19 May 2024, Bazar

Buna səbəb ölkə başçısı cənab İlham Əliyevin Azərbaycanı qüdrətli dövlətə çevirməsidir

Ümummilli liderimiz Heydər Əliyev xalqa, Vətənə, dövlətçiliyə xidmət etmək nümunəsi olmuşdur. Onun həyat yolu, fəaliyyətinin bütün dövrləri – istər birinci dəfə Azərbaycan Respublikasına rəhbərlik etdiyi illərdə, istərsə də yenicə müstəqillik əldə etmiş gənc Azərbaycan dövlətinin uçuruma sürükləndiyi, parçalanıb dağılmaq, suverenliyini tamam itirmək təhlükəsi ilə qarşılaşdığı vaxtda xalqın tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıdışından sonrakı fəaliyyəti bunu təsdiq edir.
Ulu öndərimiz Heydər Əliyevin müəyyən etdiyi və həyata keçirdiyi strategiya Azərbaycan iqtisadiyyatının sürətli inkişafına şərait yaratmışdır. Ölkə iqtisadiyyatına 20 milyard dollardan çox investisiya qoyulmuşdur.

Görkəmli dövlət xadimi Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi 10 il ölkəmizdə qurucu­luq, yaradıcılıq illəri olmuşdur. Ulu öndərimizin çoxsaylı, geniş spektrli quruculuq, yaradıcılıq işlərini saymaqla qurtaran deyil. Nə qədər çox işlər görülsə də, yenə ölkə qarşısında müxtəlif vəzifələr dururdu.

Müstəqil Azərbaycanın memarı ölkəmizin gələcək taleyini kimə etibar etməyin mümkünlüyünü hamıdan əvvəl görürdü. Müdriklər həlledici məqamda xalqa müraciət edir, xalqın rəyini öyrənir, ölkə əhalisinin dəstəyini qazanmaqla müəyyənləşdirdikləri kursun reallaşmasını təmin edirlər. Xalqımızın ümummilli lideri 2003-cü ilin oktyabr ayında xalqa müraciətində deyirdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək”. Ulu öndərimiz cənab İlham Əliyevə özü qədər inandığını və gələcəyinə böyük ümidlər bəslədiyini bildirirdi.
Milyonlarla Azərbaycan vətəndaşı İlham Əliyevi Heydər Əliyev siyasi kursunun davamçısı hesab edirdi. Bu fikirlər bir gündə nə yarana, nə də formalaşa bilərdi. Yenilikçi, müasir iqtisadi düşüncəli siyasətçi İlham Əliyevin praqmatizminin onun həyat tərzindən, praktik fəaliyyətindən irəli gəldiyi çoxlarına məlum idi.
Cənab İlham Əliyev Heydər Əliyev siyasi kursunun uzunömürlü olacağının qarantı idi. Bunu İlham Əliyevin həyat yolu, yaşadığı və fəaliyyət göstərdiyi həyat tərzi, ritorikaya deyil, daha çox əməli işlərə üstünlük verməsi müəyyən edirdi. Cənab İlham Əliyevin “mən daha çox əməli işlərə üstünlük verirəm” deyimi ölkə Prezidenti seçilməsindən əvvəl də onun həyat tərzinin kredosu olub.
Xalqımız cənab İlham Əliyevi ölkə həyatında və beynəlxalq miqyasda siyasi, sosial-iqtisadi sahələrdə gördüyü uğurlu fəaliyyəti ilə yaxşı tanıyır və qəbul edirdi.
Cənab İlham Əliyev 1994-cü ildən Azərbaycan iqtisadiyyatının lokomotivi olan neft sektorunun rəhbərlərindən biri idi. Onun rəhbərliyi ilə bu sektorla bağlı 20-dən çox beynəlxalq müqavilənin hazırlanması üzrə danışıqlar aparılmış, müqavilələrin bağlanması və reallaşması prosesləri həyata keçirilmiş, ölkəmizə milyardlarla dollar sərmayə gətirilmiş, respublikamızın sosial-iqtisadi inkişafı təmin edilmişdir.
1995-ci ildən Milli Məclisin üzvü seçilmiş İlham Əliyevin fəaliyyəti həmişə xalqın gözü qarşısında olmuşdur. O həmçinin Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri olmuşdur. Cənab İlham Əliyevin beynəlxalq arenada uğurlu fəaliyyəti müstəqilliyimizin ilk illərində dünyada, Avropada formalaşmış anti­azərbaycan koalisiyasını (naşıların Azərbaycan dövlətini “idarə etdikləri” dövrdə AXC-Müsavat cütlüyünün səriştəsiz, sağlam təfəkkürə, ciddi məntiqə sığmayan məsuliyyətsiz bəyanatları, heç şübhəsiz, bu koalisiyanın formalaşmasına da təsir etmişdir) dağıtmağa, Azərbaycana beynəlxalq aləmdə müsbət imic formalaşdırmağa, onun nüfuzunu artırmağa xidmət etmişdir.
O, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini kimi respublikamızda ictimai-siyasi proseslərin formalaşması və reallaşmasında, Azərbaycanın sosial-iqtisadi inkişafında mühüm rol oynamışdır.
Cənab İlham Əliyevin Azərbaycanda idmanın inkişafına geniş­spektrli baxışı vardır. Onun respublikamızda olimpiya hərəkatının geniş vüsət almasında, idmanın inkişafında misilsiz xidmətləri olmuşdur. İdmanın kütləviliyinin təmin edilməsi, idmançılarımızın beynəlxalq turnirlərdə iştirakı və qazandıqları qələbələr onu gənclərin sevimlisinə çevirmişdir. Bir sözlə, İlham Əliyev 2003-cü il prezident seçkilərindən hələ çox əvvəl respublikamızda və beynəlxalq aləmdə kifayət qədər nüfuza malik dünya miqyaslı siyasətçi kimi tanınır və qəbul olunurdu.
Bütün bunlara baxmayaraq, ulu öndərimiz Heydər Əliyev xalqımıza müraciətlə prezident seçkiləri ərəfəsində İlham Əliyevi dəstəkləməyə çağırdı. Bu müraciət xalqımızın mütəşəkkilliyini artırdı, birliyini möhkəmləndirdi. 2003-cü ilin prezident seçkilərində cənab İlham Əliyevin qələbəsini görəndə xarici düşmənlərimiz daxilimizdəki antimilli qüvvələrə hərəkət əmri vermişdi. Bu, onların son çarələri idi. Amma Azərbaycançılıqdan kənar hansısa bir siyasəti Azərbaycan xalqına zorla qəbul etdirə bilməzdilər. Onda xalqımız Heydər Əliyev siyasi kursunu dəstəkləməklə dövlətçiliyimizi, müstəqilliyimizi, sabitliyi, inkişafı, ölkəmizdə həyata keçirilən beynəlxalq layihələri qorumuş oldu, işıqlı gələcəyini, rifahlı cəmiyyəti təmin etmiş oldu.
Vətəndaşların ölkəyə layiqli rəhbər seçmək haqqı xalqın öz taleyinə sahib çıxmaq hüququnun təməlində dayanır. Azərbaycan xalqı indiyədək 2003-cü və 2008-ci illərin prezident seçkilərində cənab İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləməklə siyasi taleyinə sahib olmaq haqqını qətiyyətlə ifadə etmişdir. Bu tarixi seçimlər həm də belə bir həqiqətin cəmiyyətdə dərkidir ki, Azərbaycanın dövlət müstəqilliyinin ən bariz təcəssümü Prezident cənab İlham Əliyevin həyata keçirdiyi müstəqil siyasətdir.
Azərbaycan cəmiyyətinə xas olan nikbin ictimai ovqat, yüksək seçki əhval-ruhiyyəsi xalqın öz Prezidentinə dərin və sarsılmaz inamından qaynaqlanır. Bu inam tarixi sınaqlardan keçməklə dövlət başçısının son 10 ildəki gərgin əməyinə və bunun möhtəşəm nəticələrinə söykənir. Bu inam hər addımda müşahidə etdiyimiz bir əlahiddə amildən – Prezidentlə xalqın sarsılmaz mənəvi bağlılığından qaynaqlanır. Bu inam Prezident İlham Əliyevin Azərbaycanda idarəçilik fəlsəfəsinə yeni məna çalarları gətirmiş “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam” çağırışından qaynaqlanır. Nəhayət, bu inam mayasında Heydər Əliyev sevgisi dayanan ümumxalq rəğbətindən qüdrət alır.
Dövlət başçısı 10 illik dövr ərzində yeni əsrin, yeni zamanın lideri kimi sübuta yetirmişdir ki, xalq öz taleyini ona etibar etməkdə heç də yanılmamışdır. Azərbaycan Prezidenti dövlət adamı olaraq nəzəriyyəçidən daha çox praktikdir. O, öz nitqlərini hər hansı nəzəriyyələr üzərində yox, artıq reallıqla təsdiqini tapmış müddəalar üzərində qurur. Auditoriyanın xarakterindən asılı olmayaraq, Azərbaycan Prezidenti insanlarla bütün ünsiyyət anlarında müstəqil dövlətimizin qarşısında dayanan yeni planlar, perspektivlər haqqında fikir və düşüncələrini aydın şəkildə çatdırır. Dövlət rəhbərinin hər bir nitqi onun cəmiyyət həyatının bütün əhəmiyyətli sahələri üzrə yüksək bilik səviyyəsinə malik olduğunu göstərir.
Müstəqil Azərbaycanın son 10 ildə cənab İlham Əliyevin rəhbərliyi altında ciddi uğurlara imza atması, sürətli iqtisadi inkişaf tempi ilə dünyada lider mövqeyini qoruyub saxlaması da məhz dövlət idarəçiliyinin uzun illər ərzində formalaşmış mükəmməl mexanizmlər əsasında həyata keçirilməsi nəticəsində mümkün olmuşdur. Elə son illərin makroiqtisadi göstəriciləri də əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyasının xalqın mənafeyinə adekvat olduğunu təsdiqləyir. 2003-2012-ci illərdə Ümumi Daxili Məhsulun orta illik artımı 13, qeyri-neft sektorunda 10,6 faiz təşkil etmişdir. Ümumi Daxili Məhsul 3, onun adambaşına düşən həcmi 2,7, əsas kapitala yönəldilən investisiyaların həcmi 7,3 dəfə artmışdır. Bu dövrdə ölkə iqtisadiyyatı 3 dəfədən çox artmış, onun inkişafına 132 milyard dollar məbləğində sərmayə qoyulmuşdur. Dövlət büdcəsi 19, strateji valyuta ehtiyatları 29, iqtisadiyyatın kreditləşməsi 24,5 dəfə artmışdır. Əhalinin gəlirləri, orta aylıq əməkhaqları və pensiyaların orta məbləği müvafiq olaraq 6,9, 6,3 və 6,4 dəfə yüksəlmişdir. Bu müddətdə bir milyondan çox yeni iş yeri açılmış, yoxsulluğun səviyyəsi 44,7 faizdən 5,6 faizə enmişdir. Əldə olunmuş dinamik iqtisadi artımın nəticəsidir ki, Azərbaycanın yuxarı orta gəlirli ölkələr sırasında mövqeyi daha da möhkəmlənmişdir.
Yeni Azərbaycan Partiyasının V Qurultayında Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin 2013-cü ilin oktyabrında keçiriləcək növbəti prezident seçkilərinə namizədliyinin irəli sürülməsi son vaxtların ən əlamətdar hadisələrindən biri kimi tarixləşmişdir. Şübhəsiz ki, bu qərar, əslində, cəmiyyətin və xalqın çoxdan gəldiyi qənaətin təsdiqlənməsidir.
2003-cü ilin 15 oktyabr seçkilərindən sonrakı onilliyin nailiyyətlərini gündəlik həyatında hiss edən, respublikanın qazandığı inanılmaz nəticələrlə qürur duyan hər bir azərbaycanlının “Niyə növbəti seçkilərdə də məhz İlham Əliyevə səs verməliyik?” sualına cavabı qəti və birmənalıdır. 2013-cü ilin oktyabr seçkilərində cənab İlham Əliyevin növbəti dəfə Azərbaycan Prezidenti seçilməsi ölkədəki möhkəm ictimai-siyasi sabitliklə, dinamik iqtisadi inkişafla, demokratikləşmə xəttinin dönməzliyi ilə şərtlənir.
Azərbaycan vətəndaşının seçim müdrikliyinə əsaslanaraq seçimin namizədi də, nəticəsi də elə indidən bəllidir.
Seçim Azərbaycan naminədir...
Seçim Heydər Əliyev siyasi kursunun növbəti qələbəsi uğrundadır...
Seçim ümummilli etimad, inam ünvanınadır...
Seçimin qalibi isə, əlbəttə ki, dəyişməzdir – İLHAM ƏLİYEV!

Cəfər ƏLİYEV
Naxçıvan Muxtar Respublikasının əməkdar jurnalisti

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR