Hələ uşaq vaxtı kənddə nənəmin evin kiçik otağının baş tərəfində qoyulan sandıqda əzizləyə-əzizləyə nə saxlaması marağıma səbəb olar, gedib-gəlib sandığın üstündəki böyük qara qıfıla baxar, maraq mənə güc gələr, nənəmdən “Bu sandıqda nə var ki, onu belə bərk-bərk bağlayıb açarını da hara getsən, özünlə aparırsan?” – deyə soruşardım. Burada hansısa sirr, ya da xəzinə olduğunu düşünərdim. Sandıq onun cehizliyi idi, ən müqəddəs və qiymətli əşyaları orada saxlayırdı. Onu da deyim ki, sandıq həm də nənəmin sevdiyi istirahət guşəsi idi, lap məşhur “Qayınana” bədii filmindəki Cənnət xala kimi onun üstünə döşəkçə qoyub boş vaxtlarında orada əyləşməkdən, sanki ayrıca zövq alardı. Bəzən də qohumda, qonşuda toy olanda sandığı açar, içindən balaca bir mücrü də çıxarar, oradan təzə gəlin üçün sırğa, ya da üzük seçib hədiyyə edər, sandığın “sirrindən” danışardı:
– Vaxtilə sandıq ailələrdə anasından qızına cehiz şəklində bir mirastək ötürülərdi. Qız doğulduğu gündən başlayaraq anası öz cehizindən qalmış əşyaları, çatmayanları isə alaraq əlavə edər, ayrıca bir sandığa yığardı. El adətinə görə, ev əşyalarının çoxunu nişanlı qız özü hazırlayar, xalı, corab toxuyar, saatqabı, tənbəki kisəsi və sair tikərdi. Sandığın içərisində mütləq mücrü də olardı. Mən gəlin gələndə rəhmətlik qayınatam bəy idi, çoxlu var-dövləti olduğu üçün mücrümdə heydəri sırğam, silsiləm, qarabatağım, hilim, qızıl kəmərim var idi. Müharibə dövründə çox çətinliklərlə qarşılaşdıq, qızıllarımın bir hissəsini övladlarımı böyütmək üçün satmaq məcburiyyətində qaldım.
Nənənin bu sözlərini xatırlayanda elə həmin illərdə maraqla tamaşa etdiyim, Xalq yazıçısı Gülhüseyn Hüseynoğlunun “Mücrü” mənsur şeirinin ssenarisi əsasında çəkilmiş qısametrajlı film yadıma düşür. Ana qızını gəlin köçürəndə ona cehiz olaraq mücrü verir və “mücrüsüz gəlin olmaz”, – deyir. Gəlin isə həyat yoldaşı tərəfindən hər dəfə hədiyyə edilən zinət əşyalarını bu mücrüyə qoyub saxlayır. Mücrü dolur... Lakin amansız müharibə onun həyat yoldaşını alır, aclıq başlayır. Gəlin uşaqlarını böyüdüb boya-başa çatdırmaq, onların təhsil almaları üçün bu zinət əşyalarını bir-bir satmağa məcbur olur. Mücrü boşalır... İllər keçir, müharibə bitir və həmin mücrü ana üçün hər şeydən əziz və qiymətli olan övladlarının ali təhsil diplomları ilə yenidən dolmuş olur...
Əslində, nənələrimizin İkinci Dünya müharibəsində yaşadıqlarını biz də yaxın keçmişimizdə yaşamışıq. 90-cı illərdə neçə-neçə ananın, qız-gəlinin sandığı, mücrüsü açıldı. Məğrur qadınlarımız öz saxlanc yerləri olan sandıqlarından neçə yadigarlarını, xoş günlərinin xatirələrini, toy-duvaq, gəlin üçün əzizlənə-əzizlənə saxlanılan zinət əşyalarını ovuc-ovuc çıxarıb çörəklə yox, silahla, patronla dəyişdilər. Çünki qeyrətli Azərbaycan anası tapdığı bir ovuc taxılı üyüdüb yemək üçün ağlayan körpəsini sakitləşdirməyi bacarırdı. Amma mənfur, çörəyimizi yeyib torpağımıza göz dikənləri igid oğullarımız ancaq silahlarla susdura, ata-baba torpaqlarımızdan uzaq tuta bilərdi...
Nə isə, deyəsən, mətləbdən çox uzaqlaşdım. Acı da olsa, qürurla xatırladığımız günlərdən bu günə qayıdır, sizə keçmişdən yadigar qalan sandıq və mücrülərin müasir dövrümüzdə də hazırlanmasından söhbət açmaq istəyirəm. Şərur rayonunun Çərçiboğan kəndinə yollanıram. Kənd sakini Ülfət Novruzov ata-baba sənətini davam etdirir. Onunla elə iş başında, sandıq və digər əşyalar – mətbəx, yumşaq mebel və yataq dəsti düzəltdiyi sexdə həmsöhbət olduq:
– Əsrlərdir, cehiz sandıqları bizim məişətimizin bir hissəsi olub. Əvvəllər “Gəlin sandıqsız olmaz”, – deyirdilər. Bu adət uzun illər keçməsinə baxmayaraq, hələ də davam etdirilir. Bizim tərəflərdə toyu olacaq qızlara cehiz kimi sandıq da verilir. Qız öz əşyalarını sandığa yığıb aparır.
Ustanın neçə ildir, bu sənətlə məşğul olduğu ilə də maraqlanırıq. Deyir ki, uşaqlıqdan bu sənətə həvəsim olub, sənətin incəliklərini atamdan öyrənmişəm. Müasir dövrümüzdə tələbatın az olmasına baxmayaraq, mən ata-babadan qalma bu sənəti davam etdirməyi özümə borc bilirəm. Lakin artıq köhnə model sandıqlardan daha çox müasir tərzdə işlənmiş sandıqlar dəbdədir.
Ülfət onu da deyir ki, əl işləməli, daş-qaşla bəzədilmiş olan sandıqlar daha çox sifariş edilir. Sandıqlar hər il yeni bir dəbə uyğun şəkildə yeni və müasir görünüşdə, bir qayda olaraq, elastik sərv ağacından hazırlanır. Sandıqların ölçüləri fərqlidir. Ən balacası 20x12 santimetr, ən böyüyü 100x50 santimetr ölçüdə olur. Ən çox satılan standart sandıqlardır (80x40 santimetr). Sandıqların əksəriyyəti qırmızı çalarlardan ibarət ənənəvi naxışlarla bəzədilir. Lakin müştərilərin istəyinə görə, sandığı daha orijinal tərzdə işləmələrlə düzəltmək olar.
Bu işin çətin və səbir tələb edən bir sənət olduğunu vurğulayan usta, bir sandığı düzəltməyə xeyli vaxt sərf etdiyini qeyd edir: “Balaca bir mücrünü hazırlamaq yeddi günə başa gəlir. Elə sandıq da var ki, üç aya hazırlanır. Sandıqları əvvəlcə taxtadan düzəldir, sonra isə üstünü istəyə görə örtürəm”.
Həmsöhbətimiz sandıqçaların və onların üzərinə vurduğu naxışların öz təxəyyülünün məhsulu olduğunu diqqətə çatdırır: – Oval sandığa “çəlləkvarı sandıq” da deyirlər. Keçmişdə bu cür sandıqlar olmayıb. Ancaq düzbucaqlı sandıqlar olub.
Ülfət deyir ki, qədim sandığı elə də çox sifariş verən olmur. İldə bir, ya da iki dəfə olar ya yox. Usta təmir etdiyi kiçik sandığı da bizə göstərir: “Qədimi sandıqdır, müştəri dedi ki, anasının yadigarıdır. Təmir etdim, sabah gəlib aparacaq. Keçmişdə sandıqdan məişətdə daha geniş istifadə edilərdi”, – deyən usta onu da vurğulayır ki, əvvəllər bizə çörək sandığı da sifariş verərdilər. Atam bu işin ustası idi. Çörək sandıqlarında qış üçün yapılan iki-üç tay unun lavaşı ta yaz gələnə kimi saxlanar, az-az sulanıb yeyilərdi. Həmin sandıqlardan az da olsa, indi də sifariş edilir. Bu gün kəndlərdə müasir çörək sexləri olsa da, daha əvvəlki kimi qışa lavaş tədarükü görülməsə də, yenə də çörək sandığı alınır. Artıq istədiyimiz vaxt isti lavaş alıb süfrəmizə gətirə bilir, çox olduqda onu əvvəlki kimi çörək sandığında saxlayırıq.
Ustanın müasir üslubda sandıqlar düzəldib qədimlərini isə təmir etməklə el sənətini yaşatdığı bu sexdə dünənlə bu günə səyahət etmiş olduq. Və düşünürük ki, müasirlik nə qədər cəlbedici olsa da, keçmişdən qalan yadigarlar bir o qədər qiymətlidir.
Ramiyyə ƏKBƏROVA