18 May 2024, Şənbə

Dünən Naxçıvan Muxtar Respublikası Tele­viziya və Radio Şurası Mətbuat Şurası ilə birgə “Ümummilli lider Heydər Əliyev və Azərbaycan jurnalistikası” mövzusunda tədbir keçirib. Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi Ülvi Hüseynli açaraq ulu öndəri­mizin mətbuatın inkişafı istiqamətində həyata keçirdiyi tədbirlərdən danışıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının üzvü Fərasət Əsədullasoyun “Ulu öndər Heydər Əliyev və Azərbaycanda teleradio siyasəti”, Mətbuat Şurasının sədri Rövşən Hüseynovun “Heydər Əliyev və müasir Azərbaycan mətbuatının inkişaf xüsusiyyətləri”, “Şərq qapısı” qəzetinin Baş redaktoru Tural Səfərovun “Şərq qapısı” qəzeti 1990-1993-cü illərdə”, Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin əməkdaşı Ramal Məmişovun “Naxçıvan Dövlət Televiziyası ulu öndərin siyasi irsinin təbliğində”, Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru İman Cəfərlinin “Yeni nəsil Azərbaycan jurnalistləri Heydər Əliyev irsindən bəhrələnirlər”, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Rafiq Babayevin “Ümummilli lider Heydər Əliyevin jurnalistika dərsləri” mövzularında məruzələri dinlənilib.

Məruzələrdə qeyd olunub ki, azad mətbuatın, demokratik cəmiyyətin ayrılmaz tərkib hissəsi olan, mütərəqqi idealların carçısına çevrilən, xalqın ülvi arzularının gerçəkləşməsinə öz töhfəsini verən söz tribunamız və efirimiz dahi şəxsiyyət Heydər Əliyevin müəyyənləşdirdiyi uzaqgörən siyasətin, həyata keçirilən məqsədyönlü tədbirlərin hesabına özünün bugünkü inkişaf mərhələsinə çatıb. Ulu öndərin 1998-ci il avqust ayının 6-da imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərman mətbuat işçiləri, eləcə də bütün ölkə ictimaiyyəti tərəfindən minnətdarlıqla qarşılanıb. 
Bildirilib ki, bu addım Sovetlər Birliyinə daxil olan respublikalar içərisində ilk dəfə Azərbaycanda atılıb. Həmin fərmanda təqdirolunan məqamlardan biri də Azərbaycanın bütün mətbuat və informasiya orqanlarının əlavə dəyər vergisindən azad edilməsi idi.
“Jurnalistika böyük zəhmət, xüsusi səy, professional yanaşma, hadisələri obyektiv dəyərləndirmək və prosesləri düzgün analiz etmək bacarığı tələb edən sənətdir”, – deyən ulu öndərin mətbuat siyasəti bu gün ölkəmizdə uğurla həyata keçirilir. Bunu Naxçıvan Muxtar Respublikasının timsalında bütün dolğunluğu ilə görmək mümkündür. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2000-ci ilin mart ayının 29-da imzaladığı “Naxçıvan Muxtar Respublikasının dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” Sərəncama əsasən, muxtar respublikada fəaliyyət göstərən mətbuat orqanlarına nümunəvi iş şəraiti yaradılıb. Kütləvi informasiya vasitələrində çalışanların əməyi müntəzəm olaraq qiymətləndirilir, onlar ölkənin və muxtar respublikanın fəxri adlarına, dövlət mükafatlarına layiq görülürlər. Bütün bunlar ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycan jurnalistikasının inkişafı istiqamətində təməli qoyulan siyasətin bariz təzahürləridir.
Tədbirə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi Ülvi Hüseynli yekun vurub.

Xəbərlər şöbəsi

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR