Naxçıvandan Sədərəyə uzanan magistral yolboyu dəfələrlə seyr etdiyim müasir evlər, abad küçələr, axarlı-baxarlı həyətlər, bağ-bağçalar, əkin sahələri insanların yaşayışından, xoş güzəranından soraq verir. Yazın gəlişi onsuz da gözəl olan diyarımızın bu gözəlliyinə xüsusi rəng qatıb. Yolların ətrafındakı qoca ağaclardan tutmuş körpə fidana kimi oyanmağa, bahara “xoş gəldin” deməyə can atır. Həmişə işgüzarlığı ilə fərqlənən Şərur elinin kənd adamları əkin yerlərində torpağa alın tərini qatır, ona can verir. Rayonun Maxta kəndindən keçib Dəmirçiyə üz tuturuq.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci il 23 fevral tarixdə imzaladığı “Naxçıvan Muxtar Respublikasının Şərur və Sədərək rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Dəmirçi kənd inzibati ərazi dairəsi Şərur rayonunun tabeliyindən çıxarılaraq Sədərək rayonunun tabeliyinə verilib, Şərur rayonunun inzibati ərazisindən dövlət mülkiyyətində olan 4444 hektar torpaq sahəsi həmin Qanuna əlavə edilmiş xəritələrə uyğun olaraq Sədərək rayonunun inzibati ərazisinə birləşdirilib. Bu dəyişiklik Sədərək rayonunun iqtisadi və istehsal gücünün artmasına, dövlət idarəçiliyinin təkmilləşdirilməsinə, vətəndaşlara xidmətin daha da yaxşılaşdırılmasına imkan yaradacaq.
Dəmirçi kəndinin girəcəyində yeni tikililər ilə qarşılaşırıq. Kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası bu yaşayış məntəqəsinə böyük dövlət qayğısından soraq verir. Həmin ünvanda salınmış yaşıllıq və gülzarlıq ilk baharın sehri ilə oyanmaqdadır.
“Naxçıvan Ensiklopediyası”nda, Naxçıvan Dövlət Universitetinin “Elmi əsərləri”ndə, AMEA-nın müxbir üzvü, mərhum Adil Bağırovun “Naxçıvan oykonimləri” kitabında və başqa tarixi mənbələrdə bu yaşayış məntəqəsinin qədim yurd yeri olması barədə zəngin materiallara rast gəlirik. Belə ki, Naxçıvan-Sədərək avtomobil yolunun 70-ci kilometrliyindəki hündürlüyü 1244 metr olan Vəlidağdan şərqdəki təpənin üstündə, qədim karvan yolunun yaxınlığında arxeoloji abidə var. 1998-ci ildə aparılan arxeoloji tədqiqatlar nəticəsində burada üç qatdan ibarət müxtəlifölçülü sal daşlar aşkar edilib. Sonuncu qatdakı daşların üzərində qabartma üsulu ilə işlənmiş müxtəlif işarələrə rast gəlinib. Bu işarələrə Gəmiqaya rəsmlərində də rast gəlmək olar. Dəmirçi abidəsindən müxtəlif formalı keramika nümunələri də tapılıb. Kəndin qədim tarixini sübut edən daha bir arxeoloji abidə Tunc və İlk Dəmir dövrlərinə aid nekropoldur. Buradakı qəbirlərdən tapılan boz rəngli gil qablar, odadavamlı boyaqlar da kəndin qədimliyindən soraq verir.
Kənd sakini, təqaüddə olan tarix müəllimi Rəşid Əsədov deyir ki, “Dəmirçi” sözü qədim toponimdir. Bəziləri bu toponimin mənşəyini türkdilli Dəmirçilər tayfasının, bəziləri Çingiz xanın, bəziləri Şahsevən tayfalarının adı ilə bağlayırlar. Əsəd müəllim onu da deyir ki, bu sözün ilkin yaranışı dəmirçilik sənəti ilə bağlı olub. Sonralar isə bu peşə həmin tayfanın əsl sənətinə çevrilib.
Müsahibimin sözlərinə görə, mənfur ermənilər ötən əsrin 90-cı illərinin əvvəlində Sədərək kəndini və buranı işğal etmək istəyiblər. O dövrdə ulu öndər Heydər Əliyev Naxçıvana gəlməsəydi, torpaqlarımızı qoruyub saxlamaq mümkün olmayacaqdı. Xalqın dahi rəhbərə inamı və bu inama görə düşmənlə qorxmadan, çəkinmədən apardığı mübarizə düşmənin gücündən üstün oldu. Həmin döyüşlərdə silahımız, isti geyimimiz olmasa da, qəlbimizi isidən Vətən sevgimiz var idi. Səngərdə “haralısan?” – sualı yox idi, təkcə Vətən var idi. Hamımız yaxşı dərk edirdik ki, qeyrət qalamız Sədərəyi itirsək, bütün Naxçıvanı təhlükəyə atarıq. Hamı əlbir olub bir hədəfə – düşmənə qarşı döyüşürdü. Məhz bu birliyin və inamın nəticəsində ermənilərin cavabı layiqincə verildi. Bir neçə ay əvvəl Böyük Qələbə ilə başa çatan Vətən müharibəsində də Dəmirçidən olan gənclər öz igidlikləri ilə fərqləndilər. Kəndimizin iki igid oğlu – Məmmədhəsən Sadiqli və Rüfət Gözəlov azadlıq mücadiləsində şəhidlik zirvəsinə yüksəlməklə adları əbədi olaraq tarixə, qəlbimizə yazıldı. Döyüşdə qazi olub geri qayıdan igidlərimizdən bir neçəsi indi də xidmətini davam etdirir.
Ağsaqqal kənd sakini onu da qeyd etdi ki, dövlətimiz bizim üçün bir vaxtlar xəyalımıza belə, gəlməyən şərait yaradıb. İndi yaxşı yaşamaq üçün hər cür imkanımız var. Əvvəllər belə deyildi. Ötən əsrin 90-cı illərinin əvvəllərində elə vaxt olub ki, süfrəyə qoymağa çörək tapa bilməmişik. Ancaq torpağa bağlı olan kənd camaatı burada möhkəmləndi, əkib-becərdi. Bu da nəticəsini verdi. Kəndimizdə xeyli quruculuq işləri görülüb. Kənd mərkəzi, yaraşıqlı məktəb binası tikilib. Məktəb binasının istifadəyə verilməsi uşaqları, valideynləri çox sevindirib. İstifadəyə verilən xidmət sahələri sakinlərin sosial-mədəni həyat şəraitinin yaxşılaşdırılmasına müsbət təsir göstərməklə yanaşı, həm də vaxt itkisinə yol vermədən və əlavə vəsait xərcləmədən müəyyən məsələlərin həllində mühüm rol oynayır. İndi hər bir dəmirçili rayon mərkəzinə üz tutmadan öz işlərini qısa zamanda burada yoluna qoya bilir. Dövlət qurumları hər addımda sakinlərə köməklik göstərir, onların qayğıları ilə maraqlanırlar. Dəmirçidə rabitə və internet əlaqəsi də müasirliyin ifadəsi, bu yaşayış məntəqəsinə qayğının bariz təcəssümüdür. Bütün bunların sayəsində də sakinlər torpağa, el-obaya bağlanıblar. Bir neçə ildir ki, muxtar respublikanın şəhər və rayonları ilə yanaşı, kəndlərində də idmanın kütləviliyinin təmin olunmasına xüsusi diqqət yetirilir. Bunun nəticəsidir ki, artıq kəndlərdə yeni idman obyektləri tikilir və ya yenidən qurulur. Bunlardan biri də kənd stadionudur. Uzunluğu 105, eni 60 metr olan təbii ot örtüklü stadionun ərazisində 118 nəfərlik oturacaqlar quraşdırılıb. Həmçinin stadionun ərazisində 50 tamaşaçı tutumlu voleybol meydançası inşa edilib və idman qurğuları quraşdırılıb. Kəndin uşaq və gəncləri asudə vaxtlarını bu ünvanda idmanla məşğul olmağa sərf edirlər.
Dəmirçidə kənd təsərrüfatının bütün sahələri inkişaf etdirilir. Əkinçilik və heyvandarlıq isə ən gəlirli təsərrüfat sahələrinə çevrilib. Bu böyük yaşayış məntəqəsində istehsal edilən heyvandarlıq məhsulları rayonda və muxtar respublikada təşkil olunan yarmarkalarda özünə çoxlu alıcı qüvvəsi toplayıb. Kənd sakini Malik Rzayev heyvandarlıqla məşğul olur. O deyir ki, bərəkətli torpaqlarımız və yaradılan şərait kənd adamlarının işini xeyli asanlaşdırıb. Sahibkarlıq fəaliyyətini genişləndirmək üçün mövcud imkanlardan lazımınca istifadə edilir. Kənddə ailə təsərrüfatı yaradanların da sayı günbəgün artmaqdadır. Qış bitib, yaz qədəm qoyur yurdumuza. Kənd adamı günün çoxunu əkin sahələrində, bağ-bağatda keçirir. Torpağa alın tərini qatmasan, zəhmət çəkməsən nəticəsi olmaz.
Kənddən ayrılırıq. Yolboyu kənddə gördüyüm könülaçan mənzərələri, dinlədiyim qürurverici söhbətləri xatırladıqca belə qənaətə gəlirəm: Hərtərəfli dövlət qayğısı ilə əhatə olunan, bu qayğıdan yetərincə bəhrələnən, bu günlərədək Şərur rayonunun tərkibində yaşayış səviyyəsi yüksələn Dəmirçi kəndinin dövlət başçımızın müvafiq sərəncamı ilə Sədərək rayonunun tabeliyinə verilməsi, heç şübhəsiz ki, idarəetmə strukturunun daha da təkmilləşdirilməsi, infrastrukturun daha da müasirləşdirilməsi, rayonlararası inzibati ərazi bölgüsündə dəqiqləşdirmə baxımından öz töhfəsini verəcək. Bu kənddə yaşamaq, qurmaq-yaratmaq əzmli kənd adamlarının sabahı bundan da gözəl olacaq.
Ramiyyə ƏKBƏROVA