06 May 2024, Bazar ertəsi

Dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri kimi ölkəmizdə gənc nəslin vətənpərvər ruhda tərbiyəsi daim diqqət mərkəzindədir. İctimai səciyyə daşıyan vətənpərvərlik tərbiyəsi gənclərin vətəndaş kimi formalaşmasında hər zaman öz gücünü göstərib. Gənclərin bu ruhda tərbiyə olunmasında ulu öndər Heydər Əliyevin müdrik kəlamı mühüm əhəmiyyət daşıyır: “Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, vətən uğrunda şəhidliyə hazır olmaq hislərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir”.

Gəncləri milli vətənpərvərlik ruhunda tərbiyə etmək çətin olduğu qədər, məsuliyyətli işdir. Ümumiyyətlə, vətənpərvərlik tərbiyəsi Vətəninə sevgi və məhəbbət hissinin, vətəndaş məsuliyyətinin, hər an Vətəninin və xalqının müdafiəsinə qalxmağa hazırlığın formalaşması üçün olduqca vacibdir. Vətənpərvərlik ruhunun əsas daşıyıcısı və aparıcı qüvvəsi ölkənin gəncləridir. Bu baxımdan, məktəblərimizdə gənclərlə iş sahəsində görülən tədbirlər onların vətənpərvərlik ruhunun daha da inkişaf etməsinə təkan verir.

Bu gün Naxçıvan Muxtar Respublikasındakı ümumtəhsil müəssisələrində hərbi-vətənpərvərlik tərbiyəsi planlı şəkildə qurulur və səmərəli yerinə yetirilir. Gənclərin çağırışaqədərki hazırlığı fənninin tədris məqsədi məktəbliləri Vətənə məhəbbət ruhunda tərbiyə edilməsindən, orduya gənc çağırışçıların hazırlanmasının təmin olunmasından ibarətdir. Bu sahədə həyata keçirilən kütləvi tədbirlər, maarifləndirmə və təbliğat işləri bilavasitə gənclərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsinə, onlarda Vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə, milli-mənəvi dəyərlərin qorunub saxlanmasına yönəldilir.
Bəs vətənpərvərlik nədir və ya necə vətənpərvər ola bilərik? Adətən, bunu Vətənə məhəbbət, öz şəxsi maraqlarını Vətən yolunda qurban verməyə əsaslanan emosional bağlılıq kimi də qiymətləndirirlər. Bağlılıq mənsub olduğun millətin etnik, mədəni, siyasi və tarixi xüsusiyyətlərinə arxalanan milli qürur kimi də xarakterizə olunur. Uzun illər vətənpərvərlik anlayışı müxtəlif mənalarda işlənib. XVIII əsrdə Amerika və Fransa burjuaziya inqilabları zamanı bu, inqilabi ideologiya ilə əlaqələndirilmiş və “millət” anlayışı ilə eyniləşdirilmişdir. Millətin milli mənlik şüurunun formalaşması, mənəvi-siyasi cəhətdən yetişməsi həm də onun vətənpərvərlik səviyyəsi ilə müəyyən edilir. Vətənpərvərlik, milli-mənəvi şüurun təbliği və aşılanması bir tərəfdən ictimai səciyyə daşıyaraq şagirdlərin, tələbələrin vətəndaş kimi formalaşmasında, öz Vətənini, ləyaqətini qorumaqda mənəvi təsir gücünə malikdir. Başqa bir yöndən vətənpərvərlik gənclərdə vicdan, ləyaqət, ədalət hisslərini tərbiyə edir, şəxsi mənafe, eqoizmdən uzaqlaşdıraraq millət, xalq sevgisini oyadır. Bu isə, öz növbəsində, dövlətin demokratik prinsiplərlə idarə olunmasına, xalqın mənafeyinə xidmət edilməsinə zəmin yaradır. Vətənpərvərlik həm də fəaliyyət sahəsindən asılı olmayaraq, mənəvi-siyasi məsuliyyəti dərk etmək və layiqincə daşımaqdır.
Diyarımızın ümumtəhsil məktəblərində təbliğ olunan vətənpərvərlik ideyaları şagirdlərdə fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik kimi ən ülvi hisslər yaradır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov çıxışlarının birində qeyd etmişdir: “Bizim təhsilimizin məqsədi təkcə savadlı, intellektli gənclər yetişdirmək deyil, həm də yüksək mənəviyyatlı, Azərbaycan xalqının milli dəyərlərinə sadiq vətənpərvər gənclər yetişdirməkdir”. Bəli, bu gün məktəblərimizdə təkcə bilik yox, eyni zamanda gənclərə vətənpərvərlik hissi aşılanır. Ali Məclis Sədrinin 2014-cü il 20 iyun tarixli “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamının icrası ilə əlaqədar olaraq şagirdlərdə vətənpərvərlik ruhunu yüksəltmək üçün muzeylərlə ümumtəhsil məktəbləri arasında canlı bağlantılar yaradılır, qədim və zəngin tarixi, mədəniyyəti özündə yaşadan yurd yerlərimizə, tarixi abidələrimizə ekskursiyalar təşkil olunur.
Gənclərin çağırışaqədərki hazırlığı fənninin tədrisinin yüksək səviyyədə təşkil edilməsi üçün ümumtəhsil məktəblərində hərbi kabinələr dövlət atributlarımız, milli qəh­rəmanların portretləri, milli ordumuzda istifadə olunan silah və hərbi texnikanın sökülüb-yığılmasını və onlardan istifadə qaydalarını əks etdirən stend və guşələrlə təmin edilib. Bu fənnin tədris olunmasının əsas məqsədi gəncləri ölkənin müdafiəsinə hazırlamaqdan, Azərbaycan Respublikası Konstitusiyasından və qanunlarından, Silahlı Qüvvələrin nizamnamələrinin tələblərindən irəli gələn vəzifələri öyrənməkdən, gələcəyin əsgərləri və peşəkar zabitləri olacaq şagirdlərin hərb sahəsi üzrə yüksək bilik və bacarıqlara yiyələnməsindən, onlarda vətənpərvərlik ruhunun gücləndirilməsindən ibarətdir. Məktəblərimizdə, eyni zamanda ibtidai hərbi hazırlıq dərslərinin tədrisi onların vətənpərvər ruhda böyüməsinə öz təsirini göstərir. Bütün bu kimi işlər, nəticə etibarilə, gənclərə vətənpərvərlik hisslərinin aşılanmasında mühüm rol oynayır. Orduya çağırılan gənc­lərin orta məktəbdə oxuduqları dövrdə müəyyən hərbi biliklərə yiyələnməsi sonrakı dövrdə onların peşəkar hərbçi kimi yetişməsində vacib rol oynayır.
Ümumtəhsil müəssisələrində müharibə iştirakçıları ilə görüşlər keçirilir, məktəblilərə torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən övladlarının həyatı və qəhrəmanlıqları barədə ətraflı məlumatlar verilir. Bunlarla yanaşı, məktəblilərin vətənpərvərlik tərbiyəsinin səmərəliliyini artırmaq istiqamətində də müəyyən zəruri tədbirlər təşkil olunur. Belə ki, ümumtəhsil müəssisələrində şagirdlərin vətənpərvərlik tərbiyəsi üzrə aparılan işlərin daha intensiv xarakter alması, bu sahədə həyata keçirilən tədbirlərin davamlılığının təmin olunması, şagirdlərdə fəal vətəndaş mövqeyi və doğma torpağa sədaqət hissinin formalaşdırılması məqsədilə müəyyən mövzulara həsr olunmuş inşa yazı, şeir müsabiqələri keçirilir.
Məktəblər arasında hərbi idman oyunlarının keçirilməsi də yeniyetmələrə vətənpərvərlik hisslərinin aşılanmasında böyük rol oynayır. “Sərhəd”, “Şahinlər”, “Vətənin müdafiəsinə hazıram”, “Hədəf”, “Vətən naminə” kimi oyunların keçirilməsində məqsəd şagirdlərə cəsarətliliyi, cəldliyi, mübarizliyi, qələbə çalmaq uğrunda iradə möhkəmliyinin təmin olunmasını öyrətməkdir. Bu yarışların son zamanlar kütləviliyinin artması, həmçinin oğlanlarla yanaşı, qızların da iştirakı diqqətdə saxlanılır.
Vacib məqamlardan biri kimi dərs ili ərəfəsində məktəblilərin əsgər həyatı ilə yaxından tanış olmasını təmin etmək üçün onların daha sistemli şəkildə hərbi hissələrə aparılması, görüşlərin təşkilidir. Bu kimi görüşlərdə də əsas məqsəd hərbi hissələrdəki müasir silah və hərbi texnikalarla şagirdləri tanış etmək, onlardan istifadə qaydaları barədə məktəblilərə ətraflı məlumatlar vermək və əsgərlik xidməti barədə təsəvvürlərini genişləndirməkdən ibarətdir. Şagirdlərin hərbi-vətənpərvərlik hisslərinin artırılmasında canlı ünsiyyət də mühüm rol oynayır. Onlar Heydər Əliyev adına Hərbi Liseydə, Döyüş Şöhrəti və Bayraq Meydanı muzeylərində, hərbi hissələrdə olurlar. Bütün bunlar yeniyetmələrin formalaşmasında, Vətənə bağlılığının artırılmasında və torpağın müdafiəsində dayanmaq kimi hisslərinin inkişaf etdirilməsində mühüm rol oynayır.
Vətən uğrunda böyük fədailik göstərərək şəhidlik kimi ali, müqəddəs zirvəyə yüksələn gənclərimizin arasında Heydər Əliyev adına Hərbi Liseyin məzunları ilə yanaşı, Naxçıvan Qarnizonu Qoşunlarında təşkil olunan ixtisas hazırlığı kurslarında hərbi-nəzəri biliklərə və praktik vərdişlərə yiyələnərək peşəkar hərbçi kimi yetişən eloğlularımız da vardır. Məlum olduğu kimi, Ermənistan silahlı qüvvələrinin uzun illərdir, işğal altında saxladıqları Azərbaycan torpaqlarında, qoşunların təmas xəttində ölkəmizə qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlaması xalqımızın Vətən uğrunda mübarizəyə qalxmasını zəruri etdi. Müzəffər Ordumuzun düşmənin təcavüzünə qəhrəmanlıqla cavab verməsi, işğal altında olan torpaqlarımızı azad etməsi qələbə əzminin nümayişi oldu. Bu günlərdə “Naxçıvan” Əlahiddə Ümumqoşun Ordunun İkinci Qarabağ müharibəsində göstərdiyi şücaət, ərazi bütövlüyümüz uğrunda hərbçilərimizin nümayiş etdirdiyi əzmkarlıq, vətəndaşlarımızın Azərbaycan dövlətinə və onun ordusuna dəstək aksiyaları keçirmələri muxtar diyarımızda vətənpərvərlik və milli şüurun təbliğinə nə qədər önəm verildiyini bir daha göstərmiş oldu.
Ölkə başçısı xalqa müraciətində də naxçıvanlıların İkinci Qarabağ müharibəsində fəal iştirakını xüsusi qeyd edərək demişdir: “...Əziz naxçıvanlıları da bu hadisə münasibətilə təbrik etmək istərdim. Bildirməliyəm ki, naxçıvanlılar da İkinci Qarabağ müharibəsində digər bütün bölgələrdən olan vətəndaşlar kimi fəal iştirak ediblər. İndi müharibə başa çatır, bu günə qədər açıqlanmayan bəzi məsələlər də üzə çıxacaq və hər kəs biləcək ki, başqa bütün bölgələrdən olan hərbçilərlə bərabər, naxçıvanlılar da böyük qəhrəmanlıq göstəriblər və torpaqlarımızın azad edilməsi işində fədakarlıq göstəriblər, şəhidlər veriblər”.
Göründüyü kimi, vətənpərvərlik tərbiyəsi Vətənin təhlükəsizliyi, müdafiəsi üçün olduqca vacib məqamdır. Bu baxımdan təhsil müəssisələrində təlim-tərbiyə işinin düzgün təşkili mühüm əhəmiyyət kəsb edir.

- Ceyhun MƏMMƏDOV

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR