26 Aprel 2024, Cümə

Ötən ayın ümumi mənzərəsi müasirləşən qədim diyarımızın daha parlaq gələcəyindən xəbər verir


Naxçıvan Muxtar Respublikasında aparılan abadlıq-quruculuq işləri diyarımızı müasir inkişaf mərhələsinə çıxarmış, sakinlərin rahat yaşayışı təmin edilmişdir. Ötən ildən bütün dünyada pandemiyanın geniş yayıldığı və ölkəmizin ağır müharibədən çıxdığı bir dövrdə belə, geniş quruculuq işlərinin həyata keçirilməsi respublikamızın sosial-iqtisadi inkişafının göstəricisidir. Muxtar respublikanın bütün şəhər və rayonları, o cümlədən kəndləri simasını dəyişmiş və müasirləşmişdir. İftixarla demək olar ki, indi ucqar dağ kəndlərimiz infrastruktur təminatı baxımından paytaxt Naxçıvan şəhərindən heç də geridə qalmır. Bu quruculuq ərməğanlarından Azərbaycanın incisi Ordubada da pay düşmüşdür. Fevralın 5-də rayonun Nüsnüs və Yuxarı Əndəmic kəndlərində yeni sosial obyektlər istifadəyə verilmişdir.

2300-dən artıq sakinin yaşadığı, qəsəbətipli kəndə çevrilən Nüsnüsdəki yeni quruculuq ünvanlarından biri kənd tam orta məktəbidir. Fevralın 5-də həmin təhsil ocağı istifadəyə verilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov məktəbin açılışını etmiş, yaradılan şəraitlə maraqlanmışdır. Məlumat verilmişdir ki, məktəb hərtərəfli müasir tədris şəraiti, STEAM qurğuları ilə təchiz edilmişdir. 

Ali Məclisin Sədri məktəbin pedaqoji kollektivi ilə görüşmüş, Nüsnüs kənd tam orta məktəbinin istifadəyə verilməsi və qazandıqları uğurlar münasibətilə kollektivi təbrik etmişdir. Məktəbdə yaxşı təhsil ənənələri yaradıldığını qeyd edən muxtar respublika rəhbəri vurğulamışdır ki, kollektivin qarşısında duran əsas məsələ yaradılan şəraitdən səmərəli istifadə etməklə gəncləri vətənpərvər, yüksək təhsilli və dünyagörüşlü yetişdirməkdir.
Dövlət qurumlarının eyni binada fəaliyyət göstərməsi səmərəli idarəetmə və insan amilinə verilən dəyərin ifadəsidir. Fevralın 5-də Nüsnüs və Yuxarı Əndəmic kəndlərində yeni kənd mərkəzlərinin açılışları olmuşdur. Ali Məclisin Sədri baytarlıq məntəqəsində heyvandarlığın inkişaf etdiriliməsinə dəstək barədə, kənd mərkəzindəki kitabxana ilə tanış olarkən 880 illik yubileyi qeyd olunan dahi şair Nizami Gəncəvinin əsərlərinin müzakirələrinin keçirilməsi ilə bağlı tapşırıqlar vermişdir.
Həmin gün Nüsnüs və Yuxarı Əndəmic kəndlərində yeni xidmət mərkəzlərinin də açılışları olmuşdur. Ali Məclisin Sədri sakinlərlə görüş zamanı xidmət mərkəzlərində ailə təsərrüfatı məhsullarının satışına üstünlük verilməsi ilə bağlı tapşırıq vermişdir.
Fevralın 5-də muxtar respublikada tarixi-mədəni irsimizin qorunub-yaşadılmasına dövlət qayğısının bir nümunəsi olaraq Ordubad rayonunun Nüsnüs kəndində su dəyirmanı istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov kənd sakinləri ilə görüşərək dəyirmanların tarixi abidələrimiz kimi əhəmiyyətindən, bundan sonra da əhalinin ehtiyaclarının ödənilməsi üçün istifadə olunacağından danışmışdır.
Muxtar respublikamızda tibbi xidmətin səviyyəsinin xeyli yüksəldilməsinə xidmət edən müasir səhiyyə infrastrukturu və kadr təminatı yaradılması istiqamətində məqsədyönlü tədbirlər muxtar respublikanın bütün yaşayış məntəqələrini əhatə edir. Fevralın 5-də Nüsnüs və Yuxarı Əndəmic kəndlərində həkim ambulatoriyalarının açılışları olmuşdur. Ali Məclisin Sədri yeni səhiyyə ocaqlarında tibbi xidmətin təşkili ilə maraqlanmış, sakinlərin sağlamlığının daim diqqət mərkəzində saxlanılması, barədə tapşırıqlar vermişdir.
Fevralın 5-də Yuxarı Əndəmic-Nüsnüs kənd avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilmişdir. Muxtar respublika rəhbəri yolda yaradılan şəraitlə maraqlanmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov kənd sakinləri ilə görüş zamanı çıxış edərək bildirmişdir ki, Nüsnüs və Yuxarı Əndəmicin müasir kəndlər sırasına qoşulması, abadlıq işlərinin aparılması ölkəmizdə dövlət siyasətinin tərkib hissəsidir. Bu siyasətin bəhrələri hər kənddə görünür. Ali Məclisin Sədri kənd sakinlərini təbrik etmiş, dövlət-xalq birliyinin nəticəsi olan birgə fəaliyyətin ölkənin gələcəyinə xidmət edəcəyinə əminliyini bildirmişdir.
Muxtar respublikada dini-mədəni dəyərlərimizə qayğının növbəti təzahürü kimi Ordubad şəhərindəki qədim Cümə məscidində də bərpa işləri aparılır. Fevralın 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Ordubad şəhərindəki qədim Cümə məscidinin bərpası ilə maraqlanmış, bərpa işlərinin mart ayından etibarən davam etdirilməsi barədə tapşırıq vermişdir.
Ölkəmizdə, eləcə də doğma diyarımızda ordu quruculuğu daim diqqət mərkəzində olmuşdur. Naxçıvanda ordu quruculuğuna göstərilən diqqətin nəticəsidir ki, hərbi qulluqçuların peşəkarlığı xeyli artmışdır. Ölkəmizdə dövlət-xalq-ordu birliyinə ideal nümunə olan diyarımızda etibarlı müdafiə sistemi yaradılmış, Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları da Ali Baş Komandanın etimadını doğrultmuş, ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə böyük qəhrəmanlıq və şücaət göstərərək Tarixi Qələbənin qazanılmasına əvəzsiz töhfələrini vermişlər.
Muxtar respublikada hərbi infrastrukturun möhkəmləndirilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması diqqətdə saxlanılmış, bu illər ərzində 288 hərbi obyekt tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir. Naxçıvan şəhərində, rayon mərkəzlərində müasir yaşayış binaları, hərbi şəhərciklər tikilərək istifadəyə verilmiş, zabit-gizir ailələri mənzillərlə təmin olunmuşlar. Silsilə tədbirlərin davamı olaraq fevralın 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Vətən müharibəsi iştirakçıları ilə görüşmüş, yeni yaradılan hərbi hissələrə döyüş bayraqlarını təqdim etmişdir.
Muxtar respublika rəhbəri çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində Böyük Tarixi Qələbə qazanmasını ümummilli liderimiz Heydər Əliyevin ordu quruculuğu siyasətinin uğurlu davamı kimi səciyyələndirmişdir. Vurğulanmışdır ki, Vətən müharibəsində Naxçıvandan olan hərbçilərin İkinci Qarabağ müharibəsində göstərdikləri qəhrəmanlıqlar ölkəmizdə və muxtar respublikada ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərin nəticəsidir. Ali Məclisin Sədri Vətən müharibəsi zamanı yaralanan bütün hərbi qulluqçulara şəfa diləmiş, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Ali Məclisin Sədri demişdir: “Vətən müharibəsində Azərbaycanı qələbəyə aparan milli ruh, milli iradə və vətənpərvərlik oldu. Bu səbəbdən də vətənpərvərlik tərbiyəsi daim diqqətdə saxlanılmalı, şəhidlərimizin, Vətən müharibəsi iştirakçılarının döyüş yolu gənc hərbi qulluqçular üçün nümunə olmalıdır. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, ordunun qüdrəti təkcə silahda deyil, onun gücündə deyil. Ordunun əsas qüdrəti hər bir əsgərin, zabitin xalqına, torpağına, vətəninə sədaqətindədir. Vətənə sədaqət yolu isə ölkə Prezidenti tərəfindən uğurla davam etdirilən Heydər Əliyev siyasi yoluna sədaqətdən keçir”. Ali Məclisin Sədri Vətən müharibəsi iştirakçılarını qiymətli hədiyyələrlə mükafatlandırmış, yeni yaradılan hərbi hissələrə döyüş bayraqlarının verilməsi münasibətilə şəxsi heyəti təbrik etmiş, xidməti fəaliyyətlərində uğurlar arzulamışdır.
Həmin gün muxtar respublikamızın rəhbəri Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsi üçün istifadəyə verilən yeni qərargah binasında və Türkiyə-Naxçıvan Dostluq Parkında yaradılan şəraitlə tanış olmuş, Türkiyə Respublikasının həmişə Azərbaycanın və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanın yanında olduğuna, qazanılan uğurlarda müstəsna rol oynadığına görə Türkiyə dövlətinə və Silahlı Qüvvələrinə ehtiram və hörmət ifadə etmişdir. Qeyd olunmuşdur ki, İkinci Qarabağ müharibəsində Türkiyə-Azərbaycan birliyinə xatirə olaraq yaradılan Türkiyə-Naxçıvan Dostluq Parkı gələcək nəsillər üçün nümunə olacaqdır. Ali Məclisin Sədri Əlahiddə Ümumqoşun Ordunun təlimlərdə iştirak etməsinə şərait yaratdığına görə Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşe aparatının Naxçıvan Muxtar Respublikasındakı nümayəndəliyinin zabitlərinə, ordunun hazırlığı və tapşırıqların düzgün icrasına görə Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun komandanlığına, eləcə də şəxsi heyətə təşəkkürünü bildirmişdir.
Qədim və zəngin dövlətçilik tarixinə, 5-7 minillik şəhərsalma mədəniyyətinə malik olan Naxçıvanın siyasi tarixində, sosial-iqtisadi inkişafında onun demək olar ki, bir əsri əhatə edən muxtariyyət tarixinin mühüm yeri vardır. Muxtariyyətin quruculuq, sabitlik və inkişaf dövrü kimi səciyyələnən müstəqillik illərində Naxçıvan Muxtar Respublikasında enerji, informasiya, ərzaq və müdafiə təhlükəsizliyi təmin olunmuşdur. Bu gün Naxçıvan Muxtar Respublikası milli dövlət quruculuğu prosesinin fəal iştirakçısı kimi ölkə­mizin sosial-iqtisadi inkişafına öz töhfəsini verir. Ötən dövrdə muxtar respublikada 166 ümumtəhsil məktəbi, 374 mədəniyyət müəssisəsi, 202 səhiyyə müəssisəsi, 55 idman obyekti, 288 hərbi obyekt tikilərək istifadəyə verilmiş, 98 mindən artıq yeni iş yeri açılmışdır.
Naxçıvan Muxtar Respublikasında 1995-ci illə müqayisədə ümumi daxili məhsul istehsalı 66, onun hər bir nəfərə düşən həcmi 48, əhali gəlirləri 61, sənaye məhsulu 114, informasiya və rabitə xidmətləri 132, nəqliyyat sektorunda yük daşınması 26, kənd təsərrüfatının ümumi məhsulu 14, xarici ticarət dövriyyəsi isə 27 dəfə artmışdır. Bu dövrdə yaşıllıqların sahəsi genişlənərək ümumi ərazinin 20 faizinə çatmış, kənd təsərrüfatına yararlı torpaqların sahəsi artaraq 177 min hektardan artıq olmuşdur. Hazırda muxtar respublikada 350 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir, ümumi daxili məhsulda özəl bölmənin xüsusi çəkisi 88 faiz təşkil edir. Naxçıvan Muxtar Respublikasında inkişafın nəticəsi olaraq yaşayış məntəqələri böyümüş, şəhər, qəsəbə və kəndlərin sayı artmışdır.
Muxtar respublikanın hərtərəfli dinamik inkişafını xarakterizə edən bu faktlar, iqtisadi təhlil və müqayisələr fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaranmasının 97-ci ildönümü münasibətilə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun tarixi nitqində öz əksini tapmışdır. Naxçıvana muxtariyyət statusunun verilməsini çox­əsrlik dövlətçilik tariximizdəki mühüm siyasi hadisə kimi qiymətləndirən muxtar respublika rəhbəri Naxçıvan Muxtar Respublikasının yaradılmasının tarixi zərurət, xalqımızın mürəkkəb bir siyasi şəraitdə əldə etdiyi böyük tarixi nailiyyət olduğunu vurğulamışdır.
Muxtar respublikanın inkişafının və muxtariyyətinin qorunmasının ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olduğunu, dahi şəxsiyyətin quruculuq xəttinin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdıran Ali Məclisin Sədri demişdir: “97 illik muxtariyyət tarixinin, təbii ki, ən mühüm nailiyyəti Naxçıvanın ərazisinin qorunub saxlanmasıdır. Muxtariyyət statusu çoxşaxəli inkişafla yanaşı, həm də Naxçıvanda böyük müdafiə potensialının formalaşdırılmasına əsas vermişdir. Bir sözlə, Naxçıvan Muxtar Respublikası bütün sahələrdə uğurlu yol keçmişdir”.
Ali Məclisin Sədri bu tarixi gündə şəhidlərimizin xatirəsini yad etmiş, Naxçıvanda sabitliyin və sərhədlərin qorunmasında, inkişafın təmin edilməsində əməyi olanlara təşəkkürünü bildirmiş, təltif olunanları və mükafat alanları, onların timsalında bütün muxtar respublika əhalisini təbrik etmişdir. Tədbirdə Ali Məclisin Sədri 2021-ci il 8 fevral tarixli Sərəncam ilə 2021-ci il üçün elm və mədəniyyət sahələri üzrə Naxçıvan Muxtar Respublika mükafatlarını təqdim etmişdir. Muxtar respublika rəhbəri Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə səmərəli fəaliyyətlərinə görə təltif olunanlara orden, medal və fəxri adların döş nişanlarını və vəsiqələrini də təqdim etmişdir.
Heç şübhəsiz ki, qazanılan bütün bu nailiyyətlərin əsasında muxtar respublikamızda ölkə başçısının da rəhbərliyi ilə ümummilli lider Heydər Əliyevin təhsil siyasətinin, kadr potensialının formalaşdırılması ilə bağlı uzaq gələcəyə hədəflənmiş strategiyasının uğurlu davamı dayanır. Muxtariyyət illərində Naxçıvan Dövlət Universiteti də yarım əsrdən çox tarixi inkişaf yolu keçmişdir. Ali təhsil ocağının qazandığı uğurlar muxtar respublikada aparılan, dünya elm, təhsil sisteminə inteqrasiyaya hesablanmış təhsil və kadr siyasətinin, gəncliyə göstərilən böyük qayğının bəhrəsidir. Dövlət qayğısının növbəti təzahürü isə fevralın 15-də Naxçıvan Dövlət Universitetinin Xarici dillər fakültəsinin yeni tədris korpusunun istifadəyə verilməsi oldu. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov binada yaradılan şəraitlə tanış olmuşdur. Universitetin professor-müəllim heyəti ilə görüşən muxtar respublika rəhbəri bu münasibətlə kollektivi təbrik etmiş, qazanılan nailiyyətlərdə əməyi olanlara təşəkkür edərək demişdir ki, görülən tədbirlər sayəsində bu gün artıq Naxçıvan Dövlət Universitetinin Xarici dillər fakültəsinin müəllimləri yerli mütəxəssislərdir. Ali Məclisin Sədri demişdir: “...biz şərqli olsaq da, qərbə doğru da getməli, Avropa təhsilini mənimsəməliyik. Bunun üçün isə dil bilmək lazımdır. Bu fakültənin yaradılmasında əsas məqsəd gənclərə xarici dillərin öyrədilməsi və onları dünyanın aparıcı universitetlərində təhsil almağa hazırlamaq idi. Bu gün 300-dən çox naxçıvanlı gənc xarici ölkələrdə təhsil alır. Onlar yaxşı mütəxəssis kimi geri dönəcək, biliklərini ölkəmizin inkişafına sərf edəcəklər. Ötən dövrdə Xarici dillər fakültəsinin 1400-dən çox məzunu olmuşdur. Onlar bu gün respublikamızda və xarici ölkələrdə çalışır, ölkəmizin inkişafına töhfələrini verirlər”. Ali Məclisin Sədri xarici dilləri yaxşı mənimsətmək və mütəxəssis hazırlığı ilə bağlı, universitetin rektorluq binasının layihələndirilməsi və “Universitet” televiziyasının muxtar respublika üzrə yayımının təmin olunması barədə mühüm tövsiyə və tapşırıqlar vermişdir.
Həmin gün Naxçıvan Dövlət Universitetində Ali Məclisin Sədri yeni yaradılmış mərkəz, kabinə və laboratoriyalara, universitet əməkdaşlarının müxtəlif elmi jurnallarda dərc olunan məqalələrindən ibarət sərgiyə baxmış, kriminalistika ilə bağlı xarici ədəbiyyat nümunələrinin tərcümə olunaraq istifadə edilməsi ilə bağlı tapşırıq vermişdir. Ali Məclisin Sədrinə tələbələrin əl işlərindən ibarət layihələr təqdim olunmuşdur. Muxtar respublikamızın rəhbəri Naxçıvanda yeni texnologiyaların tətbiqinin genişləndiyini bildirmiş, bu sahədə yerli mütəxəssislərin, xüsusilə də proqram təminatçılarının yetişməsinin vacibliyini qeyd etmiş, yeni yaradılan mərkəz, kabinə və laboratoriyalardan düzgün istifadə olunması barədə tapşırıqlar vermişdir.
Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın bütün sahələrində olduğu kimi, turizm sektorunda da sürətli inkişafa nail olunub, uğurlu layihələr öz həllini tapıb. Şahbuz rayonunun əlverişli təbii-coğrafi şəraitə malik Ağbulaq kəndi isə ölkəmizdə kompleks turizm infra­strukturunun tətbiq olunduğu ilk kənddir. “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Pro­qramı”na uyğun olaraq Ağbulaqda kənd və dağ-xizək turizminin inkişafı üçün kompleks işlər görülmüş, Ali Məclis Sədrinin 2018-ci il 29 noyabr tarixli Sərəncamı ilə Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi yaradılmışdır.
Fevralın 17-də muxtar respublikada qış turizminin inkişafı üçün geniş imkanlar olduğunu sərgiləyən, istər iqtisadi, istərsə də sosial cəhətdən böyük əhəmiyyətə malik Ağbulaq Xizək Mərkəzi istifadəyə verilmişdir. Ali Məclisin Sədri bu münasibətlə keçirilən tədbirdə iştirak etmiş, kollektivi əlamətdar hadisə münasibətilə təbrik etmişdir.
Muxtar respublika rəhbəri 2 il ərzində qurulan dağ-xizək mərkəzinin istifadəyə verilməsinin vaxtilə bir o qədər də yararlı olmayan bu ərazilərdə muxtar respublikanın əhalisinə, turistlərə xidmət, yeni iş yerləri açılması, ərazinin muxtar respublikanın sərvətinə çevrilməsi baxımından əhəmiyyətliliyindən bəhs edərək vurğulamışdır ki, Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması tək bir kəndin, muxtar respublikanın deyil, ümumilikdə, ölkəmizin inkişafına xidmət edəcəkdir.
Ali Məclisin Sədri kənddəki bütün evlərin günəş panelləri, suqızdırıcıları ilə təmin olunması, kəndin turizm bölgəsinə çevrilməsi, xizək mərkəzində təhlükəsizlik tədbirlərinə diqqətin artırılması, gənclərin buraya cəlb edilməsi, müxtəlif idman tədbirlərinin keçirilməsi, xizəkçilik idman növünə marağın artırılması ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar vermişdir. Muxtar respublika rəhbəri vurğulamışdır ki, kənddə yay turizmi üçün də tədbirlər görülməli, kanatlardan istifadə etməklə zəngin təbiət turistlərə tanıdılmalıdır. Həmçinin kənddə arıçılıq da inkişaf etdirilməli, keyfiyyətli və təbii bal istehsal olunmalıdır. Tikilənlərin qeydiyyatı aparılmalı, Ağbulaq Xizək Mərkəzinin saytı yaradılmalı, Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin səhifəsində mərkəz təbliğ olunmalı, xizəksürmə zamanı təhlükəsizlik qaydalarına riayət edilməli, yerli mütəxəssislər bacarıqlarını təkmilləşdirməli, yaşıllıqlar artırılmalıdır. Eyni zamanda kənddə ailə təsərrüfatlarının inkişafına dəstək göstərilməli, onların istehsal etdikləri məhsullar yüksək səviyyədə qablaşdırılaraq turistlərə təqdim olunmalıdır. Mərkəzdə fəaliyyət göstərən yeməkxana üçün də məhsullar kənd əhalisindən alınmalıdır. Ərazidə müvafiq istehsal sexlərinin yaradılması imkanı da araşdırılmalıdır.
Qeyd edək ki, dəniz səviyyəsindən 2 min metr yüksəklikdə yerləşən mərkəzdə muxtar respublika əhalisinin və turistlərin rahat istirahət etməsi üçün hər cür şərait yaradılmışdır. Muxtar respublikada iqtisadi tərəqqinin, turizmin inkişafına dövlət səviyyəsində göstərilən diqqət nəticəsində Ağbulaqda kənd turizmi ilə yanaşı, qış turizmi də inkişaf edəcək, Ağbulaq Xizək Mərkəzi Naxçıvanın turizm brendinə çevriləcəkdir. Ali Məclisin Sədri kanatla ərazini gəzmişdir.
Həmin gün turizm bölgəsi olan Ağbulaq kəndində kənd sakinləri ilə yanaşı, turistlərə də müasir səhiyyə xidməti göstərəcək yeni həkim ambulatoriyası istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov ambulatoriyada səhiyyə xidmətinin təşkili ilə maraqlanmış, qeyd etmişdir ki, kollektiv ilkin tibbi yardım sahəsində biliklərini artırmalıdır. Ali Məclisin Sədri “Fiat-Doblo” markalı təcili tibbi yardım avtomobilinin açarını təqdim etmiş, həkim ambulatoriyasının icbari tibbi sığortaya daxil edilməsi, peyvənd və patronaj xidmətlərinin vaxtlı-vaxtında göstərilməsi, Fövqəladə Hallar Nazirliyi ilə birlikdə dağ-xizək travmalarının müalicəsi üçün təlimlərin keçirilməsi barədə tapşırıqlar vermişdir.
Ötən əsrin 90-cı illərinin əvvəllərində erməni işğalçıları ilə mübarizə aparmaqla yanaşı, mövcud problemlər üzündən qonşu dövlətlərdən iqtisadi asılılığa düşmək təhlükəsi yaşayan muxtar respublikanın müasir sosial-iqtisadi inkişafı onun beynəlxalq nüfuzunu artırmış, Azərbaycanın tərəqqi edən bir diyarı kimi bir sıra dövlətlərin siyasi-iqtisadi əməkdaşlıq baxımından maraq dairəsinə çevrilmişdir. Fevralın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov İran İslam Respublikasının İslami Şura Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Müctəba Zonnourinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Görüş zamanı Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İran arasındakı əlaqələrdən bəhs edən Ali Məclisin Sədri ikitərəfli əməkdaşlığın əhəmiyyətini vurğulamışdır. Söhbət zamanı qarşılıqlı maraqdoğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Ölkəmiz nə qədər inkişaf edib qüdrətlənsə də, erməni işğalçılarının Azərbaycana qarşı törətdikləri soyqırımı və faciələr, artıq tarixə gömülən işğal mərhələsi xalqımız tərəfindən heç zaman unudulmayacaq. Fevralın 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Naxçıvan şəhərinin Dövlət Bayrağı Meydanındakı Xatirə Kompleksini ziyarət etmiş, abidə önünə güllər qoymuş, Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etmiş, dövlət qurumlarının nümayəndələri də abidə önünə gül qoymuşlar.
1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində Ermənistan silahlı qüvvələrinin bölmələri, Dağlıq Qarabağdakı erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Azərbaycanın Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyəti tərəfindən soyqırımı törədilmişdir. Bu dəhşətli cinayət Ermənistan Respublikasının ovaxtkı siyasi rəhbərliyi tərəfindən təşkil edilmişdir.
Ümummilli liderimiz Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra bu dəhşətli soyqırımına siyasi qiymət verilmişdir. Dahi şəxsiyyətin təşəbbüsü əsasında 1994-cü ildə Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermiş, 26 fevral tarixi “Xocalı soyqırımı günü” elan olunmuş və soyqırımı haqqında həqiqətlər dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması, Xocalı soyqırımının tanınması istiqamətində ardıcıl iş aparılır. Artıq bir sıra parlamentlər, eləcə də Amerika Birləşmiş Ştatlarının 22 ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləmiş, İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı təcavüzkar, Xocalı faciəsini isə soyqırımı kimi tanımışdır. Ermənistanın 2020-ci ilin iyulunda və sentyabr ayının sonlarında törətdiyi növbəti təxribatların, ölkəmizə qarşı təcavüzün qarşısını almaq, uzun müddət davam edən işğala son qoymaq məqsədilə 2020-ci il 27 sentyabr tarixdə Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatı nəticəsində 30 il işğal altında olan torpaqlarımız azad edilmiş, tarixi qələbə qazanılmışdır. Xocalı soyqırımı qurbanlarının xatirəsi muxtar respublikanın rayonlarında da yad edilmişdir.
Ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu iqtisadi inkişaf strategiyasının ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında sahibkarlıq fəaliyyəti üçün geniş imkanlar açılmışdır. Muxtar respublikada özəl bölməyə dövlət dəstəyi artırılmış, biznes subyektlərinin qeydiyyat və lisenziya sistemi sadələşdirilmiş, əlverişli investisiya mühiti yaradılmışdır. Hazır­da muxtar respublikada ümumi daxili məhsul istehsalının 88 faizi özəl bölmənin payına düşür. Diyarımızda sahibkarlığın inkişafında muxtar respublika rəhbərinin onlarla keçirdiyi ənənəvi görüşlər, verdiyi mühüm tapşırıq və tövsiyələr də müstəsna rol oynayır. Fevralın 27-də Naxçıvan Biznes Mərkəzində sahibkarlarla keçirilən növbəti işgüzar tədbirdə Ali Məclisin Sədri cənab Vasif Talıbov çıxış edərək demişdir ki, son illər muxtar respublikada sahibkarlıq fəaliyyəti üçün yaradılan şərait iqtisadiyyatın dinamik inkişafını təmin etmiş, yeni iş yerləri açılmış, əhalinin məşğulluğu və rifahı yüksəlmişdir. Hazırda muxtar respublikada məşğul əhalinin 85 faizi özəl sektorda çalışır, istehsal edilən sənaye məhsulunun 93 faizini özəl bölmə təşkil edir. Çıxışda vurğulanmışdır ki, muxtar respublikada aqrar sahənin inkişafına göstərilən diqqət nəticəsində bu sahədə məhsul istehsalının 100 faizə yaxını özəl mülkiyyətə əsaslanır. Özəl bölmənin inkişafını stimullaşdırmaq məqsədilə bu gün təsərrüfatçılıq fəaliyyəti üzrə banklar tərəfindən verilən kreditlərin ən aşağı orta faiz dərəcəsi muxtar respublikada tətbiq edilir. 2020-ci ildə muxtar respublikada sahibkarlara 37 milyon manatdan artıq kredit verilmiş, 138 yeni istehsal və xidmət sahəsi yaradılmışdır. Həmçinin pandemiya halını alan virusun muxtar respublikada yaratdığı çətinliklərin aradan qaldırılması məqsədilə sahibkarlıq subyektlərinə 7 milyon 279 min manat maliyyə yardımı göstərilmişdir. Hazırda muxtar respublikada 384 növdə məhsul istehsal olunur, 350 növdə məhsula olan tələbat isə tamamilə yerli istehsal hesabına ödənilir. Dünyanın 72 ölkəsi ilə ticarət əlaqələri olan muxtar respublikada 11 ildir ki, xarici ticarət əlaqələrində müsbət saldo qeydə alınır. Sadalanan uğurlar bir daha təsdiq edir ki, muxtar respublikada dövlətin sahibkarlar üçün yaratdığı şərait, eyni zamanda sahibkarların göstərilən qayğıdan düzgün istifadəsi ümumi inkişafı təmin etmişdir.
Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikasında sosial-­iqtisadi inkişafın təmin olunmasında və özəl bölmədə uğurlu nəticələrin qazanılmasında əməyi olanlara, eləcə də bütün sahibkarlara təşəkkürünü bildirmişdir.
Muxtar respublika rəhbəri qeyd etmişdir ki, yeni istehsal sahələrinin yaradılması ilə bağlı təkliflər verərkən daxili bazarın tələbatı və ixrac imkanları təhlil edilməli, düzgün biznes-planlar tərtib olunmalı, müəssisələrin rentabellik göstəriciləri dəqiq müəyyənləşdirilməlidir. Kiçik və orta sahibkarlığın inkişaf istiqamətləri araşdırılmalı, rayonların sosial-iqtisadi inkişaf perspektivləri nəzərə alınmaqla yerli resurslara əsaslanan istehsal və xidmət sahələri yaradılmalı, ailə təsərrüfatlarının fəaliyyətinə dəstək verilməlidir. Kreditlər verilərkən ehtiyac meyarları düzgün qiymətləndirilməli, özünüməşğulluq pro­qramı çərçivəsində aztəminatlı ailələrin məşğulluğu ilə bağlı işlər davam etdirilməlidir. Ali Məclisin Sədri vurğulamışdır ki, keyfiyyətə dövlət nəzarəti gücləndirilməli, rəqabətədavamlı məhsul istehsalına nail olunmalı, ixracyönümlü məhsul istehsal edən sahibkarlar üçün lazımi şərait yaradılmalı, gömrük yoxlamaları sadələşdirilməli, elektron xidmətlərə üstünlük verilməlidir. Sahibkarlıq subyektləri də öz məhsullarının daxili bazarla yanaşı, muxtar respublikadan kənarda da satışına çalışmalı, marketinq araşdırmaları aparmalıdırlar. Eyni zamanda aqrar sahədə sahibkar­lıq fəaliyyətinin genişlənməsinə diqqət artırılmalı, yarmarkalar davam etdirilməlidir.
2021-ci ilin muxtar respublikada “İxrac ili” kimi saxlanıldığını deyən Ali Məclisin Sədri dövlətimizin sahibkarlığın inkişafı ilə əlaqədar üzərinə düşən vəzifələri yerinə yetirdiyini, sahibkarların da dövlət qarşısında öhdəliklərinə əməl etməli, ümumi inkişafa töhfə verilməli olduqlarını bildirmiş, bu yolda onlara uğurlar arzulamışdır. Vurğulanmışdır ki, bu il də ailə təsərrüfatlarının inkişaf etdirilməsinə, özünüməşğulluğun təmin olunmasına və yerli xammala əsaslanan istehsal müəssisələrinin qurulmasına üstünlük verilməli, mövcud potensialdan, yerli resurslardan tam gücü ilə istifadə olunmalıdır. Qarşıya məqsəd qoyulmalıdır ki, ixracyönümlü məhsulların istehsalı artırılsın, xarici bazarlara çıxış əldə edilsin. Ali Məclisin Sədri demişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2020-ci ildə qazanılan tarixi Qələbə nəticəsində işğaldan azad edilmiş torpaqlarımızda geniş quruculuq işlərinin aparıldığını elan edib. Aid qurumlar və Sahibkarlar Konfederasiyası iş adamları ilə birgə orada fəaliyyət göstərən şirkətlərlə əlaqə yaratmalı, öz məhsullarını və xidmətlərini təklif etməli, logistik mərkəzin qurulmasına səy göstərilməlidir. Sonra Ali Məclisin Sədri yeni istehsal və xidmət sahələrinin yaradılması üçün 10 sahibkara güzəştli kreditlərin çeklərini təqdim etmiş, Naxçıvan Biznes Mərkəzində muxtar respublikanın sosial-iqtisadi inkişaf göstəriciləri, istehsal olunan məhsullardan ibarət sərgiyə və Naxçıvan Avtomobil Zavodunun istehsalı olan yeni model avtomobillərə baxmışdır. Ali Məclisin Sədri muxtar respublikada istehsal olunan məhsulların çeşidinin, keyfiyyətinin və ixrac imkanlarının artırılması, ailə təsərrüfatlarının fəaliyyətinin dəstəklənməsi, daxili bazarın qorunması, Naxçıvan Avtomobil Zavodunda çeşidlərin artırılması barədə tapşırıqlar vermişdir.
Sahibkarlığın inkişafı, istеhsаlçılаrın fəаliyyətinin stimullаşdırılmаsı, yеni iş yеrlərinin аçılmаsı istiqаmətində həyata keçirilən tədbirlərin davamlı xarakter almasının əyani ifadəsidir ki, “Gəmiqaya Plastmas Kapsul və Qapaq” Məhdud Məsuliyyətli Cəmiyyəti bu gün fəaliyyətini genişləndirmiş, burada yeni istehsal xətti fəaliyyətə başlamışdır. Fevralın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir. Muxtar respublika rəhbəri çıxış edərək müəssisədə istehsal olunacaq yeni çeşiddə plastmas kapsul və qapaq istehsalının daxili bazarda tələbatın yerli və keyfiyyətli məhsullar hesabına ödənilməsinə şərait yaradacağını, hətta böyük ixrac imkanları da açacağını vurğulamışdır. Ali Məclisin Sədri müəssisənin yeni istehsal xəttini işə salmışdır.
Məlumat verilmişdir ki, yeni istehsal xəttinin istifadəyə verilməsi ilə tələbat 100 faiz yerli imkanlar hesabına ödəniləcək, eləcə də ixrac imkanı yaranacaqdır. İstehsal xəttinin yaradılması ilə 8 yeni iş yeri açılmışdır. Müəssisənin laboratoriyasında məhsulların keyfiyyətinə daim nəzarət olunur.

Doğma Naxçıvanımızın muxtariyyətinin 97-ci ildönümünü qeyd etdiyimiz, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2021-ci il 8 fevral tarixli Sərəncamı ilə Naxçıvanın muxtariyyət statusuna təminat verən çox mühüm hüquqi, siyasi və beynəlxalq sənəd olan Qars müqaviləsinin 100 illiyini keçirəcəyimiz bir tarixi dövrdə ötən ayın ümumi mənzərəsinin təhlili bir daha göstərir ki, qədim diyarımız ümummilli liderimiz Heydər Əliyevin ideyalarına sədaqətlə həyata keçirilən qətiyyətli və müdrik siyasətin işığında, muxtariyyətimizin və müstəqilliyimizin bəhrələrindən güc alaraq durmadan inkişaf edir, sabaha böyük inamla yaşayır. Müasir Naxçıvanda Qurucu Rəhbərin qurub-yaratmaq amalı ilə həyata keçirdiyi tədbirlər isə ən böyük vətənpərvərlik nümunəsidir. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Bu gün Naxçıvan, sözün əsl mənasında, inamla, uğurla inkişaf edir... Bu uğurların təməlində ulu öndərin siyasəti dayanır. Biz, onun davamçıları bu siyasətə sadiqik”.

Mehriban SULTAN
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR