19 May 2024, Bazar

Dünən Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində də 2013-cü ilin ilk 6 ayı ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilmişdir.
Kollegiya iclasında xidmətin rəisi Nizami Məmmədov məruzə ilə çıxış etmişdir. Qeyd olunmuşdur ki, 2013-cü ilin birinci yarısında daşınmaz əmlakın dövlət reyestrinin bütün bölmələri üzrə 2582 əmlak üzərində yaranan hüquqların qeydiyyatı aparılmışdır. 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə hüquqların qeydiyyatında artım olmuşdur. Hesabat dövrü ərzində hüquq sahiblərinə (yüklülüyün qeydiyyatı ilə birlikdə) 2751 daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir ki, bu da ötən illə müqayisədə 369 ədəd çox deməkdir.
Qeyd olunmuşdur ki, artım daşınmaz əmlakın dövlət reyestrinin bütün bölmələri üzrə eyni dərəcədə olmamışdır. Xidmət üzrə ən yüksək artım torpaq sahələri və fərdi yaşayış evi bölmələri üzrə olmuşdur.

2013-cü ilin birinci yarısında muxtar respublikada daşınmaz əmlakın vahid kadastrının aparılması sahəsində xidmətin müvafiq sektorları, şəhər və rayon şöbələri tərəfindən daşınmaz əmlak obyektləri, o cümlədən torpaq sahələrinin texniki inventarlaşdırılmasının aparılması, onların kağız və elektron kadastr məlumat bazasının yaradılması istiqamətində işlər müvəffəqiyyətlə davam etdirilmişdir. 
2013-cü ilin ilk 6 ayı ərzində, bütövlükdə, xidmət üzrə əmlаk üzərində yаrаnmış hüquqlаrın dövlət qеydiyyаtı üçün baza sənədi sаyılаn 918 ədəd tехniki sənəd hаzırlаnmışdır ki, bundаn 334 ədədi tоrpаq sаhələri üçün plan ölçülər, qalmış 584-ü isə müхtəlif növ əmlаklаra dair tехniki pаspоrtlаr olmuşdur.
Nizami Məmmədov ünvanlar haqqında mərkəzləşdirilmiş informasiya bazası istiqamətində həyata keçirilən tədbirlərdən də danışmışdır.
Sonra məruzə ətrafında çıxışlar olmuşdur.

*   *   *

Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində 2013-cü ilin ilk 6 ayı ərzində görülən işlərə dair kollegiya iclası keçirilmişdir. İclasda komitənin sədri Valeh Vəliyev məruzə ilə çıxış etmişdir. Qeyd olunmuşdur ki, Kəngərli, Şahbuz, Sədərək və Culfa rayonlarının şəhər və kəndlərində torpaq islahatı zamanı ölçülməmiş əkinəyararlı biçənək sahələrinin kəmiyyətcə uçotu müəyyənləşdirilmişdir. Sədərək rayonunun Heydər­abad qəsəbə, Sədərək və Qaraağac kənd ərazi vahidlərinin ərazilərindəki qış-otlaq sahələrində və dövlət ehtiyat fondunda olan şoranlaşmış və bataqlıqlaşmış örüş sahələrinin və qrunt sularının üzə çıxması nəticəsində az miqdarda çəmənləşmiş əkin sahələrinin əraziləri müəyyənləşdirilmiş, Şərur və Kəngərli rayonlarının müxtəlif kəndlərinin ərazisində qrunt sularının üzə çıxması nəticəsində münbit qatı korlanmış əkinəyararlı torpaq sahələrinin sərhədləri dəqiqləşdirilmişdir.
Şərur, Sədərək və Kəngərli rayon bələdiyyələrinin ərazilərində müvafiq planaalma işləri aparılmış, eroziyaya uğramış, şoranlaşmış, şora­kətləşmiş və deqradasiyaya məruz qalmış torpaq sahələri müəyyənləşdirilərək müvafiq bələdiyyələrin elektron kadastr xəritələri üzərinə işlənmiş, həmin ərazilərin münbit qatının korlanmasının qarşısının alınması üçün tədbirlərin görülməsi məqsədilə müvafiq rayon icra hakimiyyəti orqanlarına bu haqda yazılı məlumatlar verilmişdir.
“2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Pro­qramı”nın Tədbirlər Planına uyğun olaraq, Culfa rayonunun Camaldın, Ərəzin, Kırna, Əbrəqunus, Saltaq və Bənəniyar, Şərur rayonunun Alışar, Muğanlı, Yengicə və Xələc bələdiyyələrinin ərazisində çay vadilərində və digər istifadə olunmayan ərazilərdə yüksək istehlak xüsusiyyətlərinə malik meyvə bağlarının salınması və yerli şəraitə uyğun, eləcə də unudulmaqda olan məhsuldar sortların bərpası məqsədilə sahələr müəyyənləşdirilmiş, çöl-tədqiqat işləri aparılmışdır. Tədqiqat aparılan sahələrdə becərilən kənd təsərrüfatı bitkilərindən nəzərdə tutulan məhsuldarlığın əldə olunması üçün mineral gübrə normaları müəyyənləşdirilmiş və həmin kəndlərin kartoqram xəritələri hazırlanaraq bələdiyyələrə təqdim edilmişdir. Babək rayonunun Nehrəm, Araz və Güznüt kəndlərinin isə işçi planları hazır­lanaraq Layihə Axtarış Kimyalaşdırma Stansiyasına təhvil verilmişdir.
Torpaq və iqlim xüsusiyyətləri nəzərə alınmaqla bitkiçilik məhsullarının rayonlar üzrə yerli şəraitə uyğun inkişaf etdirilməsi, növbəli əkin sisteminin tətbiqi və torpaqların münbitliyinin artırılması məsələləri ilə bağlı Babək, Şərur, Culfa və Şahbuz rayonlarında müvafiq orqanların əməkdaşları ilə birlikdə torpaq mülkiyyətçiləri və istifadəçiləri arasında maarifləndirici tədbirlər keçirilmişdir.
Sonra məruzə ətrafında çıxışlar olmuşdur.

*   *   *

“Muxtar respublikada özəl sektora göstərilən diqqət və qayğının, bu sahənin sürətli inkişafı üçün yaradılan əlverişli şəraitin nəticəsidir ki, 2013-cü ilin birinci yarısında özəl sektordan daxil olan məcburi dövlət sosial sığorta haqqı 4 milyon 211 min 730 manat olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 309 min 990 manat, yaxud 45 faiz çoxdur. Nəticədə, hesabat dövründə özəl sektordan daxil olan vəsaitlər ümumi daxilolmaların 16,7 faizini təşkil edib”.
Bu göstəricilər Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunda keçirilən kollegiya iclasında tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yed­dinci sessiyasının yekunları, Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2013-cü ilin ilk altı ayında görülmüş işlər və qarşıda duran vəzifələrin müzakirə edildiyi kollegiya iclasında fondun sədri Rasim Hüseynov çıxış edərək bildirib ki, məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda mövcud olan artım muxtar respublikada əmək pensiyaları və müavinətlərin vaxtlı-vaxtında maliyyələşdirilməsinə əlverişli şərait yaradıb.
Bəhs edilən dövrdə fondun hesabına 21 milyon 130 min manat plana qarşı 25 milyon 186 min 720 manat vəsait daxil olub, proqnoz tapşırıqlara 119,2 faiz əməl edilib. Daxil olan vəsait nəzərdə tutulan məbləğdən 4 milyon 56 min 720 manat, yaxud 19,2 faiz, 2012-ci ilin müvafiq dövründə yığılan vəsaitdən isə 2 milyon 518 min 380 manat, yaxud 11,1 faiz çoxdur. Məcburi dövlət sosial sığorta haqlarının 17 milyon 341 min 750 manatı, yaxud 68,8 faizi büdcə təşkilatlarının, 7 milyon 844 min 970 manatı, yaxud 31,2 faizi isə qeyri-büdcə təşkilatlarının hesabına olub. Özəl sektor üzrə daxil olan 4 milyon 211 min 730 manat vəsaitin 3 milyon 306 min 470 manatı, yaxud 78,5 faizi özəl sektora aid hüquqi şəxslərdən, 555 min 670 manatı, yaxud 13,2 faizi fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən, 349 min 590 manatı, yaxud 8,3 faizi isə torpaq mülkiyyətçilərindən daxil olub.
Bildirilib ki, pensiya və müavinətlərin maliyyələşdirilməsinə 49 milyon 910 min 100 manat vəsait yönəldilib. Hazırda şəhərlərdə yaşayan pensiyaçıların 100 faizi, kəndlərdə isə 94 faizi, ümumilikdə isə ödəniş aparılan pensiyaçıların muxtar respublika üzrə 50863 nəfəri, yaxud 97,5 faizi pensiyasını plastik kartlarla alır ki, bu da 1 yanvar 2013-cü il tarixə olan eyniadlı göstərici ilə müqayisədə 3782 nəfər, yaxud 8 faiz çoxdur. Muxtar respublika üzrə sosial sığorta şəhadətnaməsi alan sığortaolunanların sayı 155189 nəfər olub. Bu da 2013-cü il 1 yanvar vəziyyətinə olan eyniadlı göstərici ilə müqayisədə 4134 nəfər, yaxud 2,7 faiz çoxdur.
Sonra fondun Kəngərli Rayon Şöbəsinin müdiri Altun Seyidovun, Naxçıvan Şəhər Şöbəsinin müdiri Həmzə Muradovun, Şahbuz Rayon Şöbəsinin müdiri Mürsəl Qənbərovun çıxışları olub.
Kollegiya iclasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxış edib.

*   *   *

Şahbuz Rayon İcra Hakimiyyətində 2013-cü ilin birinci yarısında Şahbuz rayonunun sosial-iqtisadi inkişafının yekunları və dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasından irəli gələn vəzifələrin yerinə yetirilməsinə həsr olunmuş müşavirə keçirilmişdir. Müşavirəni rayon İcra Hakimiyyətinin başçısı Nurəddin Quliyev açaraq məruzə ilə çıxış etmişdir. 

Bildirilmişdir ki, ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyinin təntənəli şəkildə qeyd edildiyi 2013-cü ildə rayonun ayrı-ayrı yaşa­yış məntəqələrində abadlıq-qurucu­luq işlərinin aparılmasına diqqət artırılmış, Şahbuz şəhərində “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin rayon bazası, Ağbulaq kəndində istirahət mərkəzi istifadəyə verilmiş, hazırda Şahbuz şəhərində Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatı üçün yeni binanın, Kükü, Güney Qışlaq, Ayrınc, Qızıl Qışlaq, Sələsüz kəndlərində kənd və xidmət mərkəzlərinin, Qızıl Qışlaq kəndində 110, Kükü kəndində 198 şagird yerlik məktəb binalarının, Kükü kəndində həkim ambulatoriyasının tikintisi və yenidən qurulması, Sələsüz kəndində 234 şagird yerlik məktəb binasının əsaslı təmiri həyata keçirilir. Həmçinin Şahbuz şəhərində su, kanalizasiya sistemi yenidən qurulur.
Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” və 2012-ci ilin fevral ayının 14-də qəbul edilmiş “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi diqqətdə saxlanılmış, bu ilin əkini üçün 1127 hektar sahədə payızlıq, cari ilin yazında 201 hektar sahədə yazlıq taxıl, 460 hektar sahədə kartof, 283 hektar sahədə tərəvəz, 239 hektar sahədə dənli-paxlalı, 6 hektar sahədə bostan bitkiləri əkilmişdir.
Bu dövrdə yaşıllaşdırma tədbirləri davam etdirilmiş, 8,5 hektar sahədə yeni bağlar salınmış, 1 hektar sahədə bərpa işləri aparılmışdır.
Vurğulanmışdır ki, 2013-cü ilin birinci yarısında rayonda bütün sahələrdə əhaliyə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsinə ciddi önəm verilmiş, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün məqsədyönlü işlər görülmüşdür.
Məruzə ətrafında rayon Vergilər Şöbəsinin rəisi Nazim Rüstəmovun, Maliyyə Şöbəsinin müdir əvəzi Şahin Abbasovun, Statistika İdarəsinin rəisi Nurlan Quliyevin və başqalarının çıxışları olmuşdur.
Müşavirəyə rayon İcra Hakimiyyətinin başçısı Nurəddin Quliyev yekun vurmuşdur.

*   *   *

Ordubad Rayon İcra Hakimiyyətində də dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasından irəli gələn vəzifələr və cari ilin ilk altı ayının yekunları müzakirə edilib. Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov açaraq məruzə edib. Məruzəçi bildirib ki, bu ilin 6 ayında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 28 milyon 183 min 500 manat və ya 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,3 faiz çox investisiya yönəldilib. Tikinti-quraşdırma işlərində istifadə olunmuş investisiyanın həcmi 4,5 faiz artaraq 25 milyon 826 min 900 manat təşkil edib. Bu dövrdə Ordubad rayonu ərazisində 26 tikinti obyektində inşaat işləri aparılıb.
Bildirilib ki, aqrar sahədə də bir sıra uğurlar əldə edilib. Ötən müddətdə torpaq mülkiyyətçiləri tərəfindən 2145 hektar sahədə taxıl əkini aparılıb. Bunun 1307 hektarı buğda, 838 hektarı arpa sahələri olub. Sahələrdən bu günədək 5600 tondan çox məhsul yığılıb, hər hektardan məhsuldarlıq 26,4 sentnerə çatdırılıb. Yaşıllaşdırma tədbirlərinə də xüsusi diqqət yetirilib. Bu ilin ilk 6 ayında yaşıllaşdırma tədbirləri yüksək səviyyədə təşkil olunub, 6240 ədəd meyvə tingi, 2590 ədəd meşə tingi, 460 ədəd gül kolu, 55 ədəd həmişəyaşıl ağac olmaqla, 9345 ədəd ting və gül kolu əkilib. Yaz iməciliklərində 4,5 hektar sahədə yeni meyvə bağı salınıb, 3,5 hektar sahədə meşə-bərpa işləri aparılıb. Meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üçün “Naxçıvan Kredit” Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən rayonun torpaq mülkiyyətçilərindən 111 nəfərə 104600 manat, İqtisadi İnkişaf Nazirliyinin xətti ilə 3 nəfərə limon istixanalarının yaradılması üçün 51 min manat kredit verilib.
Bu ilin ilk altı ayında əhalinin elektrik enerjisi və təbii qazla təminatı sahəsində görülən işlərdən, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə əldə olunan nəticələrdən də bəhs edən rayon İcra Hakimiyyətinin başçısı işdə buraxılan nöqsanlardan da danışıb.
Sonra rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinin çıxışları olub.
Müşavirəyə rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov yekun vurub.

*   *   *

Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətində 2013-cü ilin birinci yarısının yekunlarına dаir kollegiya iclası kеçirilmişdir. İclasda xidmətin rəisi Əbil Əbilov məruzə ilə çıxış edərək bildirmişdir ki, daxili bazarın yüksək keyfiyyətli yerli ət və süd məhsulları ilə təmin olunmasında mühüm rol oynayan baytarlıq xidməti cari ilin ötən dövründə də uğurla davam etdirilmiş, sağlam təsərrüfatların qorunub saxlanılması üçün mövcud imkanlardan səmərəli istifadə etməyə səy göstərilmişdir. Epizootik tədbirlər planına uyğun olaraq, xroniki xəstəliklərdən olan brusellyoza qarşı 38897 baş iribuynuzlu və 51323 baş xırdabuynuzlu heyvanlardan qan nümunələri götürülərək baytarlıq laboratoriyalarında seroloji müayinədən keçirilmişdir.
Qeyd olunmuşdur ki, profilaktik məqsədlə kənd təsərrüfatı heyvanları arasında qarayara xəstəliyinə qarşı 106435 baş iribuynuzlu, 643147 baş xırdabuynuzlu, dabaq xəstəliyinə qarşı 39870 baş iribuynuzlu, 619583 baş xırdabuynuzlu, emkar xəstəliyinə qarşı 68669 baş iribuynuzlu, bradzot xəstəliyinə qarşı 90863 baş xırdabuynuzlu, pasterellyoz xəstəliyinə qarşı 105760 baş iribuynuzlu, 187650 baş xırdabuynuzlu, brusellyoz xəstəliyinə qarşı 199864 baş xırdabuynuzlu, leptospiroz xəstəliyinə qarşı 16550 baş iribuynuzlu, 46825 baş xırdabuynuzlu heyvanlarda, taun “H” xəstəliyinə qarşı 377845 baş quşlarda, la-sota ilə 147976 baş cücələrdə peyvəndləmə tədbirləri aparılmış və hazırda bu tədbirlər davam etdirilir.
Naxçıvan Muxtar Respublikasının baytarlıq laboratoriyalarında mal-qara və ev quşlarının parazitlərlə yoluxma dərəcəsini müəyyən etmək üçün 317701 helmintoloji analizlər aparılmış və əhalini sağlam heyvandarlıq məhsulları ilə təmin etmək üçün Baytar-Sanitar Ekspertiza laboratoriyalarında və Bakterioloji laboratoriyalarda 3952 ədəd patoloji nümunə infeksion xəstəliklərə görə bakterioskopik və 1244 heyvan orqanoleptik müayinələrdən keçirilmişdir.
Bütün yaşayış məntəqələrində, o cümlədən mal-qara saxlanılan tövlələrdə, yataq yerlərində, quş damlarında, ümumilikdə 3975 obyektdə 426109 kvadratmetr sahədə dezinfeksiya tədbirləri həyata keçirilmişdir.
Sonra məruzə ətrafında xidmətin Epizootiya əleyhinə mübarizə və müalicə profilaktikası sektorunun müdiri Şəmsəddin Nağıyevin, Ümumi işlər və kadrlar sektorunun müdiri Mehdi Əliyevin, şəhər və rayon baytarlıq idarələri rəislərinin çıxışları olmuşdur.
Kollegiya iclasında işdə buraxılan nöqsanlara da toxunulmuş, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.

Xəbərlər şöbəsi

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR