Naxçıvan torpağını qarış-qarış dolaşdıqca, tarixin toz basmış səhifələrini vərəqlədikcə, məğlubedilməzliyi, qəhrəmanlığı, torpaq sevgisi, vətənsevərliyi ilə özünü təsdiq edən Oğuz türkünün şanlı tarixini görürük. Hər daşında ox nişanı olan bu torpağın özü qədər ulu və qədim olan, doğma və əzəmətli səslənən “Naxçıvan” sözü hər bir azərbaycanlı üçün əzizdir. Çünki Naxçıvan tarixboyu türk-islam aləminin alınmaz qalası, Azərbaycan dövlətçiliyinin əməl və yaddaş mərkəzi olub və bu şanlı missiya bu gün də davam etməkdədir. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan torpağı tarixboyu çox mürəkkəb çətin yollardan keçib. Belə çətin sınaqlardan birini də xalqımız keçən əsrin 80-ci illərində yaşadı. Sovetlər ittifaqının son illəri naxçıvanlıların yaddaşına çətinliklər, məhrumiyyətlər, qanlı qırğınlar dövrü kimi yazılmaqla bərabər, müstəqillik, azadlıq dövrü kimi də qaldı. Ötən əsrin 90-cı illərinin əvvəllərində bir tərəfdən blokada, bir tərəfdən də mənfur qonşumuz ermənilərin ardı-arası kəsilməyən hücumları Naxçıvanda çox təhlükəli, daha dəqiq desək, qorxunc bir vəziyyət yaratmışdı. Bu həmin vaxtlar idi ki, sərhədlərimizdə döyüş gedirdi, Azərbaycanın ozamankı rəhbərliyi Naxçıvana “kor bağırsaq” deyirdi. Onu “kəsib” Ana Vətənindən ayırmaq istəyirdi. Bu, o vaxt idi ki, hər yerdən ümidi üzülən yerli əhali günün çoxunu çörək növbələrində keçirirdi. Naxçıvanlılar isə həm döyüşür, həm də çətin bir sınaqla, qıtlıqla mübarizə aparırdı. Əsrlər öncə Əlincədə göstərilən rəşadət Sədərəkdə idi sanki. Səngərə əli silahsız atılan igid Vətən oğulları düşmənin yüzlərlə silahlısına layiqli cavab verir, onları geri oturdur, bir qarış belə, torpağa murdar ermənin ayağının dəyməsinə icazə vermirdi. Həmin günlər qədim yurdun hər kəndindən, şəhərindən oğullar axışdı Sədərəyə, bu torpağı müdafiə etdilər, can qurban verdilər Vətən dediyimiz bir ovuc torpağa. Kimi canından, kimisi sağlamlığından keçdi, amma bir ovuc torpaqdan keçmədik. “Vətəndən pay olmaz”,–dedik. O günlərdən artıq 31 il ötür.
|
Bir igidin ömrü qədər bir zaman. Bu gün Vətənin başladığı yerdə – Sədərəkdə şəhid qanıyla sulanan zirvələrdə dalğalanan üçrəngli, ay-ulduzlu bayraqlara baxanda qürurlanırıq. Həmin günləri isə həmsöhbət olduğumuz müharibə iştirakçılarından dinləyib qələmə alırıq. “Elə bir qəhrəmanlıq səhifəsidir ki, Sədərək döyüşləri onu yazmaqla söyləməklə bitməz”,–deyir Sədərək döyüşləri iştirakçısı, Vətən müharibəsinin cəsur döyüşçüsü Murad Həsənovun atası Rzaqulu əmi.
– Həmin günlər Azərbaycan xalqının taleyinə yazılan bu qara səhifə yurd, torpaq, Vətən sevgisinin sübut edildiyi bir tarixdir, həm də xalqımızın qəhrəmanlıq salnaməsidir... Duz-çörəyə xəyanət edənlər belini əymək istədilər anamız Azərbaycanın, amma əyə bilmədilər. Bakı şəhəri dirəkləri laxlamaqda olan imperiyanın qoşunları tərəfindən amansızcasına gülləboran edildiyi bir gecədə yaranmış fürsətdən istifadə edən ermənilər və onların havadarları isə bütün sərhədlərboyu muxtar respublikamızı müxtəlif çaplı avtomat silahlardan, toplardan atəşə tutmağa başlamışdılar. Hamı bir oldu, bu dağlar-qayalar burada döyüşən igidlərin qanı ilə sulandı, amma bir qarışı düşmənə verilmədi. Həmin gecə od yağdırırdı dinc sakinlərin başına mənfur ermənilər. Bizim əlimiz, demək olar ki, yalın idi. Müasir silahlar ilə silahlanan və havadarından güc alan ermənilərə qarşı beş-on nəfər polis işçisi və könüllülər ov tüfəngi ilə döyüşürdük. Muxtar respublikanın bölgələrindən Sədərəyə axın-axın insanlar gəlir, döyüşə can atırdı. Hər tərəfdən küncə sıxışdırılsaq da, sınmadıq, əyilmədik. Mənim qayınım Mübariz Şahverdiyev də Sədərəyin müdafiəsində, döyüşlərdə şəhid olub. Bu gün fəxr hissi ilə deyirəm ki, oğlum Murad da Vətən müharibəsi iştirakçı oldu. Qələbə ilə evimizə qayıtdı. Tanrı şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa versin.
…Yadulla Ələkbərov Sədərək döyüşlərinin iştirakçısı, şahididir. O deyir: – Həmin gecə başlayan qanlı döyüşlərdə kənd düşmənin ağır silahlardan atdığı mərmilərlə xarabaya dönmüşdü. Sakinlər həm azğınlaşmış düşmənlə, həm də aclıqla mübarizə aparsa da, sınmadı, əyilmədi. Çətin idi, amma mübarizədən dönmürdük. Bir posta elə olurdu ki, onlarla igid can atırdı. Sədərək döyüşlərində göstərilən qəhrəmanlıq haqqında nə qədər danışsam, azdır. Bircə onu bilirəm ki, bizim üçün Vətəndən, torpaqdan əziz heç nə yox idi, indi də elədir. Döyüşə gedən oğullar öz ailələrini belə, kənddən çıxarmır, “biz döyüşüb, sizi qoruyacağıq”,– deyirdilər. Analarımız, qadınlarımız evlərdə qalıb bizə – səngərə isti çörək, yemək bişirib göndərirdilər. Bəzən isə elə olurdu ki, günlərlə ac qalırdıq, yenə də döyüşürdük. Həmin il qış da, sanki öz “cəsarətini” göstərirdi. Elə soyuq, şaxtalı havalarda isti geyim, yanacaq olmadan döyüşür, düşmənə layiqli cavab verirdik. Yadulla Ələkbərov onu da deyir ki, Sədərək döyüşlərində bacısının həyat yoldaşını və əmisi nəvələri – kiçik yaşlı Elvini və Maliki itiriblər. Bütün bunlar onların döyüş əzmini itirməyib, şəhidlərimizin olması onların qisas hissini daha da alovlandırıb.
Bu xalq, bu millət heç bir zaman düşmənə baş əyməyib, əyməyəcək də. Bunu Vətən müharibəsində sübut etdik. Babalarımızdan bizə yadigar qalan və oğullarımıza ərməğan etdiyimiz hünər və cəsarəti onlar da Vətən müharibəsində dünyaya nümayiş etdirdilər. 30 ildir düşmən caynağında qalan torpaqlarımızı düşməndən azad etdilər. Vətən müharibəsinə qardaşım və əmimoğlu birlikdə yollanmışdı. Əmimoğlu Niyaməddin Ələkbərov şəhidlik zirvəsinə yüksəldi, qardaşım Şuşaya kimi döyüş yolu keçdi, qalib ordunun qalib fərdi kimi bu gün xidmətini Şuşada davam etdirir.
Qalib İsmayılov bir igidin – Sədərək kəndinin ilk şəhidi Elmanın qardaşı, Vətən müharibəsi döyüşçüsü Əmirxan Quliyevin dayısıdır. O, Ucubizdə, Kərkidə, Mil təpəsində, Qaraağada döyüşüb. Deyir ki, yanvarın 19-dan 20-nə keçən gecə başlayan döyüşlərdə silahımız, isti geyimimiz olmasa da, qəlbimizi isidən Vətən sevgimiz var idi. Səngərdə “haralısan”,–sualı yox idi, təkcə, Vətən var idi. Hamımız yaxşı dərk edirdik ki, qeyrət qalamız Sədərəkdi, onu itirsək, bütün Naxçıvanı təhlükəyə atarıq. Hamı bir olub, əlbir olub, bir hədəfə, düşmənə qarşı döyüşürdü. Elə gecə olurdu ki, səhərə qədər nəfəs belə, almadan döyüşürdük. Sərt hava şəraiti, silah azlığı bizi sındırmırdı. Onlar səhərə kimi dinc Sədərəyi güclü atəşə tuturdular. 12 min əhalinin yaşadığı kəndin hər səhəri döyüşlə açılırdı. İgid döyüşçülərimiz mərdlik göstərərək düşmənin iradəsini qırmağa nail oldular. Bir-birindən qeyrətli oğullar canlarını Vətən yolunda qurban verirdi. Cəbhədə olan hər kəs əli silah tutanların necə qəhrəmancasına vuruşduqlarının şahidi olurdular. Toplardan və zirehli texnikalardan atılan mərmilərlə kəndin yolu – izi də tamam dağıdılmışdı. Həmin günlərdə ulu öndər Heydər Əliyev xalqa televiziya ilə müraciəti ilə qədim diyarın qeyrətli oğul və qızlarını Vətəni daha cəsarətlə qorumağa səslədi.
Nə yaxşı ki, o vaxt ulu öndərimiz Naxçıvanda idi. Onun gəlişi ilə torpaq azad nəfəs almağa başladı. İnsanlarda inam, qətiyyət, qələbə hissi baş qaldırdı. Bəli, Onun gəlişi ilə Naxçıvanın başı üzərində Günəş doğmuşdu. Bu Günəş qara buludları dağıdır, havaya bir aydınlıq, istilik gətirirdi. Bu, Heydər Əliyev Günəşi idi. O böyük insanın – Heydər Əliyevin onu canı qədər sevən, ona özü kimi inanan insanların qarşısında, “Mən doğma torpağıma, Naxçıvana, Naxçıvan Muxtar Respublikasına hədsiz məhəbbətimi bir daha bildirmək istəyirəm. Bilin ki, mən sizə həmişə sadiq olmuşam, bundan sonra da sadiq olacağam. Mən Azərbaycan xalqına həyatım boyu sadiq olmuşam, ömrümün son dəqiqəsinə qədər də sadiq olacağam. Azərbaycan dövlətinin müstəqilliyi yolunda bundan sonra da fədakarcasına çalışmaq mənim həyatımın mənasıdır”, – deməsi onlarda qələbə, inam əzmini gücləndirdi. Sədərək döyüşlərində bütün Naxçıvan diyarının qeyrətli, igid oğulları mərdliklə vuruşurdular və qalib gəldilər.
Ramiyyə ƏKBƏROVA