26 Aprel 2024, Cümə

Doğma yurdumuz Naxçıvan müstəqillik illərində, sözün həqiqi mənasında, özünün yeni inkişaf mərhələsinə qədəm qoyub: insanların yaşayış səviyyəsi yüksəlib, həyata baxışları köklü surətdə dəyişib. Bu illər ərzində iqtisadiyyatımızın gücləndirilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər öz bəhrəsini verib və bu tədbirlər ardıcıl davam etdirilir. Sosial-iqtisadi inkişafımızı şərtləndirən amillər içərisində ən başlıcası isə muxtar respublikada böyük vüsət alan quruculuq işləridir. Heç bir fərq qoymadan bütün şəhər və kənd yaşayış məntəqələrində görülən bu işlər doğma yurdumuzun simasını əsaslı surətdə dəyişir. Və bu dəyişikliklər də insanların həyat şəraitini daha da yaxşılaşdırır. Sosial-iqtisadi sahədə görülmüş işlərin təhlili göstərir ki, Sədərək rayonunda da bütün istiqamətlərdə uğurlu nəticələr əldə edilib. Təkcə ötən ilin iqtisadi göstəricilərinə nəzər salsaq, bunu aydın görərik. Belə ki, 2020-ci ildə Sədərək rayonunda iqtisadiyyatın şaxələndirilməsi və sosial sahənin inkişafı üzrə həyata keçirilən tədbirlər 2020-ci ildə də davam etdirilib, yüksək nəticələr əldə olunub.

Ümumi inkişafın əsas göstəricisi kimi 2020-ci ildə 2019-cu ilə nisbətən sənaye məhsulu 0,7 faiz, kənd təsərrüfatı məhsulu 4,5 faiz, informasiya və rabitə xidmətlərinin dəyəri 6,1 faiz artıb. Müasir sənaye müəssisələrinin yaradılması və sənayenin infrastruktur təminatının yaxşılaşdırılması məhsul istehsalının həcmini artırıb. 2020-ci ildə rayonda 4 milyon 854 min 800 manat dəyərində sənaye məhsulu istehsal olunmuşdur ki, bu da əvvəlki ildəki göstəricini 0,7 faiz üstələyib.

Abadlıq və su təchizatı yaxşı yaşayışın təməlidir

Sədərək rayonunda iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün 2020-ci ildə bütün maliyyə mənbələrindən əsas kapitala 24 milyon 972 min 400 manat həcmində investisiya yönəldilib ki, bunun da 22 milyon 874 min 500 manatı və ya 91,6 faizi tikinti-quraşdırma işlərinin payına düşüb. Sədərək rayonunun Heydərabad qəsəbəsində əsgəri-yaşayış kompleksinin yenidən qurulması başa çatdırılıb, zabit-gizir ailələrinə yeni xidməti mənzillər təqdim olunub.

2020-ci ildə rayon ərazisində 8 müxtəlif təyinatlı obyektin tikintisi və yenidən qurulması yekunlaşıb, 6 müxtəlif təyinatlı obyektin tikintisi, yenidən qurulması davam etdirilib. Əhalinin həyat səviyyəsinin yaxşılaşması fərdi yaşayış evlərinin tikintisinə də müsbət təsir göstərib. 2020-ci ildə əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, 4 min 341 kvadratmetr yaşayış sahəsi istifadəyə verilib. Sədərək rayon mərkəzində və ətraf kəndlərdə içməli su təchizatı və kanalizasiya sistemlərinin tikintisi davam etdirilib.
Onu da qeyd etmək yerinə düşər ki, ötən illər ərzində rayon mərkəzi Heydərabad qəsəbəsində yeni binalar tikilib, küçələr salınıb, yaşıllıq zolaqları yaradılıb. İndi qəsəbəyə xüsusi gözəllik və yaraşıq verən həmin obyektləri saymaqla qurtarmaq olmaz: Heydər Parkı, rayon Tarix-Diyarşünaslıq Muzeyi, Şahmat məktəbi, qəsəbə tam orta məktəbi, Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatının inzibati binası, rayon Məhkəməsi, Prokurorluq, Polis Şöbəsi üçün inzibati binalar və sair. Genişmiqyaslı tikinti-abadlıq və quruculuq işləri bu gün də eyni sürət və keyfiyyətlə davam etdirilməkdədir. Ötən il Heydərabad qəsəbəsində inşa olunan yeni yaşayış binası Ermənistanla sərhəddən cəmi bir kilometr məsafədə yerləşir. Zirzəmi ilə birlikdə 7 mərtəbədən ibarət olan binada 48 mənzil sədərəklilərin istifadəsinə verilib. İnşası başa çatdırılan Bayraq Meydanı, teleötürücü, inşası davam edən yeni su-kanalizasiya sisteminin çəkilişi də dövlət qayğısının daha bir nümunəsidir.

Kənd təsərrüfatının inkişafı əhalinin məşğulluğunun  əsas göstəricisidir

Bərəkətli torpağı, zəhmətkeş insanları ilə həmişə öz sözünü deyən Sədərək rayonunda kənd təsərrüfatı məhsullarının istehsalının artırılması məqsədilə aqrar sektorda kompleks tədbirlər həyata keçirilməsinin nəticəsidir ki, daxili bazarda məhsul bolluğu var. Rayonda 2020-ci ilin məhsulu üçün 3 min 166 hektar sahədə əkin aparılıb. Ötən dövrdə rayonda taxılçılıq üstün istiqamət kimi saxlanılıb və 2020-ci ilin məhsulu üçün 2 min 357 hektar sahədə taxıl əkini aparılıb ki, bunun 1 min 621 hektarını buğda,736 hektarını isə arpa təşkil edib. Çörəkdən sonra ikinci ən çox istehlak edilən kartofun əkin sahələri də genişləndirilib, kartofçuluğun inkişafında da müsbət dinamika saxlanılıb və 2020-ci ildə 101 hektar kartof əkilən sahədən 1224 ton məhsul yığılıb. Məhsuldarlıq orta hesabla 121,2 sentner/hektar olub. 2020-ci ildə 73 ton dənli-paxlalılar (qarğıdalısız), 676 ton dən üçün qarğıdalı, 54 ton dən üçün günəbaxan, 3594 ton tərəvəz, 2215 ton ərzaq üçün bostan məhsulları istehsal edilib.

Sədərək rayonunda əhalinin meyvə və tərəvəz məhsullarına olan tələbatının yerli istehsal hesabına təmin edilməsinə geniş imkanlar vardır. Ötən il barverən meyvə bağlarından 598 ton məhsul yığılıb. Ötən il üzümçülüyün inkişafı istiqamətində yerli resurslardan istifadə olunmaqla üzüm bağlarının salınması üçün tinglərin becərilməsinə başlanılıb, yeni üzüm bağları salınıb. Barverən üzüm bağlarından 1512 ton məhsul yığılıb ki, bu da 2019-cu illə müqayisədə 1,1 faiz çoxdur. 2020-ci ildə 1 hektar sahədə təkrar əkin aparılıb.
Ötən il də dövlət dəstəyindən bəhrələnən kənd sakinləri verilən kreditlər hesabına öz təsərrüfatlarını genişləndirib. Bütün bunların nəticəsidir ki, rayonda heyvandarlıq məhsullarının istehsalı ilbəil artır. Rayonun Sədərək və Qaraağac kəndlərində elə ev tapılmaz ki, bir-iki baş mal-qarası olmasın. Heyvandarlığın inkişafının daim dəstəklənməsi iribuynuzlu mal-qaranın və xırdabuynuzlu heyvanların baş sayının, ət və süd məhsulları istehsalının həcminin artmasına müsbət təsir göstərib. 1 yanvar 2021-ci il tarixə rayonun bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 3029 baş olub ki, bu da 1 yanvar 2020-ci illə müqayisədə 1,4 faiz və yaxud 42 baş çoxdur. 1 yanvar 2021-ci il tarixə Sədərək rayonunda 17275 baş qoyun və keçi olub ki, bu da 1 yanvar 2020-ci illə müqayisədə 1,7 faiz və yaxud 288 baş çoxdur. 2020-ci ildə rayonda diri çəkidə 467 ton ət, 1881 ton süd, 1 milyon 442 min yumurta, 22,6 ton yun istehsal edilib. 2019-cu illə müqayisədə ət istehsalı 2,0 faiz, süd istehsalı 1,7 faiz, yumurta istehsalı 1,0 faiz, yun istehsalı 1,3 faiz artıb. 2020-ci ildə rayonda 18 ton bal istehsal olunub ki, bu da 2019-cu illə müqayisədə 5,9 faiz çoxdur. Ümumilikdə, rayonda 20 milyon 215 min 200 manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib ki, bu da 2019-cu ilin göstəricisindən 4,5 faiz çoxdur. 2020-ci ildə meliorasiya və irriqasiya sistemlərinin yenidən qurulması diqqətdə saxlanılıb, Sədərək rayonunda işğaldan azad edilmiş 73 hektar torpaq sahəsində meliorativ tədbirlər aparılaraq əkin dövriyyəsinə daxil edilib.

Nəqliyyat, informasiya-rabitə və energetika sahəsində də yeniliklər əldə edilib

Xidmət sektorunun vəziyyəti də əhalinin həyat səviyyəsini müəyyən edən əsas amillərdən biridir. Rayonun nəqliyyat sektorunda müasir nəqliyyat sisteminin qurulması, nəqliyyat sektorunun səmərəli idarə olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. 2020-ci ildə rayonda avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 482 min 100 ton yük, 846 min 200 nəfər sərnişin daşınıb. Yük və sərnişin daşınmasından, bütövlükdə, 1 milyon 746 min 600 manat gəlir əldə edilib. İnformasiya və rabitə sahəsində yeni texnologiyaların tətbiqi bu sahə üzrə göstərilən xidmətlərin əhatə dairəsini genişləndirib. İnformasiya və rabitə xidmətlərinin həcmi 2019-cu illə müqayisədə 6,1 faiz artaraq 966 min 600 manat olub. 2020-ci ildə Sədərək rayonunda 13 telefon çəkilib ki, bu da 2019-cu ilə nisbətən 8,3 faiz çoxdur. Ötən dövrdə informasiya və rabitə sahəsinin inkişafı istiqamətində Sədərək rayonunda Radio-Televiziya Ötürücü Stansiyası üçün binanın tikintisi davam etdirilib. 1 yanvar 2021-ci il tarixə rayonda 2 min 306 əhali abonenti mavi yanacaqla təmin olunub.

Sahibkarlıq fəaliyyəti və məşğulluq məsələləri diqqətdə saxlanılır

Rayonda sahibkarlığın inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilməkdə davam etdirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş və icrası uğurla başa çatdırılmış “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” işaxtaranların sosial müdafiəsinin gücləndirilməsinə, əmək bazarının tələbinə uyğun peşə hazırlığının təşkilinə geniş imkanlar yaradıb. Bunun nəticəsi olaraq rayonda 6 yeni iş yeri açılıb. 2020-ci ilin yanvar-noyabr ayları ərzində ortaaylıq əməkhaqqının məbləği 569,4 manat təşkil edib ki, bu da 2019-cu ilin müvafiq dövründəki göstəricidən 9,2 faiz çoxdur. Səmərəli məşğulluq imkanlarının yaradılması əhalinin alıcılıq qabiliyyətini yüksəldib, əmtəə dövriyyəsinin həcmi genişlənib. 2020-ci ildə rayonda pərakəndə əmtəə dövriyyəsi 45 milyon 876 min 600 manata çatıb. Pərakəndə əmtəə dövriyyəsinin 4,5 faizini və yaxud 2 milyon 69 min 600 manatını iaşə əmtəə dövriyyəsi təşkil edib. 2020-ci ildə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 5 milyon 283 min 600 manata çatıb. Ödənişli xidmətlərin 21,8 faizi və yaxud 1 milyon 152 min 100 manatı məişət xidmətlərinin payına düşür. Rayonda pensiya və müavinətlərin dayanıqlı maliyyə təminatı formalaşdırılıb, 2020-ci ildə Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsin rayon şöbəsi tərəfindən pensiya və müavinətlərin ödənilməsinə 5 milyon 59 min manatdan artıq vəsait yönəlib ki, bu da bir il öncəki göstəricidən 21 faiz çoxdur. Hesabat dövrünün sonuna Sədərək rayonunda Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə sağlamlığını itirən 2 nəfər mənzil, 2 nəfər isə avtomobil ilə təmin olunub. Əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi demoqrafik vəziyyətə də müsbət təsir göstərib, rayon əhalisinin sayı 1 dekabr 2020-ci il tarixə 16 min 140 nəfərə çatıb.

Bir vaxtlar çox yox, 30 il əvvəl bu gözəl yurd xain düşmənlərimizin ucbatından viranəyə dönmüşdü. Müstəqilliyini yenicə qazanmış Azərbaycanın ayrılmaz hissəsi, doğma diyarımızın bu sərhəd bölgəsi ovaxtkı rəhbərlərin idarəsizliyi ucbatından itirilmək üzrə ikən bir Günəş doğuldu Azərbaycanımızın – Naxçıvanımızın səmasında. O böyük insan, xalqımızın dəyərli oğlu, ümummilli ­liderimiz Heydər Əliyev idi. Naxçıvanlılar Ona özləri qədər inanır, bizi işıqlı sabaha aparacağına əmin idilər. Elə belə də oldu ...

Və budur, XXI əsrin 2021-ci ilindəyik. İnkişaf etmiş Azərbaycanın müasirləşmiş Naxçıvanın, düşmənə gözdağına çevrilən, ulu öndərin “qeyrət qalası” adlandırdığı Sədərəyindəyik. Vəli dağından bu qədim Oğuz yurdunu seyr etdikcə gördüyümüz gözəl mənzərə qəlbimizə sevinc gətirir. Bu gün bu qədim yurdda yaşayan rayonun hər bir sakini əmindir ki, Vətən müharibəsində qazanılan Zəfərdən öz payını alacaq olan Sədərəyin də gələcək günləri daha da firavan, gözəl olacaq. Ötən il Naxçıvanın Qeyrət Qalası olan Sədərəyin rayon statusu almağının 30 illik yubileyi münasibətilə dövlətimizin rayon sakinlərinə ərməğanı olaraq Naxçıvan- Sədərək magistral yolunun sağ tərəfində, qədim yurdun girişində Bayraq Meydanının inşasına başlanılıb. Çox yaxında istifadəyə veriləcək bu meydanda xalqımızın, bütün dünya azərbaycanlılarının azadlığının, şərəf və ləyaqətinin, milli birliyinin simvolu olan Azərbaycan dövlətinin hörmət və ehtiramının tək ünvanı, millətimizin və dövlətimizin tanıtım simvolu, hər zaman ucalarda tutulacaq və heç vaxt enməyəcək milli dəyərimiz olan ay-ulduzlu, üçrəngli zəfər bayrağı burada dalğalandıqca düşmənə gözdağı olacaq, qardaşa, dosta isə qürur verəcək.

 Ramiyyə ƏKBƏROVA

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR