22 Dekabr 2024, Bazar

Naxçıvanın “Dəmirqapı Dərbəndi”, qeyrət qalası Sədərək torpağı və onu üç tərəfdən dövrəyə alan, vüqarını Vətən oğullarının bir vaxtlar döyüşlərdə bu torpağa hopan qanından, sevgisindən alan bu dağlar nələrə şahidlik etməyib. Bir vaxtlar – nə çox, nə az, düz 30 il bundan öncə Sədərək od içində idi, onun bahar çiçəkləri şəhid qanına boyanırdı. Erməni daşnakları Naxçıvanı hədəf seçmişdilər. Onlar səhərə kimi dinc Sədərəyi güclü atəşə tuturdular. 12 min əhalinin yaşadığı kəndin hər səhəri döyüşlə açılırdı. Lakin igid oğullarımız mərdlik göstərərək düşmənin iradəsini qırmağa nail oldular. 

Bir-birindən qeyrətli oğullar canlarını Vətən yolunda qurban verirdi. Toplardan və zirehli texnikalardan atılan mərmilərlə kəndin yolu-izi də tamam dağıdılmışdı. Sədərək döyüşlərində Naxçıvan diyarının qeyrətli oğulları mərdliklə vuruşaraq torpağımızı qorudular. Elə indi də o uca zirvələrdə igid oğullarımızın düşmənin qorxulu yuxusuna çevrilməsi sayəsində torpaqlarımız qorunur. Bir vaxtlar bu uca zirvələrdə qanlı döyüşlərdə sinəsini Vətənə sipər edən oğulların yolunu bu gün Əlahiddə Ümumqoşun Ordunun əsgər və zabitləri davam etdirir.

Onlardan biridir əslən Ağcabədi rayonun Poladlı kəndindən olan Amil Rəhimli. Gənc zabit artıq beş ildir ki, qədim yurdumuzda xidmət edir. O bu müddət ərzində Culfa rayonunda, Naxçıvan şəhərində xidməti vəzifəsini layiqincə yerinə yetirib. Bir neçə aydır ki, yurdumuzun qeyrət qalası Sədərəkdə düşmənin bir addımlığında xidmətinə davam edir. Ailəsi Heydərabad qəsəbəsindəki çoxmənzilli binada ikiotaqlı təmirli, hər bir şəraiti və əşyası olan evlə təmin edilib. Yaxın günlərdə hərbçi ailəsinin qonağı olduq.
Amil Rəhimli:
– Azərbaycanda ordu quruculuğuna xüsusi diqqət göstərilir, zabit ailələrinin mənzil-məişət şəraiti də yaxşılaşdırılır, yeni yaşayış binaları tikilir, mövcud yaşayış binaları yenidən qurulur, qüsursuz xidmət edən hərbi qulluqçulara mənzillər verilir. Ərazi bütövlüyünü qoruyan hərbçi ailələri üçün yaradılan şərait, zabit-gizir ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, eyni zamanda dövlətinin öz ordusuna, onun zabitlərinə və ailələrinə göstərdiyi qayğının daha bir ifadəsi, Azərbaycanda mövcud olan dövlət-xalq-ordu birliyinin nəticəsidir. Vətənə ləyaqətlə xidmət edən əsgər və zabitlər daim diqqətdə saxlanılır. Bütün bunlar hər birimizdə qürur hissləri ilə bərabər, əminlik yaradır. Muxtar respublikada zabitlərin xidmətlərinin nümunəvi təşkili və rahat yaşaması üçün ardıcıl tədbirlər görülür. Hər bir zabit ailəsi dövlətin qayğısını üzərində hiss edir. Bu gün bu torpaq düşmənə əsl gözdağıdır. Ötən ilin son aylarında baş verən Vətən müharibəsində düşmən Sədərəyə – muxtar respublikanın sərhədlərinə bir güllə belə atmağa cürət etmədi. Çünki naxçıvanlılar onların gözünün odunu 90-cı illərdə alıblar. Ermənilər yaxşı dərk edirlər ki, atılan bir güllənin belə, cavabını necə layiqincə alacaqlar. Bu gün hər birimiz əminliklə deyirik ki, ordumuzun hər bir fərdi Vətəni necə sevdiyini, lazım gələndə bir ovuc torpaq üçün canından keçə biləcəyini hər kəsə sübut etdi. Bütün dünya şahid oldu: Vətən necə sevilər, dövlət-xalq-ordu birliyi necə olar. Cəmi 44 gündə necə bir xalq , necə güclü bir orduya sahib olduğumuzu hər kəsə göstərdik.
Uşaqlığının bir vaxtlar cəbhə bölgəsi olan Ağcabədi rayonunda keçdiyini deyən ev sahibi onu da bildirir ki, 5 ildir ki, muxtar respublikada xidmət edir, bu müddətdə hərbi qulluqçuların sosial-məişət şəraitinin daim diqqətdə saxlanıldığının şahidi olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin hərbi hissələrdə xidmətin vəziyyəti, əsgərlərin məişət şəraiti və zabit-gizir ailələrinin sosial təminatı ilə maraqlanması şəxsi heyətdə vətənpərvərlik hisslərinin daha da güclənməsinə səbəb olur. Göstərilən qayğıya görə minnətdarlığını bildirən zabit deyir ki, Vətənə xidmət hər kəsin borcudur. Biz hərbçilər üçün isə Vətənə xidmət yaşamaq amalıdır.
Zabitin həyat yoldaşı Ruhəngiz xanım isə bildirir ki, 2015-ci ildən muxtar respublikada yaşayırıq, hər yerdə şəraitimiz ürəkaçan olub. Sədərək rayonunda bizə xidməti mənzil verilməsi məni və övladlarımı çox sevindirdi. Çünki indi həyat yoldaşımın xidmət yerinə daha yaxınıq. Şəraitimiz çox gözəldir. Yaxınlıqda uşaq bağçası, məktəb də vardır, həyətdə uşaqların əylənməsi üçün şərait də. Evimizin pəncərələrindən düşmən postları aydın görünür. Düşmənə yaxın olsaq da gecələri rahat yatır, gündüzləri əmin-amanlıqla dolaşırıq həyətdə, evimizdə. Mən və burada yaşayan digər hərbçi ailələri də, yerli sakinlər də, əminik ki, bizim, torpağımızın keşiyini igid Azərbaycan əsgəri layiqincə çəkir. Onlar, lazım gəlsə, öz canları ilə düşmənə sipər olaraq bizi qoruyarlar. Bütün bunları gördükcə və düşündükcə ki, mənim həyat yoldaşım da müzəffər bir ordunun fərdi kimi Vətənin müdafiəsində dayanır, qürur hissi keçirirəm. Ali Məclisin Sədrinə mənə və ailəmə göstərdiyi atalıq qayğısına görə minnətdarlığımı bildirirəm.
Qışın soyuq, şaxtalı günlərindən birində, səliqə-sahmanı və hər bir şəraiti olan bu ocaqdan ayrılanda çox yox, 30 il öncəyə qayıdır düşüncələrim: Sovet ordusunun tərk etdiyi hərbi hissələrdə nə salamat bir zabit yataqxanası, nə də ailələrinin yaşaya biləcəyi bir mənzil qalmışdı. Silah-sursatı özləri ilə aparmaqdan gözləri doymayan qaniçənlər mənzilləri də dağıdıb yaşanılmaz hala gətirmişdilər. Zabit-gizir ailələri yaşam şəraitinin çox zəif olduğu bu mənzillərdə şaxtalı, soyuq qışda günlərlə işıqsız, qazsız yaşamaq məcburiyyətində qalırdılar. Yol kənarından min bir əziyyətlə kəsilib gətirilən yaş odunları yandırıb qızınmağa çalışsalar da, istisindən çox tüstüsünə boğulurdular.
Bu gün isə özüm də bir hərbçi ailəsi olaraq qürurla deyirəm ki, bu gün burada gördüklərim ürəyimi fərəh hissi ilə doldurdu. Və ən əsası dövlətimizə, onun Müzəffər Ali Baş Komandanına, muxtar respublika rəhbərinə minnətdarlıq hissimi artırdı. Qonağı olduğum zabit ailəsi kimi.

 Ramiyyə ƏKBƏROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR