19 May 2024, Bazar

Yeni Azərbaycan Partiyası Culfa Rayon Təkilatında bu mövzuda tədbir keçirilib. Tədbirdə məruzə ilə çıxış edən təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qadir İbrahimov bildirib ki, ötən əsrin 90-cı illərində siyasi və iqtisadi böhran şəraitində yaşayan Azərbaycan öz xilasını, daha dəqiq desək, xilaskarını gözləyirdi. 1990-cı il iyulun 20-də Moskvadan Bakıya, 2 gün sonra isə Naxçıvana gələn ulu öndər Heydər Əliyev xalqın əsl xilaskarına çevrildi. Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılan 1990-cı ilin 22 iyulu Azərbaycanın Azərbaycana qaytarılmasının başlanğıc günü kimi tarixə düşdü.
Qeyd olunub ki, 1990-cı ilin 30 sentyabrında Azərbaycan və Naxçıvan parlamentlərinə keçirilən seçkilərdə xalq yekdilliklə ümummilli liderimizin namizədliyini irəli sürdü. Bu, Heydər Əliyev-xalq, xalq-Heydər Əliyev birliyinin bir ifadəsi idi. Artıq Naxçıvanda Azərbaycanın müstəqilliyi uğrunda düşünülmüş addımlar atılırdı: üçrəngli bayrağımız 70 ildən sonra–1990-cı ilin 17 noyabrında Naxçıvan parlamentində qaldırıldı. Keçmiş Sovetlər Birliyinin mövcud olduğu bir dövrdə Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözləri götürüldü, milli şüurun dirçəlməsi istiqamətində ən zəruri tədbirlər görüldü. Sovet qoşun hissələri və sərhəd dəstələri onlara məxsus silah-sursatın, texnikanın və əmlakın tamamilə Naxçıvanda saxlanılması şərtilə buradan çıxarıldı, onların bazasında ilk milli ordu hissələri yaradıldı. 20 Yanvar faciəsinə ilk siyasi qiymət də Naxçıvan Muxtar Respublikası Ali Məclisində verildi, həmin tarixin “Milli Matəm Günü” kimi qeyd olunması qərara alındı.

Vurğulanıb ki, 1991-ci ilin sentyabr ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən ulu öndər Heydər Əliyev Ali Məclisin Sədri kimi siyasi fəaliyyət göstərdiyi dövrdə mahiyyət və miqyasına görə əsrlərə bərabər işlər gördü, “hakimiyyət xalq üçündür” prinsipini işi və əməlləri ilə reallığa çevirdi. Bu dövrdə muxtar respublikada görülən işlər Azərbaycan miqyasında böyük siyasi və tarixi əhəmiyyət daşıyır. 31 dekabrın “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” kimi qeyd edilməsi, Naxçıvan üçün müstəsna əhəmiyyətə malik olan Qars müqaviləsinin şərtlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, sosial-iqtisadi sahədə yeni metodların, xüsusilə də özəlləşdirmənin həyata keçirilməsi Azərbaycanın inkişafı naminə görülmüş əvəzsiz xidmətlər idi. O illərdə həyata keçirilən islahatlar bugünkü Naxçıvanın sürətli sosial-iqtisadi inkişafının təməl daşlarıdır. Blokadanın vurduğu ziyanın aradan qaldırılması üçün tədbirlər görülür, qonşu Türkiyə və İranla iqtisadi əlaqələr yaradılırdı. Qısa müddətdə Araz çayı üzərində “Ümid” körpüsü tikilib istifadəyə verildi, Sədərək, Culfa və Şahtaxtı gömrük-keçid məntəqələri fəaliyyətə başladı. Eyni zamanda həmin vaxt enerji təhlükəsizliyinin təmin olunması istiqamətində ilk addımlar atıldı, Naxçıvan şəhərinin yaxınlığında İstilik Elektrik Stansiyası tikildi, Türkiyə və İrandan Naxçıvan Muxtar Respublikasına yüksək gərginlikli elektrik xətləri çəkildi. Muxtar respublikada sahibkarlığın inkişaf etdirilməsi üçün özəl müəssisələr yaradılmağa başlandı, aqrar sahədə islahatlar gerçəkləşdirildi, bir sözlə, Naxçıvan yeni quruculuq və inkişaf yoluna qədəm qoydu. 
Bildirilib ki, ölkəmizin ən nüfuzlu, qüdrətli və mütəşəkkil siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının yaradılması da böyük siyasətin Naxçıvan dövrünə təsadüf edir. 1992-ci il noyabr ayının 21-də respublikanın müxtəlif bölgələrindən gələn 550-dən artıq nümayəndənin iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Blokada vəziyyətində yaşayan, kəskin enerji çatışmazlığının mövcud olduğu Naxçıvanda, soyuq iclas zalında təməli qoyulan bu partiya öz sıralarında milli ruhlu insanları birləşdirən müstəqil dövlətçilik, qanunçuluq, Azərbaycançılıq, vətənçilik ideyalarına mənsub olan kütləvi siyasi təşkilata çevrilib.
1990-1993-cü illərdə Naxçıvanın siyasi, mədəni, mənəvi və iqtisadi mühitində ulu öndər Heydər Əliyevin quruculuq fəaliyyəti qırmızı xətlə keçir. Bu dövrün Naxçıvanı yenidən 1969-cu ildən başlanan Heydər Əliyev quruculuq xəttinə, inkişafın, tərəqqinin Heydər Əliyev yoluna qayıdan ilk region olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev muxtar respublikanın yaradılmasının 85-ci ildönümünə həsr olunan təntənəli mərasimdəki çıxışında ulu öndərin Naxçıvana qayıdışını muxtar respublikanın xilası günü kimi dəyərləndirərək demişdir: “Sovet İttifaqı dağıldığı ərəfədə və ondan sonra Naxçıvan çox ağır günlər yaşayıb. O illərdə ancaq ulu öndər Heydər Əliyevin əzmkarlığı, qətiyyəti və siyasi bacarığı Naxçıvanı böyük bəlalardan qorudu. Azərbaycana edilmiş hərbi təcavüzdən – 1990-cı ilin 20 Yanvar faciəsindən sonra Heydər Əliyev sovet rəhbərliyini kəskin şəkildə ittiham etdi və Sovet İttifaqı Kommunist Partiyasından çıxdı. Bundan sonra ona qarşı böyük təzyiqlər başlandı. ... Heydər Əliyev öz Vətəninə, doğulduğu yerə – Naxçıvana gəldi. Onun gəlişi Naxçıvanı böyük bəlalardan qurtardı. Naxçıvanlılar Heydər Əliyevi qorudular, Heydər Əliyev isə Naxçıvanı qorudu”.
Tədbirdə təşkilatın şura üzvləri Adəm Qasımovun, Hüseyn Şəkərəliyevin, Təranə Bayramovanın, Fikrət Quliyevin çıxışları olub.
Çıxışlarda qeyd edilib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müstəqil Azərbayca­na rəhbərlik etdiyi 10 il müddətində ölkənin beynəlxalq aləmdə nüfuzu möhkəmləndi, bütün sahələrdə böyük uğurlar qazanıldı. Bu dövrdə Naxçıvanda da yeni inkişaf erası başlandı. Muxtar respublikamızda Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsi nəticəsində əsl intibaha nail olundu. Son 18 ildə muxtar respublikanın keçdiyi inkişaf yolu ulu öndər Heydər Əliyevin ideyalarına sadiqliyin təcəssümüdür. Zaman etibarilə o qədər də böyük olmayan bu müddətdə Naxçıvan Muxtar Respublikasında yüzlərlə istehsal, xidmət və digər infrastruktur müəssisəsi yaradılıb, yollar salınıb, yeni məktəb binaları, səhiyyə ocaqları, idman obyektləri inşa olunub. Orta aylıq əməkhaqqı bir neçə dəfə artırılıb, sosial proqramlar qəbul edilərək icra olunub, bir sözlə, ulu öndərin arzuları gerçəkləşdirilərək inkişafın Naxçıvan modeli yaradılıb. İndi Naxçıvanda böyük layihələr reallaşdırılır. Muxtar respublikamız elektrik enerjisini idxal edən regiondan ixrac edən bir diyara çevrilib. Ümummilli liderimizin adı və əməlləri bu gün də Azərbaycana, qədim və müasir Naxçıvana işıq, nur saçır.

Muxtar MƏMMƏDOV

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR