22 Dekabr 2024, Bazar

Qadın torpaq mülkiyyətçisi deyəndə bir neçə il bundan əvvəl bir çoxları üçün bu ifadə qəribə səslənirdi. Belə bir düşüncə vardı ki, qadınlar torpağa sahiblənə, ondan qazanc götürə bilməzlər. Ancaq indi hər kəs qadınlarımızın bu sahədə böyük uğurlar qazandıqlarına şahidlik edir. Çünki bu gün qadınlar bütün sahələrdə olduğu kimi, sahibkarlıqda da fəallıq nümayiş etdirirlər.

Bu dəfə yolumuz Sədərəyədir. Rayonun Sədərək kənd sakini Mehbarə Hüseynova ilə həmsöhbət olacağıq. Onu Sədərəkdə fəal torpaq mülkiyyətçisi kimi tanıyırlar. Əkib-becərmək zəhmət tələb edən iş olsa da, bu çətinliklər onu qorxutmayıb, əksinə, torpağa daha möhkəm tellərlə bağlanıb. Amma Mehbarə xanımın işi təkcə torpaq əkib-becərməklə bitmir. O, Sədərək Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsinin müdiri olmaqla bərabər, rayon Mədəniyyət Sarayının nəzdində həvəskar dərnək də yaradıb. Burada uşaqlara milli rəqslərimizi, xalq yaradıcılığı nümunələrini öyrədir. Sədərəkdə elə bir tədbir olmaz ki, orada bu dərnək üzvləri yaddaqalan çıxışlar etməsinlər.
Zövqlə tikilmiş kənd evinin aynabəndində hazırlanmış çay süfrəsi arxasında onunla söhbətimiz qadınlarımızın torpağa sahiblənməyinin üstünlükləri barədə oldu. Mehbarə Hüseynova dedi ki, təsərrüfat qurmağa başladığı gündən dövlətimizin diqqət və qayğısı sayəsində bütün çətinliklərə sinə gərə bilib. O, ötən il bir hektar sahədə taxıl, yarım hektara soğan, 0,5 hektara sarımsaq, kartof, bu ilin yazında isə 2 hektar arpa əkib. “Torpağın da dili var”, – demişlər müdriklər. Torpaq da canlıdır, qayğıya möhtacdır. Əgər torpağı öz dilində danışdıra bilsək, nazını çəkib qayğıya bürüsək, onda istədiyimizi zəhmətimizin qarşılığında ən yüksək formada əldə edə bilərik. Təbiətin bizə bəxş etdiyi ən böyük sərvəti – torpağı sevmək, qayğısına qalmaqla özümüzə yaxşılıq etmiş oluruq. Əbəs yerə atalarımız “Torpaq deyir: sən mənə tər ver, mən sənə zər verim”, – deməyiblər.

Hər il yetişdirdiyi məhsullardan yaxşı gəlir əldə etdiyini deyən müsahibim onu da vurğuladı ki, əvvəllər bu işə başlayarkən bir çox insanlar onun buna gücünün yetməyəcəyini deyirdilər. Ancaq üzləşdiyi heç bir çətinliyə görə ruhdan düşməyib. O, 2018-ci ildə keçirilən “Ailə təsərrüfatı məhsulları” festivalında üçüncü, builki “Kətə” festivalında ikinci yerə layiq görülüb. Yeni il şənliyində şəhər sakinlərinə ictimai iaşə xidməti göstərən ailə təsərrüfatları içərisində onun təsərrüfatının məhsulları çeşid və keyfiyyəti ilə seçilib.
Mehbarə xanım 2019-cu ilin “Ailə təsərrüfatları ili” elan edilməsinə də çox sevindiyini bildirir: – Dövlətimizin məqsədi odur ki, hər bir kəndli ona düşən torpaq payını boş saxlamasın. Buna görə də kənd adamlarına güzəştli kreditlər verilir, istehsal olunan məhsulun satışı təşkil edilir. Bütün bunlar da kəndlini torpağa, öz elinə-obasına bağlayır.
Müsahibim deyir ki, ailəmizin firavan dolanışığı torpaqla, əkin-biçinlə təmin olunur. Qadınlara kiçik fermer təsərrüfatları yaratmaq sahəsində dövlət dəstəyi ilə yanaşı, ailələri də ona arxa-dayaq olmalıdır. Mənim də bu işlərdə ən böyük dayağım ailəmdir. Atamın və qardaşımın köməyi ilə öhdəsindən gələ bilməyəcəyim iş yoxdur.
Gələcək planlarından söhbət açan müsahibim onu da bildirir ki, yaxın günlərdə dövlət maliyyə dəstəyi ilə kənd qadınları ilə birgə yeni təsərrüfat sahəsi yaratmaq istəyir. Ona görə də builki mövsümdə daha çox tərəvəz əkib-becərməyi planlaşdırır. Mehbarə xanım onu da deyir ki, təsərrüfatını genişləndirərək qış üçün azuqələrin – meyvə şirələrinin, mürəbbələrin, cemlərin, müxtəlif yeməklərin hazırlanıb qablaşdırılması üçün şərait yaratmağı da planlaşdırır. Burada on qadına da yeni iş imkanı açılacaq.
Müsahibim gələcək planları haqqında həvəslə danışdıqca düşünürəm ki, bu gün qadınlarımızın torpaqdan dördəlli yapışmalarının, heç nədən çəkinmədən sahibkarlıqla məşğul olmalarının səbəbi məhz dövlətimizin bu sahəyə olan qayğısından irəli gəlir. Qadınların iqtisadi sahədə fəallığının daha da artırılması üçün həvəsləndirici tədbirlər görülür. Eyni zamanda qadınların bizneslə məşğul olmaları və aqrar təsərrüfatlarını qurmaları üçün də şərait yaradılır. Bunun nəticəsidir ki, son illər qadın sahibkarların, eləcə də torpaq mülkiyyətçilərinin sayı xeyli artıb.
Bu gün Mehbarə xanımın timsalında kiçik bir ailə təsərrüfatı ilə sahibkarlığa gedən yolun başlanğıcına qədəm qoyan gənc bir qadının torpaqda çəkdiyi zəhmətin müqabilində qazandığı uğurları gördük. Bu, kənd yerlərində yaşayan bir çox qadınlarımıza nümunədir. Deməli, aqrar təsərrüfatla məşğul olan kənd adamı xeyir götürür ki, sahəsini də genişləndirir. Bu da sirr deyil ki, muxtar respublikamızda dövlət dəstəyindən səmərəli istifadə edən qadınlarımız sonradan sahibkara çevrilirlər.

 Ramiyyə ƏKBƏROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR