27 Aprel 2024, Şənbə

Muxtar respublikada ekoloji tarazlığın qorunması, əlverişli ekoloji mühitin yaradılması, insanların sağlam ətraf mühitdə yaşamasının təmin edilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən uğurlu sosial-ekoloji siyasət həyata keçirilir.

Noyabr ayında ətraf mühitin mühafizəsi, qanunsuz ov edilməsi, meşə fondu torpaqlarından qanunsuz istifadə, ətraf mühitə təsir hallarının qiymətləndirilməsi məqsədilə 10 yoxlama-reyd keçirilmiş, 2 inzibati xəta qeydə alınmış və qanunauyğun tədbir görülmüşdür.
Muxtar respublikamızın təbiətinin qorunması üçün inzibati tədbirlərlə yanaşı, ekoloji-hüquqi maarifləndirmə tədbirlərinə də üstünlük verilir. Bu məqsədlə Naxçıvan şəhərinin Qaraçuq, Şərur rayonunun Şahbulaq, Kəngərli rayonunun Xok, Ordubad rayonunun Parağa, Sədərək rayonunun Sədərək kəndlərində ekoloji-hüquqi maarifləndirici tədbirlər keçirilmişdir. Tədbirlərdə ətraf mühitin mühafizəsi, yaşıllıqların artırılması, çay vadilərinin, suların qorunması, ailə təsərrüfatlarının inkişaf etdirilməsində yabanı meyvə və dərman bitkilərindən səmərəli istifadə yolları haqqında müzakirələr aparılmışdır. Ay ərzində ekoloji monitorinqlər də davam etdirilmişdir. Bu məqsədlə Şərur, Sədərək, Ordubad, Babək, Şahbuz, Kəngərli və Culfa rayonlarının 28-dən çox yaşayış məntəqəsində monitorinqlər aparılmışdır.
Hesabat ayında Araz və Arpaçay çaylarının muxtar respublikaya daxil olan hissəsindən və Sədərək rayonu ərazisindən keçən “Şir arxı”ndan hər birindən 4 su nümunəsi olmaqla, ümumilikdə, 12 su nümunəsi götürülmüş və Sədərək Rayon Su Monitorinq Laboratoriyasında 108 analiz aparılmışdır. Analizlərin nəticəsində sularda çirklənmə hallarının yol verilə bilən qatılıq həddini keçməsi halı qeydə alınmamışdır.
Ötən ay payız yaşıllaşdırma tədbirləri çərçivəsində, ümumilikdə, 15,6 hektar sahədə yeni meyvə bağları salınmış, 25 hektara sahədə tinglə bərpa, 100,5 hektar sahədə toxumla əkin işləri həyata keçirilmiş, 24 min 170 ədəd müxtəlif meyvə, meşə tingləri, həmişəyaşıl və üzüm kolundan istifadə olunmuşdur. Toxum bölgüsünə uyğun olaraq 383 kiloqram müxtəlif meyvə və meşə toxumları tədarük edilmişdir. Növbəti illərdə tingə olan tələbatın yerli istehsal hesabına ödənilməsi məqsədilə Qoşadizə və Xətai ərazilərindəki tinglik sahələrdə 509 kiloqram toxumdan istifadə olunmaqla, badam, alma, gilənar, alça, almaxara toxmacarlıqları salınmışdır.
Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair sərəncamın icrası məqsədilə nazirliyin hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin Ekologiya mühəndisliyi ixtisasının IV kurs tələbələrinə 16 noyabrdan 30 dekabradək istehsalat təcrübəsinin keçirilməsinə başlanılmışdır. İstehsalat təcrübəsi dövründə tələbələrə ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən səmərəli istifadə, ekoloji qanunvericiliyin tələbləri və sair sahələr üzrə geniş məlumatların verilməsi ilə yanaşı, idarə və müəssisələrin fəaliyyəti, onların iş prinsipləri ilə tanışlıq sahəsində tədbirlər həyata keçirilir. Bu məqsədlə Ekologiya mühəndisliyi ixtisasının IV kurs tələbələri nazirliyin Meşə Tingliyi Müəssisəsində olmuşlar. Burada onlara toxmacarlıq sahələrinin salınması, ting yetişdirilməsi və aqrotexniki qulluq işlərinin aparılması ilə bağlı geniş məlumat verilmiş, sonra tələbələr toxumacarlıqların yaradılması işində iştirak etmişlər.

Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin mətbuat xidməti

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR