Uşaqlıq illərimdən ağaclara, yaşıllığa, gülə, çiçəyə xüsusi sevgim olub və hər zaman bu təbiət gözəlliklərinə valeh olmuşam. Kəndə gedəndə ağacların kölgəsində olmaq, ya da ki onun əlçatmaz budaqlarına çıxıb oradan aşağını seyr etməyi çox sevərdim. Amma hansı ağaca yaxın gedə bilsəm də, lap qonşuluğumuzda yerləşən məscidin qarşısındakı ağacın budağına əl vura bilməzdim. Kənddəki yaşlı insanlar buna imkan verməzdilər. Çünki el arasında belə rəvayət gəzirdi ki, onun kölgəsində nə zamansa peyğəmbər yatıb.
Yüz illərdir, bu rəvayət nalbənd ağacına “toxunmazlıq möhürü” vurub, onu müqəddəsləşdirib. Böyüklər deyirdilər ki, bu ağaca toxunmaq günahdı. Ağac məscidin qarşısında, sanki ona keşik çəkir. Hər səhər və axşamüstü olanda kəndin yaşlı insanları bu ağacın kölgəsinə yığılır. Kənd sakinlərindən Həşim baba deyir ki, həmin ağac uzun illərdir ki, beləcə, burada göylərə ucalaraq insanlara xoş sərinlik, kölgə bəxş edir. 300-350 il, hətta bundan da artıq yaşaya bilən nalbənd ağacı yayın qızmar istisinə, quraqlığa, borana, güclü küləyə, çovğuna, 40-45 dərəcə şaxtaya dözümlüdür. Çətirinin böyüklüyünə, budaqlarının sıxlığına, gözəl görkəminə görə nalbəndi əvəz edən ikinci ağac çətin ki tapılar. Bu ağacın budaqları qurusa, sınıb düşsə də, onu götürüb bir kənara qoyarlar. Ona daş atmaq, budağını əymək, yarpağını belə, qırmaq günah sayılır. Təbii yolla ömrünü başa vurmuş, qurumuş oduncağından belə, istifadə etməzlər, onu yandırmazlar. Ancaq o qədər möhkəm, o qədər davamlıdır ki, onun çürüyüb torpağa qarışması üçün uzun illər gərəkdir. Bu ağac və onların bitdiyi yerlər, insanlar tərəfindən müqəddəs hesab olunur. Elə ona görə də kəndlərdəki qədim məscidlərin çoxu nalbənd ağacının yaxınlığında inşa edilib. Bizim kəndə qonşu Qışlaqabbasda da məscid nalbəndin yaxınlığında yerləşir.
Həşim baba deyir ki, bunları yaşadıb zamandan-zamana ötürən, “ölməkdən” qoruyan xalq inamı, xalq etiqadı olub. Dədə-babadan nalbənd ağaclarına xüsusi qayğı ilə yanaşırlar, əhd edənlər bu müqəddəs ağacın budaqlarına nəzir deyib yaylıq, parça bağlayırlar. Naxçıvan diyarında ona “nalbənd”, həm də “narbənd” ağacı deyənlər vardır. Birinci ad rəvayətə görə onunla əlaqədardır ki, nalbənd, yəni minik, qoşqu və yük heyvanlarını nallayan usta, adətən, həmin heyvanları qızmar aylarda bu ağacın geniş və sərin kölgəsində nallayarmış.
Baba onu da deyir ki, uzun illər, qərinələr, əsrlərboyu toxunulmaz olan bu ağaclar da bir vaxtlar insanların laqeyd münasibətinə tuş gəlib. Sovetlər dönəmində milli adət-ənənələrimizə, inanclarımıza qənim kəsilənlər həmin ağacları da kəsib-doğramağa çalışırdılar. Elə o zamanlarda kənd camaatı əlbir olub bu ağacın kəsilməyinə imkan vermədik...
Bu gözəl nadir ağac calaq götürmür, onun nə toxumu, nə də tingi olur. Xalq içində elə müdriklər tapıldı ki, nalbənd şivlərini əldə edib həyətlərindəki qaraağaclara calaq vurdular. Həşim baba deyir ki, bir vaxtlar rayonumuzun Mahmudkəndində Hüseyn kişinin (ona el arasında “Nalbənd Hüseyn” deyirdilər) calaq üsulu ilə yetişdirdiyi nalbənd tinglərindən ərsəyə gətirirdi. Ağaclar nəinki muxtar respublikamızın ərazisində, hətta Azərbaycanın digər rayonlarında, iri şəhərlərində belə, öz görkəmi, yaraşığı ilə göz oxşayırdı. Hüseyn kişi qapısına peyvənd elədiyi nalbənd tingləri üçün gələnləri boş qaytarmaz, həm də heç kimdən heç nə ummazdı. Bir istəyi var idi ki, kökü kəsilməkdə olan nalbənd yenidən artsın, çoxalsın, ölkəmizin hər tərəfinə yayılsın.
Həşim babanın bu sözlərindən sonra Mahmudkəndinə yollanır və Hüseyn kişinin bu nəcib əməlinin davamçısı, nəvəsi Səyyad Əliyevlə həmsöhbət oluruq. Öyrənirik ki, o, babasından qalma bu işi indi də davam etdirir. Yazda qaraağaca nalbəndən calaq vurur və onun kimi nadir bir ağacı yox olmaq təhlükəsindən qoruyur. O deyir ki, uşaqlıqda bu işi babamdan öyrənmişəm. Babamın şöhrəti Azərbaycandan kənara da yayılmışdı, hətta 1985-ci ildə Bolqarıstandan babama məktub gəlmişdi. Təbiətsevər bir insan öz məktubunda nalbənd ağacından onun da həyətində olmasını arzulayır və babamdan xahiş edirdi ki, ona bu ağacdan yollasın. Uzun illər ömrünün çoxunu təmənnasız olaraq nalbənd ağaclarının çoxaldılmasına həsr edən babam əlinin zəhməti ilə yüzlərlə nalbənd yetişdirmişdi. Yaxşı yadımdadır, ötən əsrin 90-cı illərinin qarlı, şaxtalı çətin vaxtlarında bu ağaclar da baltaya tuş gəldi. Əslində, bunu edənləri qınamaq da istəmirəm. Çünki evdə körpəsi, qocası olanlar var idi. Axı qazın, işığın kəsildiyi bir vaxta başqa əlacı qalmamışdı insanların. Şükürlər olsun ki, o ağır illər artıq arxada qalıb. Təbiətimizə, yaşıllıqlara həm dövlət tərəfindən qayğı göstərilir, həm də insanların münasibəti dəyişib. İndi çox yerdə babamın calaq üsulu ilə yetişdirdiyi nalbənd ağacları gözəlliyi ilə göz oxşayır. O vaxtlar babamın bu nəcib əməli hamı tərəfindən alqışlanırdı. Elə gün olmazdı ki, qapımızdan bir adam əliboş qayıtsın. O, hamıya nalbənd tingi verər, “Aparın, yaxşı baxın”, – deyərdi. Sanki əziz övladını kimə isə əmanət edərdi. Yaxşı yadımdadır, həmin illərdə mərhum şairimiz Vaqif Məmmədov da babamın bu nəcib əməlindən öz şeirində bəhs etmişdi:
Bir qoca yaşayır Şərur elində,
Qəlbi saz, ağsaqqal kişidir, bilin.
Qayçısı, bıçağı hər vaxt əlində,
Nalbənd peyvəndləmək işidir, bilin…
Atam da bu işi yaxşı bilirdi. Elə babamla bərabər nalbəndin çoxaldılması qaydalarını bizə öyrətməyə çalışırdı. İndi onlardan miras qalan bu işi mən öz öhdəmə götürmüşəm. Çox arzu edirəm ki, həmin ağacların kökü kəsilməsin.
Onunla həmsöhbət olarkən “Azərbaycanda elmin inkişafı və regional problemlər” kitabında Əli Məmmədovun “Nalbənd ağacı Naxçıvanın gözəl bəzək bitkisidir” məqaləsində yazdıqlarını xatırlayıram: “Nalbənd ağacının Naxçıvan Muxtar Respublikası üçün gözəl dekorativ bitki olduğunu nəzərə alaraq biz 1972-ci ildən başlayaraq bu bitkinin Naxçıvan Dövlət Universitetinin ərazisində artırılıb becərilməsi üzrə müəyyən təcrübə və müşahidə işləri aparmışıq. Nalbənd ağacını qaraağac bitkisinə calaq etməklə artırmaq olur. Qaraağac bitkisi toxumları, kök və kötük pöhrələri ilə artır. Nalbənd ağacı yetişdirmək üçün kök pöhrələrindən əmələ gələn cavan qaraağac tinglərini bir sahədə əkməklə biz cırlardan ibarət tinglik yaratdıq. Ağacın latın dilindəki “Ulmus densa” adı “sıxçətir qaraağac” mənasını ifadə edir. “Azərbaycan florası” kitabının üçüncü cildində də (1952-ci il) növün adı nalbənd ağacı kimi verilmişdir”.
Həmsöhbətim Səyyad Əliyev nalbənd ağacının calaq edilib artırılması ilə bağlı təcrübəsini bizimlə bölüşdükcə tanınmış akademik Həsən Əliyevin hələ 1982-ci ildə çap etdirdiyi “Həyəcan təbili” kitabında yazdığı bu sətirləri də xatırlayıram: “Bəzək ağaclarından nalbənd, demək olar ki, tamamilə məhv olmuşdur. Bu bəzək ağacına SSRİ ərazisində yalnız Naxçıvan Muxtar Respublikasında rast gəlirdik”. Və sevinc hissi, fəxrlə fikirləşirəm ki, bir vaxtlar görkəmli akademikin böyük həyəcan və təəssüflə dediyi bu sözlərin əksinə olaraq vaxtilə tanınmış realist rəssam Bəhruz Kəngərlinin əsərlərində də təsvir edilən bu nadir ağacın – nalbəndin sayının artırılması, qorunması qayğısına qalanlarımız var. Bu isə o deməkdir ki, doğma diyarımızın nadir təbiəti etibarlı əllərdədir.
Ramiyyə ƏKBƏROVA