18 May 2024, Şənbə

Gömrük əməkdaşlarının sayıqlığı nəticəsində narkotik qaçaqmalçılığına yönəlmiş daha bir cəhdin qarşısı alınıb. İran İslam Respublikasından Azərbaycan Respublikasına narkotika gətirmək fikrinə düşən şəxslər yenə də Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit olaraq istifadə etməyə cəhd göstəriblər. Qeyd edək ki, bu, son bir ay ərzində ayrı-ayrı vətəndaşlar tərəfindən eyni marşrut seçilməklə narkotiklərin qanunsuz dövriyyəsinə edilən ikinci belə cəhd olub.
Faktla bağlı araşdırma zamanı məlum olub ki, Azərbaycan Respublikası vətəndaşları – 1974-cü il təvəllüdlü Həsənov Fuad Allahverdi oğlu və 1981-ci il təvəllüdlü Hüseynov Natiq Çingiz oğlu qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək narkotika əldə etməkdən ötrü İran İslam Respublikasına getməyi qərara alıblar. Onlar Biləsuvar gömrük sərhəd-buraxılış məntəqəsindən keçərək İranın Culfa şəhərinə gəliblər. Rza adlı İran vətəndaşı ilə görüşüb narkotik vasitələrin alğı-satqısı ilə bağlı razılaşıblar. Bir gecə də həmin şəxsin evində qalıblar.

Əldə etdikləri narkotik vasitələri səhər tezdən bükümlər halına salıb gömrük nəzarətindən gizlin keçirməkdən ötrü öz bədən üzvlərində – düz bağırsaqda gizlədiblər. Naxçıvan Muxtar Respublikasının Culfa gömrük sərhəd-buraxılış məntəqəsindən keçən zaman gömrük əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılan Bakı şəhər sakinləri vətəndaş Həsənov Fuad Allahverdi oğlu və vətəndaş Hüseynov Natiq Çingiz oğlu şəxsi yoxlamaya cəlb olunublar. Onların bədən üzvlərindən ümumi çəkisi 160 qram olan narkotik vasitələr – tiryək və həşiş aşkarlanaraq götürülüb. 
Faktla bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq və təhqiqat şöbəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) cinayət işi açılıb.
Qeyd edək ki, 39 yaşlı Fuad Həsənov bu vaxta qədər ömrünün 10 ilini, 32 yaşlı Natiq Hüseynov isə ömrünün 7 ilini həbsxanada keçirib. Hər ikisi indiyə qədər dörd dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin soyğunçuluq, xuliqanlıq, qanunsuz narkotika əldə edib istifadə etmək və dələduzluq maddələri ilə ittiham olunaraq həbs ediliblər. Özlərinin dediklərinə görə, bir-birləri ilə tanışlıqları da məhz həbsxanada olub.
Növbəti cinayət əməlinə görə saxlanılan şəxsləri üç ildən yeddi ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Faktla bağlı zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Naxçıvan Muxtar Respublikası
Dövlət Gömrük Komitəsinin mətbuat xidməti

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR