Keçmişdən günümüzə qədər, demək olar ki, bütün mədəniyyətlərdə, Səlcuqlu və Osmanlı dövrlərində Anadoluda uğurla istifadə edilən minakarlıq Sasanilər zamanında (224-651) sənətkarlar tərəfindən yaradılıb. Bu sənəti monqollar Hindistan və digər ölkələrə yayıblar. Bəzi tarixi mənbələr göstərir ki, Səlcuqlu, Səfəvilər və Zənd sülalələrinin yaşayış məskənlərindən minakarlıq üslubunda emal edilmiş yemək qabları və materiallar aşkar olunub. Belə yemək qablarının əksəriyyəti Qacar sülaləsinə aiddir. Səfəvilər dövründə buraya səfər edən fransız səyyahı qeydlərində yazırdı: “Bu əşyalar parlaq rəngli quşlar, heyvanlar, çiçək naxışları və ornamentlərlə bəzədilmişdir”.
Bu gün həmin sənət növü ilə məşğul olanlar dünyada barmaqla sayılacaq qədərdir. Dünyanın yaradılış yeri olan qədim yurdumuzda minakarlıq ilə illərdir, məşğul olan Əlhüseyn Qəribzadə bu sənətə marağın onda 10 yaşından yarandığını deyir. Bildirir ki, minakarlıq sənəti haqqında bir çox məlumatları aldıqdan, onun sirlərinə bələdçilik etdikdən sonra bu işlə məşğul olmağa başlayıb. “Prosesdə bir neçə usta iştirak etməli olduğu halda, mən bu işi təkbaşına görürəm”, – deyən usta onu da bildirir ki, metal formaları yaratma, maye ilə boyama və örtmə prosesi olduqca mürəkkəbdir. Bu sənət əzmkarlıq tələb edir. İşin gözəlliyi sənətkarın zövqünün incəliyinə, bacarığına bağlıdır. Mina üçün, əsasən, qızıldan istifadə edilir, çünki qızıl minanı daha yaxşı saxlayır. Gümüşdən qutuların, kasaların, qaşıqların, misdən isə digər sənət nümunələrinin hazırlanmasında istifadə edilir. Minakarlığın nümunələri çox müxtəlifdir, eyni naxışlarla işlənmiş ikinci əl işini tapmaq çətindir.
Minakarlıqda istehsal prosesi çox çətin olduğu üçün bu iş, ilk növbədə, diqqət və səbir tələb edir. İlk olaraq mis, gümüş, qızıl kimi metallardan seçilib müxtəlif əl işləri hazırlanır. Bu boyunbağı, cib saatı, rəsm və sair ola bilər. Sonra bu formanın minalanacaq tərəfi 1, 2, 3 millimetr ölçüdəki polad əl qələmi ilə oyularaq naxışlanır. Naxışlandıqdan sonra oyulmuş yerlərə mina toz olaraq tətbiq edilir və uyğun istilikdə əriyənə qədər ocaqda saxlanılır. Minanın ərimə dərəcəsini usta təyin edir. Bu istilik 750 dərəcə ilə 1000 dərəcə arası olur. Proses 3 dəfə təkrarlanır, – deyən müsahibim onu da qeyd edir ki, minanın ən dəyərlisi fırça ilə rəsm ediləndir. Bu fırçalar, adətən, pişik tükündən hazırlanır. Rəsm edilmiş minanın ən dəyərlisi isə 1,5-2 santimetr ölçülərdə olan insan portretləridir. Rəsmli minakarlıq növü rəssamlıq, zərgərlik, kimyagərlik tələb edən bir qarışıq laboratoriya sənətidir.
Hər rəngin ərimə dərəcəsi fərqli olduğundan rəsmli minada rəngləri bir-birinə qarışdırmaq olmaz. Məsələn, işə ən yüksək dərəcədə əriyən sarı rəngdən başlamaq lazımdır. Bundan sonra əsərimiz 900 dərəcə istilikdə 5 dəqiqə bişirilir. Sonra mavi rəng vurulur, 850 dərəcədə bişirilir. Beləliklə, mərhələ-mərhələ digər rənglər əlavə edilir və hər rəng sonrası istilik müəyyən qədər aşağı düşürülür. Bir portret, təxminən, 10-18 dəfə ocaqda bişirilib soyudularaq işlənilir. Bişmiş məhsuldakı qüsurları aşkarlamaq üçün o, diqqətlə gözdən keçirilir. Yalnız mükəmməl örtüyə malik məhsullar satışa çıxarılır və ya nümayiş etdirilir. Müsahibim deyir ki, mexaniki təsirlər, kürədə tələb edilən istiliyin və ya müxtəlif təbəqələr arasında güclü qovşağın olmaması, metaldakı çatışmazlıqlar səthin kənarına zərər vurur. Mina üçün ən böyük risk mexaniki təsir nəticəsində bəzədilmiş səthin ayrılmasıdır. Ona görə də əl işlərini daşıyanda diqqət göstərilməlidir. Ayrılmış hissəyə rast gəlindikdə dərhal təmir olunmalıdır, əks halda digər hissələrin ayrılması baş verə bilər.
Müsahibim onu da bildirir ki, bu sənətdə “islimi” üslubunda müxtəlif naxışlardan istifadə üstünlük təşkil edir. Minakarlığın fərqləndirici xüsusiyyətlərindən biri olan bu üslubdan min ildən artıqdır ki, istifadə edilir.
Əlhüseyn onu da diqqətimizə çatdırır ki, keçmişdə bu sənətdə qeyri-üzvi boyalardan, hazırda isə kimyəvi rənglərdən istifadə olunur.
Bu işin sirlərindən söhbət açan usta deyir ki, hər mina ustasının müraciət etdiyi fərqli üsullar mövcuddur. Bu üsulların hər biri uzun illər aparılan yüzlərcə sınaqdan sonra yaradılıb. Buna görə də ustalar öz üsullarını heç kimlə bölüşmürlər. Bu özünəməxsusluğuna görə minakarlıq sənəti günümüzdə nadir sənət növləri arasındadır. Günümüzdə metal üzərini hazır satın alınma rəngli şüşə tozları ilə bəzəyib mina kimi təqdim etsələr də, mina başqa, şüşə isə tamamilə başqadır. Minakarlıq sənəti ilə işlənmiş dizaynda bəzədilmiş parlaq rənglər müəyyən istilikdə metala sabitlənmiş olur. Ümumiyyətlə, mina maqnezium, kalium, qurğuşun, qiymətli daşlar, feldispat, kaolin, zirkonyum, borik turşusu və qalaydan hazırlanır.
Əlhüseyn onu da bildirir ki, hazırda “Novruz yumurtaları” adlı kompozisiya üzərində işləyir. Bu kompozisiyada yumurtalar hazırlamaq və onların içərisinə milli bayramımız olan Novruzun simvollarını yerləşdirməklə məşğuldur.
Onu da qeyd edim ki, Əlhüseyn Qəribzadənin işi təkcə minakarlıqla bitmir, o, yağlı boya ilə əsərlər çəkir. Onun əsərləri Birləşmiş Ərəb Əmirliklərindəki şəxsi kolleksiyalarda da var.
Müsahibim indiyə kimi onlarla bənzərsiz minakarlıq işləri görüb və əsərlərində qədim diyarımızın tarixini, mədəniyyətini özündə əks etdirən nümunələr yaradıb.
Bütün bunlar onun istedadının təcəssümü, bu insana bəxş edilən yaradıcılıq bacarığının məhsuludur. Onun əl işlərinə baxanda belə bənzərsiz incəsənət nümunələri yaradan insanın yaradıcılığına valeh olmamaq mümkün deyil.
Ramiyyə ƏKBƏROVA