibəsində də qürurla şahidlik etdik. Şahid olduq ki, düşmənlərimiz Naxçıvanda yerləşən mövqelərimizə bir güllə belə, atmağa cəsarət etmədilər. Bacarıqsız və səriştəsiz zabitləri tərəfindən Ordubad rayonunun boş, dağlıq ərazisinə atılan raket mərmisinin düşmənin özü kimi heçnəyə yaramamasını isə hamımız qəzəbqarışıq rişxəndlə qarşıladıq. 

 Bu gün fəxrlə yada salırıq ki, respublikamızda ilk milli ordunun yaradılmasının qərarı Naxçıvan Ali Məclisində verilib. Müharibənin ən çətin günlərində ulu öndərin yurdumuzda olması və o çətin vaxtlarda bizlə birlikdə yaşayıb xalqı birliyə, həmrəyliyə səsləməsi insanları ümidləndirdi, onların gələcəyə inamını artırdı. Yaxşı xatirimdədir, dahi rəhbər yurda qayıdanda hər kəsin dilində bir kəlmə dolaşırdı: “O gəlibsə, deməli, hər iş yaxşı olacaq”. Çünki bilirdilər, yaxşı bələd idilər Vətənin dahi oğlunun müdrikliyinə, vətənpərvərliyinə. Və elə də oldu. Əvvəlcə sovet ordusunun silahlarını təhvil verib yurdumuzu tərk etməsi üçün danışıqlar aparıldı, uzaqgörən insanın rəhbərliyi ilə Ali Məclisin sentyabr ayında keçirilən sessiyasında Naxçıvan Muxtar Respublikasının Dövlət Müdafiə Komitəsinin yaradılması haqqında Qərar verildi. Dahi rəhbər xalqı-ordu quruculuğuna dəstək verməyə səslədi. El bir oldu və kim əlindən nə gəlirdisə əsirgəmədi. 90-cı illərdə neçə-neçə ananın, qız-gəlinin sandığı, mücrüsü açıldı. Məğrur qadınlarımız öz saxlanc yerləri olan sandıqlarından neçə yadigarlarını, xoş günlərinin xatirələrini, toy-duvaq, gəlin üçün əzizlənə-əzizlənə saxlanılan zinət əşyalarını çörəklə yox, silahla, mərmi ilə dəyişdilər. Çünki qeyrətli Azərbaycan anası tapdığı bir ovuc taxılı üyüdüb, yemək üçün ağlayan körpəsini sakitləşdirməyi bacarırdı. Amma mənfur, çörəyimizi yeyib torpağımıza göz dikənləri igid oğullarımız ancaq silahlarla susdura, ata-baba torpaqlarımızdan uzaq tuta bilərdi... Xalqın öz rəhbərinə inamı, yurd, Vətən sevgisi yenə qalib gəldi. Milli ordu yaradıldı. Kiçik özünümüdafiə qrupları həmin ordunun sıralarına daxil edildi. Ordunun yaranmasının birinci ildönümündə – 1992-ci il oktyabrın 9-da Naxçıvanda keçirilən ilk hərbi paradda ümummilli lider Heydər Əliyev demişdir: “Biz 70 il ərzində hər il keçmiş Sovetlər İttifaqının silahlı qüvvələrinin bayramlarının iştirakçısı olmuşuq. Fəqət bugünkü bayram bizim hər birimizin qəlbində böyük iftixar hissi doğurur. Biz böyük sevinc içərisindəyik. Çünki Azərbaycan xalqı, nəhayət, öz dövlətini, öz millətini, öz doğma torpaqlarını müdafiə etmək üçün milli ordusunu yaratmışdır. Bu ordunun bir hissəsi də Naxçıvanda yerləşir. Biz bu gün Azərbaycan xalqının gənc və cəsur övladlarının ordu sıralarında xidmət edərək öz bayramlarını qeyd etmək üçün bu meydanda nizamlı sıralarda durduqlarını görürük. Biz milli ordumuzun günü-gündən möhkəmlənməsini, inkişaf etməsini dərk etdikcə bir daha Azərbaycanın müstəqil dövlət olması üçün nə qədər böyük yol keçdiyini yadımıza salır və bunun Azərbaycan xalqı üçün, bugünkü və gələcək nəsillər üçün nə qədər vacib və zəruri olduğunu bir daha hiss edirik. Azərbaycan milli ordusu ağır müharibə şəraitində yaranıb. Qəhrəman oğullarımız Azərbaycanla Ermənistanın sərhəd bölgələrində, o cümlədən Naxçıvan Muxtar Respublikası ərazisində Azərbaycan torpağını, xalqımızın milli azadlığını, toxunulmazlığını müdafiə edərək böyük qəhrəmanlıqlar göstərmiş, bu yolda qurbanlar vermişlər. Azərbaycan xalqı öz milli azadlığını əldə edib. Azərbaycan müstəqil dövlət kimi dünyada tanınıb və heç bir qüvvə xalqımızı bu yoldan geri döndərə bilməz. Lakin biz müstəqil Azərbaycan dövlətini möhkəmləndirmək, onun hərbi qüdrətini daha da yüksəltmək üçün çox böyük və çətin yol keçməliyik. Biz tam əminik ki, bu keçid dövründə, Ermənistanla gedən müharibə şəraitində yaradılmış milli ordumuzun əsgər və zabitləri, bölmə və hissə komandirləri öz döyüş məharətlərini durmadan yüksəldəcək, müasir hərbi elmə inadla yiyələnəcək, torpaqlarımızın etibarlı surətdə müdafiə olunmasını yüksək səviyyədə təmin edəcəklər”.

Həmin hərbi paraddan bir il sonra xalqın təkid və tələbi ilə Bakıya gedən və ikinci dəfə hakimiyyətə qayıdan, xalqımızın səs çoxluğu ilə Prezident seçilən ulu öndər var gücünü sərf edərək, xalqına söykənərək öncə qardaş qırğınının qarşısını aldı, sonra isə gələcəyin müzəffər Ordusu olacaq silahlı qüvvələrin gücləndirilməsinə töhfələr verdi. Bu gün qürur hissi ilə deyirik ki, təməli Naxçıvanda dahi rəhbər tərəfindən qoyulan milli ordumuzun igidləri xalqımızın illərdir, qanayan yarasına məlhəm oldu. Müzəffər Ordu adını qazandı. Vətən müharibəsində qədim yurdumuzun igidləri də buradan Qarabağa üz tutub savaşa qatıldılar, Şuşa, Hadrut fatehi adını aldılar. Dahi rəhbərin layiqli davamçısı, Ata vəsiyyətini yerinə yetirən xalqımızın böyük oğlu Ali Baş Komandanımız cənab İlham Əliyev ulu öndərimizin qələbədən sonrakı ilk ad günündə Naxçıvanımıza səfəri zamanı deyib: “Vətən müharibəsi başlayan kimi Naxçıvanın qəhrəman övladları da torpaqlarımızın işğaldan azad olunması üçün müqəddəs savaşa atılıblar, şəhidlər veriblər. Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlıları zəfər yolunu Şuşada tamamlayaraq “dəmir yumruğ”un parlaq qələbəsinin təmin edilməsində müstəsna qəhrəmanlıq göstəriblər... Naxçıvanın müdafiə potensialının möhkəmlənməsinə həmişə böyük diqqət göstərilib. Təsadüfi deyil ki, mənim göstərişimlə Naxçıvanda Ümumqoşun Əlahiddə Ordu yaradılmışdır və ordu ən müasir silah və texnika ilə təchiz edilmişdir. Bu gün Naxçıvan Ordusunda olan hərbi texnika, deyə bilərəm ki, bəlkə də, bəzi qabaqcıl ölkələrdə olan texnikadan üstündür. Çünki Naxçıvana ən müasir, ən son texnologiyaya əsaslanmış texnika gətirilir. Deyə bilərəm ki, bütövlükdə, Azərbaycan Ordusuna xaricdən gətirilmiş texnikaların böyük əksəriyyətinin nümunələri Naxçıvan Muxtar Respublikasında mövcuddur. Əlbəttə ki, Naxçıvan Ümumqoşun Əlahiddə Ordunun döyüş qabiliyyəti də yerindədir və uğurlu Günnüt əməliyyatı – üç il bundan əvvəl keçirilmiş əməliyyat bunun bariz nümunəsidir. İkinci Qarabağ müharibəsində Naxçıvan Ordusunun hərbçiləri – həm xüsusi təyinatlılar, həm digər birləşmələrin hərbçiləri fəal iştirak etmişlər və şəhidlər vermişlər, böyük fədakarlıq göstərmişlər. Bilirsiniz ki, Naxçıvandan Bakıya xüsusi qruplar gətirilmişdi. Eyni zamanda mən onu da bildirməliyəm, yəni artıq bildirə bilərəm ki, Naxçıvan Ordusunda olan silahların, sursatların bir hissəsi də Bakıya gətirilmişdir və cəbhə bölgəsinə göndərilmişdir. İndi biz həmin o silah-sursatların ehtiyatlarını təmin edirik, ancaq bu da olub. Ona görə Naxçıvan Muxtar Respublikasının həm respublikanın hüdudlarının müdafiə edilməsində, ümumiyyətlə, ölkəmizin ordu potensialının güclənməsində çox böyük rolu var və hər zaman Naxçıvan lazımi dərəcədə müdafiə olunacaqdır”.
Belə qürur dolu düşüncələrlə Sədərəyi üç tərəfdən dövrəyə alan uca dağların başında qurulan postlarda dalğalanan Azərbaycan bayrağının altında Vətənin başlandığı nöqtədə dayanmışıq. Düşmənin beş-on metrliyində Vətənə keşik çəkən, dağlara boyverən oğullarla həmsöhbət oluruq... Müzəffər Ordunun əsgər və zabitləri ilə... İllərdir, həsrətini çəkdiyimiz böyük Qələbəni bizə yaşadan, özləri yaddaşlara yazılan igid oğulların davamçıları ilə...

Fuad İlyasov 16 ildir ki, Vətən keşikçisi kimi şərəfli ad daşıyır. O deyir: – Xalqımızın zəngin və şərəfli hərbi ənənələrini qoruyub saxlamaqla müstəqil dövlətimizdə məqsədyönlü və səmərəli ordu quruculuğunun aparılması, müasir tələblərə cavab verən silahlı qüvvələrin və yüksək mənəvi-psixoloji keyfiyyətlərə malik şəxsi heyətin formalaşdırılması ulu öndər Heydər Əlyevin özünəməxsus müdriklik və uzaqgörənliklə həyata keçirdiyi, Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyət və ardıcıllıqla davam etdirdiyi mükəmməl strategiyaya əsaslanır. Öz gücü və qüdrəti ilə seçilən, qarşıya qoyulan bütün vəzifələri layiqincə yerinə yetirmək imkanı olan Azərbaycan Respublikasının Silahlı Qüvvələri dövlət müstəqilliyinin bərpasından ötən illər ərzində çətin sınaqlardan, sözün həqiqi mənasında, od-alovdan keçmiş, mətinləşmişdir. Və bu gün Azərbaycan əsgəri illər öncə səriştəsiz rəhbərlərin əli ilə düşmənə pay verilən torpaqları qanları, canları bahasına geri qaytarmaqla dünyaya vətənpərvərlik dərsi keçdi. Ordumuzun Şuşa şəhərini azad etməsi müasir döyüş dərsi kimi gələcəyin hərbçilərinə öyrədilir.
Zabit adına layiq görüldüyüm gündən ilk xidmətimə Naxçıvandan başlamışam. Muxtar respublikanın müxtəlif yerlərində xidmətimə davam etmişəm. Vətənimizin hər qarışı bizim üçün əzizdir. Naxçıvan isə xalqımız üçün önəmli bir simvoldur. Tarixin fəxrlə vərəqlədiyimiz səhifələrində Naxçıvanın və Sədərəyin xüsusi yeri var. Milli ordunun ilk qığılcımlarının parladığı və düşmənə layiqli cavab verilən bu diyarda xidmət etmək hər bir əsgər və zabitin fəxridir. Bu zirvədə dayanan hər bir əsgər yaxşı bilir ki, vaxtilə bu dağlarda onlarla Vətən övladı son damla qanına kimi döyüşüb, həyatından keçib, amma bir qarış torpaqdan keçməyib. 90-cı illərdə burada yaşananlar özü bir vətənpərvərlik dərsidir. Bu gün düşmən də yaxşı anlayır ki, qüdrətli, müzəffər Azərbaycan Ordusunun əsgərləri keşik çəkir bu dağlarda.
Əsgər Aslan Bağırov Laçın rayonunun İpək kəndindəndir. Aslan deyir:
– Orada dünyaya göz açmasam da, böyüklərimin Laçın haqqındakı söhbətləri ilə böyümüşəm. Laçınsız laçınlı olsam da, inanmışam bir gün o yurda dönəcəyimizə. Həqiqi hərbi xidmətə gələndən bir neçə ay sonra Vətən müharibəsi başladı və mən Qarabağa getmək üçün komandirlərimə müraciət etdim. Amma üç ayın əsgəri olduğum üçün aparmadılar məni döyüşə. Burada hər dəfə Ali Baş Komandanımızın çıxışını dinlədikcə “Laçın, sən azadsan!” deməyini səbirsizliklə gözləyirdim. Və o gün gəldi, düşmən diz çökdürüldü. Dekabrın 1-i Laçın rayonunun azad edilməsi haqqındakı xəbəri alanda həyatımın ən gözəl anını yaşadım. İndi ən böyük arzum xidmətimi bitirib yurdumuzu görməyə getməkdir.

Babək rayonunun Gülşənabad kəndindən olan əsgər Rafət Məmmədov döyüş növbətçiliyini yoldaşına təhvil verir. O deyir:
– Naxçıvanımızın qeyrət qalası adlandırılan Sədərək rayonunda xidmət etmək hər bir gənc üçün şərəflidir. Qarşımızda düşmən, arxamızda isə dağ kimi dayanan xalqımız var. Biz hər dəfə dönüb arxaya baxanda gündən-günə abadlaşan, gözəlləşən bir yurd, hər gün həyətyanı sahələrdə əkin qayğıları ilə məşğul olan insanları görür, ucsuz-bucaqsız taxıl zəmilərində taxılbiçən kombaynların səsini eşidirik. Biz postlarda ayıq-sayıq dayanırıq ki, yurdumuzun insanları rahat, sakit bir ömür sürsün. Əbəs yerə deməyiblər ki, torpağı əkib-becərmirsənsə, qorumağına, qorumursansa, əkib-becərməyinə dəyməz. Hər dəfə düşmənlə üz-üzə dayananda onlarla erməni əsgərini təkbaşına məhv edən Mübariz İbrahimovu, əsgəri ilə səngərdə bir döyüşən Polad Həşimovu gözlərim önünə gətirirəm. Və düşünürəm ki, biz qalib, düşmənlər isə qaniçən olduqlarına görə öz qanlarında boğulan məğlub bir millətin övladlarıdır. Müzəffər bir ordunun sıralarında müstəqil Azərbaycanımıza xidmət etdiyim üçün qürur duyuram.
Müharibədən qayıtdıqdan sonra müzəffər Ordumuzun sıralarında öz yerlərini tutan hərbi qulluqçularımızla da həmsöhbət olduğumuzda bildirdilər ki, Qarabağda məğlub etdikləri ordu ilə üz-üzə dayanıb xidmət etmək onlara ayrıca bir qürur yaşadır.
Son söz əvəzi
Axşam düşür, şəhərə qayıtmağa hazırlaşırıq, düşmənin 10-15 metrliyimizdə yerləşən postuna sarı baxıram. Cəbhə bölgəsində yaşadığım illərdə düşmən postlarını uzaqdan müşahidə etmişdim, bu gün isə onları lap yaxından görürəm “Yenilməz”, “müasir” erməni ordusunu. Sovetlər dövründə məhəlləmizin qurtaracağında yerləşən, xarabazarlığı xatırladan bir təpənin başında palçıq kərpicdən inşa edilən “müdafiə postları”ndan onlar bir güllə belə atmağa cəsarət etmirlər... Məğlub olmaq, məğlub bir ordunun fərdinə çevrilmək hissləridir onların cəsarətini qıran. Babalarının “böyük Ermənistan” xəyallarının puça çıxmasıdır, bəlkə də, vaxtilə burada ağzının payını alıb, geriyə qaçan, indi Naxçıvanın adı gələndə zağ-zağ əsən atalarının xislətləridir onları belə vəziyyətə salan.
Müstəqilliyimizi qazandığımız gündən və milli ordunun yarandığı vaxtan ötən dövr ərzində ilk dəfədir ki, Silahlı Qüvvələr Gününü daha böyük bir qürurla qeyd etdik. Həmin gün ərəfəsində Vətən müharibəsində xüsusi cəsurluq və rəşadət göstərən, canından keçən əziz oğullarımız orden və medallarla, şəhid ailələri isə mənzillə təmin edildi. Şəhidlərimizin ruhu hər zaman şaddır, çünki bu diyarda onların ailələri qayğı ilə əhatə edilir. Vətən müharibəsi iştirakçılarının da sevinci sonsuz idi, onlar da Vətənə xidmətin ən gözəl mükafatını almışdılar. Qələbənin mükafatını fəxrlə daşıyacaqları orden və medalları.

Müstəqil Azərbaycanımızın müzəffər Ordusunun şəhid qanı, qazi canı ilə Şuşada, Laçında, Qubadlıda, Qarabağımızda göylərə yüksəltdiyi bayrağımız azad səmamızda məğrur-məğrur dalğalandıqca bu yolda canından keçən igidlərin də ruhu daim şad olacaq. Biz bundan sonra da qalib xalq kimi yaşayacağıq, çünki bu xalq, bu millət heç vaxt məğlub ola bilməz. Çünki hər bir fərdimizin damarında qanla birlikdə Vətən sevgisi axır.

 Ramiyyə ƏKBƏROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR