19 May 2024, Bazar

Ulu diyarımız təbii şəraitinə görə spesifik xüsusiyyətlərə malikdir. Burada kənd təsərrüfatının inkişaf etdirilməsi üçün lazımi şərait vardır. Əlverişli iqlim şəraiti, bərəkətli, münbit torpaqları olan muxtar respublikamızda aqrar sahənin inkişafına böyük diqqət və qayğı göstərilir.
Son illər iqtisadi inkişafın və aqrar islahatların aydın xarakteristikası deməyə əsas verir ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf yolu muxtar respublikada böyük əzmlə davam etdirilmiş, həyata keçirilən məqsədyönlü siyasət sayəsində bu qədim diyar davamlı sosial-iqtisadi yüksəliş və ictimai həyatdakı nailiyyətlər fonunda yeni keyfiyyət mərhələsinə qədəm qoymuşdur. Muxtar respublikada mövcud potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafına, istehsal müəssisələrinin fəaliyyətinin daha da genişləndirilməsinə, ixracyönümlü məhsul istehsalının stimullaşdırılmasına, yerli sahibkarlığın inkişafı yolu ilə əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına, məşğulluq səviyyəsinin artırılmasına və ümumilikdə, muxtar respublika iqtisadiyyatının dinamik inkişafına nail olunmuşdur.
Mövcud torpaq potensialından səmərəli istifadənin diqqət mərkəzində saxlanılması, əkin sahələrinin genişləndirilməsi, əkin suyuna olan tələbatın həll edilməsi, torpaq mülkiyyətçilərinə güzəştli şərtlərlə kredit və müasir texnika verilməsi kənd təsərrüfatının inkişafına əsaslı stimul olmuşdur.

Muxtar respublikamızda ərzaq təhlükəsizliyinin təmin olunması məqsədilə ən zəruri ərzaq məhsullarının istehsalı diqqət mərkəzində saxlanılır. 
İkinci çörək sayılan kartofa olan tələbatın ödənilməsi ilə bağlı görülən işlər bu cəhətdən diqqəti çəkir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 14 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Pro­qramı”nda torpaqlardan səmərəli istifadə olunması, investisiyaların yatırılması, müxtəlif servis mərkəzlərinin yaradılması, daxili bazarın qorunması, tələbata uyğun keyfiyyətli məhsul istehsalının dəstəklənməsi, zəruri tədbirlərin görülməsi kimi vacib məsələlər qarşıya qoyulan əsas vəzifələrdəndir. Stimullaşdırıcı təsirə malik olan bu tədbirlərin nəticəsidir ki, kartof əkini sahələri ildən-ilə genişləndirilir. Daxili bazarın kartofla təminatında idxaldan asılılığın azaldılması, tələbatın yerli istehsal hesabına ödənilməsini təmin etmək məqsədilə məhsul istehsalçılarına güzəştli şərtlərlə kreditlərin verilməsi davam etdirilmişdir.
Görülən tədbirlərin nəticəsidir ki, ötən il Şərur rayonu üzrə 9774 ton, Babək rayonu üzrə 5373 ton, Culfa rayonu üzrə 4894,5 ton, Ordubad rayonu üzrə 8377,5 ton, Şahbuz rayonu üzrə 6198,4 ton, Kəngərli rayonu üzrə 2824 ton, Sədərək rayonu üzrə 1701 ton, Naxçıvan şəhəri üzrə 298 ton məhsul əldə olunmuşdur. 2008-ci ilin iyul ayında Akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyində keçirilən səyyar müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri bu barədə demişdir: “Muxtar respublikamıza kənardan hər il 7-8 min ton kartof gətirilir. Əgər bunu vəsaitə çevirsək, görərik ki, dövlətimiz tərəfindən muxtar respublika sakinlərinə verilmiş xeyli miqdarda vəsait xarici bazarlara axıb gedir. Bu məhsullar yerli şəraitdə istehsal olunub daxili bazarda satılarsa, həmin vəsait də muxtar respublika daxilində qalar. Digər bir tərəfdən isə xaricdən gətirilmiş məhsulların keyfiyyəti heç də daxili bazarda istehsal olunan məhsulların keyfiyyətindən yüksək deyil, əksinə, bir çox göstəricilər üzrə aşağıdır. Biz ərzaq təhlükəsizliyi proqramını həyata keçirmək, əhalinin sağlamlığını qorumaq üçün daxili bazarı yerli məhsullarla zənginləşdirməli, onların satılmasına və qorunmasına nail olmalıyıq”.
Deyilənləri əldə əsas tutan kartof istehsalçıları əkinəyararlı sahələrdə yüksək reproduksiyalı toxum əkini aparır, bitkilərin gübrələnməsi və suvarılması işini ciddi rejimdə həyata keçirirlər ki, bu da məhsuldarlığı nəzərəçarpacaq dərəcədə yüksəltmişdir.
Ötən illərdə məhsul istehsalının statistik rəqəmlərinə nəzər salsaq, bu sahədəki irəliləyişi aydın görərik.

Əldə olunan nəticələr onu göstərir ki, muxtar respublikanın təbii iqlim şəraiti kartofçuluğun inkişafı üçün olduqca əlverişlidir: istər dağlıq, istərsə də aran ərazilərdə kartof istehsalını artırmaq mümkündür. Sahibkarlar, torpaq mülkiyyətçiləri onlar üçün yaradılmış imkanlardan səmərəli istifadə etməklə bol məhsul yetişdirməyə çalışırlar. Cari ilin iyun ayının 3-dək olan operativ məlumata görə, muxtar respublikada 2841 hektar sahədə kartof əkini keçirilmişdir. Hazırda bu iş davam etdirilir.
Məhsul bolluğunun yaradılmasında soyuducu anbarların istifadəyə verilməsinin də mühüm rolu var. Bu anbarlar bir tərəfdən məhsul satışı ilə bağlı meydana çıxan problemləri aradan qaldıraraq meyvə-tərəvəzin yetişdirilməsinə marağı artırırsa, digər tərəfdən əhalinin il boyu keyfiyyətli yerli məhsullarla təminatı üçün geniş imkanlar yaradır. Artıq muxtar respublikada 15 soyuducu anbar fəaliyyət göstərir. Kartof istehsalçıları il boyu daxili bazarı təmin etmək üçün soyuducu anbarlardan istifadə edirlər.
Dövlət Proqramında kartof istehsalının 2016-cı ilədək 45 min tona çatdırılması nəzərdə tutulur. Torpaq mülkiyyətçiləri bu il də yüksək məhsuldarlıq əldə etmək üçün səylə çalışırlar.

Tural HAQVERDİYEV
Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfat Nazirliyinin əməkdaşı

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR